Muğamın tarixi Muğamın tarixi çox qədimdir.Şərq musiqisinin möhtəşəm sənət abidəsi olan muğamın yaranmasını
alimlər hələ keçən minilliyə, islamaqədərki dövrə aid edirlər. Onun köklərini zərdüştiliklə bağlayırlar. Muğam
sözünün mənası da Allah tərəfindən göndərilən musiqi kimi izah olunmuşdur. Muğamın İlahinin qüdrətilə
insanların ruhunu təmizləməsi, saflaşdırması fikri də söylənilir. Təsadüfi deyil ki, qədim dövrün alimləri
insanları muğam sədaları ilə müalicə edirdilər. Muğamları planetlərlə əlaqələndirirdilər: "Nəva" muğamı - Ay
planetinə, "Busəlik" - Merkuri, "Rast" - Venera, "Əraq" - Günəş, "Üşşaq" - Mars, "Zirəfkənd" - Yupiter,
"Rəhavi" - Saturn planetinə uyğundur.
Qədim dövrlərdə peşəkar xalq ifaçılarının yaratdıqları musiqi "nəva", "rah", "xosrovani" adlanırdı.
Musiqi mədəniyyəti inkişaf etdikcə isə yeni forma və janrlar meydana gəlmişdir. Muğamın bir janr kimi
formalaşması XII-XIII əsrlərə "Müsəlman Renessansı" dövrünə aiddir. Bu dövrdə məhz poeziyanın yüksəlişi
Nizami, Xaqani, Nəsimi, Füzuli və b. şairlər ) muğamın da inkişafına təkan verdi. Şərq ölkələrində yüksək
poeziya dili kimi qəbul olunmuş ərəb-fars dilləri saray mühitində formalaşan muğam sənətinə böyük təsir
göstərmişdir. Şərq poeziyasının ən mükəmməl şer forması olan qəzəl ərəb dilinin xüsusiyyətləri ilə sıx bağlı
olduğuna görə, qəzəllər əsasında oxunan muğam melodiyalarının quruluşunda əruz vəzni böyük rol oynayır.
Məhz bu dövrdə yaranmış muğamlar ərəb-fars mənşəli adları qəbul etmiş və ənənəvi olaraq, bu gün də
saxlanılmışdır.
Orta əsrlərdə Şərq musiqisində 12 klassik muğam: "Üşşaq", "Nəva", "Busəlik", "Rast", "Əraq", "İsfahan",
"Zirəfkənd", "Büzürk", "Zəngulə", "Rəhavi", "Hicaz"; 6 avaz: "Şahnaz", "Mayə", "Səlmək", "Novruz",
"Gərdaniyyə", "Güvaşt" mövcud idi. Eyni zamanda, 24 şöbə və zərbi muğamlar, təsnif adları da qeyd olunur.
Zaman keçdikcə, bütün bu muğamların mahiyyəti dəyişsə də, onların adları bu günə kimi bütün Şərq xalqlarının
musiqisində eyni şəkildə qalmışdır. Orta əsrlərdə yaranmış muğam və avazlardan bəzisi inkişaf edərək, böyük
bir muğam dəstgaha çevrilmiş, bəzisi isə şöbə kimi muğam dəstgahların tərkibinə daxil olmuş və ya kiçik
həcmli muğam əhəmiyyəti kəsb etmişdir. Muğam sənəti təkmilləşərək bizə gəlib çatmışdır. Müasir dövrdə
Azərbaycan musiqi irsinin əsasını "Rast", "Şur", "Çahargah", "Bayatı-Şiraz", "Şüştər", "Hümayun" və s.
muğamlar təşkil edir. Yalnız "Rast" muğamı orta əsrlərdən mükəmməl şəkildə qorunaraq, bu gün də əsas
muğam dəstgah sayılır. "Üşşaq", "Hüseyni", "Əraq" isə onun tərkibinə muğam şöbəsi kimi daxil olmuşdur.