1
KOMPUTER ŞƏBƏKƏLƏRİ VƏ TELEKOMMUNİKASİYA
1. KOMPUTER ŞƏBƏKƏLƏRİ
Müəssisələr böyüyüb yeni-yeni komputerlər aldıqca, bu komputerləri bir
şəbəkədə birləşdirmək zərurəti yaranır. Getdikcə şəbəkələr və şəbəkə proqramları
ayrı-ayrı binalarda, şəhərlərdə, hətta dünyanın müxtəlif ölkələrində olan insanları
birləşdirmək üçün istifadə edilir. Buna görə də, insanlar yerlərindən asılı olmayaraq
informasiya texnologiyalarından istifadə etməklə daha səmərəli fəaliyyət göstərə
bilərlər. İnsanların əksəriyyəti şəbəkə dedikdə, kifayət qədər qarmaqarışıq bir şey
təsəvvür edir. Ancaq şəbəkələr elə də mürəkkəb deyil. Əslində şəbəkə [network],
sadəcə, bir-birinə bağlanmış iki, yaxud daha çox komputerdən ibarət qrupdur.
Şəbəkənin ölçüləri böyüdükcə, ora daha çox qurğular qoşulduqca, onun
quraşdırılması və idarə olunması texniki bir işə çevrilir. Şəbəkə anlayışı və
terminologiyası şəbəkənin ölçülərindən asılı olmayaraq, əsasən eyni qalır.