Müasir diplomatiyanın formalaşmasının mərhələləri



Yüklə 30,02 Kb.
tarix24.12.2023
ölçüsü30,02 Kb.
#193708
llll4




Müasir diplomatiyanın formalaşmasının mərhələləri

Diplomatiya qəbilələrin, əmtəə və ərzaq mübadiləsinin, ovçuluq, əkinçilik, balıqçılıqla bağlı ilk problemlərin yaranmasından başlayaraq, mövcud olmuşdur. İlk insan birliklərinin yaranması ilə onlar arasında qarşıllıqlı əlaqələr, mübahisələr də yarandı. Ilk dövrlərdə problemlər güc yolu ilə həll edilirdi. Lakin tezliklə insanlar başa düşdülər ki, mübahisələri razılaşma yolu ilə həll etmək daha sərfəlidir. Mübahisələrin həlli zamanı müqavilə anlayışı da meydana gəldi. Əlbəttə, bu diplomatiyanın ilkin əlamətləri idi. Müasir anlamda diplomatiyanın yaranması istehsal qüvvələrinin inkişafı və beynəlxalq hüququn ilkin normalarının meydana gəlməsi ilə bağlıdır. Təəssüflər olsun ki, qədim dövrdə diplomatiyanın inkişafı ilə bağlı ətraflı məlumat yoxdur. Məsələn, e.ə.XV əsrdə Misirin müasir qaydalara uyğun şəkildə müqavilələr imzaladığı, e.ə.XIII əsrdə isə hetlərlə hərbi ittifaq bağladığı məlumdur. Bu onu göstərir ki, Misir diplomatiyası çox yaxşı inkişaf etmişdir. Lakin Manu qanunlarından görürük ki, 4 min il bundan əvvəl Asiyada, xüsusilə, Hindistanda diplomatiyanın daha yaxşı inkişaf etmiş forması mövcud olub. Hind diplomatiyası diplomatların şəxsi keyfiyyətlərinə daha çox diqqət ayırır. Diplomatiyanın əsas məqsədi müharibənin qarşısının alınması idi-(preventiv diplomatiya).


Çin diplomatiyası da yüksək inkişafı ilə seçilirdi. Qədim Çində mübahisələrin həll edilməsi və bir-birinə hücum etməmək haqqında müqavilə imzalanmışdır ki, saziş bizə məlum olan bu tip müqavilələrin ilki idi.
Qədim Yunanıstanda beynəlxalq münasibətlər və beynəlxalq hüququn qədim forması prokseniya idi. Prokseniya ayrı-ayrı şəxslər, sülalələr, qəbilələr və dövlətlər arasında mövud idi. Şəhərin prokseni xaricilərə nisbətdə müəyyən sahələrdə - ticarət, vergi, dənizçilik və s. sahələrdə üstünlüklərə malik idilər. Qonaq olduğu şəhər qarşısında müəyyən öhdəlikləri yerinə yetirən proksenlər bu şəhərlə öz şəhəri arasında vasitəçilik edirdi. Danışıqlar proksenlər vasitəsilə aparılırdı, şəhərə gələn səfir ilk növbədə proksenə müraciət edirdi. Yunanıstanda geniş yayılmış prokseniya Qədim dövrün beynəlxalq əlaqələrinin əsasında dayanırdı.
Yunanıstanda geniş yayılmış digər bir institut amfiktoniya idi. Məbədlərin ətrafında yaranan dini ittifaqlar belə adlanırdı. Bu ittifaqlara qohumluq əlaqələrindən asılı olmayaraq, məbədin ətrafında yaşayan insanlar daxil idilər. İlkin dövrlərdə amfiktoniyaların məqsədi qurban kəsmək, məbədi və onun xəzinəsini qorumaq, dini qaydaları pozanları cəzalandırmaq idi. Bayram mərasimləri zamanı müharibə etmək qadağan olunurdu və “İlahi sülh” elan edilirdi. Beləliklə, amfiktoniylar dini-siyasi institutlara çevrildilər. Amfiktoniyaların sayı çox olsa da onlardan ən qədimi və geniş yayılanı Delfi-Fermopil amfiktoniyası idi.
Yunanıstanda beynəlxalq münasibətlərin üçüncü forması müqavilələr və hərbi-siyasi ittifaqlar-simmaxiyalar idi. Onların ən nüfuzlusu Lakedemon və Afina(Delos) simmaxiyaları idi.Spartanın rəhbərlik etdiyi Lakedemon simmaxiyasının ali orqanı ümumittifaq yiğıncağı (silloqos) ildə bir dəfə çağırılırdı. Ittifaqa daxil olan şəhərlər qüdrətlərindən asılı olmayaraq, bir səsə malik idilər. Qərarlar uzun müzakirələrdən sonra səs çoxluğu ilə qəbul edilirdi. Afinanın rəhbərlik etdiyi Delos simmaxiyası yunan-fars müharibələri zamanı yaranmışdır və Lakedemondan iki fərqli cəhəti var idi:

  • Üzv-şəhərlər Delosda yerləşən ittifaq xəzinəsinə xüsusi ödəniş(foros) etməli idilər;

  • Onlar oz rəhbərləri olan Afinadan daha çox asılı idilər.

İcmalar və polislər arasında yaranan mübahisələr xüsusi səlahiyyətli nümayəndələr, yaxud səfirlərin vasitəçiliyi ilə həll edilirdi. Homer Yunanıstanında onlar elçi (keryüks, anqelos) , klassik Yunanıstanda isə ağsaqqallar (presbeys) adlanırdı. Afina, Sparta, Korinf və digər şəhərlərdə səfirlər Xalq yığıncaqlarında seçilirdi və namizədlərin yaşı 50-dən aşağı olmamalı idi. Səfirlər digər şəhərlərdə proksenləri olan imkanlı, bilikli, dünyagörüşlü insanların içindən seçilirdi. Əsasən bu vəzifə arxontlara (hərbi rəislərə) verilirdi. Elə hallar da məlumdur ki, bu vəzifəyə aktyorlar təyin olunurdu. Makedoniyalı II Filippin yanında Afina dövlətini təmsil edən Esxin aktyor idi. Belə önəmli vəzifələrə aktyorların seçilmasi ona dəlalət edir ki, qədim Yunanıstanda natiqlik sənətinə, yığıncaqlarda çıxış edən insanların inandırıcılıq qabiliyyətinə böyük önəm verilirdi.
Səfirlik üzvlərinin sayı qanunla müəyyən olunmurdu. Bu konkret vəziyyətdən asılı olaraq, dəyişirdi. Bütün səfirlər bərabərhüquqlu idilər. Sonralar isə səfirlər kollegiyasının sədrini-“böyük ağsaqqal”ı seçmək ənənəsi yarandı. Səlahiyyətləri dövründə səfirlər üçün “yol pulu” adlanan vəsait ayrılırdı. Səfirlərə xidmətçi heyət də verilirdi. Gedəcəkləri şəhərin prokseninə məktub(simbola) göndərilidi. Səfirliyin məqsədləri ağsaqqallara verilən etimadnamələrdə göstərilidi. Etimadnamələr iki vərəqdən ibarət idi və onlara “diploma” deyilirdi. Diplomatiya sozu də məhz burdan yaranmışdır.
Səfirlərə verilən təlimatlarda onların məqsədləri ətraflı şəkildə şərh olunurdu. Səfirlər göndərildikləri şəhərə gəldikdən sonra ya tək, ya da proksenlə birlikdə diplomatik əlaqələrin aparılması ilə məşğul olan məsul şəxsin yanına gedirdi. Ona öz etimadnaməsini təqdim etdikdən sonra ondan məsləhət və göstərişlər alırdı. Qeydiyyatdan bir neçə gün sonra səfirlər Şəhər Şurasında və ya Xalq Yığıncaqlarında çıxış edir və öz səfərlərinin məqsədini izah edirdi. Afinada bu muddət 5 gün idi. Bu çıxışlardan sonra ya ictimai debatlar təşkil edilirdi, ya da xüsusi komissiya bu işlə məşğul olurdu.
Bir qayda olaraq, xarici səfirlərə hörmətlə yanaşırlar, onlar üçün gözəl qarşılanma mərasimləri təşkil edilir, onları teatrlara, bayramlara və oyunlara dəvət edirdilər.
Öz şəhərlərinə qayıtdıqdan sonra səfirlər missiyalarının fəaliyyəti haqqında Xalq Yığıncağında hesabat verirdilər. Əgər missiyanın məqsədləri uğurla yerinə yetirilirdisə, səfirlərə dəyərli mükafatlar verilirdi. Ən dəyərli mükafat Akropolun yaxınlığında hörmətli dövlət adamlarının nahar etdiyi binaya dəvət ilə birgə verilən dəfnə çələngi idi. Hər bir vətəndaşa səfirin hesabatına münasibət bildirmək və hətta onu ittiham etmək hüququ verilirdi.
Bütün antik dövlətlədrdə olduğu kimi, Yunanistanda da səfirin əsas vəzifələrindən biri digər dövlətlərlə ittifaqların yaradılması və müqavilələrin bağlanması idi. Müqaviləyə qədim dövrdə sehirli bir şey kimi baxırdılar. Müqavilənin şərtlərinin pozulması, mövhumatçı düşüncəyə görə, özüylə lənətlər gətirirdi. Buna görə də Yunanıstanda danışıqların aparılmasına və müqavilələrə çox ciddi yanaşırdılar. Müqavilə öhdəlikləri andlar, ilahi qüvvələrin şahidlik üçün çağırılması ilə möhkəmləndirilirdi. Andlar hər iki tərəfdən verilirdi. Həmçinin müqavilənin şərtlərini pozan tərəfə lənətlər yağdırılırdı.
Müqavilənin şərtlərinin pozulması zamanı yaranan mübahisələr münsiflər komissiyasında həll edilirdi. O, günahkarın üzərinə ödənilməsi lazım olan pul məbləği qoyulurdu. Komissiyanın qərarlarına tabe olmaq istəməyən şəxslərə müqəddəs müharibə də daxil olmaqla cəza tədbirləri görülürdü.
Müqavilə imzalandıqdan sonra hər iki tərəf müqavilənin mətnini daş lövhələrə əks etdirib, məbədlərdə saxlayırdılar. İştirakçıların sayına uyğun olaraq, mətn bir neçə dilə tərcümə edilirdi. Bir nüsxə mütləq dövlət arxivində saxlanılırdı. Diplomatik münasibətlərin kəsilməsi və müharibə elan olunması halında müqavilənin mətni olan daş sındırılırdı.
Diplomatik əlaqələrinin qədim formalarından biri də Roma diplomatiyasıdır. Qədim yunan diplomatiyası kimi roma diplomatiyası da diplomatik xidmət orqanlarının müasir formasının yaranması üçün nümunə olmuşdur.Qədim Romada da prokseniyalar (jus hospitii) və yunan amfiktoniyalarını xatırladan fesiallar kollegiyası mövcud idi. Fesiallar qəbilələr və qəbilə ittifaqları arasında yaranan mübahisələri və anlaşılmazlıqları həll edirdilər. Beynəlxalq müqavilələrin qorunması, müharibə elan edilməsi və sülh bağlanması kimi məsələlər onların səlahiyyətinə aid idi. Fesiallar mülki funksiyalara malik kahinlər kollegiyası idi. Heç bir önəmli tədbir fesialların icazəsi olmadan başlaya və qurtara bilməzdi. Onlar müharibə elan edir, sülh bağlayır və sazişlari imzalayırdılar.
