KOREYA RESPUBLIKASI HÖKUMƏTİ
VƏ
AZƏRBAYCAN RESPUBLİKASI HÖKUMƏTİ
ARASINDA GƏLİRLƏRƏ VƏ ƏMLAKA GÖRƏ VERGİLƏRƏ MÜNASİBƏTDƏ
İKİQAT VERGİTUTMANIN ARADAN QALDIRILMASI
VƏ VERGİDƏN YAYINMANIN QARŞISININ ALINMASI HAQQINDA
KONVENSİYA
Koreya Respublikası Hökuməti və Azərbaycan Respublikası Hökuməti gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Konvensiya bağlamaq məqsədi ilə aşağıdakılar barədə razılığa gəldilər:
MADDƏ 1
KONVENSİYANIN TƏTBİQ EDİLDİYİ ŞƏXSLƏR
Bu Konvensiya, Razılığa gələn Dövlətlərdən birinin və ya hər ikisinin rezidenti olan şəxslərə tətbiq edilir.
MADDƏ 2
KONVENSİYANIN TƏTBİQ EDİLDİYİ VERGİLƏR
1. Bu Konvensiya, vergitutma üsulundan asılı olmayaraq, Razılığa gələn Dövlət və ya onun inzibati-ərazi vahidləri və ya yerli hakimiyyət orqanları tərəfindən gəlirlərə görə tutulan vergilərə tətbiq edilir.
2. Gəlirlərə və əmlaka görə vergilərə - gəlirin ümumi məbləğindən, əmlakın ümumi dəyərindən və ya gəlirin və ya əmlakın elementlərindən tutulan bütün vergilər, o cümlədən, daşınan və ya daşınmaz əmlakın özgəninkiləşdirilməsindən əldə edilən gəlirlərdən, müəssisələr tərəfindən ödənilən əmək haqqı və ya maaşların ümumi məbləğlərindən, həmçinin əmlakın qiymətləndirilməsindən tutulan vergilər aiddir.
3. Konvensiyanın tətbiq edildiyi mövcud vergilər xüsusilə aşağıdakılardır:
(a) Koreyada:
(i) gəlir vergisi;
(ii) korporasiyaların vergisi;
(iii) sakin vergisi; və
(iv) birbaşa və ya dolayısı ilə gəlir vergisinin və ya korporasiyalardan verginin vergitutma bazasına əlavə hesablanan kənd təsərrüfatının inkişafı üçün əlavə vergi
(bundan sonra “Koreya vergisi” adlanır).
(b) Azərbaycanda:
(i) fiziki şəxslərin gəlir vergisi;
(ii) hüquqi şəxslərin mənfəət vergisi;
(iii) əmlak vergisi; və
(iv) torpaq vergisi
(bundan sonra “Azərbaycan vergisi” adlanır);
4. Bu Konvensiya, həmçinin, onun imzalandığı tarixdən sonra mövcud vergilərə əlavə olaraq və ya onların əvəzinə tətbiq edilən istənilən eyni və ya mahiyyətcə oxşar vergilərə də tətbiq edilir. Razılığa gələn Dövlətlərin səlahiyyətli orqanları öz vergi qanunvericiliklərində baş verən hər bir əhəmiyyətli dəyişiklik barədə bir-birini xəbərdar edirlər.
MADDƏ 3
ÜMUMİ ANLAYIŞLAR
1. Kontekst başqa cür tələb etmirsə, bu Konvensiyanın məqsədləri üçün:
(a) “Koreya” termini – Koreya Respublikasının ərazisini bildirir, həmçinin ərazi dənizi və beynəlxalq hüquqa müvafiq olaraq Koreya Respublikasının qanunlarına əsasən sulara, dəniz dibinə və onların təbii sərvətlərinə münasibətdə Koreya Respublikasının suveren hüquqları və yurisdiksiyasının tətbiq edilə bildiyi ərazi kimi müəyyən edilmiş və ya gələcəkdə müəyyən edilə bilən ərazi dənizi ilə əlaqəli istənilən ərazini də əhatə edir;
(b) “Azərbaycan” termini - Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan sektoru və Azərbaycan Respublikasının üzərindəki hava məkanı da daxil olmaqla, yerin təki, dənizin dibi və təbii sərvətlərə münasibətdə Azərbaycan Respublikasının suveren hüquqlarının və yurisdiksiyasının tətbiq edildiyi Azərbaycan Respublikası ərazisini, habelə, beynəlxalq hüquqa və Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq müəyyən edilmiş və gələcəkdə müəyyən edilə bilən istənilən digər ərazini bildirir;
(c) “Razılığa gələn Dövlət” və “Razılığa gələn digər Dövlət” terminləri - kontekstdən asılı olaraq Koreya Respublikasını və ya Azərbaycan Respublikasını bildirir;
(d) “şəxs” termini - fiziki şəxsi, şirkəti və şəxslərin hər hansı digər birliklərini bildirir;
(e) “şirkət” termini – hər hansı korporativ qurumu və ya vergi məqsədləri üçün korporativ qurum kimi baxılan hər hansı təşkilatı bildirir;
(f) “Razılığa gələn Dövlətin müəssisəsi” və “Razılığa gələn digər Dövlətin müəssisəsi” terminləri - müvafiq olaraq, Razılığa gələn Dövlətin rezidenti tərəfindən həyata keçirilən sahibkarlıq fəalyyətini və Razılığa gələn digər Dövlətin rezidenti tərəfindən həyata keçirilən sahibkarlıq fəalyyətini bildirir;
(g) “beynəlxalq daşıma” termini - Razılığa gələn Dövlətin müəssisəsi tərəfindən istismar edilən dəniz və ya hava gəmiləri vasitəsilə yerinə yetirilən istənilən daşımaları (dəniz və ya hava gəmisinin müstəsna olaraq Razılığa gələn digər Dövlətin məntəqələri arasında istismar edilməsi halları istisna olmaqla) bildirir;
(h) “səlahiyyətli orqan” termini:
(i) Koreyada - Maliyyə və İqtisadiyyat Naziri və ya onun səlahiyyətli nümayəndəsini bildirir.
(ii) Azərbaycanda - Maliyyə Nazirliyi və Vergilər Nazirliyini;
(i) “milli şəxs” termini:
(i) Razılığa gələn Dövlətin vətəndaşı olan istənilən fiziki şəxsi;
(ii) Özünün müvafiq statusunu Razılığa gələn Dövlətdə qüvvədə olan qanunvericiliyə müvafiq olaraq almış istənilən hüquqi şəxsi, tərəfdaşlığı və ya assosiasiyanı bildirir.
2. Razılığa gələn Dövlət tərəfindən bu Konvensiyanın istənilən vaxt tətbiqi zamanı burada müəyyən edilməmiş hər hansı termin, kontekst başqa cür tələb etmirsə, Konvensiyanın tətbiq edildiyi vergilərə münasibətdə həmin vaxt həmin Dövlətin qanunvericiliyində nəzərdə tutulmuş mənanı daşıyır, həmin Dövlətin tətbiq edilən vergi qanunvericiliyində nəzərdə tutulmuş hər hansı bir məna, həmin terminə həmin Dövlətin digər qanunlarına müvafiq olaraq verilən mənadan üstün tutulur.
MADDƏ 4
REZİDENT
1. Bu Konvensiyanın məqsədləri üçün “Razılığa gələn Dövlətin rezidenti” termini həmin Dövlətin qanunvericiliyinə müvafiq olaraq yaşayış yerinə, daimi olduğu yerə, baş və ya əsas ofis yerinə, idarəetmə yerinə, qeydiyyat yerinə və ya oxşar xarakterli hər hansı digər meyara əsasən orada vergiyə cəlb edilə bilən istənilən şəxsi bildirir, həmçinin, həmin Dövləti və onun hər hansı inzibati-ərazi vahidi və ya yerli hakimiyyət orqanını da əhatə edir. Bununla belə, bu termin, yalnız həmin Dövlətdəki mənbələrdən gəlirlərə və ya orada yerləşən əmlaka münasibətdə orada vergiyə cəlb edilə bilən hər hansı şəxsi əhatə etmir.
2. Əgər, 1-ci bəndin müddəalarına müvafiq olaraq, fiziki şəxs Razılığa gələn Dövlətlərdən hər ikisinin rezidentidirsə, bu halda onun statusu aşağıdakı qaydada müəyyən edilir:
(a) o, yalnız daimi yaşayış yerinə malik olduğu Dövlətin rezidenti hesab edilir; əgər onun hər iki Dövlətdə daimi yaşayış yeri vardırsa, o, yalnız şəxsi və iqtisadi əlaqələrinin daha sıx olduğu (həyati mənafelərin mərkəzi) Dövlətin rezidenti hesab edilir;
(b) əgər, onun həyati mənafelərinin mərkəzinin yerləşdiyi Dövləti müəyyən etmək mümkün deyildirsə və ya onun bu Dövlətlərdən heç birində daimi yaşayış yeri yoxdursa, bu halda o, yalnız adətən yaşadığı Dövlətin rezidenti hesab edilir;
(c) əgər o, adətən hər iki Dövlətdə yaşayırsa və ya onlardan heç birində yaşamırsa, o, yalnız milli şəxsi olduğu Dövlətin rezidenti hesab edilir;
(d) əgər o, hər iki Dövlətin milli şəxsidirsə və ya onlardan heç birinin milli şəxsi deyildirsə, Razılığa gələn Dövlətlərin səlahiyyətli orqanları məsələni qarşılıqlı razılaşma yolu ilə həll edirlər.
3. Əgər, 1-ci bəndin müddəalarına müvafiq olaraq, fiziki şəxs olmayan şəxs Razılığa gələn Dövlətlərdən hər ikisinin rezidentidirsə, bu halda o, yalnız faktiki idarəetmə yerinin yerləşdiyi Dövlətin rezidenti hesab edilir.
MADDƏ 5
DAİMİ NÜMAYƏNDƏLİK
1. Bu Konvensiyanın məqsədləri üçün, “daimi nümayəndəlik” termini, müəssisənin sahibkarlıq fəaliyyətinin tamamilə və ya qismən həyata keçirildiyi daimi fəaliyyət yerini bildirir.
2. “Daimi nümayəndəlik” termini xüsusilə aşağıdakıları əhatə edir:
(a) idarəetmə yeri;
(b) filial;
(c) ofis;
(d) fabrik;
(e) emalatxana;
(f) qurğu, tikili və ya gəmi, yaxud təbii ehtiyatların kəşfiyyatı üçün istifadə edilən hər hansı digər yer;
(g) yataq, neft və ya qaz quyusu, karxana və ya təbii ehtiyatların hasil olunduğu hər hansı digər yer.
3. “Daimi nümayəndəlik” termininə həmçinin aşağıdakılar aid edilir:
(a) tikinti meydançası, quraşdırma və ya yığma layihəsi və ya bunlarla bağlı nəzarət və ya məsləhət fəaliyyəti - yalnız bu cür meydança, layihə və ya fəaliyyət 12 (on iki) aydan artıq davam etdikdə;
(b) məsləhət xidmətləri də daxil olmaqla, müəssisə tərəfindən öz işçiləri və ya bu cür məqsədlər üçün cəlb edilmiş digər heyət vasitəsilə xidmətlərin göstərilməsi - yalnız bu xarakterli fəaliyyət (eyni və ya əlaqəli layihə üçün) istənilən 12 (on iki) aylıq dövr ərzində ümumilikdə 6 (altı) aydan artıq bir dövr və ya dövrlər ərzində davam etdikdə.
4. Bu maddənin əvvəlki müddəalarından asılı olmayaraq, “daimi nümayəndəlik” termininə aşağıdakılar aid edilmir:
(a) qurğulardan müəssisəyə məxsus olan malların və ya məmulatların müstəsna olaraq saxlanılması, nümayiş etdirilməsi və ya çatdırılması məqsədi üçün istifadə edilməsi;
(b) müəssisəyə məxsus olan mal və ya məmulat ehtiyatlarının müstəsna olaraq saxlanılma, nümayiş etdirilmə və ya çatdırılma məqsədi üçün saxlanılması;
(c) müəssisəyə məxsus olan mal və ya məmulat ehtiyatlarının müstəsna olaraq başqa müəssisə tərəfindən emal edilmək məqsədi üçün saxlanılması;
(d) daimi sahibkarlıq fəaliyyəti yerinin müstəsna olaraq müəssisə üçün mal və ya məmulatların satın alınması və ya informasiya toplanılması məqsədi üçün saxlanılması;
(e) daimi sahibkarlıq fəaliyyəti yerinin müstəsna olaraq müəssisə üçün hazırlıq və ya yardımçı xarakterli istənilən digər fəaliyyətin göstərilməsi məqsədi üçün saxlanılması;
(f) daimi sahibkarlıq fəaliyyəti yerinin müstəsna olaraq (a) - (e) yarımbəndlərində sadalanmış fəaliyyət növlərinin istənilən kombinasiyası üçün saxlanılması - bir şərtlə ki, daimi sahibkarlıq fəaliyyəti yerinin bu kombinasiyanın nəticəsi olan məcmu fəaliyyəti hazırlıq və ya yardımçı xarakter daşısın.
5. 1-ci və 2-ci bəndlərin müddəalarından asılı olmayaraq, əgər 7-ci bəndin tətbiq edildiyi müstəqil statuslu agentdən fərqli şəxs Razılığa gələn Dövlətdə müəssisənin adından fəaliyyət göstərirsə və müəssisənin adından müqavilə bağlamaq səlahiyyətlərinə malikdirsə və adətən bu səlahiyyətlərdən istifadə edirsə, həmin müəssisə, həmin şəxsin onun üçün həyata keçirdiyi hər hansı fəaliyyətə münasibətdə həmin Dövlətdə daimi nümayəndəliyə malik olan müəssisə hesab edilir, bir şərtlə ki, həmin şəxsin fəaliyyəti 4-cü bənddə göstərilmiş fəaliyyətlə məhdudlaşmasın, belə ki, həmin fəaliyyət, hətta daimi sahibkarlıq fəaliyyəti yeri vasitəsilə həyata keçirilsə belə, həmin bəndin müddəalarına əsasən bu cür daimi sahibkarlıq fəaliyyəti yerini daimi nümayəndəliyə çevirmir.
6. Bu maddənin əvvəlki müddəalarından asılı olmayaraq, Razılığa gələn Dövlətin sığorta müəssisəsi Razılığa gələn digər Dövlətin ərazisində 7-ci bəndin tətbiq edildiyi müstəqil statuslu agentdən fərqli şəxs vasitəsilə sığorta mükafatları yığırsa və ya orada yerləşən riskləri sığorta edirsə (təkrarsığorta istisna olmaqla), həmin digər Dövlətdə daimi nümayəndəliyə malik olan müəssisə hesab edilir.
7. Müəssisə Razılığa gələn Dövlətdə sadəcə olaraq broker, baş komisyon agenti və ya müstəqil statuslu hər hansı digər agent vasitəsilə sahibkarlıq fəaliyyətini həyata keçirdiyinə görə həmin Dövlətdə daimi nümayəndəliyə malik olan müəssisə hesab edilmir, bir şərtlə ki, bu cür şəxslər adi fəaliyyətləri çərçivəsində fəaliyyət göstərsinlər.
8. Razılığa gələn Dövlətin rezidenti olan şirkətin Razılığa gələn digər Dövlətin rezidenti olan və ya həmin digər Dövlətdə sahibkarlıq fəaliyyətini həyata keçirən (daimi nümayəndəlik vasitəsilə və ya başqa tərzdə) şirkətə nəzarət etməsi və ya onun nəzarətində olması faktı özlüyündə bu şirkətlərdən heç birini digərinin daimi nümayəndəliyinə çevirmir.
MADDƏ 6
DAŞINMAZ ƏMLAKDAN ƏLDƏ OLUNAN GƏLİRLƏR
1. Razılığa gələn Dövlətin rezidenti tərəfindən Razılığa gələn digər Dövlətdə yerləşən daşınmaz əmlakdan əldə edilən gəlirlər (kənd və ya meşə təsərrüfatından gəlirlər də daxil olmaqla) həmin digər Dövlətdə vergiyə cəlb edilə bilər.
2. “Daşınmaz əmlak” termini həmin əmlakın yerləşdiyi Razılığa gələn Dövlətin qanunvericiliyinə əsasən malik olduğu mənanı daşıyır. Bu termin istənilən halda, daşınmaz əmlaka münasibətdə yardımçı əmlakı, kənd və meşə təsərrüfatında istifadə edilən mal-qara və avadanlığı, torpaq mülkiyyəti barədə ümumi qanunvericiliyin müddəalarının tətbiq edildiyi hüquqları, daşınmaz əmlakın uzufruktunu və mineral ehtiyatların, mənbələrin və digər təbii resursların işlənməsi və ya işlənmə hüququ əvəzində ödənilən dəyişkən və ya təsbit olunmuş ödənişlərə olan hüquqları əhatə edir; dəniz və hava gəmiləri daşınmaz əmlak hesab edilmir.
3. 1-ci bəndin müddəaları daşınmaz əmlakın birbaşa istifadəsindən, icarəyə verilməsindən və ya hər hansı digər formada istifadəsindən əldə edilən gəlirlərə tətbiq edilir.
4. 1-ci və 3-cü bəndlərin müddəaları, həmçinin, müəssisənin daşınmaz əmlakından gəlirlərə və müstəqil fərdi xidmətlərin göstərilməsi üçün istifadə edilən daşınmaz əmlakdan gəlirlərə də tətbiq edilir.
MADDƏ 7
SAHİBKARLIQ FƏALİYYƏTİNDƏN ƏLDƏ OLUNAN MƏNFƏƏT
1. Razılığa gələn Dövlətin müəssisəsinin mənfəəti yalnız həmin Dövlətdə vergiyə cəlb edilir, bir şərtlə ki, həmin müəssisə sahibkarlıq fəaliyyətini Razılığa gələn digər Dövlətdə, orada yerləşən daimi nümayəndəlik vasitəsilə həyata keçirməsin. Əgər müəssisə sahibkarlıq fəaliyyətini yuxarıda göstərilən tərzdə həyata keçirirsə, bu halda onun mənfəətinin yalnız həmin daimi nümayəndəliyə aid edilə bilən hissəsi həmin digər Dövlətdə vergiyə cəlb edilə bilər.
2. 3-cü bəndin müddəaları nəzərə alınmaqla, əgər Razılığa gələn Dövlətin müəssisəsi Razılığa gələn digər Dövlətdə sahibkarlıq fəaliyyətini orada yerləşən daimi nümayəndəlik vasitəsilə həyata keçirirsə, Razılığa gələn Dövlətlərin hər birində bu daimi nümayəndəliyin mənfəətinə, onun eyni və ya oxşar şəraitdə, eyni və ya oxşar fəaliyyətlə məşğul olan müstəqil və ayrıca müəssisə olduğu və daimi nümayəndəliyi olduğu müəssisədən tamamilə asılı olmadan fəaliyyət göstərdiyi halda əldə edə biləcəyi mənfəət aid edilir.
3. Daimi nümayəndəliyin mənfəəti müəyyən edilərkən, daimi nümayəndəliyin yerləşdiyi Dövlətdə və ya hər hansı digər yerdə çəkilməsindən asılı olmayaraq, daimi nümayəndəliyin məqsədləri üçün çəkilmiş xərclərin, o cümlədən, idarəetmə və ümumi inzibati xərclərin çıxılmasına yol verilir.
4. Əgər, Razılığa gələn Dövlətdə daimi nümayəndəliyə aid olan mənfəət adətən müəssisənin ümumi mənfəətinin onun ayrı-ayrı hissələri arasında bölüşdürülməsi əsasında müəyyən edilirsə, bu maddənin 2-ci bəndinin müddəaları, vergiyə cəlb edilməli olan mənfəətin bu cür bölgü vasitəsilə müəyyənləşdirilməsində Razılığa gələn Dövlətə heç bir maneə yaratmır; bununla belə, tətbiq edilən bölgü metodu elə olmalıdır ki, nəticə bu maddədə nəzərdə tutulan prinsiplərə müvafiq olsun.
5. Daimi nümayəndəlik tərəfindən sadəcə olaraq öz müəssisəsi üçün mal və ya məmulat alınmasına görə həmin daimi nümayəndəliyə heç bir mənfəət aid edilmir.
6. Əvvəlki bəndlərin məqsədləri üçün, daimi nümayəndəliyə aid edilə bilən mənfəət hər il eyni metodla müəyyən edilir, bir şərtlə ki, bunun əksi üçün tutarlı və kifayət qədər əsaslı səbəb olmasın.
7. Əgər, mənfəətə barəsində bu Konvensiyanın digər maddələrində ayrıca söhbət açılan gəlir növləri daxildirsə, bu halda bu maddənin müddəaları həmin maddələrin müddəalarına təsir göstərmir.
MADDƏ 8
DƏNİZ VƏ HAVA NƏQLİYYATI
1. Razılığa gələn Dövlətin müəssisəsinin dəniz və ya hava gəmilərinin beynəlxalq daşımalarda istismarından mənfəəti yalnız həmin Dövlətdə vergiyə cəlb edilir.
2. Bu maddənin məqsədləri üçün, dəniz və ya hava gəmilərinin beynəlxalq daşımalarda istismarından əldə olunan mənfəətə həmçinin aşağıdakılar aiddir:
(a) dəniz və ya hava gəmilərinin tam ekipajlı, komplektləşdirilmiş və təchiz edilmiş formada icarəyə verilməsindən mənfəət;
(b) dəniz və ya hava gəmilərinin təsadüfi əsasda heyətsiz icarəyə verilməsindən mənfəət;
(c) mal və ya məmulatların daşınması üçün istifadə olunan konteynerlərin (konteynerlərin daşınması üçün treylerlər və əlaqədar avadanlıq da daxil olmaqla) istifadəsi, saxlanılması və ya icarəyə verilməsindən mənfəət,
bir şərtlə ki, bu cür icarə, yaxud bu cür istifadə, saxlanılma və ya icarə dəniz və ya hava gəmilərinin beynəlxalq daşımalarda istismarına münasibətdə qeyri-müntəzəm xarakter daşısın.
3. 1-ci bəndin müddəaları həmçinin pulda (“pool”), birgə sahibkarlıq fəaliyyəti və ya beynəlxalq əməliyyat təşkilatında iştirakdan mənfəətə də tətbiq edilir.
MADDƏ 9
QARŞILIQLI ƏLAQƏLİ MÜƏSSİSƏLƏR
1. Əgər:
(a) Razılığa gələn Dövlətin müəssisəsi Razılığa gələn digər Dövlətin müəssisəsinin idarə edilməsində, ona nəzarətdə və ya onun kapitalında birbaşa və ya dolayısı ilə iştirak edirsə, və ya
(b) eyni şəxslər Razılığa gələn Dövlətin müəssisəsinin və Razılığa gələn digər Dövlətin müəssisəsinin idarə edilməsində, onlara nəzarətdə və ya onların kapitalında birbaşa və ya dolayısı ilə iştirak edirlərsə,
və hər bir halda bu iki müəssisənin qarşılıqlı kommersiya və ya maliyyə münasibətlərində onlar arasında yaradılmış və ya müəyyən edilmiş şərtlər müstəqil müəssisələr arasında mövcud ola biləcək şərtlərdən fərqlidirsə, bu halda, onlardan birinə hesablana biləcək, lakin bu şərtlər səbəbindən hesablanmamış hər hansı mənfəət, həmin müəssisənin mənfəətinə daxil edilə və müvafiq qaydada vergiyə cəlb edilə bilər.
2. Əgər, Razılığa gələn Dövlət həmin Dövlətin müəssisəsinin mənfəətinə Razılığa gələn digər Dövlətin müəssisəsinin həmin digər Dövlətdə vergiyə cəlb edilmiş mənfəətini daxil edir və müvafiq qaydada vergiyə cəlb edirsə və bu tərzdə daxil edilmiş mənfəət, bu müəssisələr arasındakı münasibətlər müstəqil müəssisələr arasında ola biləcək münasibətlər olduğu halda adı birinci çəkilən Dövlətin müəssisəsinə hesablana biləcək mənfəətdirsə, bu halda, həmin digər Dövlət orada bu mənfəətdən hesablanan verginin məbləğinə müvafiq düzəliş edir. Bu cür düzəlişin müəyyən edilməsində bu Konvensiyanın digər müddəaları müvafiq qaydada nəzərə alınır və Razılığa gələn Dövlətlərin səlahiyyətli orqanları zəruri olduqda bir-biri ilə məsləhətləşmələr aparırlar.
MADDƏ 10
DİVİDENDLƏR
1. Razılığa gələn Dövlətin rezidenti olan şirkət tərəfindən Razılığa gələn digər Dövlətin rezidentinə ödənilən dividendlər həmin digər Dövlətdə vergiyə cəlb edilə bilər.
2. Bununla belə, bu cür dividendlər həmçinin həmin dividendləri ödəyən şirkətin rezident olduğu Razılığa gələn Dövlətdə və onun qanunvericiliyinə müvafiq qaydada da vergiyə cəlb edilə bilər, lakin dividendlərin faktiki sahibi Razılığa gələn digər Dövlətin rezidentidirsə, tutulan vergi dividendlərin ümumi məbləğinin 7 faizindən artıq olmamalıdır.
Razılığa gələn Dövlətlərin səlahiyyətli orqanları bu məhdudiyyətlərin tətbiq olunma formasını qarşılıqlı razılaşma yolu ilə müəyyən edirlər.
Bu bənd, dividendlər ödənilən mənfəətə münasibətdə şirkətin vergiyə cəlb edilməsinə təsir etmir.
3. Bu maddədə istifadə edilən “dividendlər” termini səhmlərdən, təsisçilərin səhmlərindən (paylarından) və ya borc tələbləri olmayan, mənfəətdə iştirak hüququ verən digər hüquqlardan gəlirləri, o cümlədən, gəlirləri bölüşdürən şirkətin rezident olduğu Dövlətin qanunvericiliyinə müvafiq olaraq, səhmlərdən gəlirlərin cəlb edildiyi eyni qaydada vergitutmaya cəlb edilən digər korporativ hüquqlardan əldə edilən gəlirləri bildirir.
4. 1-ci və 2-ci bəndlərin müddəaları, dividendlərin faktiki sahibinin Razılığa gələn Dövlətin rezidenti olmaqla, dividendləri ödəyən şirkətin rezident olduğu Razılığa gələn digər Dövlətdə sahibkarlıq fəaliyyətini orada yerləşən daimi nümayəndəlik vasitəsilə həyata keçirdiyi və ya həmin digər Dövlətdə orada yerləşən daimi baza vasitəsilə müstəqil fərdi xidmətlər göstərdiyi və dividendlərin ödənilməsi ilə bağlı olan holdinqin bu cür daimi nümayəndəlik və ya daimi baza ilə faktiki olaraq əlaqəli olduğu halda tətbiq edilmir. Bu halda, şəraitdən asılı olaraq, 7-ci və ya 14-cü maddələrin müddəaları tətbiq edilir.
5. Əgər, Razılığa gələn Dövlətin rezidenti olan şirkət Razılığa gələn digər Dövlətdən mənfəət və ya gəlir əldə edirsə, həmin digər Dövlət, hətta şirkət tərəfindən ödənilən dividendlər və ya onun bölüşdürülməmiş mənfəəti tamamilə və ya qismən həmin digər Dövlətdə yaranan mənfəət və ya gəlirdən ibarət olduğu halda belə, dividendlərin həmin digər Dövlətin rezidentinə ödənildiyi və ya dividendlərin ödənilməsi ilə bağlı olan holdinqin həmin digər Dövlətdə yerləşən daimi nümayəndəlik və ya daimi baza ilə faktiki olaraq əlaqəli olduğu hallar istisna edilməklə, nə şirkət tərəfindən ödənilən dividendlərə hər hansı vergi tətbiq edə, nə də şirkətin bölüşdürülməmiş mənfəətini şirkətin bölüşdürülməmiş mənfəəti üzrə vergiyə cəlb edə bilməz.
6. Dividendlərin ödənilməsinə əsas verən səhmlərin və ya digər hüquqların yaradılması və ya müəyyən edilməsi ilə əlaqəli olan hər hansı şəxsin əsas məqsədi və ya əsas məqsədlərindən biri bu cür yaradılma və ya müəyyən edilmə yolu ilə bu maddənin üstünlüklərindən yararlanmaq olduğu halda bu maddənin müddəaları tətbiq edilmir.
MADDƏ 11
FAİZLƏR
1. Razılığa gələn Dövlətdə yaranan və Razılığa gələn digər Dövlətin rezidentinə ödənilən faizlər həmin digər Dövlətdə vergiyə cəlb edilə bilər.
2. Bununla belə, bu cür faizlər həmçinin onların yarandığı Razılığa gələn Dövlətdə və onun qanunvericiliyinə müvafiq qaydada da vergiyə cəlb edilə bilər, lakin faizlərin faktiki sahibi Razılığa gələn digər Dövlətin rezidentidirsə, tutulan vergi faizlərin ümumi məbləğinin 10 faizindən artıq olmamalıdır.
Razılığa gələn Dövlətlərin səlahiyyətli orqanları bu məhdudiyyətlərin tətbiq olunma formasını qarşılıqlı razılaşma yolu ilə müəyyən edirlər.
