İxtisas: Məktəbəqədər təhsil
Kurs: I
Semestr: II
Qrup: 2201b
Müəllim: Səfərova Xuraman
Fənn: Mülki müdafiə
Mövzu: Mülki müdafiənin yaranma tarixi, rolu və vəzifələri
Tələbə: Şıxıyeva Nazlı Elman
Mülki müdafiənin yaranma tarixi, rolu və vəzifələri
Mülki Müdafiə – dinc dövrdə və ya müharibə dövründə əhalini (Azərbaycan Respublikası vətəndaşlarının, Azərbaycan Respublikasının ərazisində olan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin) və ərazinin (Azərbaycan Respublikasıərazisinin hüdudları daxilində torpaq, su və hava məkanının, istehsal və sosial təyinatlı obyektlərin, habelə ətraf mühitin) təhlükəsizliyinin təmin edilməsi məqsədilə dövlət hakimiyyəti orqanları, hüquqi və fiziki şəxslər tərəfindən həyata keçirilən tədbirlər sistemidir.
Parisdə tibb xidməti generalı Corc Sant-Pol ― Cenevrə regionu Assosiasiyası təşkilatını yaratmışdır. Bu təşkilatın əsasını qoyanların məqsədi bütün ölkələrdə hələ sülh dövründə ikitərəfli və çoxtərəfli müqavilə əsasında əhalinin bəzi kateqoriyaları (qadınlar, uşaqlar, xəstələr və qocalar) üçün təhlükəsizlik zonalarının yaradılması idi.
1937-ci ildə vəfat edən general Sant-Polun vəsiyyəti ilə Assosiasiya Parisdən Cenevreyə köçürülmüşdür. Generalın məsləkdaşı Henri Corc Assosiasiyaya başçılıq etmiş və onun təşəbbüsü ilə Assosiasiya tərəfindən İspaniyada 1936-cı ildə baş verən vətəndaş müharibəsi zamanı əhalinin bəzi qrupları üçün Madriddə və Bilbaoda, 1937-ci ildə isə Yaponiya və Çin münaqişəsində Şanxayda bitərəf zona yaradılmış, dinc əhalini qorumağın mümkünlüyü nümayiş etdirilmişdir.
Henri Corc 1947-ci ildə ― Müasir müharibədə mülki əhalinin mühafizəsi adlı kitabını dərc etdirir. Bu kitab Assosiasiyanın manifesti idi. Burada ― Cenevrə regionu adı altında təhlükəsiz zona yaratmaq üzrə Beynəlxalq Konvensiyanın layihəsi öz əksini tapmışdır. Həmin manifestin ideyası və prinsipləri 1949-cu ilin avqustunda çağırılan Cenevrə diplomatik Konfransında qəbul edilən sənədlərin əsasını təşkil etdi. Konfransda ilk 3 Cenevrə Konvensiyasına baxıldı və müharibə dövründə mülki əhalinin qorunması ilə əlaqədar dördüncü Konvensiya qəbul olundu. Əgər ― Cenevrə regionu üzrə Konvensiyada yaralıların, xəstələrin, qadınların, uşaqların və qocaların mühafizəsi üçün böyük zonalar yaratmaq nəzərdə tutulurdusa, indi diplomatik konfrans bu layihəni iki hissəyə böldü. Konfransda yaralı və xəstə əsgərlər üçün ― Qırmızı Xaç emblemi ilə mühafizə olunan hospital yaradılması təsdiq edildi və əlavə olundu ki, xəstələr, qocalar, əlillər, 15 yaşınadək uşağı olan qadınlar üçün təhlükəsiz zonalar yaradılmalıdır.
1951-ci ildə doktor Milan Bondi Baş Katib vəzifəsində Henri Corcu əvəzlədi. Bu elə bir dövr idi ki, Koreya müharibəsinin Dünya müharibəsinə çevrilməsi təhlükəsi reallaşırdı. Cenevrə Konvensiyası ilə verilən səlahiyyətlərdən istifadə edərək ― Cenevrə regionu Katibliyi potensial təhlükəsiz zona axtarmaq və hazırlamaq üçün əməli fəaliyyətə başladı. Müxtəlif Avropa dövlətlərinin hökumətləri ilə birlikdə əhalinin təhlükəsiz rayonlara köçürülməsi üçün planlar tərtib olunurdu. Planlaşdırma sahəsində fikir və təcrübə mübadiləsi son dərəcə faydalı oldu. Müharibə zamanı əhalinin mühafizəsi üçün neytral zonaların yaradılması məsələsi ilə əlaqədar 1954-cü ildə Berlində Mülki Müdafiə üzrə ilk Beynəlxalq Konfrans keçirildi.
İkinci Beynəlxalq Konfrans 1957-ci ildə Florensiya şəhərində çağırıldı və nəzərə alındı ki, ― Cenevrə regionu Assosiasiyası (qeyri-hökumət təşkilatı) Beynəlxalq Mülki Müdafiə Təşkilatına (BMMT) çevrilsin. Yeni statusa əsasən ona hökumətləri, cəmiyyətləri, assosiasiyaları öz üzvlüyünə qəbul etmə səlahiyyətləri verildi.
BMMT-nın yeni statusuna müvafiq olaraq, 1958-ci ildə Cenevrədə Mülki Müdafiə üzrə üçüncü Ümumdünya Konfransı çağırıldı. Konfransda 33 ölkədən 130 nümayəndə iştirak etdi. Konfransın gündəliyinə atmosferin radioaktivliyi, müharibə zamanı əhalinin köçürülməsi və mühafizəsi, Mülki Müdafiə işçilərinin beynəlxalq statusu və mədəni irsin qorunması kimi məsələlər daxil edilmişdir. O dövrün problemlərini nəzərdən keçirərək demək olar ki, 20 ildən sonra atmosferdə nüvə sınaqları qadağan olundu, bir çox ölkələrdə nüvə silahlarından mühafizə üçün sığınacaqların sayı əhəmiyyətli dərəcədə artdı. Mülki Müdafiə işçilərinə Beynəlxalq status verildi.
1966-cı il oktyabrın 17-də Birləşmiş Millətlər Təşkilatının (BMT) katibliyində Beynəlxalq Mülki Müdafiə Təşkilatının nizamnaməsi qeydə alındı. Onun məqsədi – fövqəladə hadisələr baş verərkən vətəndaşların, həmçinin onların əmlakının təhlükəsizliyi və mühafizəsi üzrə tədbirlərin beynəlxalq səviyyədə həyata keçirilməsini təşkil etmək idi. Bu təşkilat ən mürəkkəb fövqəladə hallarda zərərçəkənlərə yardım göstərir, təbii fəlakətlərin, istehsalat qəzalarının və başqa fövqəladə hadisələrin qarşısını almaq üçün Birləşmiş Millətlər Təşkilatı, digər beynəlxalq və regional təşkilatlarla əməkdaşlıq edir, insanların şəxsi rifahı və bütünlükdə cəmiyyətin inkişafı, həmçinin ətraf mühitin təhlükəsizliyi uğrunda mübarizə aparır.
BMMT-nın ali orqanı Baş Məclisdir. Baş məclisə üzvlər iştirakçı ölkələrin nümayəndələrindən seçilir. Məclis 2 ildən bir, təşkilatın icraçı orqanı isə ildə bir dəfədən az olmayaraq toplanır və müvafiq komissiyalar yaradaraq təşkilatın mənafeyinə uyğun məsələlərlə məşğul olur. Təşkilatın gündəlik fəaliyyətinə Daimi Katiblik rəhbərlik edir.
BMMT insanların həyatını və əmlakını mühafizə, yerli və hökümətlərarası səviyyədə planlaşdırma, kadrların hazırlanması, həm təbii mənşəli, həm də insanlar tərəfindən törədilən hər cür bədbəxt halların qarşısının alınması sahəsində geniş fəaliyyət göstərir. Təşkilatın rəsmi dilləri: ingilis, ərəb, fransız və ispan dilləridir.
BMMT Baş Məclisinin qərarı ilə 1972-ci ildən etibarən hər il 1 mart bütün ölkələrdə “Ümumdünya Mülki Müdafiə günü” kimi qeyd olunur.
Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra, 1993-cü ildən bu təşkilatın üzvlüyünə qəbul olunmuş və onun keçirdiyi bütün tədbirlərdə fəal iştirak etmişdir.
Azərbaycan Respublikasının Prezidenti tərəfindən imzalanmış 1998-ci il 18 aprel tarixli 700 nömrəli fərmanda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 sentyabr 1998-ci il tarixli 193 saylı qərarında, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi haqqında 19.04.2006-cı il tarixli 394 saylı Əsasnamədə, Azərbaycan Respublikası FHN-nin Mülki Müdafiə Qoşunları Haqqında 29.12.2006-cı il tarixli 511 saylı Əsasnamədə, Mülki Müdafiənin əsas məqsəd və vəzifələri, habelə dövlət hakimiyyəti və idarəetmə orqanlarının, ictimai təşkilatların, məsul şəxslərin və vətəndaşların mülki müdafiə sahəsində vəzifələri müəyyən edilmişdir.
Azərbaycan Respublikasında Mülki Müdafiə işinə ümumi rəhbərliyi Azərbaycan Respublikasının Prezidenti, bilavasitə rəhbərliyi isə Azərbaycan Respublikasının Baş Naziri həyata keçirir. Mülki Müdafiə tədbirlərini planlaşdırmaq və həyata keçirilməsini təşkil etmək, o cümlədən icraya nəzarət məqsədilə Fövqəladə Hallar Nazirliyi gündəlik rəhbərlik edir.
Mülki Müdafiə sistemi – mülki müdafiənin vəzifələrinin yerinə yetirilməsi həvalə edilmiş müvafiq icra hakimiyyəti orqanlarının, qüvvə və vasitələrin, xüsusi fondların, rabitə, xəbərdarlıq və informasiya təminatlı sistemlərinin məcmusudur. Mülki Müdafiə haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, «Mülki Müdafiə haqqında» qanundan, Azərbaycan Respublikasının digər qanunvericilik aktlarından və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir.
Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 18 aprel tarixli 700 nömrəli Fərmanına müvafiq olaraq mülki müdafiə tədbirlərinin planlaşdırılmasının siyasi, iqtisadi, müdafiə əhəmiyyətini və digər amilləri nəzərə alaraq respublikanın ərazisi zonalara, şəhərlər mülki müdafiə üzrə qruplara, təsərrüfat obyektləri isə mülki müdafiə üzrə dərəcələrə bölünür.
İqtisadi İnkişaf Nazirliyi və Fövqəladə Hallar Nazirliyinin təqdimatı əsasında zonalar, şəhərlərin qrupları və obyektlərin dərəcələri Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilir.
Azərbaycan Respublikası ərazisinin Mülki Müdafiə üzrə zonalara bölünməsi 1 nömrəli Əlavəyə, Mülki Müdafiə üzrə şəhərlərin qrupları: I qrup, II qrup və III qrup olmaqla 2 nömrəli Əlavəyə uyğun olaraq müəyyən edilmişdir.
Ən mühüm təsərüffat obyektlərinə mülki müdafiə üzrə belə dərəcələr verilir: xüsusi əhəmiyyətli, I dərəcəli və II dərəcəli obyektlər.
Mülki Müdafiə üzrə dərəcələr – fəaliyyətdə olan, inşa edilən, yenidən quraşdırılan və layihələşdirilən vacib sənaye, nəqliyyat, energetika və rabitə müəssisələrinə; xüsusi konstruktor bürolarına; neft-qaz mədənləri idarələrinə; dövlət əhəmiyyətli nadir mədəni sərvətlərə malik olan obyektlərə (arxiv, muzey, kitabxana, şəkil qalereyası); material və ərzaq bazalarına; su kəməri təsərrüfatına və digər dövlət əhəmiyyətli obyektlərə verilə bilər.
Mülkiyyət formasından asılı olmayaraq sənaye birliklərinə, şirkətlərə, kombinatlara və digər təsərüfat obyektlərinə mülki müdafiə üzrə dərəcələr elə hallarda verilə bilər ki, onların müəssisələri, sexləri və idarəetmə orqanları vahid bir istehsalat sahəsində yerləşmiş olsun.
İqtisadi və digər göstəricilərinə görə mülki müdafiə üzrə dərəcələrə aid edilməsi mümkün olmayan bütün digər müəssisələr və idarələr dərəcəsiz obyektlər adlanır.
Tikinti təşkilatlarına, yeraltı mədən tikintilərinə, inzibati idarələrə, ictimai təşkilatlara, sanatoriyalara və istirahət evlərinə, teatr, kinoteatr, sirk, kommunal- məişət xidməti idarələrinə, kənd təsərrüfatı obyektlərinə, qoruqlara və fəlakətli daşqın zonasında yerləşən bütün obyektlərə mülki müdafiə üzrə dərəcələr verilmir. Nazirliklərin, komitələrin, baş idarələrin rəhbərləri mülki müdafiə üzrə dərəcələrə aid ediləcək təsərrüfat obyektlərinin siyahısını razılaşdırmaq üçün Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinə təqdim edirlər.
İqtisadi İnkişaf Nazirliyi təsərrüfat obyektlərinin razılaşdırılmış ümumi siyahısını təsdiq etmək üçün Nazirlər Kabinetinə göndərir. Layihələşdirilən obyektlərə mülki müdafiə üzrə dərəcə layihələşdirmə mərhələsində verilir.
Mülki Müdafiənin məqsədləri aşağıdakılardır:
1) fövqəladə halların qarşısının alınması məqsədi ilə profilaktik tədbirlərin həyata keçirilməsi;
2) fövqəladə hallar zamanı mümkün olan ziyan və itkilərin həcminin maksimum azaldılması;
3) fövqəladə halların və onların nəticələrinin aradan qaldırılması.
Mülki müdafiənin vəzifələri bunlardır:
1. Əhalinin mühafizəsi -
- Əhaliyə hadisə barədə dərhal xəbər verilməsi;
- Əhalini təhlükə sahələrindən köçürülməsi;
- Əhalini mülki müdafiə vasitələrində / qurğularda saxlanılması;
- Əhaliyə fərdi mühafizə vasitələrinin vaxtında paylanması;
- İnsanlara tibbi mühafizə yardımlarının göstərilməsi;
- Zədələnmə ocaqlarından çıxarkən insanların sanitar təmizləmədən keçirilməsi və s.
2. Sənaye, kənd təsərrüffatı, mülki müdafiə obyektlərinin sərbəst və fasiləsiz fəaliyyət göstərməsi -
- Mülki müdafiə dəstələrinin hazır vəziyyətdə saxlanılması və vaxtında işə yönəldilməsi;
- İş prosesinin xammallarının təmir olunması;
- Obyektlərdə növbətçiliyin təyin edilməsi və smenaların vaxtında aparılıb gətirilməsi;
- Dispetçer xidmətlərin təyin olunması;
3. Zədələnmə ocaqlarında xilasetmə və DTİ (digər təcili işlərin) aparılması -
- Zədələnmə ocaqlarına yolların açılması;
- Ayrı-ayrı yanğınların söndürülməsi;
- Xilasedici dəstənin vaxtında zədələnmə ocaqlarına yönəldilməsi;
- Zədələnmə ocaqlarından xilas edilən insanlara tibbi yardımın göstərilməsi və müalicə məntəqələrinə göndərilməsi və s.
- İnsanların təhlükəsizliyinin təminatı son illərdə kəskin hal almışdır. Bu ona görədir ki, elm və texnikanın sürətlə inkişaf etdiyi son dövrlərdə sənayedə, nəqliyyatda və digər sənaye komplekslərində qəzaların, təbii fəlakətlərin sayı xeyli artmışdır.
- Elmi-texniki tərəqqinin (ETT) yüksəlişi, mürəkkəb sistemlərin, tətbiqi ilə elmi-texniki və istehsalat fəaliyyətinin miqyasının genişlənməsi, onların istismarında riskin artması insanların həyat və sağlamlığına, ətraf mühitə və istehsalatın normal fəaliyyətinə təhlükə yaradırlar.
- Bütün bunlarla əlaqədar gələcək mütəxəssislərə müasir silahların tətbiqi zamanı istehsalatda insanların həyat fəaliyyətinin və ətraf mühitin mühafizəsini təmin etmək biliyi, bacarığı vermək günün vacib məsələsidir.
Mülki müdafiə insanın ətraf mühitində təhlükəsizliyi və sağlamlığının qorunması haqqında elmdir. O, təhlükəli və zərərli amilləri aşkara çıxarmalı və eyniləşdirməli, insanın mühafizəsinin metod və vasitələrini, yollarını zərərli və təhlükəli amillərin minimum dərəcəyə qədər azaldılmasını araşdırmalı, dinc və müharibə dövrü baş verən qəza hallarının, fəlakətlərin nəticələrini aradan qaldırmaq tədbirləri hazırlamalıdır.
Mülki müdafiənin müharibə vaxtındakı rolu xüsusilə böyükdür. Bununla belə qeyd etmək lazımdır ki, əmin-amanlıq dövründə mülki müdafiənin rolu təbii fəlakətlərin, böyük istehsalat qəzalarının nəticələrilə mübarizədə xeyli artmışdır. Böyük maddi itkilər və insan tələfatına səbəb olan (AES- də, dəmir yolunda, qəza təhlükəli kimyəvi maddələrdən istifadə olunan müəssisələrdə baş verən qəzalar və tez-tez baş verən təbii fəlakətlər və .s.) fövqəladə hadisələr göstərir ki, indi mövcud olan şəraitdə insanları və onların yaşadığı mühiti fövqəladə hallarda mühafizə etmək üçün, insanların psixoloji, mənəvi cəhətdən əsaslanmış səmərəli formada hazırlanması məsələlərini tamamilə yenidən qurmaq lazımdır, xüsusilə əmin-amanlıq dövründə fövqəladə hal olan mülki müdafiə tədbirlərinə yenidən baxılmalı və onun vəzifə və yollarını yenidən qiymətləndirmək lazımdır. Bu məsələ indiki iqtisadi münasibətlərin keçid dövründə daha böyük əhəmiyyət kəsb edir.
Azərbaycan Respublikasında mülki müdafiə ümumdövlət müdafiə sisteminin tərkib hissəsi olmaqla aşağıdakı prinsiplər əsasında təşkil edilir:
1) ərazi prinsipi - mülki müdafiə tədbirlərinin Azərbaycan Respublikasının bütün ərazisində təşkil edilməsi;
2) fərqli və kompleks yanaşma prinsipi - Azərbaycan Respublikasında mülki müdafiə tədbirlərinin ayrı-ayrı bölgələrin, şəhərlərin, istehsal və sosial təyinatlı obyektlərin hərbi-strateji, iqtisadi və digər xüsusiyyətləri nəzərə alınmaqla planlaşdırılması və əlaqələndirmiş şəkildə həyata keçirilməsi;
3) kütləvilik və məcburilik prinsipi - mülki müdafiə tədbirlərinin Azərbaycan Respublikasının bütün əhalisini əhatə etməsi və məcburi xarakter daşıması;
4) daimi hazırlıq prinsipi -Azərbaycan Respublikasının mülki müdafiə sisteminin fövqəladə hadisələr zamanı dərhal və səmərəli fəaliyyətə başlamağa hazır vəziyyətdə olması;
5) dərhal xəbərdarlıq prinsipi - baş verə biləcək və ya baş vermiş fövqəladə hadisələr haqqında Azərbaycan Respublikasının əhalisinə dərhal məlumat verməsi;
6) qarşılıqlı əlaqə prinsipi - mülki müdafiənin təmin edilməsində iştirak edən Azərbaycan Respublikasının dövlət orqanlarının və mülki müdafiə qüvvələrinin sıx və uzlaşdırılmış fəaliyyət göstərməsi.
Ədəbiyyat