10.6. Fəlsəfədə həqiqət problemi
Biliyin gerçəkliyə uyğunluğu məsələsi fəlsəfədə həqiqət problemi adlanır. Həqiqətin mahiyyəti məsələsi biliyin gerçəkliyə uyğun olub-olmaması məsələsidir.
Fəlsəfədə biliklərin insandan və bəşəriyyətdən asılı olmayan məzmunu obyektiv həqiqət adlanır. Soruşulur: biliklərin insandan və bəşəriyyətdən asılı olmayan məzmununu biz hansı üsulla yoxlaya bilərik?
Əvvəlki fəlsəfədə belə üsullardan ikisi məlumdur. Onlardan birincisi biliyin məntiqi təhlili və ona aparan mülahizələrdir. Məsələn, Platon belə güman edirdi ki, yalnız əbədi və dəyişilməz ideyalar baqqında bilik həqiqət sayıla bilər. İkinci üsul isə hissi seyrə, müşahidəyə aiddir.
İnsanların şüurlu fəaliyyətinin əsasını təşkil edən praktika həm də bu fəaliyyəti ehtiva edir. Bəşəriyyətin inkişaf tarixindən məlumdur ki, insanlar nəinki gerçəkliyi, həm də praktikanı dəyişməyə, neqativ praktikadan mütərəqqi, pozitiv praklikaya keçməyə qabildirlər. Lakin belə hallarda praktikanın dəyişdirilməsinin obyektiv qanunauyğunluqları, meyl və istiqamətləri hökmən nəzərə alınmalıdır. Praktika yalnız bu halda biliyin əsası və həqiqətin meyarı ola bilər. Praktika ilə idrakın daxili əlaqəsini nəzərə alaraq idrak nəzəriyyəsinin əsas müddəalarını belə ümumiləşdirmək olar:
1) biliklərimizdə əks olunan aləm fasiləsiz dəyişməkdə və inkişafdadır;
2) praktika və onun əsasında baş verən idrak prosesində istifadə olunan vasitələr durmadan dəyişilir və inkişaf edir;
3) praktika əsasında qazanılan və praktika vasitəsilə yoxlanılan biliklər fasiləsiz dəyişilib inkişaf etdiyindən obyektiv həqiqətin özü də fasiləsiz dəyişilir və inkişaf edir.
Buna görə də idrak nəzəriyyəsinm mərkəzi məsələsi idrakın inkişaf edən dünyanı necə əks etdirməsindən, ona necə uyğun gəlməsindən və ona necə təsir etməsindən ibarətdir. Obyektiv dünya kimi həqiqi biliklərimiz də dialektika qanunları əsasında dəyişir, inkişaf edir. Orta əsr adamları Ptolemeyin geosentrik sisteminə əsasən belə güman edirdilər ki, Günəş və planetlər Yer ətrafında fırlanırlar. Soruşulur: bu fikir yalan idi, yoxsa həqiqət? İnsanların səma cisimlərinin yeganə "müşahidə məntəqəsi" hesab etdikləri Yerdən apardıqları müşahidələr onları belə yanlış nəticəyə gətirmişdir? Burada biliklərimizin subyektin idrakından asılılığı göz qarşısındadır, lakin bu mühakimədə insandan və bəşəriyyətdən asılı olmayan belə bir məzmun vardır ki, Günəş sistemi planetləri daimi hərəkətdədirlər. Deməli, yuxarıdakı fikirdə artıq obyektiv həqiqət zərrəsi vardır. Kopernikin heliosentrik təliminə görə, bizim planetlər sisteminin mərkəzi Günəşdir, planetlər, o cümlədən Yer onun ətrafında konsentrik çevrələr üzrə fırlanırlar. Bu təlimdə obyektiv həqiqətin payı Ptolemey təlimindəkindən çox olsa da, Kopernikin heliosentrik sisteminin təsəvvürləri də bütövlükdə reallığa tam adekvat deyildir. Bu natamamlığa səbəb sadəcə olaraq astronomik müşahidələrin çatışmaması idi. Bu sahədə mövcud olan boşluğun doldurulmasında Keplerin kəşfləri müstəsna rol oynadı. Kepler, Tixo Bragenin təcrübələrinə əsaslanaraq göstərdi ki, planetlər Günəş ətrafında çevrələr üzrə deyil, ellipslər üzrə hərəkət edirlər. Müasir astronomiya planetlərin trayektoriyalarını və hərəkət qanunlarını daha dəqiq hesablamışdır. Gətirilən misallar obyektiv həqiqətin tarixən inkişaf etdiyini və yeni kəşflər sayəsində dəqiqləşdiyini gostərir. Konkret tarixi şəraitdən asılı olan obyektiv həqiqətin idrakın baxılan inkişaf səviyyəsində əldə edilmiş dəqiqlik, tamlıq dərəcəsini ifadə edən forması nisbi həqiqət adlanır. İnsan idrakını, o cümlədən elmin inkişafı nisbi həqiqətlərin bir-birini əvəz etməsi prosesidir. Zaman ötdükcə həqiqət insan tərəfindən daha tam, daha dolğun formada dərk olunur.
Hadisə haqqında qazanılmış dolğun, hərtərəfli bitkin formada olan, elmin və praktikanın sonrakı inkişafı ilə təkzib olunmayan bilik mütləq həqiqət adlanır.
Nisbi və mütləq həqiqət obyektiv həqiqətin müxtəlif səviyyələri və formalarıdır. Konkret biliklərimiz cəmiyyətin, elmin, texnikanın inkişaf səviyyəsindən asılı olan nisbi həqiqətlərdir. İdrakm səviyyəsi yüksəldikcə biz mütləq həqiqətə daha çox yaxınlaşırıq. Lakin tarixi inkişafın hər bir mərhələsində biz dünyanın yeni-yeni qanunauyğunluqlarını kəşf edərək onun haqqında daha dolğun, daha bitgin biliklər əldə edə bildiyimizdən bu proses sonsuz davam edə bilər. Obyektiv həqiqətin bir nisbi formasından digərinə keçilməsi dialektikanın idrak prosesində təzahürünün ifadəsidir. Mütləq və nisbi həqiqətlərin dialektikası haqqında deyilənləri aşağıdakı nəticə ilə yekunlaşdıra bilərik; hər bir nisbi həqiqət özlüyündə mütləq həqiqətin zərrəsi, mütləq həqiqət isə nisbi həqiqətlərin sonsuz ardıcıllığının hüdududur.
Dostları ilə paylaş: |