7.2. XIX – XX əsrlər Qərb fəlsəfəsi (irrasionalizm, həyat fəlsəfəsi)
Qərbdə XIX– XX əsrdə ən geniş yayılmış cərəyanlardan biri «Həyat fəlsəfəsidir». Bu fəlsəfi istiqamətdə mərkəzi problem insan problemi, onun mahiyyəti və mövcudluğudur. «Həyat fəlsəfəsi»nin banisi alman filosofu A.Şopenhauer (1788– 1860) hesab olunur. Əsas əsəri «Dünya kor iradə və boş təsəvvürdür» adlanır. Bu əsər sonrakı fəlsəfi fikrə böyük təsir göstərmişdir. Şopenhauer dünyanı kor iradə və qüvvə kimi öz fəlsəfəsində təsvir etmişdir. Pessimist fəlsəfəsi eyni zamanda çoxmənalı mahiyyətə malik olmuşdur. Onun fikrincə, insan illüziya və «kabuslardan» xilas olaraq gələcəyi yaradır. Həmin illüziya və kabusların içərisində sadəlövh, uzaqgörməz optimizm də vardır.
Nəzəri aspektdə o, öz fəlsəfəsində hind upanişadlarına, Platon və Kantın təlimlərinə əsaslanmışdır. Onun ideyaları rasionalizmə, tarixiliyə və Hegelin dialektikasına qarşı olmuşdur. «Dünya kor iradə və boş təsəvvürdür» əsəri Platonun ideyaları aləminə və Kantın «özündə şey»inə yaxın olmuşdur. Eyni zamanda Kantdan fərqli olara Şopenhauer «şey özündə»– nin, yaxud məqsədsiz, kor fəaliyyət göstərən «iradə»nin dərkedilənliyini təsdiq etmişdir. «İradə» «təsəvvürləri» doğurmuşdur.
Şopenhauerin dünyagörüşü subyektiv idealist mahiyyət daşıyır. Onun üçün subyektsiz obyekt yoxdur. Şopenhauerin subyektivizmi onun özünün «dəlilər fəlsəfəsi» adlandırdığı solipsizm deyildir. Filosofa görə, dünya bir tərəfdən, dərkedənin təsəvvürüdür, digər tərəfdən isə dərkedən dünyanın məhsuludur. Həyatda olan bütün hadisələr iradənin obyektivləşdirilməsinin mərhələləridir. Daha dəqiq desək, həyatda baş verən bütün hadisələr, adamların işi, tarix və təbiət qanunları– bütün bunlar şüursuz, qüdrətli cəhətdən ibarətdir. Dünya– təcəssümləşmiş iradədir. Həyat– uzun yuxugörmədir. Həyata münasibətində Şopenhauerin mövqeyi pessimizm mövqeyidir. Bu mövqe bir çox məsələlərdə buddizmə əsaslanır. «Hər bir həyat– iztirabdır». «Bizim bədənimizin həyatı– ancaq xroniki olaraq ləngidilmiş ölümədir». Onun «Həyat müdrikliyi aforizmləri» qiymətli fikirlər məcmusudur.
A.Şopenhauerin fəlsəfəsinin təsiri altına düşən filosoflardan biri F.Nitşedir (1844– 1900). Əsərlərinin birində Nitşe onu özünün birinci və yeganə müəllimi adlandırmışdır. Nitşenin fikrincə, Şopenhaueri oxumaqla O, özündə «azad kişilik xarakteri» formalaşdırmışdır. Müəlimi kimi, Nitşe də özünü pessimist adlandırmışdır. Onun yaradıcılığında keçmişə, hər şeydən əvvəl, xristian mənəvi dəyərlərinə yenidən qiymət vermək ön planda durmuşdur. Nitşe dini (xristialığı) mədəniyyətdə həqiqi insani dəyərləri təhrif etməkdə günahkar hesab etmişdir. Xristianlıq həyat instinktini dağıtmış, axirət dünyası naminə real dünyanı inkar etmiş, o dünyanı tərifləmişdir. Xristianlıq iradəsi «məhvə doğru gedən iradədir», xəstəlikdir, tənəzzüldür. İkincisi, xristianlıq (İsgəndəriyyə, yaxud bizans mədəniyyətindən eləcə də ellin mədəniyyətindən fərqli olaraq) qul şüuru yaratmışdır, günahı qarşısında cəzalandırmaq qorxusu doğurmuşdur. Üçüncüsü, xristianlıq və onun ehkamları doktrinyor əxlaqın əsasını qoymuşdur. Bütün həyat sadə sxemə sığmasa da, xristian əxlaqı həmin sxemə sığmağa məcbur etmişdir. Dörüncüsü, xristianlıq bəşəriyyətin nəslinin kəsilməsinə şərait yaradır, bu isə gizli məhvetmə instinktdir. Nitşe öz fəlsəfəsini «həyatın müdafiə instinkti» adlandırmışdır. Başqa sözlə, O, həmin fəlsəfəni antixristian fəlsəfəsi də adlandırırdı. Nəhayət, beşincisi, Nitşenin antixristianlığı öz mahiyyətinə görə hər cür asılılığa, əyriliyə, köləliyə qarşı çevrilmişdir. Məlum olduğu kimi, «Zərdüşt belə söyləmişdir» əsərində Allahın öldüyünü elan etmişdir. Nəyə görə? İnsan heç bir avtoritetdən asılı olmamalıdır. Allahın ölümünün dərk edilməsi azad əql, azad ruh və «azad ölüm» üçün, onların haqqında ideyaların formalaşması üçün zəruridir. Həmin əsərin bir fəsli belə də adlanır– «Azad ölüm haqqında». Lakin azad həyat və azad ölüm hər bir adama müyəssər olan deyildir bunlar yalnız fövqəlinsana xas olan şeydir. Nitşeyə görə, bəşəriyyət öz yollarıyla gedən saysız insan kütlələrindən ibarətdir. Bu kütlələrin və bu yürüşün heç bir planı, heç bir məqsədi yoxdur. Əgər bir məna deyilən şey varsa, o da onların içində vaxtaşırı zühür edən ayrı– ayrı qeyri– adi fəlsəfələrin varlığıdır. Lakin bu fərdlərin gördüyünü və düşündüyünü başqaları görüb düşünə bilmədiyindən, ətraf mühit və cəmiyyət onlara düşmən kəsilir, onları tənhalığa, aclıq və səfalətə məhkum edir.
Xalqların həyatında heç bir tərəqqi olmur və son nəticədə həyatı ac və kədərli bir sonluq gözləyir. Haçansa lap yaxın zamanlarda hələ azad olan Qərb xalqlarını və sivilizasiyasını irəlidə qarşısıalınmaz şəkildə yaxınlaşan köləlik totalitarizm gözləyir.
İnsan öz əzəli instiktlərinə qayıtmalı, xeyir və şərin nə olduğunu bilməyən güclü, təbii, azad fərdlərə çevrilməlidir. Əks təqdirdə bəşəriyyəti ümumi bir cırlaşma və qum zərrəcikləri kimi bir– birilərinin eyni olmaq kimi kədərli, bəhrəsiz, cılız bir sonluq gözləyir.
Ümumiyyətlə, Nitşenin həyat fəlsəfəsi həyatdan ayrı düşmüş rasionalizmin tənqidinə, həmçinin mənəviyyatsızlığın tənqidinə, həyatın əxlaqsızlığına, ikiüzlüyə, avamlığa qarşı çevrilmişdir.
Dostları ilə paylaş: |