Giriş. Azərbaycan Respublikasının müstəqillik əldə etməsi, ölkədə bazar münasıbətlərinin yaranması və təşəkkül tapması müxtəlif növ məsələlərin həllini, təşkilati və iqtisadi islahatların həyata keçirilməsini zəruri etmişdir. Bu islahatların içərisində ən mühümü, bazar iqtisadiyyatının ayrılmaz atributlarından biri olan sahibkarlıq subyektlərinin inkişaf etdirilməsidir. Son illər ölkənin ümumi iqtisadi inkişafında sahibkarlığın əhəmiyyətinə və mahiyyətinə olan münasibət müsbətə doğru dəyişməkdədir.
Əsası Heydər Əliyev tərəfindən qoyulan və ölkə prezidenti İlham Əliyev tərəfindən davam etdirilən iqtisadi inkişaf strategiyasının tələblərinə və ümumi iqtisadi siyasətin məqsədinə uyğun olaraq, artıq özəl sektor bütün sahələrdə aparıcı mövqeyə çıxmışdır. Ölkədə müxtəlif təyinatlı və fərqli fəaliyyət istiqamətlərinə malik güclü sahibkarlar ordusu formalaşmışdır. Məhz, həyata keçirilən uğurlu iqtisadi islahatların nəticəsidir ki, ayrı-ayrı sahibkarlıq subyektlərinin, müəssisələrin kapitalı artır, müəssisələr inkişaf edir, iri sahibkarlıq sürətlə inkişaf edir, holdinqlər yaranır ki, bu da ümumilikdə kiçik və orta sahibkarlığın da inkişafını təmin edir. Nəticədə, bütün bunlar ümumi iqtisadi inkişaf üçün vacib olduğu kimi, həm də bir sıra məsələlərin operativ həllini tələb edir.
İlk növbədə, aydındır ki, müəssisələrin maliyyə imkanları sürətlə genişlənir və onun fəaliyyəti maliyyə resurslarından necə istifadə olunmasından çox asılıdır. Bu resursların lazımi istiqamətlərə yönəldilməsi, maliyyə ehtiyatlarından müəssisənin strategiyasına və strateji məqsədlərinə uyğun istifadə olunması müəssisənin uzunmüddətli, fasiləsiz və rentabelli fəaliyyətinin iqtisadi əsasını təşkil edir.
Digər tərəfdən, istənilən halda lazımi məqsədlərin əldə olunması müvafiq maliyyə təminatını tələb edir. Maliyyə təminatının ödənilməsi isə yeni-yeni maliyyələşmə mənbələrinin tapılması ilə yanaşı, həm də mövcud ehtiyatlardan səmərəli və qənaətlə istifadə edilməsindən asılıdır. Müəssisələr fəaliyyətlərini artan sürətlə davam etdirmək üçün əlavə maliyyə mənbələrinə də ehtiyac yaranır. Bu baxımdan da, ümumilikdə, maliyyələşmənin daha yaxşı təşkili üçün müəssisələr maliyyə idarə etməsinin predmentinə daxil olan bir necə məsələni diqqətlə təhlil etməli və həyata kecirməlidir. İstər qısamüddətli, ortamüddətli və uzunmüddətli kreditlərin cəlb olunması, istərsə də öz vəsaiti hesabına maliyyələşmə bazar iqtisadiyyatı şəraitində mürəkkəb bir məsələ olub, hər bir müəssisənin fəaliyyətində həlledici amilə malikdir. Planlı təsərrüfata nisbətən, bazar münasibətləri şəraitində müəssisələrin maliyyələşmə xüsusiyyətlərinə uyğun olaraq cəlb olunan vəsaitin mənbəyi, kredit faizi, kreditin şərtləri və s. məsələlər daha ciddi əhəmiyyətə malikdir. Ona görə ki, planlı təsərrüfatçılıq prinsiplərinə əsaslanan inzibati amirlik sistemində maliyyələşmə yuxari təşkilat tərəfindən həyata kecirildiyi üçün, bu göstəricilərin müəssisə səviyyəsində müəyyənləşdirilməsi zəruri hesab edilmirdi. Müasir bazar iqtisadiyyatı şəraitində isə, bütün bu məsələlərin məsuliyyəti müəssisənin öz üzərinə düşür. Belə ki, müəssisə zəruri maliyyə ehtiyacını təmin etməkdə, eləcə də cəlb olunmuş vəsaitlərdən istifadə olunmasında müstəqildir və bütün məsuliyyət təsərrüfat subyektinə aiddir. Bu baxımdan da, müasir şəraitdə müəssisə maliyyəsinin təşkili istiqamətlərinin araşdırılması, mövcud və perspektiv maliyyə resurslarının səmərəli idarə edilməsinə dair müvafiq təklif və tövsiyələrin işlənib hazırlanması, bu sahədə müasir durumu təhlil edərək müvafiq ümumiləşdirmələr aparılması olduqca mühüm əhəmiyyət kəsb edir. Buraxılış işində də, yuxarıda qeyd edilən məsələlərə baxıldığı üçün xüsusi aktuallıq kəsb edir.