İşləməyən əhaliyə Mülki Müdafiə biliklərinin öyrədilməsi İstehsalat və xidmət sahələrində məşğul olmayan (işləməyən) əhaliyə mülki müdafiə bilikləri mənzil – təsərrüfat idarələrində yaradılan məsləhət məntəqələrinin yardımı ilə müstəqil surətdə və ya Mülki Müdafiə hazırlığı üzrə keçirilən təlimlərə (məşqlərə) cəlb edilməklə öyrədilir. İstehsalat və xidmət sahələrində çalışmayan əhaliyə MM biliklərinin öyrədilməsi tədris yaşayış yeri üzrə ərazinin MM qərargahı tərəfindən aparılır. Əhali mühafizə biliklərini həm tədris qruplarında mütəşəkkil surətdə, həm də müstəqil olaraq öyrənə bilər. Mütəşəkkil öyrətmək məqsədilə qonşu evlərin, mənzillərin işləməyən sakinlərindən ibarət 10-12 nəfərlik tədris qrupları yaradılır, məşğələ rəhbərləri müəyyənləşdirilir, 12 saatlıq proqramı əhatə edən illik məşğələ cədvəli tərtib olunur, eləcə də məşğələ yerləri və vaxtları razılşadırılır. Bu kateqoriya əhali kütləvi qırğın silahlarına və düşmənin digər hücum vasitələrinə qarşı müdafiə üsullarını öyrənir. Bu zaman əhalinin xəbərdarlıq siqnalları üzrə fəaliyyəti, fərdi və kollektiv mühafizə vasitələrindən istifadəni, özlərinə və digər zərərçəkmişlərə tibbi yardımın göstərilməsini, kütləvi qırğın və digər silahlardan uşaqların mühafizə edilməsini və həmçinin təbii fəlakət zamanı davranış qaydalarının öyrənilməsinə xüsusi diqqət yetirilməlidir. Tibb hazırlıq üzrə mövzulardakı dərsləri həkimlər, tibb bacıları aparırlar.
MM-in müvəffəqiyyətlə keçirilməsi düzgün seçilmiş təlim üsullarından asılı ola bilər.
Dəstələrin komandir, rəis və şəxsi heyəti ilə nəzəri dərslərlə yanaşı, praktiki məşğələlər də keçirilir. Təlim keçənlər nəzəri dərslərdə xüsusilə radioaktiv, kimyəvi maddələrlə və bakterioloji vasitələrlə zəhərlənmiş ərazidə MM-in təşkili və aparılması məsələlərini öyrənirlər.
Təlimin əsasını praktiki məşğələlər təşkil edir. Bu zaman dərslərin şəxsi heyəti müxtəlif işlərin yerinə yetirilməsində lazımi üsul və vərdişlərə yiyələnirlər.
Nəzəri və praktiki dərslər mövzudan və tədris məqsədindən asılı olaraq müxtəlif üsullarla (mühazirə, nəqletmə, söhbət, izahat, göstəriş, nümayiş, çalışma, məşq, müstəqil iş) keçirilir.
Mühazirə - müəyyən elmi-nəzəri və ümumi praktiki məsələlərin məntiqi düzgün, müntəzəm, ardıcıl və aydın şərhindən ibarətdir. Mühazirənin gedişində təcrübələr göstərilməli və əyani vasitələr nümayiş etdirilməlidir. Mühazirə müəssisə rəhbər işçiləri və mütəxəssislərin, MM dəstələrinin komandirləri və başqa kateqoriyalar üçün aparıla bilər. Mühazirə predmeti tam əhatə etmir. Mühazirə əşyanı tamamlayır və elmi biliyin əsasını qoyur, istiqamətini, əsas məzmununu və tədris dərslərinin bütün növlərinin xarakterini (seminarlar, laboratoriya işləri, təcrübə və b.), həmçinin təlim keçən şəxslərin müstəqil işini təmin edir.
Mühazirə elmi və idea-nəzəri cəhətdən düzgün istiqamətləndirilməlidir. Hər mühazirə üçün geniş materiallardan ən vacib, ən aydın və ən inandırıcılarını seçirlər. Mühazirəyə hazırlaşarkən proqram üzrə mühazirənin əsasını təşkil edəcək tədris sualları müəyyənləşdirilir, digər sualların isə ancaq səthi qeyd ediləcəyi və sonra seminarlarda, laboratoriyalarda və ya kitabda sərbəst iş zamanı izah olunacağı qərara alınır.
Mühazirəçi mühazirədən qabaq və sonra öz üzərində müntəzəm işləməli və özünə yüksək tələbkar olmalıdır.
Nəqletmə - öyrənilən məsələlərin əsas hissələrini, onların mahiyyətini açır, öyrənilən qaydaları, üsulları və hissələri izah etmək məqsədilə verir. Nəqletmə məqsədəuyğun, ardıcıl, doğru, forma etibarı ilə qısa, aydın və sadə olmalıdır. Nəqletmədə təlim olunanların biliklərini aşkar etmək və öyrənilən materialın mənimsənilməsini yoxlamaq üçün suallar vermək olar. Nəqletmədə adətən, əyani vasitələr nümayiş etdirilir, lövhədə çertyojlar, sxemlər, diaqramlar, şəkillər çəkilir və məqalə, nizamnamə, təlimat, tədris kitabları və b. ədəbiyyatlardan müvafiq mətnlər oxunur.
Söhbət - elə bir formadır ki, rəhbər materialın izahında təlim olunanlara suallar verir və cavab alır. Bundan sonra rəhbər cavabların məzmununu aydınlaşdırır, həmçinin təlim olunanların suallarına cavab verir.
Söhbət dəstələrin şəxsi heyəti ilə keçirilən dərslərin ən yayılmış metodlarındandır. Söhbət aparılarkən rəhbər təlim olunanlara lazımi nəzəri bilik verir, onları MM vəzifələrinin şüurlu və düzgün yerinə yetirilməsi üçün hazırlayır. Söhbət biliyin mökəmlənməsi, dərinləşməsi və yoxlanılması, onların şəxsi təcrübəsinin aydınlaşdırılması və inkişafı üçün bir vasitədir. Söhbətdə həmçinin təlim olunanların marağı öyrənilir.
İzahat - nümayiş edilən materialın üsulun və ya fəaliyyətin şifahi izahatla, hadisələrin, proseslərin, fəaliyyətin mənasını açmaqdan ibarətdir; Bu, təlim olunanların fənni və ya fəaliyyəti yaxşı mənimsəmələri üçündür və bunların yaxşı öyrənilməsinə şərait yaradır.
İzahatda düşüncə məntiqi, yaxşı nəzərdə tutulmuş sübutlar sistemi, aydın izahat, əsas məsələlərə diqqət yetirmək, pedoqoji takt, dözümlülük, hövsələlilik böyük əhəmiyyətə malikdir. İzah edərkən qısa və aydın danışmalı, nəticələr və təkliflər aydın izah olunmalıdır.
Göstəriş - dərsdə öyrənilən üsulların və ya fəaliyyətin nümunəvi yerinə yetirilməsidir. Göstərişin nəticəsində təlim olunanlar gördüklərini öyrənir və bunun əsasında bu və ya başqa üsul haqqında konkret və düzgün təsəvvür əldə edirlər. Göstəriş bəzən dəqiq, qısa izahatla nümayiş etdirilir. Bu təlimata qəti uyğun və ibrətamiz (nümunəvi) olmalıdır.
Nümayiş - izah olunan şeyi əyani anlatmaq deməkdir.
Burada abstrakt anlayış görmə qabiliyyəti və hissetmə ilə birləşdirilir ki, bu da anlayışın dərin mənimsənilməsinə, nümayiş etdirilən materialın və hərəkətin yaxşı yadda qalmasına kömək edir. Məşğələnin rəhbəri dərsin gedişində film göstərib məzmununu izah edə bilər.
Çalışma, məşq - öyrənilən üsulların və hərəkətlərin bir neçə dəfə təkrar edilməsidir. Məşq nəticəsində təlim edilənlərə öyrədilən üsulların düzgün yerinə yetirilməsində bacarıq və vərdişi inkişaf etdirib, bunları təkmilləşdirmək lazımdır. Adətən, təlim müntəzəm olaraq var qüvvə ilə aparılır.
Şəxsi heyətin öyrədilməsi üsullarının (hərəkətinin) praktiki yerinə yetirilməsi bu ardıcıllıqla aparılır: Əvvəlcə rəhbər öyrənilən üsulların yerinə yetirilməsini və onların vəzifələrinin yerinə yetirilmə qaydalarını özü göstərməli, və sonra isə üsullar düzgün yerinə yetirilənə qədər təlim olunanlar işləməlidirlər (üsul ayrı-ayrı, elementlər üzrə və tam halda yerinə yetirilə bilər).
Müstəqil iş - materialın öyrənilməsində böyük əhəmiyyətə malikdir. Təlim edilənlər, sərbəst düşünməyə, nəticələr çıxarmağa və ümumiləşdirməyə alışırlar.
Beləliklə, birinci növbədə MM nizamnamələrini, təlimatları və rəhbərlikləri öyrənmək məqsədəuyğundur. Təlim edilənlər dərslərə hazırlaşmaq üçün bu metoddan geniş istifadə edə bilərlər. Onların müstəqil işi dərs vəsaiti texnika və cihazlarla təmin olunmuş auditoriyalarda aparılmalıdır.
Tədris forması. Bu dərs prosesinin müəyyən təşkilidir; təlim edilənlərin heyətini, onların yerləşdirilməsini, dərslərin təşkili quruluşunu, dərsin aparılma yerini və onun müddətini nəzərdə tutur. Bundan başqa, forma dərs prosesində təlim edilənlərin rolunu nəzərə alır.
Tədris forması, metoddan bir qədər geniş anlayışdır ki, bu da təlim prosesində bir neçə təlim metodlarını nəzərdə tutur. Hər dərsdə bu metodlardan biri əsas sayılır və adətən mövzu üzrə metodik işləmənin titul vərəqəsində göstərilir.