3. 2-ci bəndin müddəalarından asılı olmayaraq, Razılığa gələn Dövlətdə yaranan və Razılığa gələn digər Dövlətin Hökuməti və ya onun inzibati-ərazi vahidi, yaxud yerli hakimiyyət orqanı, həmin digər Dövlətin Mərkəzi Bankı və ya tamamilə həmin Hökumətə məxsus olan və Hökumət xarakterli funksiyaları yerinə yetirən istənilən maliyyə qurumu tərəfindən əldə edilən faizlər adı birinci çəkilən Dövlətdə vergidən azad edilir.
4. Bu maddədə istifadə edilən “faizlər” termini ipoteka təminatının olub-olmamasından və borcluların mənfəətində iştirak hüququ verib-verməməsindən asılı olmayaraq, istənilən növ borc tələblərindən gəlirləri, və xüsusilə, hökumətin qiymətli kağızlarından gəlirləri və istiqrazlardan və ya borc öhdəliklərindən gəlirləri, o cümlədən bu cür qiymətli kağızlar, istiqrazlar və ya borc öhdəlikləri üzrə mükafatlar və uduşları bildirir. Gecikdirilmiş ödənişlərə görə cərimələr bu maddənin məqsədi üçün faizlər hesab edilmir.
5. 1-ci və 2-ci bəndlərin müddəaları, faizlərin faktiki sahibinin Razılığa gələn Dövlətin rezidenti olmaqla, faizlərin yarandığı Razılığa gələn digər Dövlətdə sahibkarlıq fəaliyyətini orada yerləşən daimi nümayəndəlik vasitəsilə həyata keçirdiyi və ya həmin digər Dövlətdə orada yerləşən daimi baza vasitəsilə müstəqil fərdi xidmətlər göstərdiyi və faizlərin ödənilməsi ilə bağlı olan borc öhdəliyinin bu cür daimi nümayəndəlik və ya daimi baza ilə faktiki olaraq əlaqəli olduğu halda tətbiq edilmir. Bu halda, şəraitdən asılı olaraq, 7-ci və ya 14-cü maddələrin müddəaları tətbiq edilir.
6. Faizlərin ödəyicisi Razılığa gələn Dövlətin rezidenti olduğu halda, faizlər həmin Dövlətdə yaranmış hesab edilir. Bununla belə, faizləri ödəyən şəxs Razılığa gələn Dövlətin rezidenti olub-olmamasından asılı olmayaraq, Razılığa gələn Dövlətdə daimi nümayəndəliyə və ya daimi bazaya sahib olduğu və faizlər ödənilən borcun bu cür daimi nümayəndəlik və ya daimi baza ilə bağlı yarandığı və bu faizlərin ödənilməsi üzrə xərclərin bu cür daimi nümayəndəlik və ya daimi baza tərəfindən çəkildiyi halda, bu cür faizlər daimi nümayəndəliyin və ya daimi bazanın yerləşdiyi Dövlətdə yaranmış hesab edilir.
7. Əgər, ödəyici və faktiki sahib arasında və ya onların hər ikisi ilə hər hansı digər şəxs arasındakı xüsusi münasibətlər səbəbindən, borc tələbi ilə əlaqədar ödənilən faizlərin məbləği, bu münasibətlər olmadığı halda ödəyici və faktiki sahib arasında razılaşdırıla biləcək məbləğdən artıqdırsa, bu maddənin müddəaları yalnız adı sonuncu çəkilən məbləğə tətbiq edilir. Bu halda, ödənişlərin artıq hissəsi, bu Konvensiyanın digər müddəaları müvafiq qaydada nəzərə alınmaqla, Razılığa gələn Dövlətlərdən hər birinin qanunvericiliyinə müvafiq qaydada vergiyə cəlb edilir.
8. Faizlərin ödənilməsinə əsas verən borc öhdəliklərinin yaradılması və ya müəyyən edilməsi ilə əlaqəli olan hər hansı şəxsin əsas məqsədi və ya əsas məqsədlərindən biri bu cür yaradılma və ya müəyyən edilmə yolu ilə bu maddənin üstünlüklərindən yararlanmaq olduğu halda bu maddənin müddəaları tətbiq edilmir.
MADDƏ 12
ROYALTİLƏR
1. Razılığa gələn Dövlətdə yaranan və Razılığa gələn digər Dövlətin rezidentinə ödənilən royaltilər həmin digər Dövlətdə vergiyə cəlb edilə bilər.
2. Bununla belə, bu cür royaltilər həmçinin onların yarandığı Razılığa gələn Dövlətdə və onun qanunvericiliyinə müvafiq qaydada da vergiyə cəlb edilə bilər, lakin royaltilərin faktiki sahibi Razılığa gələn digər Dövlətin rezidentidirsə, tutulan vergi aşağıdakılardan artıq olmamalıdır:
(a) patentə, dizayn və ya modelə, plana, məxfi fomula və ya prosesə, yaxud sənaye, kommersiya və ya elmi təcrübəyə dair informasiyaya görə ödənilən royaltilərin ümumi məbləğinin 5 faizindən;
(b) bütün digər hallarda royaltilərin ümumi məbləğinin 10 faizindən.
Razılığa gələn Dövlətlərin səlahiyyətli orqanları bu məhdudiyyətlərin tətbiq olunma formasını qarşılıqlı razılaşma yolu ilə müəyyən edirlər.
3. Bu maddədə istifadə olunan “royaltilər” termini hər hansı ədəbiyyat, incəsənət və ya elm əsərləri, o cümlədən kinofilmlər üzrə müəlliflik hüquqlarının, hər hansı patent, ticarət markası, dizayn və ya model, plan, məxfi formula və ya prosesin istifadəsi və ya istifadə hüququ əvəzində və ya sənaye, kommersiya və ya elmi avadanlığın istifadəsi və ya istifadə hüququ əvəzində, yaxud sənaye, kommersiya və ya elmi təcrübəyə (know-how) dair informasiya əvəzində alınan istənilən növ ödənişləri bildirir.
4. 1-ci və 2-ci bəndlərin müddəaları, royaltilərin faktiki sahibinin Razılığa gələn Dövlətin rezidenti olmaqla, royaltilərin yarandığı Razılığa gələn digər Dövlətdə sahibkarlıq fəaliyyətini orada yerləşən daimi nümayəndəlik vasitəsilə həyata keçirdiyi və ya həmin digər Dövlətdə orada yerləşən daimi baza vasitəsilə müstəqil fərdi xidmətlər göstərdiyi və royaltilərin ödənilməsi ilə bağlı olan hüquq və ya əmlakın bu cür daimi nümayəndəlik və ya daimi baza ilə faktiki olaraq əlaqəli olduğu halda tətbiq edilmir. Bu halda, şəraitdən asılı olaraq, 7-ci və ya 14-cü maddələrin müddəaları tətbiq edilir.
5. Royaltilərin ödəyicisi Razılığa gələn Dövlətin rezidenti olduğu halda, royaltilər həmin Dövlətdə yaranmış hesab edilir. Bununla belə, royaltiləri ödəyən şəxs Razılığa gələn Dövlətin rezidenti olub-olmamasından asılı olmayaraq, Razılığa gələn Dövlətdə daimi nümayəndəliyə və ya daimi bazaya sahib olduğu və royaltiləri ödəmək öhdəliyinin bu cür daimi nümayəndəlik və ya daimi baza ilə bağlı yarandığı və bu royaltilərin ödənilməsi üzrə xərclərin bu cür daimi nümayəndəlik və ya daimi baza tərəfindən çəkildiyi halda, bu cür royaltilər daimi nümayəndəliyin və ya daimi bazanın yerləşdiyi Dövlətdə yaranmış hesab edilir.
6. Əgər, ödəyici və faktiki sahibi arasında və ya onların hər ikisi ilə hər hansı digər şəxs arasındakı xüsusi münasibətlər səbəbindən istifadə, hüquq və ya informasiya ilə əlaqədar ödənilən royaltilərin məbləği, bu münasibətlər olmadığı halda ödəyici və faktiki sahib arasında razılaşdırıla biləcək məbləğdən artıqdırsa, bu maddənin müddəaları yalnız adı sonuncu çəkilən məbləğə tətbiq edilir. Bu halda, ödənişlərin artıq hissəsi, bu Konvensiyanın digər müddəaları müvafiq qaydada nəzərə alınmaqla, Razılığa gələn Dövlətlərdən hər birinin qanunvericiliyinə müvafiq qaydada vergiyə cəlb edilir.
7. Royaltilərin ödənilməsinə əsas verən hüquqların yaradılması və ya müəyyən edilməsi ilə əlaqəli olan hər hansı şəxsin əsas məqsədi və ya əsas məqsədlərindən biri bu cür yaradılma və ya müəyyən edilmə yolu ilə bu maddənin üstünlüklərindən yararlanmaq olduğu halda bu maddənin müddəaları tətbiq edilmir.
MADDƏ 13
ƏMLAKIN DƏYƏRİNİN ARTIMI
1. Razılığa gələn Dövlətin rezidenti tərəfindən, 6-cı maddədə qeyd edilmiş və Razılığa gələn digər Dövlətdə yerləşən daşınmaz əmlakın özgəninkiləşdirilməsindən əldə edilən gəlirlər həmin digər Dövlətdə vergiyə cəlb edilə bilər.
2. Razılığa gələn Dövlətin müəssisəsinin Razılığa gələn digər Dövlətdə sahib olduğu daimi nümayəndəliyinin kommersiya əmlakının bir hissəsini təşkil edən daşınan əmlakın və ya Razılığa gələn Dövlətin rezidentinin müstəqil fərdi xidmətlər göstərmək məqsədi üçün Razılığa gələn digər Dövlətdə sərəncamında olan daimi bazaya aid daşınan əmlakın özgəninkiləşdirilməsindən gəlirlər, bu cür daimi nümayəndəliyin (ayrılıqda və ya bütün müəssisə ilə birlikdə) və ya bu cür daimi bazanın özgəninkiləşdirilməsindən gəlirlər də daxil olmaqla həmin digər Dövlətdə vergiyə cəlb edilə bilər.
3. Razılığa gələn Dövlətin müəssisəsi tərəfindən beynəlxalq daşımalarda istismar edilən dəniz və ya hava gəmilərinin və ya bu cür dəniz və ya hava gəmilərinin istismarı ilə bağlı olan daşınan əmlakın özgəninkiləşdirilməsindən əldə edilən gəlirlər yalnız həmin Dövlətdə vergiyə cəlb edilir.
4. Razılığa gələn Dövlətin rezidenti tərəfindən, dəyərinin 50 faizindən çoxunu bilavasitə və ya dolayısı ilə Razılığa gələn digər Dövlətdə yerləşən daşınmaz əmlakdan əldə edən səhmlərin və ya digər korporativ hüquqların özgəninkiləşdirilməsindən əldə edilən gəlirlər həmin digər Dövlətdə vergiyə cəlb edilə bilər.
5. Bu maddənin əvvəlki bəndlərində qeyd edilənlər istisna edilməklə, hər hansı əmlakın özgəninkiləşdirilməsindən gəlirlər, yalnız əmlakı özgəninkiləşdirən şəxsin rezident olduğu Razılığa gələn Dövlətdə vergiyə cəlb edilir.
6. Əmlak dəyərinin artımından gəlirlərin ödənilməsinə əsas verən hüquqların yaradılması və ya müəyyən edilməsi ilə əlaqəli olan hər hansı şəxsin əsas məqsədi və ya əsas məqsədlərindən biri bu cür yaradılma və ya müəyyən edilmə yolu ilə bu maddənin üstünlüklərindən yararlanmaq olduğu halda bu maddənin müddəaları tətbiq edilmir.
MADDƏ 14
MÜSTƏQİL FƏRDİ XİDMƏTLƏR
1. Razılığa gələn Dövlətin rezidenti tərəfindən peşəkar xidmətlərdən və ya müstəqil xarakterli digər fəaliyyətlərdən əldə edilən gəlirlər, bu cür gəlirlərin həmçinin Razılığa gələn digər Dövlətdə də vergiyə cəlb edilə biləcəyi aşağıdakı hallar istisna edilməklə, yalnız həmin Dövlətdə vergiyə cəlb edilir:
(a) Əgər o, öz fəaliyyətini həyata keçirmək məqsədi üçün Razılığa gələn digər Dövlətdə müntəzəm istifadə etdiyi daimi bazaya sahibdirsə; bu halda, gəlirin yalnız həmin daimi bazaya aid edilə bilən hissəsi Razılığa gələn digər Dövlətdə vergiyə cəlb edilə bilər; və ya
(b) Əgər o, cari təqvim ilində başlayan və ya başa çatan istənilən 12 (on iki) aylıq dövr ərzində ümumilikdə 183 (yüz səksən üç) günə bərabər və ya ondan artıq bir dövr və ya dövrlər ərzində Razılığa gələn digər Dövlətdə qalırsa; bu halda gəlirin yalnız həmin digər Dövlətdə həyata keçirilən fəaliyyətdən əldə edilən hissəsi həmin digər Dövlətdə vergiyə cəlb edilə bilər.
2. “Peşəkar xidmətlər” termininə xüsusilə müstəqil elmi, ədəbi, artistik, təhsil və ya tədris fəaliyyəti ilə yanaşı, həkimlərin, hüquqşünasların, mühəndislərin, memarların, stomatoloqların, mühasiblərin və auditorların müstəqil fəaliyyəti daxildir.
MADDƏ 15
QEYRİ-MÜSTƏQİL FƏRDİ XİDMƏTLƏR
1. 16-cı, 18-ci və 19-cu maddələrin müddəaları nəzərə alınmaqla, Razılığa gələn Dövlətin rezidenti tərəfindən muzdlu işlə bağlı əldə edilən maaş, əmək haqqı və digər oxşar mükafatlar yalnız həmin Dövlətdə vergiyə cəlb edilir, bir şərtlə ki, muzdlu iş Razılığa gələn digər Dövlətdə həyata keçirilməsin. Əgər muzdlu iş Razılığa gələn digər Dövlətdə həyata keçirilirsə, onunla bağlı orada əldə edilən bu cür mükafatlar həmin digər Dövlətdə vergiyə cəlb edilə bilər.
2. 1-ci bəndin müddəalarından asılı olmayaraq, Razılığa gələn Dövlətin rezidenti tərəfindən Razılığa gələn digər Dövlətdə həyata keçirilən muzdlu işlə bağlı əldə edilən mükafat yalnız adı birinci çəkilən Dövlətdə vergiyə cəlb edilir, əgər:
(a) resipient digər Dövlətdə cari vergi ilində başlayan və ya başa çatan istənilən 12 (on iki) aylıq dövr ərzində ümumilikdə 183 gündən artıq olmayan bir dövr və ya dövrlər ərzində qalırsa; və
(b) mükafat digər Dövlətin rezidenti olmayan işəgötürən tərəfindən və ya onun adından ödənilirsə; və
(c) mükafatların ödənilməsi üzrə xərclər işəgötürənin digər Dövlətdə sahib olduğu daimi nümayəndəlik və ya daimi baza tərəfindən çəkilmirsə.
3. Bu maddənin əvvəlki müddəalarından asılı olmayaraq, Razılığa gələn Dövlətin müəssisəsi tərəfindən beynəlxalq daşımalarda istismar edilən dəniz və ya hava gəmisinin göyərtəsində həyata keçirilən muzdlu işlə bağlı əldə edilən mükafatlar həmin Dövlətdə vergiyə cəlb edilə bilər.
MADDƏ 16
DİREKTORLARIN QONORARLARI
Razılığa gələn Dövlətin rezidenti tərəfindən Razılığa gələn digər Dövlətin rezidenti olan şirkətin direktorlar şurasının və ya digər oxşar orqanının üzvü qismində əldə edilən qonorarlar və digər oxşar ödənişlər həmin digər Dövlətdə vergiyə cəlb edilə bilər.
MADDƏ 17
İNCƏSƏNƏT İŞÇİLƏRİ VƏ İDMANÇILAR
1. 14-cü və 15-ci maddələrin müddəalarından asılı olmayaraq, Razılığa gələn Dövlətin rezidenti tərəfindən teatr, kino, estrada, radio və ya televiziya artisti və ya musiqiçi qismində Razılığa gələn digər Dövlətdə həyata keçirilən incəsənət işçisi kimi və ya idmançı kimi fərdi fəaliyyətdən əldə edilən gəlir həmin digər Dövlətdə vergiyə cəlb edilə bilər.
2. Əgər, incəsənət işçisi və ya idmançının bu keyfiyyətdə fərdi fəaliyyəti ilə bağlı gəlir incəsənət işçisi və ya idmançının özünə deyil, digər şəxsə hesablanırsa, həmin gəlir, 7-ci, 14-cü və 15-ci maddələrin müddəalarından asılı olmayaraq, incəsənət işçisi və ya idmançının fəaliyyətinin həyata keçirildiyi Razılığa gələn Dövlətdə vergiyə cəlb edilə bilər.
3. İncəsənət işçisi və ya idmançının Razılığa gələn Dövlətə gəlişi əsasən Razılığa gələn digər Dövlətin dövlət vəsaitlərindən, o cümlədən həmin digər Dövlətin hər hansı inzibati-ərazi vahidi, yerli hakimiyyət orqanı və ya qanunvericiliklə təsis edilmiş qurumunun vəsaitləri hesabınadırsa, həmin şəxslərin adı birinci çəkilən Dövlətdə həyata keçirdiyi fəaliyyətdən əldə etdikləri mükafat, mənfəət, əmək haqqı və digər oxşar gəlirlərə münasibətdə 1-ci və 2-ci bəndlərin müddəaları tətbiq edilmir.
MADDƏ 18
TƏQAÜDLƏR
19-cu maddənin 2-ci bəndinin müddəaları nəzərə alınmaqla, Razılığa gələn Dövlətin rezidentinə keçmişdəki muzdlu işlə bağlı ödənilən təqaüdlər və digər oxşar mükafatlar yalnız həmin Dövlətdə vergiyə cəlb edilir.
MADDƏ 19
DÖVLƏT QULLUĞU
1.
(a) Razılığa gələn Dövlət və ya onun inzibati-ərazi vahidi və ya yerli hakimiyyət orqanı tərəfindən fiziki şəxsə, həmin Dövlətə və ya bölməyə, yaxud hakimiyyət orqanına göstərilən xidmətlərlə bağlı ödənilən maaş, əmək haqqı və digər oxşar mükafatlar yalnız həmin Dövlətdə vergiyə cəlb edilir.
(b) Bununla belə, əgər xidmətlər Razılığa gələn digər Dövlətdə göstərilirsə və fiziki şəxs həmin Dövlətin rezidentidirsə və o:
(i) həmin Dövlətin milli şəxsidirsə; və ya
(ii) yalnız qulluq göstərmək məqsədi üçün həmin Dövlətin rezidenti olmamışdırsa,
bu cür maaş, əmək haqqı və digər oxşar mükaftlar yalnız Razılığa gələn digər Dövlətdə vergiyə cəlb edilir.
2.
(a) 1-ci bəndin müddəalarından asılı olmayaraq, Razılığa gələn Dövlət və ya onun inzibati-ərazi vahidi və ya yerli hakimiyyət orqanı tərəfindən və ya onlar tərəfindən yaradılmış fondlardan fiziki şəxsə, həmin Dövlətə və ya bölməyə, yaxud hakimiyyət orqanına göstərilən xidmətlərlə bağlı ödənilən təqaüdlər və digər oxşar mükafatlar yalnız həmin Dövlətdə vergiyə cəlb edilir.
(b) Bununla belə, əgər fiziki şəxs Razılığa gələn digər Dövlətin rezidenti və milli şəxsidirsə, bu cür təqaüdlər və digər oxşar mükafatlar yalnız həmin digər Dövlətdə vergiyə cəlb edilir.
3. 15-ci, 16-cı, 17-ci və 18-ci maddələrin müddəaları Razılığa gələn Dövlətin və ya onun inzibati-ərazi vahidinin və ya yerli hakimiyyət orqanının sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı göstərilən xidmətlərlə əlaqədar ödənilən maaş, əmək haqqı, təqaüd və digər oxşar mükafatlara tətbiq edilir.
MADDƏ 20
TƏLƏBƏLƏR
Razılığa gələn Dövlətin rezidenti olan və ya Razılığa gələn digər Dövlətə gəlməzdən bilavasitə əvvəl adı birinci çəkilən Dövlətin rezidenti olmuş və həmin digər Dövlətdə yalnız təhsil və ya təlim almaq məqsədilə olan tələbələrin və ya təcrübə keçən şəxslərin yaşamaq, təhsil və ya təlim almaq məqsədilə aldıqları ödənişlər həmin digər Dövlətdə vergiyə cəlb edilmir, bir şərtlə ki, bu cür ödənişlərin mənbəyi həmin digər Dövlətdən kənarda olsun.
MADDƏ 21
DİGƏR GƏLİRLƏR
1. Razılığa gələn Dövlətin rezidentinin, barəsində bu Konvensiyanın əvvəlki maddələrində söhbət açılmayan gəlir növləri, yaranma mənbəyindən asılı olmayaraq yalnız həmin Dövlətdə vergiyə cəlb edilir.
2. 1-ci bəndin müddəaları, 6-cı maddənin 2-ci bəndinə əsasən müəyyən edilmiş daşınmaz əmlakdan əldə olunan gəlirlərdən fərqli olan digər gəlirlərə, bu gəlirlərin resipienti Razılığa gələn Dövlətin rezidenti olmaqla sahibkarlıq fəaliyyətini Razılığa gələn digər Dövlətdə orada yerləşən daimi nümayəndəlik vasitəsilə həyata keçirdiyi və ya həmin digər Dövlətdə orada yerləşən daimi baza vasitəsilə müstəqil fərdi xidmətlər göstərdiyi və gəlirin ödənilməsi ilə bağlı olan hüquq və ya əmlakın bu cür daimi nümayəndəlik və ya daimi baza ilə faktiki olaraq əlaqəli olduğu halda tətbiq edilmir. Bu halda, şəraitdən asılı olaraq, 7-ci və ya 14-cü maddələrin müddəaları tətbiq edilir.
3. 1-ci və 2-ci bəndlərin müddəalarından asılı olmayaraq, Razılığa gələn digər Dövlətdə yaranan, uduşlu oyunlardan və lotereyalardan gəlirlər formasında gəlir növləri, həmçinin həmin digər Dövlətdə vergiyə cəlb edilə bilər.
4. Gəlirin ödənilməsinə əsas verən hüquqların yaradılması və ya müəyyən edilməsi ilə əlaqəli olan hər hansı şəxsin əsas məqsədi və ya əsas məqsədlərindən biri bu cür yaradılma və ya müəyyən edilmə yolu ilə bu maddənin üstünlüklərindən yararlanmaq olduğu halda bu maddənin müddəaları tətbiq edilmir.
MADDƏ 22
ƏMLAK
1. 6-cı maddədə qeyd edilmiş, Razılığa gələn Dövlətin rezidentinə məxsus olan və Razılığa gələn digər Dövlətdə yerləşən daşınmaz əmlakla ifadə olunmuş əmlak həmin digər Dövlətdə vergiyə cəlb edilə bilər.
2. Razılığa gələn Dövlətin müəssisəsinin Razılığa gələn digər Dövlətdə sahib olduğu daimi nümayəndəliyinin kommersiya əmlakının bir hissəsini təşkil edən daşınan əmlakla və ya Razılığa gələn Dövlətin rezidentinin müstəqil fərdi xidmətlər göstərmək məqsədi üçün Razılığa gələn digər Dövlətdə sərəncamında olan daimi bazaya aid daşınan əmlakla ifadə olunmuş əmlak həmin digər Dövlətdə vergiyə cəlb edilə bilər.
3. Razılığa gələn Dövlətin müəssisəsi tərəfindən beynəlxalq daşımalarda istismar edilən dəniz və ya hava gəmiləri və ya onların istismarı ilə bağlı olan daşınan əmlakla təmsil olunmuş əmlak yalnız həmin Dövlətdə vergiyə cəlb edilir.
4. Razılığa gələn Dövlətin rezidentinin bütün digər əmlak elementləri yalnız həmin Dövlətdə vergiyə cəlb edilir.
MADDƏ 23
İKİQAT VERGİTUTMANIN ARADAN QALDIRILMASI METODLARI
1. Koreyada ikiqat vergitutmanın qarşısı aşağıdakı kimi alınır:
Koreyanın Koreyadan başqa hər hansı ölkədə ödənilmiş verginin Koreya vergisindən çıxılmalara aid edilməsinə dair qanunun (orada nəzərdə tutulmuş əsas prinsiplərə xələl gətirmədən) müddəaları nəzərə alınmaqla, əgər, Koreyanın rezidenti, bu Konvensiyanın müddəalarına müvafiq olaraq Azərbaycanda Azərbaycan qanunlarına əsasən vergiyə cəlb edilə bilən gəlir əldə edirsə, Azərbaycanda ödənilmiş vergi məbləği (dividendlərə münasibətdə, dividendlərin ödənildiyi mənfəətdən ödənilən vergi istisna olmaqla), həmin rezidentdən Koreyada hesablanan vergidən çıxılmalıdır. Bununla belə, çıxılan məbləğ, Koreya vergisinin çıxılma verilməzdən əvvəl hesablanmış və həmin gəlirə müvafiq olan hissəsindən artıq olmamalıdır.
2. Azərbaycanda ikiqat vergitutmanın qarşısı aşağıdakı kimi alınır:
Əgər Azərbaycanın rezidenti, bu Konvensiyanın müddəalarına müvafiq olaraq Koreyada vergiyə cəlb edilə bilən gəlir əldə edirsə və ya əmlaka sahibdirsə, həmin şəxs tərəfindən bu cür gəlirə və ya əmlaka görə Koreyada ödənilmiş vergi məbləği, həmin şəxsdən həmin gəlir və ya əmlaka münasibətdə Azərbaycanda hesablanan vergidən çıxılmalıdır.
Bununla belə, bu cür çıxılma Azərbaycanın qanunvericiliyinə və vergitutma qaydalarına müvafiq olaraq bu cür gəlirə və ya əmlaka hesablanmış verginin məbləğindən artıq olmamalıdır.
MADDƏ 24
AYRI-SEÇKİLİYƏ YOL VERİLMƏMƏSİ
1. Razılığa gələn Dövlətin milli şəxsləri Razılığa gələn digər Dövlətdə həmin digər Dövlətin milli şəxslərinin eyni şəraitdə, xüsusilə, rezidentliyə münasibətdə cəlb edildiyi və ya cəlb edilə biləcəyi vergitutma və ya bununla bağlı olan öhdəliklərdən fərqli və ya daha ağır olan vergitutma və ya bununla bağlı olan öhdəliklərə cəlb edilməməlidir. Bu müddəa, 1-ci maddənin müddəalarından asılı olmayaraq, həmçinin Razılığa gələn Dövlətlərdən birinin və ya hər ikisinin rezidenti olmayan şəxslərə də tətbiq edilir.
2. Razılığa gələn Dövlətin rezidenti olan vətəndaşlığı olmayan şəxslər, Razılığa gələn Dövlətlərdən heç birində həmin Dövlətin milli şəxslərinin eyni şəraitdə, xüsusilə, rezidentliyə münasibətdə cəlb edildiyi və ya cəlb edilə biləcəyi vergitutma və ya bununla bağlı olan öhdəliklərdən fərqli və ya daha ağır olan vergitutma və ya bununla bağlı olan öhdəliklərə cəlb edilməməlidir.
3. Razılığa gələn Dövlətin müəssisəsinin Razılığa gələn digər Dövlətdə sahib olduğu daimi nümayəndəliyinin vergiyə cəlb edilməsi həmin digər Dövlətdə həmin digər Dövlətin eyni fəaliyyətlə məşğul olan müəssisələrinin vergiyə cəlb edilməsindən az əlverişli olmamalıdır. Bu müddəa, Razılığa gələn Dövlətin üzərinə onun, mülki status və ya ailə öhdəlikləri nəzərə alınmaqla öz rezidentlərinə verdiyi verigitutma məqsədləri üçün hər hansı şəxsi imtiyazların, güzəştlərin və çıxılmaların Razılığa gələn digər Dövlətin rezidentlərinə də verilməsi öhdəliyinin qoyulması kimi təfsir edilməməlidir.
4. 9-cu maddənin 1-ci bəndinin, 11-ci maddənin 7-ci bəndinin və ya 12-ci maddənin 6-cı bəndinin müddəalarının tətbiq edildiyi hallar istisna edilməklə, Razılığa gələn Dövlətin müəssisəsi tərəfindən Razılığa gələn digər Dövlətin rezidentinə ödənilən faizlər, royaltilər və digər ödənişlər, bu cür müəssisənin vergiyə cəlb edilməli olan mənfəətinin müəyyən edilməsi məqsədilə, adı birinci çəkilən Dövlətin rezidentinə ödənildiyi halda tətbiq olunan eyni şərtlər əsasında çıxılmalıdır. Eynilə, Razılığa gələn Dövlətin müəssisəsinin Razılığa gələn digər Dövlətin rezidentinə olan hər hansı bir borcu, həmin müəssisənin vergiyə cəlb edilməli olan kapitalının müəyyən edilməsi məqsədilə adı birinci çəkilən Dövlətin rezidentinə olan borc kimi eyni şərtlər əsasında çıxılmalıdır.
5. Razılığa gələn Dövlətin, əmlakı tamamilə və ya qismən Razılığa gələn digər Dövlətin rezidentinə və ya rezidentlərinə məxsus olan və ya onların birbaşa və ya dolayı nəzarəti altında olan müəssisəsi adı birinci çəkilən Dövlətdə həmin Dövlətin digər oxşar müəssisələrinin cəlb edildiyi və ya cəlb edilə biləcəyi vergitutma və ya bununla bağlı olan öhdəliklərdən fərqli və ya daha ağır olan vergitutma və ya bununla bağlı olan öhdəliklərə cəlb edilə bilməz.
6. Bu maddənin müddəaları, 2-ci maddənin müddəalarından asılı olmayaraq, istənilən növlü və xarakterli vergilərə tətbiq edilir.
MADDƏ 25
QARŞILIQLI RAZILAŞMA PROSEDURU
1. Əgər hər hansı şəxs Razılığa gələn Dövlətlərdən birinin və ya hər ikisinin hərəkətlərinin onun bu Konvensiyanın müddəalarına uyğun olmayan tərzdə vergiyə cəlb edilməsinə gətirib çıxardığını və ya gətirib çıxaracğını zənn edirsə, həmin şəxs, həmin Dövlətlərin daxili qanunvericiliklərində nəzərdə tutulmuş müdafiə vasitələrindən asılı olmayaraq, bu işlə bağlı rezident olduğu Dövlətin və ya bu hal 24-cü maddənin 1-ci bəndinin əhatə dairəsinə aiddirsə, milli şəxsi olduğu Razılığa gələn Dövlətin səlahiyyətli orqanlarına müraciət edə bilər. Müraciət, bu Konvensiyanın müddəalarına uyğun olmayan vergitutmaya gətirib çıxaran hərəkətlər haqqında ilk məlumat tarixindən etibarən üç il ərzində təqdim edilməlidir.
2. Əgər, səlahiyyətli orqan etirazı əsaslandırılmış hesab edərək, eyni zamanda, qənaətbəxş qərara gələ bilmirsə, bu Konvensiyanın müddəalarına uyğun olmayan vergitutmanın qarşısının alınması məqsədilə məsələni Razılığa gələn digər Dövlətin səlahiyyətli orqanı ilə qarşılıqlı razılıq yolu ilə həll etməyə səy göstərir. Əldə edilmiş hər hansı bir razılıq, Razılığa gələn Dövlətin daxili qanunvericiliyində nəzərdə tutulmuş hər hansı zaman məhdudiyyətlərindən asılı olmayaraq həyata keçirilməlidir.
3. Razılığa gələn Dövlətlərin səlahiyyətli orqanları bu Konvensiyanın təfsiri və ya tətbiqi ilə bağlı meydana çıxan bütün çətinlikləri və ya şübhələri qarşılıqlı razılıq yolu ilə həll etməyə səy göstərməlidirlər. Onlar, həmçinin bu Konvensiyada nəzərdə tutulmamış hallarda ikiqat vergitutmanın aradan qaldırması üçün bir-biri ilə məsləhətləşmələr apara bilərlər.
4. Razılığa gələn Dövlətlərin səlahiyyətli orqanları, əvvəlki bəndlərin anlaşılmasında razılığın əldə edilməsi məqsədilə bir-biri ilə birbaşa, o cümlədən onların özləri və ya nümayəndələrindən ibarət olan birgə komissiya vasitəsilə əlaqələr yarada bilərlər.
MADDƏ 26
İNFORMASİYA MÜBADİLƏSİ
1. Razılığa gələn Dövlətlərin səlahiyyətli orqanları bu Konvensiyanın müddəalarının yerinə yetirilməsi və ya Razılığa gələn Dövlətlər və ya onların inzibati-ərazi vahidləri və ya yerli hakimiyyət orqanları tərəfindən tutulan istənilən növlü və xarakterli vergilərlə bağlı daxili qanunvericiliklərin inzibatçılığı və tətbiqi üçün zəruri olan informasiya mübadiləsi həyata keçirirlər, bir şərtlə ki, həmin qanunvericilikdə nəzərdə tutulmuş vergitutma bu Konvensiyaya zidd olmasın. İnformasiya mübadiləsi 1-ci və 2-ci maddələrlə məhdudlaşmır.
2. Razılığa gələn Dövlət tərəfindən 1-ci bəndə müvafiq olaraq əldə edilmiş hər hansı informasiya, həmin Dövlətin daxili qanunvericiliyi əsasında əldə edilmiş informasiyaya tətbiq edilən eyni qayda əsasında məxfi hesab edilir və yalnız 1-ci bənddə göstərilən vergilərin hesablanması və ya toplanması, məcburi alınması və ya prosessual qaydada təqib edilməsi, yaxud həmin vergilərlə bağlı şikayətlərə baxılması ilə və ya yuxarıdakılara nəzarətlə məşğul olan şəxslərə və ya orqanlara (o cümlədən, məhkəmələrə və inzibati orqanlara) açıqlanır. Bu cür şəxslər və ya orqanlar həmin informasiyadan yalnız bu cür məqsədlər üçün istifadə edirlər. Onlar bu informasiyanı açıq məhkəmə istintaqı və ya məhkəmə qərarlarında açıqlaya bilərlər.
3. Heç bir halda, 1-ci və 2-ci bəndlərin müddəaları Razılığa gələn Dövlətlərin üzərinə aşağıdakı öhdəliklərin qoyulması kimi şərh edilməməlidir:
(a) bu və ya digər Razılığa gələn Dövlətin qanunvericiliyində və inzibati təcrübəsində nəzərdə tutulmuş tədbirlərdən fərqli olan inzibati tədbirlər həyata keçirmək;
(b) bu və ya digər Razılığa gələn Dövlətin qanunvericiliyi və ya adi inzibatçılığı əsasında əldə edilməsi mümkün olmayan informasiya vermək;
(c) hər hansı ticarət, sahibkarlıq, sənaye, kommersiya və ya peşə sirrini, yaxud ticarət prosesini aça biləcək informasiya və ya açılması dövlət siyasətinə (ordre public) zidd olan informasiya vermək.
4. Əgər Razılığa gələn Dövlət tərəfindən bu maddəyə müvafiq olaraq informasiya əldə edilməsi üçün sorğu verilirsə, Razılığa gələn digər Dövlət, hətta öz vergi məqsədləri üçün bu informasiyaya ehtiyacı olmadıqda belə, sorğu edilmiş informasiyanın əldə edilməsi üçün özünün informasiya əldə etmə vasitələrindən istifadə edəcək. Əvvəlki cümlədə göstərilmiş öhdəlik 3-cü bəndin məhdudiyyətlərinə tabedir, lakin, bu məhdudiyyətlər Razılığa gələn Dövlətə hər-hansı informasiyanın əldə edilməsində daxili marağının olmaması səbəbindən bu informasiyanın təqdim edilməsindən imtina etməyə imkan verən kimi təfsir edilməməlidir.
MADDƏ 27
VERGİLƏRİN YIĞILMASINDA YARDIM
1. Razılığa gələn Dövlətlər gəlir tələblərinin alınmasında bir-birinə yardım edəcəklər. Bu yardım 1-ci və 2-ci maddələrdə göstərilmiş vergilər və şəxslərlə məhdudlaşmır. Razılığa gələn Dövlətlərin səlahiyyətli orqanları bu maddənin tətbiq olunma formasını qarşılıqlı razılaşma yolu ilə müəyyən edə bilərlər.
2. Bu maddədə istifadə edilən “gəlir tələbləri” termini Konvensiyanın tətbiq edildiyi vergilərə münasibətdə ödənilməli olan istənilən məbləği, həmçinin bu cür məbləğlərlə bağlı faizləri, inzibati cərimələri və vergilərin yığılması və ya əmlaka həbs qoyulması ilə bağlı xərcləri ifadə edir, bir şərtlə ki, bu vergitutma bu Konvensiyaya və ya Razılığa gələn Dövlətlərin tərəf olduqları hər hansı digər sənədə zidd olmasın.
3. Əgər Razılığa gələn Dövlətin gəlir tələbi həmin Dövlətin qanunlarına müvafiq olaraq məcburi alına bilərsə və həmin vaxt həmin Dövlətin qanunlarına əsasən onun alınmasının qarşısını ala bilməyən şəxs tərəfindən ödənilməlidirsə, bu gəlir tələbi həmin Dövlətin səlahiyyətli orqanının müraciəti əsasında Razılığa gələn digər Dövlətin səlahiyyətli orqanı tərəfindən icra məqsədilə qəbul ediləcəkdir, həmin gəlir tələbi həmin digər Dövlət tərəfindən öz vergi tələbi kimi onun özünün vergilərinin məcburi alınması və yığılmasına tətbiq edilən qanunlarının müddəalarına müvafiq qaydada alınacaqdır.
4. Əgər Razılığa gələn Dövlətin gəlir tələbi, həmin Dövlətin, özünün qanunlarına əsasən onun alınmasını təmin etmək məqsədilə ona münasibətdə əmlaka həbs qoyulması tədbirlərini həyata keçirə biləcəyi tələbdirsə, bu halda həmin gəlir tələbi Razılığa gələn Dövlətin səlahiyyətli orqanının müraciəti əsasında Razılığa gələn digər Dövlətin səlahiyyətli orqanı tərəfindən əmlaka həbs qoyulması tədbirlərinin həyata keçirilməsi məqsədilə qəbul ediləcəkdir. Həmin digər Dövlət, hətta həmin vaxt gəlir tələbi adı birinci çəkilən Dövlətdə məcburi alına bilmədikdə və ya onu ödəməli olan şəxsin onun alınmasının qarşısını almaq hüququ olduqda belə, həmin gəlir tələbinə münasibətdə öz gəlir tələbi kimi öz qanunlarının müddəalarına müvafiq olaraq əmlaka həbs qoyma tədbirlərini tətbiq edəcəkdir.
