Metallurgiya və maşınqayırma kompleksi


Ağır sənaye və maşınqayırma sektorunun



Yüklə 0,56 Mb.
səhifə3/3
tarix01.12.2023
ölçüsü0,56 Mb.
#170728
1   2   3
Metallurgiya və maşınqayırma kompleksi

Ağır sənaye və maşınqayırma sektorunun mövcud vəziyyəti Tarixi ənənələr Azərbaycan sənayesi və onun tərkib hissəsi olan ağır sənaye və maşınqayırma zəngin ənənələrə malikdir. Bakıda sənaye üsulu ilə neft istehsalına ilk dəfə 1848-ci ildə başlanmış, dünyanın ilk neftayırma zavodu 1859-cu ildə Azərbaycanda tikilmişdir. Dünyada ilk dəfə 1871-ci ildə neft istehsalında quyu nasosundan, 1877-ci ildə isə neft məhsullarının daşınması üçün tankerlərdən istifadə olunması, 1905-ci ildə neft hasilatında kompressorların tətbiqi, 1924-cü ildə neft quyularının qazma maşınları vasitəsilə qazılması və 1949-cu ildə dənizdə neft yataqlarından neftin hasil olunması məhz ölkəmizə aid tarixi hadisələrdir. 1911–1913-cü illərdə Bakıda 12 maşınqayırma zavodu, habelə çoxsaylı mexanika və metal emalı müəssisəsi fəaliyyət göstərirdi. İlkin mərhələdə xaricdən idxal olunan avadanlıq Nobel qardaşlarının, Rotşildin, Tağıyevin, Muxtarovun emalatxanalarında təmir edilirdi ki, bu emalatxanalar da gələcək maşınqayırma kompleksinin əsasını təşkil etdi. İkinci Dünya müharibəsi illərində keçmiş SSRİ-nin sənaye şəhərlərindən Bakıya köçürülən maşınqayırma zavodlarında silah və hərbi texnika üçün ehtiyat hissələr istehsal edilirdi. Bakının neftçıxarma və neft emalı müəssisələri SSRİ-nin hərbi ehtiyaclarının 70 faizini qarşılayırdı. Həmçinin keçmiş Sovet İttifaqının neftçıxarma sənayesinin avadanlıq ehtiyacının böyük hissəsini Azərbaycan neft maşınqayırması müəssisələri təmin edirdi. Neft-mədən avadanlıqları, elektrik mühərrikləri, güc transformatorları, luminessent elektrik lampaları, elektrotermik və elektroqaynaq avadanlıqları, məişət texnikası, soyuducu, kondisioner, avtobus və yük maşınları, aşağı və yüksək gərginlikli aparatlar, müxtəlif cihazlar istehsal edən müəssisələrin məhsulları 35 ölkəyə ixrac edilirdi.
Azərbaycanın ağır sənaye və maşınqayırma sahəsində fəaliyyət göstərən təsərrüfat subyektləri, əsasən, Bakı və Sumqayıt şəhərlərində və ətraf rayonlarda cəmləşmişdir (şəkil 1). Bununla yanaşı, ötən dövr ərzində ölkənin digər əraziləri də ağır sənaye və maşınqayırmanın müəyyən növləri üzrə ixtisaslaşmışdır.

