Aralıq dövr –tam maliyyə ilindən qısa olan hesabat dövrü kimi başa düşülməlidir.
Aralıq maliyyə hesabatları –aralıq dövr üzrə tərtib olunan maliyyə hesabatlarının tam məcmusunun (“Maliyyə hesabatlarının təqdimatı üzrə” 1№-li Milli Mühasibat Uçotu Standartında göstərildiyi kimi) və ya müxtəsər maliyyə hesabatlarının məcmusunun (bu Standartda göstərildiyi kimi) daxil olduğu maliyyə hesabatlarıdır.
Aralıq maliyyə hesabatlarının tərkibi
”Maliyyə hesabatlarının təqdimatı üzrə” 1№-li Milli Mühasibat Uçotu Standartında qeyd olunduğu kimi, maliyyə hesabatlarının tam dəsti aşağıdakılardan ibarətdir:
Mühasibat balansı;
Mənfəət və zərərlər haqqında hesabat;
Pul vəsaitlərinin hərəkəti haqqında hesabat;
Kapitalda dəyişikliklər haqqında hesabat;
Uçot siyasəti və izahlı qeydlər.
Aralıq maliyyə hesabatları bir minimum kimi aşağıdakı məlumatları əks etdirməlidir:
müxtəsər mühasibat balansı;
mənfəət və zərərlər haqqında müxtəsər hesabat;
kapitalda dəyişikliklər haqqında müxtəsər hesabat;
pul vəsaitlərinin hərəkəti haqqında müxtəsər hesabat;
seçilmiş izahlı qeydlər.
Əgər müəssisə maliyyə hesabatlarının tam məcmusunu aralıq maliyyə hesabatları şəklində dərc edirsə, onda həmin hesabatların forması və tərkibi 1№-li Milli Mühasibat Uçotu Standartında maliyyə hesabatlarının tam məcmusunun forması və tərkibi üzrə göstərilən tələblərə uyğun olmalıdır.
Müəssisə aralıq maliyyə hesabatları qismində müxtəsər maliyyə hesa- batlarını dərc edirsə, həmin hesabatlar bu standartda göstərildiyi kimi, ən azından son illik maliyyə hesabatlarına daxil edilən bütün başlıqları və seçilmiş izahlı qeydləri əhatə etməlidir. Əlavə maddələrin və qeydlərin müxtəsər maliyyə hesabatlarında göstərilməməsi yanlış təsəvvür yaradarsa, həmin maddələr və qeydlər hökmən hesabata əlavə olunmalıdır.
Səhm üzrə ilkin (baza) və azaldılmış mənfəət aralıq dövr üzrə mənfəət və zərər haqqında tam və ya müxtəsər hesabatda təqdim edilməlidir.
Müəssisə kapitalda dəyişikliklər haqqında aralıq hesabat təqdim etdikdə son ilin maliyyə hesabatının tərtib olunduğu formaya riayət etmə- lidir.
Müəssisənin ən sonuncu maliyyə hesabatları birləşdirilmiş (konsolidə edilmiş) əsasda tərtib olunarsa, onun aralıq maliyyə hesabatları da bu əsasda hazırlanmalıdır. Əsas müəssisənin müxtəlif maliyyə hesabatları son ilin maliyyə hesabatlarında birləşdirilmiş (konsolidə edilmiş) hesabatlara uyğun gəlmir və onlarla müqayisə oluna bilməz. Müəssisənin illik maliyyə hesabatlarına birləşdirilmiş (konsolidə edilmiş) hesabatlar ilə bərabər, əsas müəssisənin maliyyə hesabatları da daxil olarsa, bu standart müəssisənin müxtəlif maliyyə hesabatlarının müəssisənin aralıq maliyyə hesabatlarına da daxil edilməsini nə tələb, nə də qadağan edir.