Fesiallar kollegiyası qədim nəsillərdən olan 20 nəfərdən ibarət olurdu. Onların fəaliyyəti gizli saxlanılırdı. Yalnız kahinlərin başa düşdüyü sehirli sözlər deyilir və müxtəlif mərasimlər icra edilirdi. Onların xarici görkəmi fərqlənirdi: yun paltar, baş sarğısı və Kapitoli dərəsindən götürülmüş torpağın başda gəzdirilməsi. Torpaq təmsil etdiyi dövlətin ərazisini təcəssüm etdirirdi. Bu geyimdə kollegiyanın nümayəndəsi “müqəddəs ata” (pater patratus) qonşu xalqın sərhəddinə gedir və mübahisələri həll edir, yaxud müharibə elan edirdi. Bütün mübahisələri dinc yolla həll etməyə çalışırdılar, başqa yol qalmadıqda isə silaha əl atırdılar. Qədim Romada müharibə elan etmək çətin bir prosedura idi. Danışıqların aparılması dörd “müqəddəs ata”dan ibarət komissiyaya tapşırılırdı. Beynəlxalq qaydaları pozan şəhərə dəfələrlə komissiya göndərilirdi. Beynəlxalq hüququ pozan tərəfə lənətlər yağdırılır və sehirlı sözlər oxunurdu. Daha sonra komissiya Romaya qayıdır və 33 gün ərzində cavab gözlənilirdi. Cavab gəlmədikdə isə fesiallar müharibə elan etmək hüququna malik Senat və xalq qarşısında hesabat verirdilər. Bundan sonra “müqəddəs ata” bir daha sərhəddə gedir və qarşı tərəfə daş atırdı.
Sülh elan olunması da çətin bir proses idi və çoxlu mərasimlərlə müşayiət olunurdu. Zaman keçdikcə müharibə və sülhlə bağlı bu qaydalar dəyişsə də təmamilə yoxa çıxmadı.
Qədim Romada diplomatik xidmət orqanlarının sistemi də mövcud idi. Diplomatik xidmət orqanlarının strukrutu və fəaliyyəti Romanın siyasi sisteminə uyğun idi. Əgər klassik dövrdə Yunanıstanda xarici siyasətin təşkilinə rəhbərlik vətəndaş hüquqlarına malik olmayan qullara nisbətdə azad olan insanların yığıncağı olan Xalq yığıncaqları əsas rol oynayırdısa , Romada bu hüquq quldarlardan ibarət Senata aid idi. Romada səfirlikləri leqasi (legationes), safirləri isə leqat (legati), natiq (arotores) və adlandırıdılar. Qədim Romada səfir göndərmək hüququ hökmdara mənsub idi, safirlər isə fessiallardan seçilirdi. Respublika dövründə bu hüquq Senatın əlinə keçdi. Yunanıstanla müqayisədə Romada xalq yığıncaqlarının səlahiyyətləri daha məhdud idi. Xarici siyasət, safirlərin göndərilməsi və qəbul edilməsi məsələsi Senatın ixtiyarındaydı. Səfirlik funksiyaları yüksək intellektli şəxslər tələb etdiyi üçün səfirlik missiyasının tərkibinin müəyyən olunması mürəkkəb bir prosesə çevrilmişdi. Senat səfirlik təşkil olunması və fəaliyyəti üçün norma və prinsipləri müəyyən edirdi. İstənilən şəraitdə səfirlər roma xalqının şərəfi və xeyri üçün çalışmalı idilər. Nəhayət, səfirin təyin olunması Senatın sədrinə-konsul və ya pretora həvalə edilir, senat üzvlərindən seçilirdi. Romada səfirlik heç vaxt bir nəfərdən ibarət olmayıb.Adətən 3 nafardən ibarət olurdu. Bütün səfirliklərin sədri, yaxud başçısı olurdu. Səfirlərin şəxsiyyətləri qanun və adətlərlə qorunurdu.
Səfirlər qızılı rəngdə əba geyinirdilər ki, bu da onlara yolda pulsuz gediş-gəliş və lazımi vəsaitin əldə edilməsinə imkan verirdi. Səfirlərin hörmətini artırmaq üçün onları çox vaxt hərbi gəmilər müşayiət edirdi.
Səfirliyin məqsədləri müxtəlif ola bilərdi: müharibə elan oluması və sülh bağlanması, müqavilə imzalanması, dini mübahisələrin və beynəlxalq münaqişələrin münsiflər qaydası ilə həll edilməsi və s. Missiya başa çatdıqdan sonra Senat qarşısında səfirlər “səfirlik haqqında hesabat” verirdilər. Senat sadəcə səfirlik göndərmək hüququna malik deyildi.
Romaya gələn səfirliklər iki qrupa bölünürdü(22,69).

  • Roma ilə müharibə vəziyyətində olan dövlətlərin səfirləri;

  • Roma ilə dost ölkələrin səfirləri.

Düşmən dövlətlərin səfirləri Romaya buraxılmayaraq, şəhərdən kənarda xüsusi evdə qonaq edilirdi və burda onlar audensiya üçün Senatın dəvətini gözləyirdilər. Audensiya Bellona məbədində (müharibə ilahəsi) keçirilirdi. Elə olurdu ki, onları qəbul etmirdilər və səfirlər müəyyən vaxt ərzində İtaliya ərazisini tərk etməli idilər. Rəsmi icazə almadan İtaliyaya gələ bilməzdilər.
Dost ölkələrin səfirlərinə isə münasibət başqa idi. Səfirləri kvestor ( xəzinədar) qarşılayır və İtaliyada onları müşayiət edirdi. Romanın özündə ən yaxşı evdə (qrekostasis) qalırdılar. Səfirlərə hədiyyələr verilir, hətta çox hörmətliləri üçün Kapitolinin qarşısında heykəl qoyulurdu. Öz növbəsində səfirlər də Roma xəzinəsinə hədiyyələr verirdi.