Azərbaycan iqtisadiyyatında mühüm yer tutan ağır sənaye və maşınqayırma sektoru, 2015-ci ilin məlumatlarına əsasən, 1 milyard 160 milyon manatlıq istehsal həcminə malik 258-dən çox təsərrüfat subyektindən ibarətdir və burada 21,1 min işçi çalışır. Azərbaycanda neft maşınqayırması məhsullarının böyük hissəsi “Azneftkimyamaş” Açıq Səhmdar Cəmiyyətinin tərkibinə daxil olan müəssisələrdə istehsal olunur. Cəmiyyət 100-ə yaxın çeşiddə və 600- dən artıq növ və ölçüdə maşın və avadanlıqlar, alət və ehtiyat hissələri istehsal edir. Kompleksə 9 zavod və 4 elmi tədqiqat institutu daxildir.
Yeni istehsalat obyektləri və perspektivlər Sənayenin strukturunun və regional əhatəsinin diversifikasiyası baxımından ağır sənaye və maşınqayırma sahəsində yeni istehsalat obyektlərinin istismara verilməsi üçün son illərdə ciddi işlər görülmüşdür. Sumqayıt Texnologiyalar Parkının, Sumqayıt Alüminium Zavodunun, o cümlədən Gəncə Alüminium Yarımfabrikatı Zavodunun, Sumqayıt, Gədəbəy və Daşkəsəndə qızıl-mis emalı zavodlarının, Qaradağ Sement Zavodunun, Sumqayıt Karbamid Zavodunun, Gəncədə kənd təsərrüfatı texnikası və avtomobil zavodlarının, Naxçıvan Avtomobil Zavodunun, ATEF şirkətlər qrupunun İriqabaritli Transformatorlar Zavodunun, “Norm” Sement Zavodunun, Sumqayıt Plastik Emal Zavodunun, Mingəçevir Elektron Avadanlıqlar Zavodunun, polad boru, günəş panellər və metal konstruksiyalar müəssisələrinin qurulması ölkə iqtisadiyyatı üçün əhəmiyyətli hadisələrdir.
Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti tərəfindən Sumqayıt Kimya Sənaye Parkının ərazisində “Polimer” layihəsinin reallaşdırılması son 40 il ərzində öz növünə və miqyasına görə Azərbaycanın neft-kimya sənayesində həyata keçirilən ən iri layihə hesab olunur. Bundan əlavə, parkın ərazisində xüsusi təyinatlı iri diametrli qofralı polietilen boru, polad boru, mexaniki avadanlıqlar və hidrotexniki avadanlıqlar istehsalı, “Float” texnologiyası (isti vannada yayma) əsasında şüşə lövhələrin istehsalı, respublikada ilk dəfə bitki mühafizəsi vasitələri – pestisidlər istehsalı üzrə müəssisələr rezident statusunda fəaliyyətə başlamışdır. Balaxanı Sənaye Parkında təkrar emal üzrə müəssisələr qeydiyyatdan keçmiş, Qaradağ Sənaye Parkında müasir gəmiqayırma kompleksi istifadəyə verilmişdir. Yüksək Texnologiyalar Parkına elmtutumlu və innovativ istehsalların cəlb olunması ilə bağlı işlər görülməkdədir. Neftçala Sənaye Məhəlləsində İran İslam Respublikasının “İran Khodro” şirkəti ilə birgə avtomobil istehsalı istiqamətində fəaliyyətə başlanılmışdır. Pirallahı Sənaye Parkında ölkə üçün yeni sayılan əczaçılıq sənayesi üzrə istehsal qurğularının tikilməsi planlaşdırılır. Mingəçevir Sənaye Parkında və Masallı Sənaye Məhəlləsində yüngül sənaye və digər sahələrdə çalışan yerli sahibkarlara lazımi şəraitin yaradılması, infrastrukturun qurulması üçün hazırlıq işləri görülür.
Bununla yanaşı, son illərdə güclü müdafiə sənayesinin qurulması üçün ölkənin maşınqayırma potensialından istifadə edilməklə, 50-ə yaxın yeni istehsal sahəsi yaradılmışdır.
Azərbaycanda ağır sənaye və maşınqayırma sahəsinin gələcəkdə də inkişafı üçün münbit şərait mövcuddur. İxtisaslı kadr potensialı, yenilənən infrastruktur, işləyən institutlar və yaxşılaşan biznes mühiti sahənin gələcəyinin əsas təminatıdır. Belə ki, metallurgiya, maşınqayırma, kimya sənayesi sahələrinə investisiya yatıraraq yeni istehsal obyektləri quran fiziki və hüquqi şəxslər geniş vergi və gömrük güzəştlərindən faydalana bilərlər. Qeyd olunan tədbirlər ölkənin ağır sənaye və maşınqayırma sektorunun inkişafına əhəmiyyətli təsir edəcəkdir.




Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin