Laboratoriya Işi №1 Mövzu: İnformasiya texnologiyaları anlayışı. İnformasiya texnologiyasının inkişaf mərhələləri. İnformasiya sistemi və onun strukturu. İnformasiya sisteminin quruluşu. Məqsəd:İnformasiya sisteminin funksiyalarının reallaşdırılmasına yönəlmiş, informasiya texnologiyasının xüsusiyyətləri ilə tanışlıq.
İnformasiya texnologiyaları dedikdə kompüter texnologiyaları başa düşülür. Kompüter üzrə mütəxəssislər İT mütəxəssisləri adlanırlar. İnformasiya texnologiyalarının üç əsas prinsip üzrə inkişaf edir:
kompüterdə interaktiv rejimində iş;
proqram məhsullarının qarşılıqlı əlaqələndirilməsi;
proqramlaşmada həm verilənlərin, həm də məsələnin qoyuluşunun dəyişdirilməsi prosesinin çevikliyi.
Emal obyekti verilənlərdir;
Məqsəd informasiyanın alınmasıdır;
Emal prosesinin vasitələri proqram və aparat təminatıdır;
Verilənlərin emal prosesləri ardıcıl əməliyyatlara bölünür.
Texnologiya sözü yunanca «techne» (ustalıq, bacarıq) və «logos» (öyrənmə, idrak) sözlərinin birləşməsindən yaranmışdır və istehsal proseslərinin yerinə yetirilməsi üçün üsullar və vasitələr haqqında biliklər toplusunun və həmin proseslərin özlərini ifadə edir.
İnformasiya texnologiyası- verilənlərin toplanması, ötürülməsi və emalı üçün üsul və vasitələrdən istifadə etməklə tədqiq olunan obyektin, prosesin, hadisənin vəziyyəti haqqında informasiyanın (informasiya məhsulunun) alınması prosesidir.
İnformasiya texnologiyasında məqsəd insan tərəfındən analiz edilmək və onun əsasında qərar qəbul etmək üçün informasiya istehsalıdır. İnformasiya texnologiyası elmi-texniki tərəqqinin inkişafı, informasiya emalı üçün yeni texniki vasitələrin yaradılması ilə təyin olunan bir neçə təkamül mərhələsi keçmişdir. Müasir cəmiyyətdə informasiya emalı texnologiyasının əsas texniki vasitəsi texnoloji proseslərin işlənib hazırlanması və istifadə olunması konsepsiyasına, həmçinin nəticə informasiyanın keyfiyyətinə ciddi təsir etmiş kompüterlər hesab olunur. Kompüterlərin informasiya mühitində tətbiqi və telekommunikasiya vasitələrindən istifadə olunması informasiya texnologiyasının inkişafını yeni mərhələyə çatdırdı. Bununla da yeni informasiya texnologiyaları mərhələsi başlandı. Yeni informasiya texnologiyalarının üç əsas prinsipi mövcuddur ki, bunlar da aşağıdakılardır:
- kompüterlə interaktiv (dialoq) rejimində işləmək;
- proqram məhsullarının inteqrasiyası (birləşdirilməsi, qarşılıqlı əlaqələndirilməsi);
- həm verilənlərin, həm də məsələnin qoyuluşunun dəyişdirilməsi prosesinin çevikliyi.
İnformasiya istehsalının texniki vasitələrinə onun aparat, proqram və riyazi təminatını yerinə yetirən vasitələr daxildir. Bu vasitələrin köməyilə ilkin informasiya emal edilərək yeni keyfıyyətli informasiyaya çevrilir.
Bu vasitələrin içərisində proqram vasitələrinin xüsusi yeri var. Proqram vasitələri istifadəçi tərəfindən qoyulan məqsədə nail olmaqdan ötrü müəyyən tip kompüterlər üçün bir və ya qarşılıqlı əlaqəli bir neçə proqram məhsulundan ibarətdir. Belə vasitələr kimi fərdi kompüterlər üçün geniş yayılmış müxtəlif sahələrə aid tətbiqi proqramlardan istifadə edilir.
İnformasiya texnologiyası onun üçün əsas mühit olan informasiya sistemləri ilə sıx bağlıdır. İnformasiya texnologiyası verilənlər üzərində əməllərin, əməliyyatların, mərhələlərin aparılması üçün dəqiq reqlamentlənmiş qaydalardan ibarət olan prosesdir. İnformasiya texnologiyasınm əsas məqsədi ilkin informasiyanın məqsədyönlü emalı nəticəsində istifadəçi üçün lazımi informasiyanı almaqdır. Verilənlər də informasiyanın növü olmaqla bərabər özlərinə məxsus xüsusiyyətlərə malikdirlər. Bu xüsusiyyətlər aşağıdakılardır:
1. Mötəbərlilik. Mötəbərliliyin təmin olunması üçün aşağıdakıların yerinə yetirilməsi vacibdir:
- verilənlərin toplanması üçün obyektin düzgün seçilməsi;
- ölçmələr üçün ən əhəmiyyətli əlamətlər yığımının müəyyənləşdirilməsi;
- obyektlərin miqdarının kifayət qədər olması;
- verilənlərin həlli tələb olunan məsələnin qoyuluşuna uyğun olması.
2. Verilənlərin dəqiqliyi. Verilənlərin dəqiqliyi də özlüyündə aşağıdakı kimi təsnif olunur:
- formal dəqiqlik- hansısa formallığa istinad edilərək müəyyənləşdirilən dəqiqlikdir;
- real dəqiqlik- real şəraitə uyğun olaraq mövcud olan dəqiqlikdir;
- maksimal və ya əldə oluna bilən dəqiqlik- bu dəqiqlik verilənlərin toplanmasının konkret şəraitinə uyğun olaraq müəyyənləşdirilir;
- tələb olunan lazımi dəqiqlik- həlli qarşıya məqsəd qoyulmuş məsələnin tələblərinə uyğun olaraq müəyyənləşdirilir.
3. Verilənlərin gerçəkliyi. Bu xüsusiyyət verilənlərin ən başlıca xüsusiyyətidir. Başqa sözlə “ lazımi informasiya keyfiyyətsiz verilənlərdən alına bilməz” prinsipi burada ali prinsip kimi qəbul edilir. Praktikada verilənlərin gerçəkliyinə təsir edən əsas amillər aşağıdakılardır:
- - ölçülən verilənlərin dəqiqliyi;
- - ölçmə və hesabat metodikası;
- - maraqlı şəxslər tərəfindən informasiya prosesinin müxtəlif mərhələlərində edilmiş təhriflər.
Biliklər də informasiya növü kimi informasiyanın əsas xüsusiyyətlərindən əlavə yalnız özünə məxsus xüsusiyyətlərlə xarakterizə edilir. Əslində bu xüsusiyyətlər biliklərin mövcudluq növlərində özünü büruzə verirlər. Biliklər aşağıdakı mövcudluq növlərinə malikdirlər:
- konkret sahəyə aid informasiyadan istifadə edən maddi və ya konkret biliklər. Bu biliklər çox vaxt konkret qoyulmuş məsələnin həlli metodikaları olurlar.
- Müxtəlif sahələr üzrə informasiyalardan alınmış konseptual və ya ümumiləşmiş biliklər. Adətən bu cür biliklər informasiyadan yeni biliklərin alınması metologiyaları olur.
- Metabiliklər- biliklər haqqında biliklər- yeni biliklər yaradan elmdir.
Göründüyü kimi informasiya, verilənlər və biliklər əslində informasiyanın növləri olduqlarından, onların malik olduqları həm ümumi xüsusiyyətlər, həm də fərdi xüsusiyyətlər müəyyən anda eyniləşir. Bu isə informasiya növləri arasında olan əlaqələr və onların bir-birinə çevrilməsindən irəli gəlir. İnformasiya sistemi — tətbiq sahəsinə aid informasiyanın toplanmasını, saxlanmasını, emalını və istifadəçilərə çatdırılmasını təmin edən texniki, proqram, linqvistik və metodoloji vasitələr kompleksidir. İnformasiya sistemi istifadəçilərin müəyyən mövzu sahəsi çərçivəsində informasiyaya olan tələbatını ödəyir. İnformasiya sistemi hər hansı məqsədə çatmaq üçün vahid bir tam kimi fəaliyyət göstərən, qarşılıqlı əlaqədə olan elementlər kompleksini özündə birləşdirən texnalogiyadır. Sistemin struktur, element funksiyası və elementin və sistemin özünün girişi və çıxışı kimi komponentləri var. İnformasiya sistemi alt sistemlərə bölünür. Bu xüsusiyyəti onun istismarını, analizini, mühafizəsini asanlaşdırır. İnformasiya sistemi əsas iki tələbatı ödəməlidir:
tətbiq sahəsinin sərhədlərinin təyin olunması və informasiya modelinin tam əhatəli və dəqiq əks etdirilməsi. Bu halda Birinci halda baxılan tətbiq sahəsi çərçivəsində informasiya sisteminin istifadəçiləri lazımi informasiyayla təmin edilməlidir.
istifadəçilərin sorğularına tam və dəqiq cavab verə bilən informasiya sisteminin yaradılması. Bu halda isə sorğuların tipləri və növləri təhlil edilməli, sorğuların tələblərinə uyğun və əlverişli şəkildə verilənlər təşkil olunmalı və sorğulara cavab verilməlidir. Sorgular aydın və obyektiv olmalı, sorğulara cavablar isə hesabat və ya forma şəklində verilməlidir.