UNEC “Menecment” kafedrasnıın müəllimi A.O.Məmmədova
aytakin_mammadova@unec.edu.az Mövzu 2:İş yerlərində heyətin fəaliyyətinin təşkili 1. Əməyin təşkilinin mahiyyəti və məzmunu
2. Əməyin elmi təşkili, onun vəzifələri və istiqamətləri
3. Müəssisədə əmək bölgüsü və əmək kooperasiyası
4. İşyerlərinin təşkili(müxtəlif amillərin təsiri baxımından)
5. Əmək intizamının möhkəmləndirilməsi və onun əmək məhsuldarlığına təsiri
Mühazirədə tələbələr əməyin təşkili, bölgüsü və kooperasiyası, elmi cəhətdən təşkil olunması, iş yerlərinin və heyətin əmək fəaliyyətinin səmərəli şəkildə qurulması, işçi heyətinin iş vaxtı imkanlarından istifadəsi və intizam tənbehlərinin əmək fəaliyyətində tətbiq olunması məsələləri ilə yaxından tanış olacaqlar. Əmək Məcəlləsi kimi normativ-hüquqi sənədlərin ədəbiyyat siyahısında istifadəsi tələbələrə gələcəkdə müəssisələrdə bir işçi olaraq hüquqlarını bilmək və düzgün istifadə etməyə vasitəçilik edəcəkdir.
Əməyin təşkilində məqsəd – insanın əmək prosesində hərtərəfli inkişafı üçün əlverişli şərait yaratmaqdan, iş vaxtı fondundan, istehsal avadanlıqlarından və maddi vəsaitlərdən səmərəli istifadə hesabına əmək məhsuldarlığının artmasını təmin etməkdən ibarətdir. Əməyin təşkili - əmək fəaliyyətində effektiv nəticə əldə etmək məqsədilə insanların, istehsal vasitələrinin və texnologiyanın əmək prosesi zamanı bir araya gəlməsidir.
Əməyin təşkilinin əsas prinsipləri:
əmək məhsuldarlığının yüksəldilməsi əsasında işçilərin həyat səviyyəsinin yaxşılaşdırılması;
əmək şəraitinin sağlamlaşdırılması;
işçilərin yaradıcı təşəbbüsünün inkişaf etdirilməsi və müəssisədaxili münasibətlərin təkmilləşməsi;
şəxsi və kollektivin maddi maraqlarının möhkəmlənməsi və düzgün əlaqələndirilməsi.
Əmək bölgüsü - əmək prosesində fərdi işçi və qrupların fəaliyyətinin bölünməsidir. Əmək bölgüsü sayəsində işçilərin məhsuldarlığı artır, texnologiya və istehsal alətləri təkmilləşdirilir.Cəmiyyətdə istehsal prosesi üzrə əmək bölgüsünün 3 növünü təsnifatlaşdıra bilərik: ümumi, xüsusi və fərdi şəkildə əmək bölgüsü (individual yanaşma). Ümumi əmək bölgüsünə istehsal ve qeyri-istehsal sahələrinin, sahələr daxilində isə - sənaye, kənd təsərrüfatı, nəqliyyat, rabitə, ticarət, təhsil, elm, dövlət idarəçiliyi, mədəniyyət və s. bölünməsi aiddir.Xüsusi əmək bölgüsü ümumi əmək bölgüsünə daxil olan sahələrin bölünməsidir, məsələn, sənaye sahəsinin ayrı-ayı istiqamətlər və müəssisələrə görə bölünməsi (elektrotexnika, transport və s.). Bu cür xüsusi əmək bölgüsü istənilən qeyri-istehsal sahəsində mövcuddur: təhsil, tibb, dövlət idarəçiliyi və s.Fərdi şəkildə əmək bölgüsü işin və əmək funksiyalarının müəssisənin işçiləri arasında dəstələr, briqadalar, ayrı icraçı-işçilər, onların peşə ixtisas qruplarına görə bölüşdürülməsidir.
Beynəlxalq əmək bölgüsü anlayışı da vardır ki, ölkələrin müəyyən məhsul növləri üzrə ixtisaslaşmasıdır. Beynəlxalq əmək bölgüsü ölkələr arasında təbiət və iqlim şəraiti, coğrafi mövqeyi, xammal ehtiyatları və enerji mənbələrinə əsaslanır. Beynəlxalq əmək bölgüsünün 2 əsas forması mövcuddur: ixtisaslaşma və əməkdaşlıq. Beynəlxalq ixtisaslaşma - ən yüksək səmərəlilik ilə ölkələrin müəssisələrində oxşar məhsulların istehsal konsentrasiyasıdır. Məsələn, Yaponiya avtomobil, gəmi, elektronika, saatlar istehsalı; Namibia - uran və brilyant ixracı; Zambia - mis ixracı; Colombia - böyük qəhvə istehsalçılarından biridir. Beynəlxalq əməkdaşlıq - istehsal olunan məhsulların ölkələr arasında davamlı mübadiləsinə əsaslanır.
Beynəlxalq əməkdaşlıq - istehsal, ticarət əməkdaşlığı, risklərin qarşılıqlı zəmanəti, investisiyaların və kommersiya sirrlərinin ümumi olaraq qorunmasına əsaslanan iki və ya daha çox ölkənin tərəfdaşlarının iştirakı ilə istehsalın qarşılıqlı razılaşdırılmış universal təşkilidir. Nümunə kimi Airbus Corporation - dünyanın ən məşhur təyyarə istehsalçılarından birini gətirmək olar. Bu şirkət ötən əsrin 60-cı illərinin sonlarında bir neçə Avropa aviasiya şirkətini birləşdirərək yaradıldı. Korporasiyanın əsas məqsədi müxtəlif dərəcəli təyyarələrin istehsalıdır, lakin əsas diqqət sərnişin təyyarələrinin istehsalına yönəldilib. Bu şirkətin Avropanın dörd ölkəsində zavodu var, hər biri xüsusi hissələrin istehsalı ilə məşğuldur və təyyarələrin son yığılması Fransa və Almaniyada, yəni Tuluza və Hamburq şəhərlərində həyata keçirilir. Çox böyük iş həcmi və çoxlu sayda fabrikın olması sayəsində bu korporasiyanın çox böyük işçi heyəti var, yəni təxminən 50 min nəfərə yaxın.
Dəyişkən texnoloji yeniliklər, kompyuter texnikası, kommunikasiyalar gözlənilməz biznes mühitinin yaranmasına səbəb olurlar. Ona görə də əməyin təşkilində menecerlər köhnə idarəçilik üsullarını artıq effektsiz olduğunu aşkar edərək, bu üsulları daha elmi, özünü təşkil etmə qabiliyyəti olan sistemlər ilə əvəz edirlər.
İRIE-də sinergetik idarəetmə də böyük əhəmiyyət daşıyır. Mühüm qərarlar qəbul edilərkən nəinki menecerlər, həm də işçi heyəti prosesdə iştirak edir. Başqa sözlə, sinergetik idarəetmənin təsiri nəticəsində işçilərin şəxsi marağı və motivasiyası nizamlı, effektiv idarəetmə quruluşunun yaradılmasına töhfə verir, işçi qüvvəsi arasında səmərəli informasiya mübadiləsi baş tutur.
Sinergetik menecment (synergeia – latınca əməkdaşlıq, mübadilə, inteqrasiya) – müxtəlif sahələrdə özünütəşkil qaydalarını öyrənən idarəetmə istiqamətidir. Məsələn, yeni sinerqetika paradiqması əsasında öz fəaliyyətini quran Consulting (məsləhətçi) şirkətləri ənənəvi idarəçilik üsullarının üzərinə xətt çəkmir. Onların məqsədləri yeni alternativləri görməkdir, bu cür mütəxəssislər mürəkkəb sistemli müstəqil bir işi hazırlayaraq, dəyişiklərin nəticəsinin gözlənilməz ola biləcəyini və riski gizlətmir. Beləliklə, sinerqetika paradiqması (bir sıra iş üsulları, dəyərləri, fikirləri, anlayışları - şirkət mədəniyyəti) “nə etmək lazımdır?” sualını vermir, “necə olmaq lazımdır?” sualının cavabını axtarır.
Burada söhbət şirkətin daxili mexanizmindən gedir, bu mexanizmi bir anda dəyişmək, yaratmaq və ya düzəltmək qeyri-mümkündür, onu inkişaf etdirərək böyütmək lazımdır. Hər şey kiçik addımdan başlayır, sonraki naliyyətlər isə işin gedişatı zamanı edilən inkişafdan asılıdır. Bu cür təşkilatın yaradılmasının sirri ondadır ki, bu təşkilat ciddi nəzarət olunan yaradıcılıq nəticəsi kimi qiymətləndirilmir, ona istənilən nəticənin əldə olunması naminə bir təkamül yolu kimi baxılır.
Beləliklə, sinerqetik menecment (özünütəşkiletmə) nəticəsində şirkətlər köhnə üsulları yeniliyərək və ya tamam yeni üsullar tətbiq edərək özlərini inkişaf etdirir, bu cür inkişafın nəticəsi (sinerqetika effekti) müsbət və ya mənfi ola bilər. Sinergetik effekt müəssisədə ideyaların mübadiləsi zamanı artır, çünki nəticədə ideyaların inteqrasiyası əsasında fəaliyyət effektivliyi yaranır.