II.Klinik psixologiyanın vəzifələri- Tibbi və kliniki psixologiya üzrə mütəxəssislər tibbin bütün sahələrində güclü mövqeyə malikdirlər. Hal-hazırda səhiyyə sahəsində yeni xidmət sahələrinin yaranması ilə əlaqədar klinik psixologiyalara tələbat sürətlə artmaqdadır. Kliniki psixologiyanın qarşısında bir sıra vəzifələr durur:
1. Klinik psixoloqlar peşəkar fəaliyyətlərində iş metodu kimi psixoloji məsləhətlərdən geniş istifadə etməlidirlər. Buraya müxtəlif konsultasiyalar, məsələn, xroniki xəstəliklərdən əziyyət çəkən somatik xəstələrin konsultasiyası və ya cərrahiyyə əməliyyatlarından əvvəl xəstələrə verilən məsləhət və tövsiyyələr aiddir. Müasir dövrdə ciddi həyati çətinliklərlə qarşılaşan və problemlərin həlli yollarını arayan şəxslərin “Hot line” (inam telefonu) rejimində və ya böhran mərkəzlərində konsultasiyası xüsusi əhəmiyyət kəsb edir. Klinik psixoloqlar müxtəlif məsələlərdə həkimlərlə onların peşəkar fəaliyyəti ilə əlaəqdar konsultativ yardım göstərir, o cümlədən əqli, emosional və fiziki gərginliklə şərtlənmiş stresslərlə mübarizədə məsləhətçi kimi çıxış edirlər.
2. Psixoloji vasitələrlə (sorğular, testlər, şkalalar və s.) iş kliniki psixoloqların fəaliyyətinin mühüm sahəsini təşkil edir. Həmin vasitələrə istinad etməklə klinik psixoloqlar düzgün diaqnozu müəyyən edir, müalicə prosesində baş verən bütün dəyişiklikləri izləmək imkanı əldə etmiş olurlar. Psixoloji vasitələr terapevtik prosesi bütövlükdə fərdiləşdirməyə imkan yaradır. Bir çox hallarda klinik psixoloqlar tibb sahəsində elmi tədqiqatlar aparmaq üçün özləri yeni vasitələr yaradırlar.
3. Psixi xəstələrə yardım sahəsində multidissiplinar komandanın tərkibində psixoloqun iştirakı müasir psixiatriyanın ayrılmaz hissəsidir. Digər mütəxəssislərlə birgə (psixiatr, tibb bacısı, əmək terapevti, sosial işçi) fəaliyyət göstərən kliniki psixoloq patsientlə tərəfdaşlıq münasibətlərinin inkişafına cavabdeh olur, onun təlabatını müəyyənləşdirir, yardım proqramının tərtib edilməsində iştirak edərək, bir çox hallarda mütəxəssislər komandasının lideri olur. Psixi sağlamlıq məsələləri ilə əlaqədar qeyri-dövlət təşkilatlarında (məsələn, özünəyardım və qarşılıqlı yardım qruplarında) psixoloqlar da çalışırlar.
4. Psixoloji müalicə-psixoterapiya kliniki psixologiyanın xüsusi müvəffəqiyyət qazanmış sahəsidir. Psixiatriya təhsili almış həkimlərlə yanaşı, klinik psixoloqlar da hal-hazırda müxtəlif pozuntuları olan şəxslərə yardım məqsədi ilə müxtəlif psixoterrapevtik metodlar tətbiq edirlər.
5. Klinik psixoloqlar pedaqoji-psixologiya üzrə müxtəlif seminar və treninqlərdə iştirak edir, interaktiv təlim metodlarını öyrənirlər.
6. Kompleks psixologiya-psixiatriya ekspertizası məhkəmə prosesinin iştirakçılarının anlaqlı və ya fəaliyyət qabiliyyətli olması məsələlərin həllinə klinik psixoloqun cəlb olunmasını nəzərdə tutur. Çox hallarda təkcə psixi xəstəliyin diaqnozu deyil (məsələn oliqofreniyada), həmçinin pozuntuların.
7. Klinik psixoloqlar tibbi etika məsələləri üzrə mütəxəssis qismində çıxış edirlər. Patsiyentlərin diskriminasiyası hallarına yol verilməməsi, onların hüquqlarının qorunması, cəmiyyətə inteqrasiyası məsələləri klinik psixoloqun daim diqqət mərkəzində olmalıdır. Klinik psixoloqların həm ambulatoriyada həm də stasionarlarda işləyə bilərlər. Məsələn, qadın doğuşa hazırlayır, doğum evlərində isə uşaq doğulduqdan sonra ciddi emosional problemlərlə qarşılaşan zahı qadınlara psixoloji yardım göstərirlər. Klinik psixoloqlar uşaq müalicə müəssisələrində xüsusilə fəallıqla çalışırlar. Uşağın daxili aləmi yaşlı adamın psixologiyasından çox fərqləndiyindən, bu sahədə bilikləri olan psixoloq digər tibbi mütəxəssislərə kiçik yaşlı pasientlə ünsiyyət yaratmağa səmərəli yardım göstərə bilər. Xüsusi pasiyent qrupları, məsələn, dəri-zöhrəvi və bu kimi müalicə nüəssisələrində olan xəstələr müvafiq müalicədən əlavə ixtisaslı psixoloji yardıma kəskin ehtiyac duyurlar. Psixiatriya müəssisələrində çalışan klinik psixoloqlar spesifik məsələlərlə məşğul olurlar. Onların işi bir çox hallarda həkim psixiatrların işini tamamlayır. Aparılan çoxsaylı tədqiqatlar göstərir ki, psixi xəstələrə yardım göstərilməsində psixiatrlarla yanaşı, klinik psixoloqlar da iştirak etdikdə xəstələrin təlabatı daha yaxşı ödənilir. Birgə hazırlanmış yardım proqramları pasiyentlərin psixiatriya stasionarlarından evə yazıldıqdan sonra qarşılaşacaqları problemləri daha səmərəli həll etməyə imkan verir. Məlumdur ki, qərb ölkələrində psixoloq peşəsi çox populyardır. Onların sayı psixiatrların sayından çoxdur. Tibb fakültələrində psixologiya və etika fənlərinin tədrisinə daha çox vaxt ayrılır və bu fənlər dörd il tədris olunur. Bu fənlərdən imtahan vermədən həkim işləmək üçün lisenziya almaq mümkün deyil. Keçmiş SSRİ-də isə tibb institutlarının II kursunda psixologiya fənninin tədrisinə olduqca cüzi vaxt verilir. Xəstə isə sırf fizioloji obyekt kimi qiymətləndirilirdi. Onun hissləri, düşüncələri, arzuları diqqətdən kənarda qalırdı. Çox vaxt psixi xəstələr qapalı müəssisələrdə saxlanılırdı. Psixiatr həkimlərə də münasibət birmənalı deyildi. Ona görə də falçılar, baxıcılar, ekstrasenslər get-gedə artırdı. Onlar insanların psixi və fiziki sağlamlığına zərbə vurur, onları aldadırdılar. Yeni iqtisadi və sosial münasibətlər şəraitində respublikamızda təkcə tibbi yardımın strukturu deyil, həm də onun fəlsəfəsi də dəyişmişdir. Indi yardıma ehtiyacı olanlar bunu gizlətmədən psixoloq və psixoterapevtlərə müraciət edir.
Düzgün və adekvat psixoterapevtik və reabilitasiya proqramını qurmaq üçün klinik psixologiyanın əsas vəzifələrini öyrənmək lazımdır. Ən əsas vəzifələrə isə xəstənin və onun ətraf mühitinin öyrənilməsi daxildir.
Reabilitasiya işi təkcə pozulmuş psixi proseslərin və ali psixi funksiyaların bərpası ilə bitmir.Bu sistemli fəaliyyət olub xəstənin şəxsiyyətinin və sosial statusunun bərpasını da nəzərdə tutur.Bütün bu işlər klinik psixologiyanın vacib sahəsi hesab edilən psixoterapiya və realibitasiyanın inkişafını təmin edir.
Ümumilikdə, klinik psixologiya aşağıdakı problemləri öyrənir:
1.Xəstəliyin önlənməsində və sağlamlığın möhkəmlənməsində psixikanın rolunu;
2.Müxtəlif xəstəliklərin yaranmasında və gedişində psixi proseslərin rolunu və yerini;
3.Xəstəliyin müalicəsi prosesində (müxtəlif dərmanlara olan reaksiyalar)psixikanın halını;
4.Müxtəlif xəstəliklər zamanı psixi pozulmaları və onların aradan qaldırılmasıvə ya korreksiyası metodlarını;
5.Psixoterapiya və psixokorreksiya işinin psixiatriyada, neyrocərrahiyədə, anomal uşaqların və somatik xəstələrin bərpasında tətbiqini;
6.Beyinin lokal zədələri zamanı ali psixi funksiyaların pozulmasını;
7.Beyinin müxtəlif patoloji hallarında psixi fəaliyyətin pozulmalarını və s. öyrənir.
Praktik vəzifələrə aşağıdakılar daxildir:
1.Psixi pozuntuların diaqnostikası
2.Fərdi psixoloji xüsusiyyətlərin və psixi pozuntuların fərqləndirilməsi
3.Xəstəliklərin və pozuntuların yaranma şəraitinin və onları yaradan faktorların təhlili
4.Psixoprofilaktika, psixoterapiya
5.Xəstələrin psixososial reabilitasiyası, sağlamlığın qorunması və saxlanması