Araşdırmalar göstərir ki, uzun müddət ailədən uzaqlaşan ataların oğlan övladlarında qadın xüsusiyyətləri daha güclü olur. Bu xüsusiyyətlər ata evə qayıtdıqdan sonra da davam edir. Atadan ayrı yaşayan uşaqların əxlaq problemləri daha çoxdur. Onlar yalnız böyüklərlə yox, həm də öz yaşıdları ilə münasibət qurmaqda çətinlik çəkirlər. Körpəlikdə kişilik xüsusiyyətlərinin zəifliyi gələcəkdə kobud rəftara səbəb olur.
Maraqlıdır ki, kişilik qüdrəti zəif olan atanın evdə olub-olmaması bir o qədər də fərq etmir. Demək, söhbət fiziki üstünlükdən getmir. Bə`zən atanın evdə olmaması, evdə olub uşağa biganə qalmasından daha yaxşıdır. Hər hansı bir rolu oynaya bilməyən aktyor iste`dadlı bir aktyorun qarşısını alır.
Sual: Mənim övladım atasından hansı mə`lumatları toplaya bilər?
Cavab: Atanın öz övladına verə biləcəyi mə`lumat çoxdur. Övlad həyati dəyərlər haqqında zəruri bilikləri atadan alır. Atanın ana ilə rəftarını müşahidə edən övlad ərlik vəzifələrini öyrənir. Atanın başqa övladları ilə ünsiyyəti çox şeyi öyrədir. Əgər ailədə uşağın saxlanılmasında atanın rolu böyükdürsə, uşaq atadan bacı-qardaşlarına qulluq etməyi öyrənir. Uşaq daim sizin ona olan münasibətinizi araşdırır. Oğlan uşağı necə ata olmağı öyrənirsə, qız uşağı kişilərin necə varlıq olması ilə tanış olur. Atanın ana ilə münasibətləri qız övladın qadınlıq şəxsiyyətini formalaşdırır.
Övlad atanın hətta mahiyyəti qaranlıq olan xüsusiyyətlərindən də tə`sirlənir. Bə`ziləri öz ataları ilə az əlaqədə olduqlarından bu məsələyə daha çox diqqət yetirərək, öz övladlarına qarşı çox diqqətli olur və onlara kifayət qədər vaxt ayırırlar.
Dördüncü fəsil
Uşağın süddən ayrılması
Sual: Körpənin süddən ayrılmasının onun psixoloji inkişafı üçün əhəmiyyəti varmı?
Cavab: Körpənin ana döşündən və ya əmzikdən ayrılması onun öz müstəqillik yolunda atdığı ilk addımdır. Süddən ayrılmamış uşaq başqalarına bilavasitə möhtacdır. O, ayağa qalxıb özünə qida tapmaq imkanında deyil. Ona süd verilməsə məhv olar.
Uşaq böyüdükcə ətrafdakı əşyalara əl gəzdirərək, öz bacarığını nümayiş etdirir. Süddən ayrılmaq körpə üçün ən böyük azadlıqdır.
Unutmamalıyıq ki, körpənin bacardığı yeganə iş əmməkdir. Bu ehtiyac ödənmədiyi vaxt o əsəbləşir, ağlayır.
Süddən ayrılmaq uşaq üçün ruhi zərbə də ola bilər. Südəmər körpəyə fincandan süd içirərkən onun əmmək həvəsi ödənməmiş qala bilər. Körpəni o zaman süddən ayırmaq olar ki, o, əmməklə rahatlandığı kimi, fincandan süd içməklə də rahatlana bilsin.
Sual: Uşağın əmmək istəyi fitridirmi?
Cavab: Uşaq anadan olduğu an əmməyi bacarır və dünya ilə ilk əlaqəsini ağız vasitəsi ilə yaradır. Bu mövzuları Freyd kimi elmin dolanbaclarında özünü itirmiş yazıçıların kitablarından öyrənmək lazım deyil. Sadəcə, öz körpənizi diqqətlə müşahidə edin. Əgər barmağınızı onun ağzına salsanız (lütfən əvvəlcə əllərinizi yuyun) barmağınızın böyük bir qüvvə ilə somurulduğuna şahid olacaqsınız. O, ağzına qoyulan hər şeyi əmir. Demək, bu fitri istəkdir. Körpənin əmmə iste`dadı təvəllüddən qabaqkı dövrə də aid ola bilər. Ana bətnində barmağını somuran körpənin rentgen müşahidəsi bu fikri təsdiqləyir.
Sual: Əmmək istəyinin körpə üçün faydası nədir?
Cavab: Bu meyl hesabına körpənin ana döşündən qidalanması asanlaşır. Əmmək meyli zəif olanlar öz orqanizmlərinin tələbini ödəməkdə çətinlik çəkirlər. Təsadüfən əli üzünə toxunan uşaq dərhal ağzını açır və əlini ağzına salıb əmməyə başlayır. Demək, əmmək istəyi köklü bir reaksiyadır. Bütün başqa reaksiyalar köklü reaksiya üçün səbəb olur. Əlinizi körpənin ağzına yaxın olan bir nöqtəyə vurun. O, dərhal başını həmin nöqtəyə tərəf yönəldir. Əmmək istəyi qidalanma üçün göstərilən cəhddir. Bəşəriyyət bu fitri yaddaşlar sayəsində bu günədək sağ qalıb.
Sual: Körpənin döşdən süd əmməsi ilə əmzikdən əmməsi arasında fərq varmı?
Cavab: Əslində uşaq ilk əvvəl aclığını doyurmaq üçün yox, əmmək meylini ödəmək üçün əmməyə başlayır. Yemək istəyi sonradan formalaşır. Bə`zi uşaqlar kifayət miqdarda qidalandıqdan sonra belə, əmmək istəyir. İlk günlərdə əmməklə süd yemək arasında elə bir əlaqə müşahidə olunmur. Təcrübəyə əsasən, əmmək istəyi yeyilmiş südün miqdarı ilə əlaqədardır. Yaxşı olar ki, körpə öz əmmək istəyini boş əmziklə yox, süd yeməklə ödəsin. Yə`ni körpə əmmək istəyi ödənənə qədər süd yesə daha yaxşıdır. Əgər sizin körpəniz kifayət qədər qidalandıqdan sonra sakitləşmirsə, demək, onun əmmə ehtiyacı ödənməyib. Əgər o, əlini ağzına salıb əmirsə, onun ehtiyacını ödəmək üçün əmzikli süd butulkasından istifadə edə bilərsiniz. Körpəyə hər dəfə bir döşdən süd vermək lazımdır. Bu iş anaya narahatçılıq gətirirsə, o, xüsusi aparatla döşündəki südü sağıb, körpəsini butulkadan yedirdə bilər.
Bu yolda ən gözəl bələdçi körpənin rəftarıdır. Körpə doyduğunu ani bildirir. O, doyduqca süstləşir, xumarlanır. O, əmziyi buraxır, gülümsəyib yuxuya gedir.
Əmməyə ehtiyacı olan uşaq da öz istəyini aşkar biruzə verir. O, əsəbiləşir, əl-ayağını çırpır, rahat dayanmır. Bə`zi uşaqlar kifayət qədər qidalandıqdan sonra belə, yemək istəyirlər.
Sual: Əmzikdən istifadə etməyin zərəri varmı?
Cavab: Mən əmzikdən istifadəni məsləhət görməsəm də, onu tam rədd etmirəm. Xəstəlik və ya hər hansı başqa bir səbəbdən narahatçılıq keçirən körpəyə əmzik vermək faydalıdır. Amma yalnız ağlamasın deyə körpəyə əmzik vermək yanlış addımdır. Müşahidələrdən mə`lum olur ki, əmzikdən istifadə edən uşaqlar öz ətraflarına bir o qədər də maraq göstərmirlər. Hansı ki, uşaq ağladığı vaxt hərəkətə ehtiyac duyur və ətrafa göz gəzdirərək mə`lumat toplayır. Körpə ağlayan kimi onun ağzına əmzik qoymaq narahatçılıq keçirən yaşlı adamı ağrıkəsici ilə susdurmağa bənzəyir. Siz ağlayan körpəyə əmzik vermək əvəzinə onun narahatçılığının əsil səbəbini öyrənin.
Sual: Nə üçün mənim körpəm əlinə düşən hər şeyi ağzına aparır?
Cavab: Cavab sadədir: körpənizin əmmək ehtiyacı ödənməmişdir.
Siz körpənin barmağını onun ağzından çıxarmaqla ona kömək edə bilməyəcəksiniz. O, əmmək istəyir və təsadüfən öz barmağını tapıb. Hər dəfə onun barmağını ağzından çıxarmağı sizə tövsiyə etmirəm. Amma yuxuda olduğu vaxt barmağını ağzından çıxara bilərsiniz. Uşağı sakitləşdirmək üçün onu yelləmək, qucağa almaq, hətta yanında dayanmaq da faydalı ola bilər. Bu işlər onun diqqətini öz barmağını əmməsindən yayındıra bilər.