Missiya öz məqsədləri haqqında latın dilində və ya tərcüməçi ilə magistrata məlumat verir, o isə öz növbəsində Senat qarşısında çıxış edirdi. Mübahisəli və anlaşılmaz məsələlər olduqda hər problem üzrə xüsusi komissiya təşkil edilirdi. İri dövlətlərdən başqa Romaya bir sıra xırda əyalətlərin, ittifaqların da səfirləri gəlirdi.
Əksər tədqiqatçılar belə hesab edir ki, müasir diplomatiyanın əsl vətəni İtaliyadır. Baxmayaraq ki, burda şəhərlər və kapitalist münasibətləri bütün Avropayayla müqayisədə daha tez yaranıb, İtaliyada bir neçə əsr siyasi dağınıqlıq hökm sürüb. Italyan şəhərləri Yaxın Şərq də daxil olmaqla bir çox dövlətlərlə ticarət edirdilər. Təbii olaraq da, italyanların maraqlarını müdafiə edən orqanlar yaranmalı idi. Venesiya, Genuya, Piza kimi bəzi italyan şəhərləri xaricdəki vətəndaşlarının maraqlarının müdafiəsini konsul xidməti vasitəsilə həyata keçirirdilər. Ticarət və gəmiçiliyin inkişafı ilə Aralıq dənizinin sahil ticarət şəhərlərində yaradılan konsul məhkəmələri də mübahisəli məsələlərin həllinə xidmət edirdi. Hakimlər konsul adlanırdı. Konsul münasibətlərinin inkişafına xaç yürüşlərinin də böyük təsiri oldu. XI-XII əsrlərdə xaç yürüşləri zamanı Venetsiya, Genuya və Pizadan böyük dəstək xaçpərəstlər Suriya və Fələstində öz dövlətlərini qurdular. Bu şəhərlərin yardımı ilə Levant və onun sahilləri işğal olundu. Nəticədə, əldə olunan gəlirdən italyanlara da verildi. Pizalılar Antiox və Tripolidə, venesiya və genuyalılar isə Yerusəlimdə əldə olunan gəlirə ortaq oldular. Cəngavərlərin ardınca Şərqə italyan, bir az sonra isə ispan və fransız tacirləri getdilər. İtalyan işğal edilmiş şəhərlərdə ümumi idarəetmədən və məhkəmdən azad olan kaloniyalar yaradırdılar. Kaloniyalara rəhbərliyi əvvəllər vikontlar etsələr də, sonradan bu vazifə konsulların əlinə keçdi. Yerli hakimlər və italyan konsulları arasında tez-tez mübahisələr olurdu ki, bunun da əsas səbəbi yerli hakimlərin italyanları öz yurisdiksiyasına tabe etmək cəhdləri ilə bağlı idi. Bu mubahisələr axırda müqavilə ilə bitirdi. Hüquqi yurisdiksiya yerlilərin əlində, mülki və ticarət yurisdiksiyası isə italyanların əlində qalırdı.
Xaçpərəst cəngavərlər Şərqdən qovulduqdan sonra avropalılar yerli hakimlərlə sazişlər bağlayır və beləcə konsulluq saxlamaq və vətəndaşların hüquqlarını təmin etmək səlahiyyətini qazanırdılar.
İtalyan şəhərlərində diplomatiya sənəti sürətlə inkişaf edirdi. Venesiya ticarət və siyasi əlaqələrə malik dövlətlərdə diplomatik nümayəndəliklər saxlayırdı. Peşəkar diplomatlardan başqa gizli agentlər və xəfiyyələr qrupu da vardı. Bu işdə Bizans və Venesiya keşiş və qadınların əməyindən daha çox istifadə edirdilər, çünki onlar digərlərinin girə bilmədikləri yerlərə gedə bilirdilər. Venesiyalalar gizli məqsədlərlə həkimlərdən də istifadə edirdilər. Həkimlər fəaliyyət göstərdikləri ölkələrin siyasi, iqtisadi vəziyyətləri haqqında əsl diplomatik hesabatlar göndərirdilər. Fransada fəaliyyət göstərən italyan bankları da xəfiyyə fəaliyyəti göstərirdi. Belə ki, Lionda mövcud olan Mediçi evinin siyasi bürosu Fransanın siyasi durumu haqqında hesabatlar hazırlayırdı.
Italiyada səfirlik işi ən yaxşı Venesiyada təşkil olunurdu. Artıq XIII əsrdə xaricdəki diplomatik nümayəndəliklərin fəaliyyəti xırdalıqlarına qədər nəzarərdə saxlanılırdı. Səfirlər ölkəyə qayıtdıqda aldıqları bütün hədiyyələri dövlətə verməli idilər. Onlara xarici ölkələrdə hər hansı bir titul və ad almaq qadağan edilmişdi. Respublikanın işləri haqqında xaricilərlə söhbət etmək olmazdı. Yeni səfir gələnə qədər ölkəni tərk etmir, öz dövlətinə gəldikdən sonra isə hesabat verirdi. Xərclərə nisbətdə verilən mükafatın az olması səfirlərin narazılığına və bu vəzifədən imtina etməsinə səbəb oldu ki, artıq XIII əsrdən imtina edənlərə qarşı cərimə formasında cəza kəsilir və onlara digər dövlət vəzifələrini tutmaq qadağan olunurdu. Venesiyalılar üçün Aralıq dənizində ticarətin vacibliyini nəzərə alaraq, İstanbula təyin edilən səfirin-baybulonun fəaliyyəti mühüm əhəmiyyət daşıyırdı.Buna görə də baybulo vəzifəsinə daha yaşlı və təcrübəli diplomatlar təyin olunurdu. Səfirlər öz ölkələrinə depeşalar (diplomatik sənədləşmənin bir növü) göndərirdilər. Əbəs yerə deyilmirdi ki, Avropada ən məlumatlı saray Venesiya sarayıdır. Diplomatik yazışmaların şifrələnməsi işi də çox yaxşı inkişaf etmişdir.XV əsrdə artıq Milan və Florensiyada da şifrələnmə sistemindən istifadə edilirdi. Ötürülən gizli məlumatlarda səfirlər dövlət, ictimai və dövlət xadimləri, ayrı-ayrı hakim qruplar, ölkənin maliyyə resursları, əhalinin vəziyyəti haqqında məlumat verirdilər.
Ümumiyyətlə, Venesiya öz diplomatik normalarını Bizansdan mənimsəmiş və bu işi peşəkarlıq səviyyəsinə çatdırmışdır. Venesiya diplomatiyası həmin dövrdə bütün Avropa diplomatiyasının formalaşmasına təsir etmişdir.
Şərqi Roma imperiyası olan Bizansda diplomatik xidmətin təşkilinə böyük önəm verirdilər. Bizans qüdrətli Roma imperiyasının parçalanması nəticəsində Aralıq dənizinin cənub-şərqində, Kiçik Asiya və Balkan yarımadasında yaranmışdır. Konstantinopolda xarici əlaqələrin aparılması ilə məşğul olan idarə yaradılmışdı. Bu apparatın tərkibinə məmurlarla yanaşı çoxlu sayda tərcüməçilər də daxil idi. Xarici səfirlərin qəbul edilməsi üçün qaydalar işlənib hazırlanmışdır. Ölkəyə gələn kimi onlara diqqət ayrılır, hörmətlə yanaşılırdı. Səfirlər sərhəddə qarşılanırdı, onlara çox silah saxlamağa icazə verilmirdi. Çox vaxt onları Konstantinopola en uzun və dolayı yollarla aparırdılar. Bunda məqsəd barbarları paytaxta gedən yolun nə qədər çətin olduğunu və oranı işğal etməyin mümkün olmadığını göstərmək idi. Qəbullar çox dəbdəbəli təşkil edilirdi. Bunun da əsas məqsədi səfirləri təəccübləndirmək və dövlətin qüdrətinə heyran qoymaq idi. Qonşu dövlətlər Bizansda dost görməli idilər, düşmən yox. Qəbullar həm də elə təşkil edilirdi ki, xarici səfirlər çox məlumat toplaya və Bizansın zəif cəhətlərini öyrənə bilməsinlər. Səfirlər üçün hərbi paradlar keçirilir, ordunun silahları nümayiş etdirlirdi. Nəticədə, səfirlər ölkəni heyranlıqla tərk edirdilər. Hərdən xırda knyazları daha da asılı etmək üçün onlara böyük diqqət göstərilirdi.
Konstantinopol sarayında səfirlik işinin təşkilinin xüsusi qaydaları yaradılmışdı və bu bütün dövlətlər tərəfindən qəbul edilmişdi. Səfirlər dövləti təmsil edən şəxslər idi və yalnız səlahiyyətləri çərçivəsində fəaliyyət göstərirdilər. Əgər vəziyyət səfiri səlahiyyətlərindən kənara çıxmağa məcbur edirdisə, səfir əlavə göstərişlər tələb etməli idi. Səlahiyyətlərini aşan şəxslər ciddi cəzalandırılırdılar. Çox nadir hallarda imperator təmsilçilərinə müstəqil davranmaq hüququ verilirdi. Bu səlahiyyət Bizansın Velizariya, Narses kimi sərkərdələrinə verilmişdi.Xaricə göndərilən səfirlərə xüsusi göstərişlər verilirdi. Səfir alicənablıq nümayiş etdirməli,gördüklərini tərifləməli, lazımsız güc nümayişi etməməli idi. Digər dövlətlərin daxili işlərinə qarışmaq olmazdı. Lakin bu sadəcə sənəddə belə idi. Əslində bizans səfirləri saraylarda gizli intriqalar yaradırdılar. Səfirlərlə bağlanmış müqavilələr yalnız imperatorun ratifikasiyasından sonra qüvvəyə minirdi.
Səfirlərin toxunulmazlığı prinsipi tezliklə barbarlar tərəfindən mənimsənildi. Bunun əsasında sığınacaq hüququ da yaranmağa başladı. Ümumiyyətlə, barbar diplomatiyası bizansdan çox məqamları mənimsəsə də, fərqli xüsusiyyətlər də var idi. Məsələn, barbarlarda oxuyub-yaza bilən adamlar az olduğundan çox vaxt din xadimləri də bu işə cəlb olunurdular. Karolinqlərdə adətən iki səfir göndərilirdi: yepiskop və ya abbatla birlikdə qraf yaxud hersoq. Roma nümunələri əsasında kobud şəkildə tərtib edilən etimadnamələr bizansdakılardan fərqlənirdi. Barbar kralları Bizansda təşkil olunan təmtəraqlı qəbullara oxşar qəbullar təşkil etməyə can atırdılar.
Bizans sarayında Avropa, Asiya və Afrikanın müxtəlif regionlarından gələn yüzlərlə səfir vardı. Birinci nazirin rəhbərlik etdiyi xarici işlər idarəsi böyük heyətə malik idi, hər dildə tərcüməçilər saxlayırdı.