5. 3-cü və 4-cü bəndlərin müddəalarına baxmayaraq, Razılığa gələn Dövlət tərəfindən 3-cü və ya 4-cü bəndlərin məqsədləri üçün qəbul edilmiş gəlir tələbi həmin Dövlətdə özünün xarakterinə görə həmin Dövlətin qanunlarına əsasən tətbiq oluna bilən hər hansı üstünlüyə və ya zaman məhdudiyyətinin mövzusu olmayacaqdır. Bundan başqa, Razılığa gələn Dövlət tərəfindən 3-cü və ya 4-cü bəndin məqsədləri üçün qəbul edilmiş gəlir tələbi həmin Dövlətdə Razılığa gələn digər Dövlətin qanunlarına müvafiq olaraq bu gəlir tələbinə tətbiq edilə bilən hər hansı üstünlüyə malik olmayacaqdır.
6. Razılığa gələn Dövlətin gəlir tələblərinin mövcudluğu, qanuniliyi və ya məbləği ilə bağlı iddialar yalnız həmin Dövlətin məhkəmələri və inzibati orqanları qarşısında qaldırıla bilər. Bu maddənin heç bir müddəası bu cür iddiaların Razılığa gələn digər Dövlətin məhkəmələri və inzibati orqanları qarşısında qaldırıla bilməsi hüququnun verilməsi kimi təfsir edilməməlidir.
7. Əgər, Razılığa gələn Dövlət tərəfindən Razılığa gələn digər Dövlətə 3-cü və ya 4-cü bəndə müvafiq olaraq müraciət edildikdən sonra istənilən vaxt, Razılığa gələn digər Dövlət müvafiq gəlir tələbini alana və adı birinci çəkilən Dövlətə köçürənədək həmin gəlir tələbinin
(a) 3-cü bənd üzrə müraciət halında - adı birinci çəkilən Dövlətdə həmin Dövlətin öz qanunlarına əsasən məcburi alına bilən və həmin vaxt onun alınmasının qarşısını ala bilməyən şəxs tərəfindən ödənilməli olan gəlir tələbi;
(b) 4-cü bənd üzrə müraciət halında - adı birinci çəkilən Dövlətdə həmin Dövlətin öz qanunlarına əsasən alınmasını təmin etmək məqsədilə barəsində əmlaka həbs qoyulması tədbiri tətbiq edə biləcəyi gəlir tələbi
olmasına xitam verilirsə, bu halda adı birinci çəkilən Dövlətin səlahiyyətli orqanı dərhal Razılığa gələn digər Dövlətin səlahiyyətli orqanına bu fakt barədə məlumat verməlidir və digər Dövlətin seçiminə əsasən adı birinci çəkilən Dövlət müraciəti müvəqqəti dayandırmalı və ya geri götürməlidir.
8. Heç bir halda bu maddənin müddəaları Razılığa gələn Dövlətin üzərinə aşağıdakı öhdəliklərin qoyulması kimi şərh edilməməlidir:
(a) bu və ya digər Razılığa gələn Dövlətin qanunvericiliyi və inzibati təcrübəsində nəzərdə tutulmuş tədbirlərdən fərqli olan inzibati tədbirlər həyata keçirmək;
(b) dövlət siyasətinə (ordre public) zidd ola biləcək tədbirlər həyata keçirmək;
(c) Razılığa gələn digər Dövlət, şəraitdən asılı olaraq, öz qanunları və ya inzibati təcrübəsinin imkan verdiyi bütün mümkün yığılma və ya əmlaka həbs qoyma tədbirlərindən istifadə etmədikdə yardım göstərmək;
(d) həmin Dövlət üçün inzibati yük Razılığa gələn digər Dövlətin əldə edəcəyi fayda ilə müqayisədə aşkar şəkildə disproporsional olduqda yardım göstərmək.
MADDƏ 28
DİPLOMATİK NÜMAYƏNDƏLİKLƏRİN
VƏ KONSULLUQ İDARƏLƏRİNİN ÜZVLƏRİ
Bu Konvensiyanın heç bir müddəası diplomatik nümayəndəliklərin və ya konsulluq idarələrinin üzvlərinin beynəlxalq hüququn ümumi normalarına və ya xüsusi müqavilələrə əsasən müəyyən edilmiş vergi imtiyazlarına toxunmur.
MADDƏ 29
QÜVVƏYƏ MİNMƏ
1. Razılığa gələn Dövlətlər bir-birini, özlərinin bu Konvensiyanın qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurlarının yerinə yetirildiyi barədə diplomatik kanallarla yazılı xəbərdar edirlər.
2. Bu Konvensiya 1-ci bənddə qeyd edilmiş bildirişlərdən sonuncusunun tarixindən qüvvəyə minir və onun müddəaları tətbiq edilir:
(a) mənbədə tutulan vergilərə münasibətdə - Konvensiyanın qüvvəyə mindiyi ildən sonrakı təqvim ilinin 1 (bir) yanvar tarixində və ya ondan sonra əldə edilən gəlirlərə; və
(b) digər gəlir vergilərinə və əmlak vergilərinə münasibətdə - Konvensiyanın qüvvəyə mindiyi ildən sonrakı təqvim ilinin 1 (bir) yanvar tarixində və ya ondan sonra başlanan hər hansı vergi ili üzrə tutulan vergi məbləğlərinə.
MADDƏ 30
QÜVVƏDƏN DÜŞMƏ
Bu Konvensiya Razılığa gələn Dövlətlərdən hər hansı biri tərəfindən onun qüvvəsi ləğv edilənədək qüvvədə olacaqdır. Razılığa gələn Dövlətlərdən hər biri bu Konvensiyanın qüvvəyə mindiyi tarixdən sonrakı 5 (beş) illik dövr bitdikdən sonra hər hansı təqvim ilinin başa çatmasına ən azı 6 (altı) ay qalmış, diplomatik kanallarla qüvvədən düşmə haqqında yazılı bildiriş təqdim etməklə, Konvensiyanın qüvvəsini ləğv edə bilər.
Bu halda, bu Konvensiyanın qüvvəsi hər iki Razılığa gələn dövlətdə aşağıdakılara münasibətdə ləğv edilir:
(a) mənbədə tutulan vergilərə münasibətdə - bildirişin təqdim edildiyi ildən sonrakı təqvim ilinin 1 (bir) yanvar tarixində və ya ondan sonra əldə edilən gəlirlərə;
(b) digər gəlir vergilərinə və əmlak vergilərinə münasibətdə - bildirişin təqdim edildiyi ildən sonrakı təqvim ilinin 1 (bir) yanvar tarixində və ya ondan sonra başlanan hər hansı vergi ili üzrə tutulan vergi məbləğlərinə.
Bunun təsdiqi olaraq, özlərinin müvafiq Hökumətləri tərəfindən buna müvafiq qaydada səlahiyyət almış aşağıda imza edənlər bu Konvensiyanı imzaladılar.
________ şəhərində “____” “__________” 200_-ci il tarixində, iki əsl nüsxədə, Koreya, Azərbaycan və İngilis dilində imzalanmışdır, bütün mətnlər bərabər autentikdir. Təfsirdə fikir ayrılığı yarandığı təqdirdə, İngilis dilindəki mətn əsas götürüləcəkdir.
Koreya Respublikası
Hökuməti adından
|
Azərbaycan Respublikası
Hökuməti adından
|
PROTOKOL
Koreya Respublikası Hökuməti və Azərbaycan Respublikası Hökuməti arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Konvensiya imzalanan zaman, aşağıda imza edənlər Konvensiyanın tərkib hissəsi sayılan aşağıdakı müddəalar barədə razılığa gəldilər:
1. 5-ci maddənin 5-ci bəndinə əlavə
Müəssisə üçün öhdəlik yaratmaqla, müqavilənin bütün elementləri və təfsilatları üzrə danışıqlar aparmaq səlahiyyətlərinə malik olan şəxs, hətta müqavilə digər şəxs tərəfindən müəssisənin yerləşdiyi Razılığa gələn digər Dövlətdə imzalandığı halda belə, Razılığa gələn Dövlətdə öz səlahiyyətlərindən istifadə edən hesab edilə bilər.
2. 11-ci maddənin 3-cü bəndinə əlavə
3-cü bəndin məqsədləri üçün, “Mərkəzi Bank və ya tamamilə həmin Hökumətə məxsus olan və Hökumət xarakterli funksiyaları yerinə yetirən istənilən maliyyə qurumu” dedikdə xüsusilə aşağıdakılar başa düşülür:
(a) Koreyaya münasibətdə: Koreya Bankı, Koreya İnkişaf Bankı, Koreya İxrac-İdxal Bankı, Koreya İnvestisiya Korporasiyası, Koreya İxrac Sığorta Korporasiyası;
(b) Azərbaycana münasibətdə: Azərbaycan Respublikasının Milli Bankı, Azərbaycan Respublikasının Dövlət Neft Fondu; və
(c) Razılığa gələn Dövlətlərin səlahiyyətli orqanları arasında mübadilə olunan məktublarda göstərilməklə razılaşdırılan, tamamilə Razılığa gələn Dövlətə məxsus olan və Hökumət xarakterli funksiyaları yerinə yetirən istənilən digər maliyyə qurumu.
Bunun təsdiqi olaraq, özlərinin müvafiq Hökumətləri tərəfindən buna müvafiq qaydada səlahiyyət almış aşağıda imza edənlər bu Protokolu imzaladılar.
________ şəhərində “____” “__________” 200_-ci il tarixində, iki əsl nüsxədə, hər biri Koreya, Azərbaycan və İngilis dilində imzalanmışdır, bütün mətnlər bərabər autentikdir. Təfsirdə fikir ayrılığı yarandığı təqdirdə, İngilis dilindəki mətn əsas götürüləcəkdir.
Koreya Respublikası
Hökuməti adından
|
Azərbaycan Respublikası
Hökuməti adından
|
Dostları ilə paylaş: |