Компүтер техникасынын тә'лим просесинә тәтбиги



Yüklə 100 Kb.
tarix02.01.2022
ölçüsü100 Kb.
#38962
AzMəktəbi Komputer texnik tetbiqi 1985


Kompüter texnikasının təlim prosesinə tətbiqi

İlham Əhmədov

APİ-nin aspirantı

(“ Azərbaycan Məktəbi ” jurnalı, 1985, N 7 )

Məktəbliləri kompüter təhsilinə cəlb etmək «Ümumtəhsil və peşə məktəbi islahatının əsas istiqamətləri»ndə mühüm tələb kimi irəli sürülmüşdür. Həmin sənəddə təhsilin məzmununu təkmilləşdirmək, şagirdləri müasir hesablayıcı texnikadan istifadə etmək sahəsində bilik və vərdişlərlə silahlandırmaq, dərs prosesində kompüterlərin geniş tətbiq olunmasını təmin etmək, bundan ötrü xüsusi məktəb kabinetləri və məktəblərarası kabinetlər yaratmaq, vəzifəsi qarşıya qoyulmuşdur. Bu məsələ ilə əlaqədar Sov.İKP MK Siyasi Bürosunun bu ilin mart ayında keçirilmiş iclasında qeyd edilmişdir ki, gənclərin hesablayıcı texnikaya hərtərəfli və dərindən yiyələnməsi ölkədə elmi-texniki tərəqqini sürətləndirməyin mühüm amillərindəndir.



Kompüter texnikasının tə'lim prosesinə tətbiqi iki istiqamətdə aparılır: 1) elektron hesablayıcı texnika (EHT) təlim obyekti kimi (onun haqqında ümumi məlumatın verilməsi, hər hansı alqoritmik dilin mənimsənilməsi və kompüter vasitəsilə müəyyən qrup məsələlərin həlli); 2) EHT təlimin texniki vasitəsi kimi (yə'ni təlim prosesinin kompüter vasitəsilə idarə olunması).

Təlim obyekti kimi EHT-dən danışarkən hesablama texnikasının və proqramlaşdırmanın əsaslarının öyrədilməsinin məqsədi və ümumtəhsil əhəmiyyəti, kompüter təhsilinin məzmunu, həmin kursu məktəbdə necə öyrətmək məsələləri həll edilməlidir. Əsas məqsəd şagirdləri gələcək praktik fəaliyyətlərində EHT-dən istifadəyə hazırlamaqdır. Buradan da aparılacaq işin məzmunu, yəni kompüter savadlılığının əsas cəhətləri irəli gəlir. Buraya bir tərəfdən alqoritm və onun EHM-ə daxil edilməsi forması olan proqram haqqında anlayış verilməsi, digər tərəfdən isə alqoritmik dillərin birində proqramlaşdırmanın əsaslarını öyrətmək və kompüterdə praktik vərdişlər aşılamaq daxildir.

Bunlardan əlavə, şagirdlər EHM-in quruluşu və işləməsinin ümumi prinsipləri ilə tanış olmalı, onun istehsalatda və insanların digər fəaliyyət sahələrində oynadığı mühüm rolu dərk etməlidirlər. Bütün bunlar 1985-1986-cı dərs ilindən başlayaraq ümumtəhsil məktəblərində tədris olunacaq «İnformatikanın və hesablayıcı texnikanın əsasları» kursunda öyrəniləcəkdir. Bu kursun tədrisi milli məktəblərdə 1986—1987-ci dərs ilindən nəzərdə tutulmuşdur. Kurs IX sinifdən başlayaraq tədris ediləcəkdir. Məktəbin hesablayıcı texnika ilə təchiz edilməsindən asılı olaraq, kursun tədrisinə 70 və ya 140 saat vaxt ayrıla bilər.

Kursun tədrisi məqsədi ilə xüsusi sistem—«Şkolnitsa» proqramlaşdırma sistemi, Robik, Rapira, Şpaqa maşın tədris dilləri tərtib edilmişdir. Məktəblərdə isə Beysik alqoritmik dilinin tədrisi nəzərdə tutulub. Bu dillər, əsasən, «Aqat» tipli kompüterdə realizə ediləcəkdir. 1990-cı ilə qədər ölkəmizdə məktəblərin 100.000 «Aqat» kompüteri ilə təchiz edilməsi nəzərdə tutulur. Əgər hər məktəbə 1 ədəd kompüter verilsə, məktəblərin ona ehtiyacının təxminən 70 faizi ödənilmiş olar. Göründüyü kimi, məsələnin texniki tərəfi müəyyən çətinlik törədir. Bu çətinliyi aradan qaldırmaq üçün tədbirlər görülür. Hələlik isə kurs iki variantda — maşınlı və maşınsız tədris ediləcəkdir. EHT ilə təchiz olunmayan məktəblərdə kurs, əsasən, nəzəri cəhətdən öyrəniləcək, praktik məşğələlər isə məktəblərarası tədris–istehsalat kombinatlarında, hamı təşkilatların hesablama mərkəz­lərində və s. keçiləçəkdir.

Elektron hesablayıcı texnikası şagirdlərlə aparılan sinifdənxaric işlərdə, texniki yaradıcılığın təşkilində, klubların, pioner evlərinin, mədəniyyət saraylarının fəaliyyətində də geniş tətbiq edilməlidir. Bu fənnin tədrisi üçün müəllimlərin kurs hazırlığını genişləndirmək, tədris müəssisələrində müvafiq kabinetlər yaratmaq, dərs prosesinin proqram-metodik tə'minatını qaydaya salmaq lazımdır.

Qeyd edək ki, kompüter savadlılığı problemi sovet ümumtəhsil məktəbi qar­­şısında 60-cı illərin sonunda qoyulmuşdur. Bütün bu illər boyu ciddi tədqi­qatlar aparılmış ( V.M.Monaxov, S.İ.Şvarsburd, V.Q.Aşkinuze, A.L.Brudno, A.P.Yerşov və b.), ölkənin onlarca məktəbində eksperimentlər qoyulmuşdur. Bu müddət ərzində əsasən Fortran və Alqol alqoritmik dilləri öyrədilmişdir. Nəticə göstərmişdir ki, orta məktəb şagirdləri kompüter savadlılığına yiyələnə bilərlər. Lakin bu işin kütləvi tətbiqi texniki imkanların və kadr hazırlığının lazımi səviyyədə olmaması üzündən müəyyən qədər təxirə salınmışdır.

Məktəb kompüteri iqtisadi cəhətdən də sərfəlidir. Belə ki, təsərrüfat hesablı sifarişlər yerinə yetirməklə kompüter öz dəyərini çıxardır. Novosibirsk, Sverdlovsk, Tartu məktəblərində bu sahədə müəyyən təcrübə toplanmışdır. Şagirdlərin belə işə cəlb olunması onları nəinki gələcək praktik fəaliyyətə hazırlayır, həm də bu zaman məktəb islahatının digər mühüm tələbi—məktəblinin onun gücü çatan məhsuldar əməyə cəlb olunması, əmək təlimində politexnizm prinsipinin həyata keçirilməsi təmin edilir. Məktəb islahatına dair sənədlərdə qeyd olunmuşdur ki, uşaqların başlıca əməyi təhsildir, elmin əsaslarına yiyələnməkdir. Bu mənada «İnformatikanın və hesablayıcı texnikanın əsasları» kursunun tədrisi şagirdləri əməyə ikiqat cəlb edir. Bu işin mühüm peşəyönümü əhəmiyyəti də vardır. Məsələn, Sverdlovsk şəhəri­nin bir neçə məktəbində aparılan sistemli iş nəticəsində mə'zunların 75 faizi özünə kompüterin tətbiqi ilə əlaqədar peşə seçmişdir

Kompüterin təlim prosesinə tətbiqi ondan tə'limin texniki vasitəsi kimi istifadəyə də imkan yaradır. Bu sahədə ölkəmizdə maraqlı tədqiqatlar aparı­lır. Həmin tədqiqatlar, əsasən, kompüter vasitəsilə təlim prosesinin idarə olunmasına yönəldilmişdir. Kompüterdən təlimdə texniki vasitə kimi istifadə olunması proqramlaşdırılmış təlimin daha geniş vüsət almasına imkan yaradır. Bu zaman sadə əks-əlaqə qurğuları kompüterlə əvəz edilir. Bu isə təlimin fərdiləşməsinə, onun maksimal adaptasiyasına, əks-əlaqənin intensivləşməsinə, şagirdlərdə erqonomik vərdişlərin yaranmasına, təlim prosesinin elmi təşkilinə, ümumiyyətlə, təlimin optimallaşdırılmasına zəmin yaradır. İnformasiya şagirdlərə audiovizual formada verilir, təlimin yüksək dinamikliyi şagirdlərin idrak fəaliyyətinin artmasına səbəb olur.

Kompüter texnikasından riyaziyyat, fizika, kimya, biologiya, dil, ədəbiyyat və s. fənlərin tədrisində istifadə etmək imkanları böyükdür. Displeyli kompüterin təlim imkanı daha genişdir.

Onun köməyi ilə riyaziyyat dərsində həndəsi qurmalar və çevirmələr, funksiyanın qrafikinin qurulması və s. bəhslərin tədrisi asanlaşır. Proqramlaşdırma kursunun özünü də bu yolla öyrətmək əlverişlidir.

Kompüter müəllimin bir çox funksiyasını yerinə yetirə bilsə də, onu heç vaxt əvəz edə bilməz. O, yalnız müəllimin köməkçisinə çevrilə bilər.

Kiyev məktəblərində akademik A.A.Stoqniyin rəhbərliyi ilə «İnforma­ti­ka­nın və hesablayıcı texnikanın əsasları» kursunun tədrisi avtomatlaşdırılmış öyrədici sistemdə həyata keçirilmişdir; bu halda kompüter həm təlim obyekti, həm də təlim vasitəsi kimi çıxış etmişdir. Kurs qısa müddətdə mənimsənilmişdir.

Qeyd etmək lazımdır ki, kompüterin təlim prosesinin idarə olunmasında mühüm rolu olsa da, o, proqramlaşdırılmış təlimin mövcud qüsurlarını aradan qaldırmır, yəni şagirdlərin yaradıcılıq qabiliyyətinin inkişafına zəif kömək edir. Bu mənada problemli və proqramlaşdırılmış təlimin əlaqəsi mühüm əhəmiyyət kəsb edir. Kompüter vasitəsilə problem situasiya yaratmaq və qoyulmuş problemi həll etmək avtomatlaşdırılmış öyrədici sistemin riyazi və metodik cəhətdən necə təmin olunmasından asılıdır. Bu məsələlərin həlli nəticə etibarı ilə evristik proseslərin proqramlaşdırılmasına gətirib çıxarır.

Şagirdlərin kompüter savadlılığında mikrokalkulyatorlar (MK) mühüm rol oynayır. İslahatda onların təlim prosesində geniş tətbiqi nəzərdə tutulur. Bu məqsədlə məktəblər «Elektronika MKŞ-2» tipli mühəndis mikrokalkulya­torları ilə təchiz edilirlər.

SSRİ PEA-nın apardığı eksperimentlər göstərdi ki, təlim prosesində hesabi mikrokalkulyatorlar I sinifdən başlayaraq müvəffəqiyyətlə tətbiq edilə bilər. Proqramlı mikrokalkulyatorun (PMK) müasir modellərinin funksional imkanları onlardan təlimin universal texniki vasitəsi kimi istifadə etməyə imkan verir. «Elektronika BZ-34» tipli PMK yaddaşında 18 ədəd saxlayır, klaviş vasitəsilə daxil edilən proqram 98-ə qədər əmrdən ibarət ola bilər. Bu qurğu təlimdə həm öyrədici, həm də nəzarətedici funksiya daşıyır. Bu məqsədlə PMK-ya müvafiq proqram daxil etmək kifayətdir. PMK-dan öyrədici və nəzarətedici qurğu kimi istifadə etməyin ən sadə üsulu hesablama xarakterli suallara tapılan cavabları avtomatik yoxlaya bilən proqramın tərtib edilməsidir. PMK-nın «İnformatikanın və hesablayıcı texnikanın əsasları» kursunun tədrisində məktəb kompüterini də müəyyən qədər əvəz etmək imkanı vardır. Ümumiyyətlə, mikrokalkulyatorun təlimdə istifadə olunmasının şagirdlərin klavişli elektron hesablama texnikasına işə hazırlanmasında mühüm rolu vardır.

Hazırda ölkəmizdə təlim prosesinin kompüterlə idarə olunması problemi üzrə tədqiqatlar aparılır. Bir sıra öyrədici sistemlər yaradılmışdır ki, onların bəziləri artıq həyata vəsiqə almışdır.

Kompüter texnikası sosialist ölkələri məktəblərində də geniş tətbiq edilir. Sosialist ö1kələrində (xüsusilə Macarıstan, Bolqarıstan, Kuba, Çexoslovakiya və s.) bu sahədə zəngin təcrübə var, bir çox məktəblər kompüterlə tam təchiz edilmişdir. Yaxın müddətdə uşaq bağçalarının elektron oyuncaqlarla, mikrokalkulyatorlarla təchiz edilməsi nəzərdə tutulur.

Kapitalist ölkələrində də, xüsusən ABŞ, Kanada, Böyük Britaniya, Fransa və Yaponiyada bu sahədə müəyyən təcrübə toplanmışdır. ABŞ məktəblərində kompüter texnikasının tətbiqinə baxmayaraq, əhalinin ümumi savadlılığı səviyyəsinə görə, ölkə dünya üzrə 49-cu yerdədir. Rəsmi məlumata görə, 60 milyon amerikalı, ümumiyyətlə, yazmağı və oxumağı bacarmır.

Qərb ölkələrində «İnformatika» kursunun tədrisi, əsasən, Paskal, Loqo, Beysik dillərini əhatə edir. Kompüter vasitəsilə müxtəlif didaktik məzmunlu multfilmlər çəkilir, bunlar məktəblərdə və uşaq bağçalarında təlim prosesində tətbiq edilir. Yaponiyada kompüter «uzaq məsafədən təlim» problemini həll etməјə yönəldilmişdir. Bu zaman tələbə, məsələn, yataqxanada xüsusi pult vasitəsilə institutun EHM-i ilə əlaqə yaradır, kompüterlə dialoq aparır, istədiyi mövzuda mühazirə və seminar məşğələlərinin videoyazısına baxır, müstəqil tapşırıq yerinə yetirir, onu maraqlandıran bir çox suala cavab alır, imtahan verir və s. Bu zaman kompüter hər bir tələbənin il ərzindəki fəaliyyətini yadda saxlayır və dərs ilinin sonunda onun fəaliyyətini qiymətləndirir.

Kompüter texnikasının məktəbdə tətbiqi ilə əlaqədar ölkəmiz dünyanın bir sıra ölkələri ilə əməkdaşlıq edir. Artıq bir neçə ildir Sovet—Fransa, Sovet—İngiltərə elmi-metodik seminarları keçirilir.



Göründüyü kimi, kompüter savadlılığı problemi bütün inkişaf etmiş ölkələrin diqqət mərkəzində durur. Bu da təbiidir, çünki həmin problemin həlli az vaxt ərzində ölkənin iqtisadi inkişafına öz təsirini göstərə bilər. Bu mənada şagirdlərin kompüter savadlılığı, məktəb islahatının mühüm tələbi kimi, bütün maarif şöbələrinin, pedaqoji kollektivlərin və baza müəssisələrinin qayğı obјektini təşkil etməlidir.
Yüklə 100 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin