İctimai şüurun formaları
İctimai həyatın mənəvi sahəsi çoxplanlığı və öz rəngarəngliyi ilə seçilir. Bəşəriyyət dünyanın mənəvi anlaşılmasının və mənimsənilməsinin bir sıra üsullarını – elmi, estetik, mənəvi, dini və s. işləyib hazırlaya bilmişdir. Onların hər biri reallığın yalnız hansısa bir hissəsini əhatə edir, daha dəqiq dünyanı görməyin müəyyən rakursunu verir - bu da dünyada hər hansı məna axtarmağa və insanın bu mənada iştirakını müəyyən etməyə imkan verir. Onların hamısı bir yerdə özünəməxsus sistemli vəhdət yaradır ki, burada həmdünyanın mənəvi mənimsənilməsi üsullarının əsaslı fərqi, həm də onların bir-birini qarşılıqlı tamamlaması, daxili qarşılıqlı əlaqələri açıq görünür.
İnsanın və bəşəriyyətin mənəvi həyatı - fenomendir, onun vasitəsi ilə ətraf aləmin dərk olunması, bu aləmə daha dərin və incə münasibətin işlənib hazırlanması baş verir. Məhz onun vasitəsi ilə insanın özü-özünü dərk etməsi, öz həyatının məqsəd və mənasını anlaması prosesi gedir. İnsan öz mənəvi dünyası ilə təbiətdən özü üçün lazım olanı seçir və ona ictimai xarakter verir.
Dostları ilə paylaş: |