O vaxtı Qərbi Azərbaycanda qaçax Kərəm olub. Bu da çox adlı-sanlı və cəsarətli bir adam olub. Bunun bir Bağır bəy adlı düşməni varmış. Qan düşməni imişlər. Bir-birlərini axtarırmışdar ki, kim kimin əlinə birinci düşsə, o onu vuracağ. O yerə qədər düşmən imişlər. Bir günnərim bu 70 nəfər dəlisiynən, qaçağıynan gedirmiş. Bu qabağda atnan gedər, o 70 nəfər də bunun dalısıycan, o durna qatarı kimi gələrmiş. Gəlib çıxır bi yerə, qaçaq Kərəm görür ki, aaa, Bağır bəy dəsmalın çıxarıb bağlıyıb başına, ağ köynəyinin də belinə bağlıyıb, əlində çin, biçin biçir. Tüfəngi çıxardır buna atsın, deyir, yoox, bu kişiligdən döör. Mənim əlimdə tüfəng var, onun əlində çin var. Bunu burda vursam, nakişiligdi. Gəlir deyir, Bağır bəy, salaməleyküm. O da bunu görən kimi bir həyəcan keçirir ki, indi bunu vuracağ. Bu da heç özünü biruzə də vermir. Deer:
– Əleyküməsalam.
Deer:
– Bərəkətdi olsun.
Atın sürür gedir, bu 70 nəfər də bunun ardınca. Bu qaçaxların içində bir dənə Tat Əhməd varmış. Lap axırdaymış Tat Əhməd, dalda gəlirmiş. Gəlir görür, aa, Bağır bəy burda biçin biçir. Yəqin ki, qoçu bunu görmüyüb. Çıxardır tüfəngini tarapp, bi güllə buna. Bu da 70 atlıynan hardasa bir 700-800 metrə o yana uzağlaşıbmış. Həmən güllə səsinə qayıdır. Qovur atı, görür ki, Bağır bəy qan içindədi. Tez gəlir bunu qucağlıyır, deer:
– Ə, bunu kim vurdu belə?
Tat Əhməd deyir:
– Qoçu, mən vurdum.
Deer:
– Ə, namərd, adam da adamı çörəy üstə vurar? Çıxardır mozerini bi güllə ona. Əhmədi oldürür. Bağır bəy də görür ki, məni vuranı öldürdü. Sora götürür onu qucağına deyir:
– Bağır bəy, mən səni nə Tiflisə çatdıra bilərəm, nə də Gəncəyə, bə neyniyim?
Bağır bəy deyir:
– Mən sənin mərdliyüvü gördüm, sən mənə orda Allah qüvvət versin, deyib getdün. Məni öldürəni də gözümün qabağında öldürdün. Sən çıxart o mozeri bi dənə də mənə vur. Qoy mən Tat Əhmədin gülləsiynən ölmiyim. Qoy desinnər ki, Qocu Kərəmin gülləsiynən öldü. Kişi gülləsiynən öldü, desinnər.