RİYAZİYYAT VƏ KİMYA FƏNLƏRİNİN TƏDRİSİNDƏ FƏNLƏRARASI İNTEQRASİYANIN
BƏZİ XÜSUSİYYƏTLƏRİ
M.A. Sultanova
Avropa Azərbaycan məktəbinin riyaziyyat müəllimi
V.S. Əliyev
Elitar Gimnaziyanın kimya müəllimi, k.e.n.
İnteqrasiya təhsil islahatının əsas prinsiplərindən biridir.Ümumtəhsil məktəblərində fənlərin məzmunu və strategiyalarının hazırlanmasında ona istinad olunur. İnteqrativ təlim şagirdlərin biliklərinin dərinləşdirilməsinə və sistemləşdirilməsinə, yeni assosiativ əlaqələrin yaradılmasına, onların həyati bacarıqlarının inkişafına geniş imkanlar açır, peşə hazırlığına, istənilən peşəni mənimsəmələrinə əhəmiyyətli təsir göstərir. Bunlarla yanaşı, fənn üzrə inteqrasiya şagirdlərin məntiqi təfəkkürünün formalaşmasında, mülahizə yürütmə, məntiqi əsaslandırma, isbatetmə bacarıqlarının aşılanmasında, tədrisin səmərəliyinin yüksəldilməsində, şagirdlərin fənnə marağının artırılmasında, təlim keyfiyyətinin inkişaf etdirilməsində mühüm rol oynayır.
Fənlərarası inteqrasiya şagirdlərin biliyini sistemə salmağa, real aləm haqqında onlarda tam mənzərə yaratmağa, hadisələrin qarşılıqlı əlaqəsini formalaşdırmağa kömək edir. O şagirdlərin məntiqi mühakiməsinin inkişafında, bir-birinə yaxın elmlərin öyrəndikləri anlayışların dərinləşməsində, eyni materialın müxtəlif fənlərdə təkrarına yol verməməkdə, qarşılıqlı əlaqədə olan hadisələrin öyrənilməsinə kompleks yanaşmaqda və sair məsələlərdə böyük rol oynayır.
Bu məqalədə riyaziyyat fənninin kimyaya inteqrasiyasının bəzi xüsusiyyətlərinə baxılır. Riyaziyyat fənninin kimyaya birtərəfli inteqrasiyası iki yolla həyata keçirilir:
I. Birbaşa inteqrasiya. Riyaziyyatın uyğun mövzularının kimya fənninin müəyyən mövzularının tədrisində birbaşa istifadə edilməsi. Bunsuz kimyanın həmin mövzularını tam aydınlaşdırmaq və hesablama aparmaq mümkün deyil.
II. Dolayı yolla inteqrasiya. Bu halda riyaziyyatın müəyyən mövzularının prinsipcə kimya fənninin müəyyən mövzularının izahında, test tərtibində istifadə edilməsi.
Deyilənləri misallarla izah edək.
Dostları ilə paylaş: |