İnsan tərəfindən istehsal olunan şeylərin (“ikinci təbiətin”) varlığı-bizi əhatə edən şeylərin və predmet – maddi bütövlüyün əksəriyyəti insanlar tərəfindən yaradılmışdır. Onlar mühüm element kimi həm məişətə, həm də fəlsəfi anlayış olan “ətraf aləmə“ daxildir. Lakin uzun müddət fəlsəfə tarixində (hətta müasir dövrdə belə) bu nəzərə alınmamışdır, belə ki, “ətraf aləm” anlayışı ayrılmırdı.
“ İkinci təbiətin “ birincidən fərqi nədədir? Bir tərəfdən, onda təcəssüm olunan birinci təbiətin materialları obyektivdir və insandan və bəşəriyyətdən asılı olmayan qanunlarla inkişaf edən ilkin reallıqdır. Digər tərəfdən, ikinci təbiətin predmetlərində insanın əməyi və biliyi təcəssüm olunur və ya Hegelin və Marksın ifadələri ilə desək “predmetləşir”. Onlarda həm də bu predmetlərin Marksın “ictimai ruh” adlandırdığı təcəssüm olunur: axı onların hamısı insanların həyatında müəyyən funksiyalar yerinə yetirir, ictimai baxımdan nəzərdə tutulan insan təlabatlarını ödəyir. Məsələn, dəzgah – metaldan və hər hansı digər materiallardan (yeri gəlmişkən, bunlarda çox vaxt “ikinci təbiətə” aid olur, çünki insan fəaliyyəti nəticəsində yaranmışdır) hazırlanan sadəcə predmet deyildir. Onda predmet, maddi baxımdan insan biliyi həkk olunmuşdur, onu hazırlayanın əməyi və vərdişləri təcəssüm olunmuşdur. İnsan əməyinin nəticələrindən istifadə etmək lazım gələndə onu dəyişdirmək üçün yalnız predmetlərin hazırlandığı təbiət materialları haqqında bilik tələb olunmur. Onları işə salan adamlar ən azı yaratdıqlarının nəyə lazım olması, işin prosesini düzəldilənin konstruksiyasını bilməlidir.
Fəlsəfə qeyd edir ki, “ikinci təbiətin“ predmetlərinin və proseslərinin varlığı ondan ibarətdir ki, onlar təbiət materialının, predmetləşmiş mənəvinin (idealın), konkret fərdlərin predmetləşmiş fəaliyyətinin və bu predmetlərin sosial məqsədlərini, funksiyalarını özündə əks etdirir. Xüsusi vahid reallıq kimi yaradılan bu predmetlər sonrakı aktla insan əməyinə, idrakına, yaradıcılığına verilmişdir, obyektiv göndərilmişdir.
Beləliklə, təbiət materialları, təbii proseslər “ikinci təbiətin” predmetlərini ilkin və real olaraq təşkil edir, insan fəaliyyətində bununla hesablaşmamaq olmur, adamlar öz məqsədlərini, planlarını, layihələrini, niyyətlərini, meyarlarını bununla uyğunlaşdırırlar. Əgər eyni bir metaldan müxtəlif növ predmetlər hazırlamaq mümkündürsə (həm də hər bir predmetin növünün hazırlanması prinsipcə çoxvariantlı nəticələri nəzərdə tutur), onda bu halda metalın daimi başlanğıc xassələri vardır. Adamlar metaldan hazırlanacaq predmetin layihəsini və üsullarını dəfələrlə dəyişə bilər, ancaq bütün hallarda nisbətən daimi ilkin əsas metalın xassəsi olacaqdır – bu obyektiv verilmiş və adamlar tərəfindən açılan, mənimsənilən xassələrdir.
“İkinci təbiətin” predmetinin varlığının spesifikası ondan ibarətdir ki, o birinci təbiətlə müqayisədə tamamilə yeni kompleks (təbii – mənəvi – sosial) reallıqdır. “İkinci təbiət” – vahid dünyadır, eyni zamanda olduqca rəngarəngdir. Buna sivilizasiyanın başlanğıcında insanlar tərəfindən yaradılmış əmək alətlərindən tutmuş müasir mürəkkəb maşınlar və mexanizmlər, nəqliyyat vasitələri və kommunikasiyalar aiddir. Bu – sənaye və energetikadır, bu tikinti meydançaları, yollar, əkin sahələridir. Bu şəhərlər və qəsəbələrdir. Bu – radiostansiyalar və televiziya mərkəzləri, kosmodromlar və kosmik gəmilər, məktəblər və ali məktəblər, muzeylər, teatrlardır. Bu məişətdə bizi əhatə edən predmetlərdir – mebellər, geyimlər. cihazlardır. Bu insanın mənəvi təlabatını ödəmək üçün nəzərdə tutulan xüsusi predmetlər – kitablar, şəkillər, heykəllərdir. Bir sözlə, söhbət predmet zənginliyindən, sistemlərdən, insan sivilizasiyasının, mədəniyyətinin “sahəsindən” gedir.
Bütün deyilənləri aşağıdakı nəticələrdə ümumiləşdirmək olar. Birinci və “ikinci təbiəti” müqayisə edərkən bütövlükdə onlar arasında yalnız vəhdət, qarşılıqlı əlaqə deyil, həm də fərqlər aşkar olunur. Birinci təbiət bütövlükdə - sonsuz, keçici olmayan varlıqdır, burada ayrıca adamın mövcudluğu keçici andır. “İkinci təbiət” bütövlükdə - insan mövcudluğunun zamanı və məkanı ilə, ictimai varlıqla sıx bağlı olan varlıqdır. Birinci təbiət – insan tərəfindən onun çox da böyük olmayan hissəsinin mənimsənildiyi sonsuz dünyadır - prinsipcə ucu – bucağı olmayan, hüdudsuz, tükənməyən dünyadır.
“İkinci təbiət” və “ikinci təbiətin” şeyləri bütövlükdə təbiətin qanunlarının fəaliyyət göstərdiyi, həm də fərdlərin, adamlar qrupunun, bütövlükdə bəşəriyyətin şüuru ilə, dəyişdirici fəaliyyəti ilə möcüzəli, bəzən münaqişəli şəkildə qarışdığı dünyadır. “İkinci təbiət” hər bir ayrıca adama, insan nəslinə obyektiv, real verilir, o insanların şüurundan kənarda və ondan asılı olmayaraq mövcuddur, lakin təbiətdən fərqli olaraq özündə təcəssüm edir, insanların məqsədlərini, ideyalarını predmetləşdirir, deməli insan şüurundan və bəşəriyyətdən tamamilə müstəqil hesab oluna bilməz. “İkinci təbiətin” şeyləri və prosesləri adamlar tərəfindən dəyişdirilir, istehsal olunur və bu şeylərin varlığı sanki birinci təbiətin və insan dünyasının sərhəddində dayanır. Bununla belə bu həm birinci təbiətə münasibətdə, həm də konkret adamın varlığına münasibətdə nisbətən müstəqil varlıqdır, xüsusi reallıqdır. İnsana da varlığın xüsusi forması kimi baxmaq lazımdır.
Dostları ilə paylaş: |