Kül olmuş şəhər



Yüklə 11.04 Kb.
PDF просмотр
tarix06.09.2017
ölçüsü11.04 Kb.

Kül olmuş şəhər 

  

Xocalı toylu-düyünlü günlərini yaşayırdı. Buranın müəllimi, polisi, həkimi, mühəndisi də 



öz yetirmələri idi. Xocalı günbəgün müasir şəhərə çevrilirdi. Böyüdükcə sanki ermənilərə dağ 

çəkirdi. Şəhərin sayrışan işıqları gecələr erməni quldurlarının güllələrinin hədəfinə çevrilsə də, 

gündüzlər ev-ev, məhəllə-məhəllə böyüyürdü. Qısa müddətdə  əhalisinin sayı 7 mini keçmişdi. 

Göyçədən, Zəngibasardan, Vedidən, Qarabağın doğma kəndləri - Daşbulaqdan, Ağbulaqdan, 

Ballıcadan, Qışlaqdan, qədim Xankəndidən qovulan soydaşlarımıza ana qucağı olmuşdu Xocalı. 

Fərqanədə faciələrlə üzləşən Ahıska türkləri də burada təsəlli tapmışdılar. Xocalı öz igidlərinin 

qanı bahasına qorunsa da, yuxarıdan başlanan xəyanət, biganəlik, eləcə  də marıqda dayanan 

hiyləgər düşmənlər bu şəhərin ölüm tarixini yazdılar. İndi varlığı bir nağıla dönüb Xocalının.  

Xocalı rayonu 1991-ci il noyabr ayının 26-da yaradılmışdır. Sahəsi 0,97 min 

kvadratkilometr, əhalisi 24417 nəfər idi. Rayonda 1 şəhər, 2 qəsəbə, 50 kənd olmuşdur. Mərkəzi-

Xocalı şəhəri Ağdam şəhərinin 18, Xankəndi şəhərinin 14 kilometrliyində, Qarabağ silsiləsində 

yerləşirdi.  

Rayonun  ərazisi  əsasən dağlıqdır.  Ən hündür yüksəkliyi Qızqala və  Qırxqızdır (müvafiq 

olaraq 2843 və 2827 metr). Dağlıq ərazilər istisna olmaqla, iqlimi mülayim-istidir. Əsas çayları 

Badara və Qarqardır. Dağ-meşə  və dağ-çəmən torpaqları mövcuddur. Meşələri fısdıq, cökə, 

ağcaqayın, qaraağac və digər ağaclar ilə dolu idi. 

Ərazisi  ən qədim memarlıq və ilk mədəniyyət abidələri ilə  zəngin olan bu şəhərdə türbə 

(XIV  əsr), dairəvi türbə (1356-1357-ci illər),  ətrafında son tunc və ilk dəmir dövrünə aid 

nekropol, kurqan çölü və sairə var. Xocalı  qəbiristanlığı - son tunc və ilk dəmir dövrünə 

(e.ə.VIII-VII əsrlər) aid arxeoloji abidələr, daş qutu və kurqanlardan ibarət, müxtəlif tipli saxsı 

qablar, silahlar (qılınc, xəncər, nizə və ox ucluğu, balta-təbərzin), qızıl, tunc, balıqqulağı, əqiq, 

şüşə, pasta və sairədən hazırlanmış  bəzək  əşyaları, tunc əmək alətləri və at əsləhələri aşkar 

edilmişdir. Burada çoxlu sayda "Qoç və yəhər" şəkilli qəbir daşı, müqəddəs ziyarətgahlar - Seyid 

Cəlalın ocağı, Cahan nənənin ocağı var. Xocalı  şəhəri və  Əsgəran qəsəbəsi arasında, Qarqar 

çayının sağ və sol sahillərində XVIII əsrə aid Əsgəran qalası mövcuddur. İki istehkamdan ibarət 

qalanı Qarabağ xanı  Pənahəli xan tikdirmişdir. Sağ sahildəki qala bürcü ikiqat daş divarlardan 

ibarətdir. Sol sahildəki qala dördkünc bürclüdür. Divarların qalınlığı 2-3 metrdir. 1810-cu ildə 

Rusiya ilə İran arasında sülh danışıqları Əsgəran qalasında aparılmışdır.  

Rayonun Kərkicahan qəsəbəsində 3 qəbiristanlıq var idi. Burada 1400-cü illərə aid yazısı 

olan qəbirlər, Kilsəli deyilən yerdə alban məbədi, 800 il əvvələ  təsadüf edilən müsəlman 

qəbiristanlığının qalıqları, alban pir-ocaqları  və başqa tarixi abidələr mövcud idi. Rayonun 

Kosalar kəndinin ərazisində "Məhəmməd ağanın otağı" tarixi abidəsi, "Darılı Piri", "Ələm ağacı" 

ziyarətgahları və daş qəbirlər ulu keçmişimizdən xəbər verirdi. Rayonun Meşəli kəndi ərazisində 

- Meydan yaylağında müqəddəs ziyarətgah "Seyid qəbri" (ermənilər tərəfindən dağıdıldı), 

"Yeddi kilsə" (alban kilsəsi), bundan əlavə 4 yerdə alban kilsəsi var idi.  

Ermənistanın işğal etdiyi Xocalı rayonunun tarixi, mədəni, şəhər və kəndləri dağıdılmışdır. 

Xocalı  şəhərinin  ən qədim qəbiristanlıqlar, Kərkicahan qəsəbəsi, Kosalar, Cəmilli və Meşəli 

kəndlərindəki qəbiristanlıqlar, dini abidələr, Meşəlidəki "Seyid qəbri", ümumilikdə 1 şəhər, 1 

qəsəbə, 8 kənd, 2495 yaşayış evi, 31 sənaye obyekti, 15 kənd təsərrüfatı obyekti, 20 təhsil 

müəssisəsi. 14 səhiyyə müəssisəsi, 56 mədəniyyət, 5 rabitə obyekti və s. yerlə-yeksan 

olunmuşdur.  

Erməni barbarlığı Azərbaycan xalqının sinəsinə Xocalı adlı dağ çəkdi. On yeddi ildir ki, bu 

dağın acısını çəkirik. Bir vaxt yurdumuzda Xocalı adlı füsunkar şəhər var idi. İndi yerində özü 

boyda xarabalıq qalır.  



 

 

Zəkurə Quliyeva 



 

Azərbaycan.-2009.-24 fevral.-S.6.

 


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə