IV Mövzu ŞƏXSİYYƏTİN SOSİALLAŞMASININ PSİXOLOJİ TƏHLİLİ
Plan 1. Şəxsiyyətin, sosiallaşması, anlayışının psixoloji mahiyyəti. Desosializasiya və resosializasiya anlayışları
2. Şəxsiyyətin sosiallaşmasının tədqiqat istiqamətləri
3. Şəxsiyyətin sosiallaşmasının psixoloji mexanizmləri
Ədəbiyyat Bayramov Ə.S., Əlizadə Ə.Ə. Psixologiya.2-ci nəşri – Bakı, 2002,
Bayramov Ə.S., Əlizadə Ə.Ə. Sosial psixologiya. – Bakı, 2003,
Bayramov Ə.S. Şəxsiyyətin təşəkkülünün aktual psixoloji problemləri. Bakı, 1989.
Həmzəyev M.Ə. Pedaqoji psixologiya. – Bakı, 1991.
Əliyev R.İ. Şəxsiyyət və onun formalaşmasının etnopsixoloji əsasları. Bakı, 2000.
1. Şəxsiyyətin, sosiallaşması, anlayışının psixoloji mahiyyəti.
Desosializasiya və resosializasiya anlayışları İctimai həyatda insan fəaliyyətin müxtəlif növlərinə qoşulur, ətrafdakılarla qarşılıqlı təsirdə olur və müəyyən sosial mövqe qazanır. Sosializasiya-sosial statuslar və rollar, deviant (qeyri-normativ) davranış, münaqişələr və s. kimi mühüm sosial anlayışlar göstərilən prosesin müxtəlif cəhətləri əks etdirən abstraksiyalardır.
Sosializasiya prosesinin ilkin mərhələlərində şəxsiyyət üçün onun başlıca mənası-özünün sosial yerinin axtarışıdır. Bu prosesdə əsas istinad nöqtələri bunlardır:
1) Öz «Mən»İnin dərk edilməsi
2) Öz «Mən»ini başa düşmə
Öz «Mən»ini dərk etmə və başa düşmə şəxsiyyətin öz müstəqilliyni əldə etməsi, «Mən» obrazının formalaşması prosesində iki müxtəlif andır. Öz «Mən»inin dərk edilməsi ilkin uşaqlıqda baş verir. Öz «Mən»inin dərk edilməsində əsas mərzələlər bunlardır: İlkin uşaqlıqda (2-5 yaş), düzgün yerimə və nitqə yiyələnmə, təfəkkürün və şüurun inkişafı, mürəkkəb fəaliyyət vərdişlərinin qazanılması, orta və son uşaqlarda məktəbdə öyrənmə.
Şəxsiyyətin sosiallaşması bəşəriyyətin, sosial təcrübənin nəsildən-nəsilə verilməsini üzvi surətdə özündə ehtiva edir. Bu baxımdan varislik ənənələrinin saxlanılması və mənimsənilməsi adamların gündəlik həyatından ayrılmazdır. Bu isə öz növbəsində yeni nəsillərin, cəmiyyətin iqtisadi, sosial, siyasi və mənəvi problemlərinin həllinə cəlb olunmasına şərait yaradır, belə ki, şəxsiyyətin sosiallaşması ictimai cəhətdən əhəmiyyətli keyfiyyətlərin bir və ya bir neçəsini deyil, onun bütün elementlərinin tədqiqat obyektinə çevrilməsini nəzərdə tutur, bu zaman qarşıda duran başlıca vəzifə şüur və davranışdakı stereotiplərin neqativ ünsürlərinin aradan qaldırılmasına nail olmaqdan ibarətdir.