3. İ. Fixtenin subyektiv idealizmi və F.Şellinqin obyektiv idealizmi Kantdan sonra klassik alman fəlsəfəsinin görkəmli nümayəndələrindən biri də Fixtedir (1762-1814). Kantın tə"siri altında Fixtenin yazdığı əsas əsərlər bunlardır: "Elmi tə"lim" (1794), "Alimin vəzifəsi barədə" (1794), "İnsanın vəzifəsi" (1800), "Qapalı ticarət dövləti" (1800) və s. Fixte Kantın ardıcılı kimi fəaliyyətə başlamış, lakin sonralar onun "şey özündələr" tə"liminin əleyhinə çıxmışdır.
Fixte fəlsəfəsinin çıxış nöqtəsini insan - "Mən"i anlayışı təşkil edir. Onun tə"liminə görə, mütləq insan "Mən"i və ya mütləq subyekt ilkin, müəyyənedici reallıqdır. Əgər Kant "Mən"i idrak prosesində obyektə münasibəti baxımından araşdırırdısa, Fixte onu yeganə reallıq, hər şeyə qadir yaradıcı qüvvə kimi qəbul edirdi. O, bütün gerçək aləmi mütləq subyektin törəməsi hesab edir, faktiki olaraq subyektdən asılı olmayan heç bir şeyi qəbul etmirdi. Fixtenin "Mən"i əslində təbiətdən təcrid edilmiş və başqa don geydirilmiş ruhdur. O özünün bu idealist sistemini elmi tə"lim adlandırmışdır. Fixtenin həmin tə"liminə görə, bütün gerçəklik iki növ reallıqdan ibarətdir: 1) Özü özünü yaradan reallıq - bu "Mən" reallığıdır. 2) "Qeyri-Mən" reallığıdır. Bu reallıq "Mən" tərəfindən yaradılmışdır və tamamilə ondan asılıdır. Fixte birincini daxili reallıq, ikincini isə xarici reallıq adlandırmışdır. Göründüyü kimi, Fixte fəlsəfəsində maddi aləm mə"nəvidən, obyektiv aləm isə subyektiv aləmdən hasil edilir.
Bununla birlikdə Fixtenin tə"limində həm də idealist dialektikanın elementlərini müşahidə edirik. Belə dialektik ideyalardan aşağıdakıları göstərmək olar: hərəkətdə olan subyekt və onun şüurunun fəallığının qeyd olunması; "Mən" və "Qeyri-Mən" əksliklərinin, subyektiv olanla obyektiv olanın ziddiyyətli vəhdəti; şüurun inkişafının inkarı inkar prosesi kimi başa düşülməsi və onun üç mərhələsinin tezis, antitezis və sintez kimi izah edilməsi; qarşılıqlı hərəkət, "səbəb" və "nəticə", "sonlu" və "sonsuz", "hissə" və "bütöv" kimi kateqoriyaların dialektikcəsinə şərhi. Fixte özünün dialektik fikirləri ilə bir çox müasirlərinə böyük tə"sir göstərmişdir.