Diplomatik xidmət orqanları, xarici əlaqələri planlaşdıran və həyata keçirən strukturların ilkin formaları təkcə Avropada deyil, digər regionlarda da inkişaf edirdi. Doğrudur, vaxt baxımından Avropa irəlidə olsa da Asiya və Afrikanın müxtəlif yerlərində diplomatik xidmət orqanları inkişaf edirdi. Avropaya xas xüsusiyyətləri mənimsəyərək, onları yerli ənənələrə, milli xüsusiyyətlərə uyğun yenidən işləyirdilər. Bu baxımdan orta əsrlərin başlanğıcında ərəb diplomatiyası fərqlənir. Frank mənbələrində Böyük Karlın və Bağdad xəlifəsi Harun-ər-Rəşid arasında səfirlik mübadiləsindən danışırlar. VII əsrin 30-cu illərində qüdrətli dövlət yaradan ərəblər tezliklə köhnə dünya ilə güclü ticarət və iqtisadi əlaqələrə başladılar. Ərəblərin diplomatik əlaqələri Çindən ən uzaq qərb ölkəsinə qədər olan ərazini əhatə edirdi. Əməvilərin paytaxtı olan Dəməşq dünyanın ən böyük paytaxlarından biri idi. Əməvilərin dövlətin xarici əlaqələrinin idarə edilməsi metodları Bizans və Sasanilərə bənzəyirdi. Əməvilərdən sonra hakimiyyətə gəlmiş Abbasilər dövründə diplomatik xidmət sisteminin fəaliyyətində despotik və bürokratik meyllər özünü göstərirdi. Böyük vəzirin idarəçiliyində olan 7 “divan” dan biri “divan-ər-risalət” idi. Bu xarici işlər idarəsi idi. Əbu-l-fəzl Bey-Hakinin memuarlarında səfirlik işinin təşkili ilə bağlı bəzi qaydalar göstərilirdi. Səfir qismində iki şəxs göndərilirdi: onlardan biri yüksək təbəqəyə məxsus şəxs, digəri isə mollaların içindən seçilmiş din xadimi idi. Onlara iki məktub verilirdi. Məktublardan biri dövlət başçısına verilirdi. Məktublar “Quran”dan surə ilə başlayırdı. İkinci məktub isə səfirlərə aid idi və orda missiyanın fəaliyyət sahələri əks olunurdu. Xarici dövlətin səfiri sazişlə razılaşmasa, səfir öz ölkəsini məlumatlandırmaq şərti ilə danışıqları davam etdirə bilərdi. Səfirlərə verilən əsas təlimatlardan biri də hədiyyələrin paylanması idi. Hədiyyələrin bir qismi səfir ölkəyə gəldiyi zaman verilir. Əgər missiya uğurla başa çatsa idi, hədiyyələrin digər hissəsi də paylanırdı. Hədiyyələr adətən, qiymətli parçalar və qablardan ibarət olurdu.
XI əsrin digər bir mənbəsində-Nizam-əl-Mülkün “Siyasətnamə” əsərində səfirlik işi ilə bağlı fəsillər var. Səfirlər sərhəddə qarşılanmalı və yol boyu lazımi ərzaqla təmin olunmalıdırlar. Hətta düşmən ölkələrin səfirlərinə belə hörmətlə yanaşmaq lazımdır. Dövlət başçıları səfirlik göndərməkdə gizli məqsədlər güdürdülər. Ölkənin vəziyyəti, maddi resurları, infrastrukturu, dövlət adamlarının savadı, dünyagörüşü və s. haqqında məlumat toplamaq əksər hallarda missiyanın əsas məqsədi olurdu.
Artıq orta əsrlərdən başlayaraq, Avropadan başqa regionlarda da diplomatik xidmət inkişaf etməyə başlamışdı. XVI-XVII əsrlərdə diplomatik etiketin forma və metodlarının yeni forması moskva “səfir adətləri” yarandı. Qərbə səfər edən rus diplomatları gördükləri və rast gəldikləri adət və ənənələri mənimsəyirdilər. Tədricən müşahidələr əsasında XVI əsrdə moskva diplomatiyasına xas olan mürəkkəb etiket qaydaları yarandı. Bu ənənələrin əsasında, sözsüz ki, qərb nümunələri dayanırdı. “Səfirlik adətləri” həm şərq, həm də bizanslıların diplomatik adətlərindən fərqlənirdi. Qərbdən gələn ənənələr rus dövlətində şərq xüsusiyyətləri ilə birləşir. Nəhayət, moskva səfirləri iddia edirdilər ki, onların yaratdığı səfirlik rütbələri əsl normalara uyğundur və bütün dövlətlər ona tabe olmalıdırlar. Moskva diplomatlarının təsəvvürünə görə bütün dövlətlər siyasi əhəmiyyətlərinə görə dərəcələrə bölünürlər. Diplomatik münasibətlər qurulmazdan əvvəl onlar öyrənməyə çalışırdılar ki, dövlətin başçısı müstəqildir,yaxud kiminsə vassalıdır. Dərəcəsindən asılı olmayaraq, bütün dövlətlərlə diplomatik münasibətlər dövlətin “şərəfi”nin qorunması prinsipi əsasında qurulurdu. Xarici dövlətlərlə əlaqələr səfirlər vasitəsilə aparılırdı. Mərkəzdən konkret göstərişlər alırdılar və məsləhətləşmələr aparmadan heç bir önəmli qərar qəbul etmirdilər. Səfirləri ilkin danışıqlar aparmaq üçün göndərirdilər. Onlara audensiyada nazirlər və digər dövlət xadimləri ilə danışıqlar aparmaq qadağan olunurdu. Bu isə çox vaxt narazıçılığa yol açırdı. Çünki belə tədbirlər zamanı danışıqlar və görüşlər labüd idi. Digər tələb ondan ibarət idi ki, rus səfirləri dövlət başçısına digər ölkə səfirləri ilə eyni anda, hətta eyni gündə təqdim edilməsinlər. Geri qayıdan səfirlər öz fəaliyyətləri haqqında hesabat verirdilər.
Xarici ölkə səfirlərinin qəbul olunması mərasimi də çox mürəkkəb idi. Səfirləri sərhəddə qarşılayırdılar və onları yol boyu pristav müşayiət edirdi. Xüsusi diqqət verilidi ki, audensiyaya qədər heç bir vəzifəli şəxs onunla görüşməsin. Moskvaya bir qədər qalmış isə səfirlik üzvləri şəhərə giriş üçün icazə olmalı idilər. Şəhər xüsusi olaraq, bəzədilirdi, xalq səfirləri alqışla qarşılayırdı və yol boyu yaxşı silahlanmış əsgərlər düzülürdü. Bütün bunlar Moskva dövlətinin varını və qüdrətini nümayiş etdirmək üçün edilirdi. XVI əsrdə Moskvaya tez-tez səfər edən krım, noqay, polşa-litovsk səfirlərinin xüsusi evləri vardı. Digər səfirlər isə şəxsi evlərdə yerləşdirilirdi. XVII əsrin əvvəllərindən etibarən isə səfir sarayı yaradıldı. Səfirləri təcrid edirdilər, mühafizəçi onları saraydan çölə buraxmırdı. Əsrin ikinci yarısından artıq bu yarımhəbsxana rejimi yumşaldıldı. Səfirlər qonaq qəbul edə və qonaq gedə bilərdilər. Lakin bu sadəcə dost ölkələrin səfirlərinə aid edilirdi. Audensiya günü səfirin şərəfinə çar nahar təşkil edirdi.
Bu dövrdə müqavilələr əvvəl olduğu kimi andlarla möhkəmlədirilirdi. Xaçın öpülməsi ilə möhkəmləndirilən müqavilələrin forması qərbdən götürülmüşdü. Əvvəllər mövcud olmuş müqavilə öhdəliklərinin nigah əlaqələri ilə möhkəmləndirilməsi prinsipi XVI əsrdə aradan qalxdı.
Sadaladığımız nümunələrə baxmayaraq, diplomatik xidmətin müasir anlamda forması XVII əsrin sonu – XVIII əsrin əvvəllərinə qədər mövcud deyildi. Xarici siyasətə aid bütün məsələlər vaxtaşırı öz nümayəndələrini xaricə göndərən kralların, knyazların, imperatorların əlində idi. Daimi diplomatik nümayəndəliklər ilk dəfə XV əsrdə meydana gəldi. Lakin onların səlahiyyət müddəti iki il idi. XVII əsrdə isə artıq bütün dövlətlərdə daimi diplomatik nümayəndəlikləri saxlamaq ənənəsi yarandı. Eyni vaxtdan xaricdə tacirlərin rəhbərlik etdiyi daimi konsulluq idarələrinin saxlanılması qaydası meydana gəldi. Həmçinin konsullardan başqa dövlət idarəçiliyinin digər sahələri ilə-maliyyə, daxili ticarət, vergilərlə məşğul olan məmurlar da meydana gəldi.
Bütövlükdə, XVI əsr diplomatik xidmətin, xarici siyasətin həyata keçirilməsi üçün markəzi və yerli orqanlarının yaradılması və inkişaf etdirilməsi əsridir. Daimi diplomatik nümayəndəliklərin geniş yayılmasına bir sıra amillər əngəl törədirdi:

  • Səfir və səfirliklərin saxlanılmasının böyük xərc tələb etməsi;

  • Daimi əlaqə və xəbərləşmə üçün yaxşı yolların olmaması;

  • Təcrübəli və təhsilli diplomatların çatışmamazlığı və s.

Lakin çətinliklərə baxmayaraq, daimi diplomatik nümayəndəliklər institutu möhkəmlənirdi və bu dövrdə diplomatik iyerarxiya yarandı. Fransa, İspaniya, İngiltərə kimi böyük dövlətlər kiçik knyazlıqlara münasibətdə öz səfirlərinə daha çox hörmət tələb edirdilər. Zaman keçdikcə səfirlik işində müəyyən qaydalar yaranmağa başladı. Xüsusilə, böyük dövlətlərdə səfirlə birgə diplomatik heyət də formalaşdırılır və səfirlik daxili iyerarxiya yaranırdı. XVI əsrdə artıq səfirlə adi agent və rezident arasında fərq aydın görünürdü. Heç də bütün hökmdarların səfir təyin etmək hüququ yox idi. İmperator və daha qüdrətli monarxlardan asılı olan hökmdarlar onların yanında sadəcə adi agent akkreditə edə bilərdilər. Dövlətlər arasında mövcud olan adi diplomatik münasibətlər kifayət etmirdi. Buna görə də daimi diplomatik nümayəndəliklərlə yanaşı hər hansı məsələ ilə, danışıqlarla bağlı fövqəladə səfirliklər də təşkil edilirdi. Bununla bağlı bəzi çətinliklər yaranırdı. Belə ki, fövqəladə səfirlər yalnızca öz ölkəsinin deyil, həmçinin digər dövlətlərin də səfirlərindən birinci yerdə oturmaq istəyirdilər. Bəzi qüdrətli dövlətlər şərəflərini qorumaq üçün adi səfirlərini fövqəladə səfirlərə çevirdilər.XVII əsrdə bu ənənə geniş yayılmışdı.
XVI-XVIII əsrlərdə Avropada yeni diplomatik qaydalar təşəkkül tapırdı. Bu beynəlxalq münasibətlər baxımından mühüm əhəmiyyət daşıyırdı. Səfərlər və audensiya zamanı səfirlərin və hökümət adamlarının özünü aparması dövlətlər arası əlaqələrin səviyyəsini simvolizə edirdi. Qəbul olunmuş normalara riayət etməmək münasibətlərdə nəyinsə dəyişdiyinə dəlalət edirdi. Buna görə də etiket xırdalıqları ilə, bərabər hörmət göstərilməsi ilə bağlı problemlər daimi olaraq, yaranırdı.
XVI-XVII əsrlərdə papa sarayında diplomatik etiketin bir qədər fərqli forması mövcud idi. Audensiya papa tərəfindən kardinalların əhatəsində verilirdi. Səfirlər papanı başıaçıq ayaqüstə dinləməli idilər. İmperatorun və Venesiya respublikasının səfirləri böyük kral zalında, digər ölkələrin səfirləri isə hersoq zalında qəbul edilirdi.
Daimi diplomatik nümayəndəliklərin yaranması və diplomatların status və fəaliyyətini tənzimləyən hüquq normalarının təşəkkülü xarici siyasətin əsas silahı olan diplomatiyanın əhəmiyyətli roluna dəlalət edir. Lakin diplomatik funksiyaları həyata keçirən insanlar üçün bu dövlət marağından çox, şəxsi maraq daşıyırdı.Səfir və vacib diplomatlar yuxarı sinif feodalları arasından seçilirdi. Hətta səfirlər getdikləri ölkənin vacib ictimai və dövlət xadimlərini pulla satın alırdılar.
XVI-XVII əsrlərdə səfir üçün xüsusi ləqəb də icad etdilər- “fəxri casus”. XI Lüdovik və VIII Karlın tarixçisi Filipp de Kommin öz memuarlarında yazırdı ki, səfirin “böyük işi” ondan ibarətdir ki, naziri satın almaq vasitəsilə hökmdarın işlərindən xəbərdar olsun. Buna görə də Viktor yazırdı ki, başqa dövlətlərin dövlət adamlarının satın alınması beynəlxalq hüquqa zidd deyil və onların səlahiyyətlərindən irəli gəlir. Bir şərtlə ki, dövlət başçısının həyatına təhlükə yaradan və ölkədə mövcud nizamı pozan şəxslər satın alınmasın. Bu dövrlərdə diplomatik dairələrdə yetərincə şübhəli adamlar vardı.
Bu dövrdə Rusiya dövlətində də diplomatik xidmətin təşkilində bir sıra dəyişikliklər edildi. I Pyotrun həyata keçirdiyi xarici siyasət beynəlxalq məsələlərlə məşğul olan idarələrin yenidən təşkilini və diplomatik kadrların yenidən hazırlanmasını tələb edirdi. XVIII əsrin əvvəllərində mövcud olan mürəkkəb beynəlxalq şəraitin təsiri ilə formalaşan xarici siyasət vəzifələrinin reallaşdırılması üçün köhnə diplomatik fəndlər kifayət etmirdi. Pyotrun dövründə bütün diplomatik apparat qərb ənənələri əsasında yenidən təşkil edildi. Xarici ölkələrdə daimi diplomatik nümayəndəliklər fəaliyyətə başladı. Köhnə Səfirlik əsasnaməsi dövrün tələblərinə cavab vermədiyi üçün bu sahədə islahatlar aparılırdı. 1716-cı ildə İsveçin nümunəsi əsasında Səfirlik dəftərxanası yaradıldı. 1720-ci ildə isə Xarici İşlər Kollegiyası formalaşdı. Avropa dəyərləri rus diplomatik mühitində birdən-birə mənimsənilmədi.Yeni ad altında köhnə adətlər qalırdı. Xarici səfirlərin ən çox narazıçılıq etdiyi məsələ rus rəsmilərinin heç vaxt birinci səfər etməməsi idi. Çarın öz səfirləri üçün tələb etdiyi qədər xarici səfirlərə hörmət edilmirdi. Həmişəki kimi sərhəddən paytaxta qədər onları gözətçilər müşayiət edirdi, onlara başqa adamlarla görüşmək qadağan idi. Bundan başqa problem yaradan məqamlardan biri də bu idi ki, rus diplomatları özlərinin əl-qolu bağlanacağından qorxaraq, yazışmalara yazılı cavab verməməsi idi. Pyotrun hakimiyyətinin ikinci yarısında artıq yeni nəsil diplomatlar yetişməyə başladı. Pyotr diplomatiyası xarici saraylarda olan daxili çəkişmələrdən ustalıqla istifadə edirdilər. Dövlətlərin daxili işlərinə qarışmaq onların siyasətlərinə təsir etmək üçün əlverişli vasitə idi. Xarici ölkənin diplomatik və hökümət məmurlarının satın alınması da Pyotr diplomatiyasının xaraterik cəhətlərindən biri idi.
Paralel olaraq, Avropanın digər dövlətlərində xarici əlaqələrə rəhbərlik edən orqanlar yaranırdı. Əvvəlcə, bu orqanlar xüsusi idarə formasında deyil, kralların, feodalların dəftərxanası kimi fəaliyyət göstərirdi. Məsələn, erkən orta əsrlərdə İngilətərədə xarici yazışmalara klerk rəhbərlik edirdi. XVIII əsrin ortalarına doğru isə katiblik, daha sonra isə kral katibliyi vəzifəsi yaradıldı. Sonuncu Gizli şuranın üzvü idi. Bu dövrlərdə müstəmləkə siyasətinı rəhbərlik etmək üçün xüsusi departament yaradıldı. Yalnız 1782-ci ildə Xarici İşlər Nazirliyi yaradıldı (Foreign office).
Bu dövrdə bir sıra dövlətlərdə diplomatik və konsulluq xidmətinin arasında kəskin sərhəd var idi və onlar öz növbəsində iki hissədən ibarət idilər: xaricdə fəaliyyə göstərən idarələr və mərkəzi apparat. Zədəganlardan ibarət olan diplomatik xidmət dövlətlər və monarxlar arasında aparılan siyasi münasibətlərlə məşğul olurdular. Tacir və ticarət nümayəndələrindən ibarət olan konsulluq xidməti isə ticarət məsələləri ilə məşğul olurdu. Diplomatik xidmət xarici işlər idarəsi kimi təqdim edildiyi halda, konsulluq xidməti maliyyə və ticarət idarəsi kimi təqdim edilirdi.
Diplomatiyanın inkişafında əsas mərhələ Birinci Dünya müharibasi ərəfəsi hesab olunur. Məhz bu dövrdə amerikan prezidenti V.Vilsonun “14 prinsipi” elan edildi ki, bu prinsiplarin içində “açıq diplomatiya” prinsipi də vardı.XX əsrin ortalarında diplomatiyanın inkişafı üçün əlverişli şərait yaranmışdı. İkinci Dünya müharibəsinin yekunlarına həsr olunmuş beynəlxalq konfranslar keçirilməsi, beynəlxalq təşkilatların yaradılması diplomatik xidmətin təkamülü üçün təkan rolunu oynadı. Məhz XX əsrin ikinci yarısında diplomatik xidmətlə bağlı bir sıra konvensiyalar qəbul edilmişdir.
Yüklə 30,02 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin