MƏxdumqulu fəraqi seçİLMİŞ ƏSƏRLƏRİ Bakı-2010



Yüklə 2,7 Mb.
səhifə9/15
tarix25.04.2017
ölçüsü2,7 Mb.
#15731
1   ...   5   6   7   8   9   10   11   12   ...   15

AXIR ZAMAN olar
Ey yaranlar, müsəlmanlar,

Bir gün axırzaman olar.

Ondan qabaq çox nişanlar,

Yerin üzündə qan olar.


Ədalətsız olar xanlar,

Həyasız olar əyallar,

Çox tökülər nahaq qanlar,

Elin feli yaman olar.


Fəsad çox olar, az olmaz,

Bu öy ol öyə saz olmaz,

Yağmurlar yağar, yaz olmaz,

Bir gün badi-xəzan olar.


Hiylə eylər, tapar yollar,

Sələm verib yığar mallar,

Din yolunu yığıb ellər,

Nə məktəb, nə əzan olar.


Namaz qılar, sözlər yalan,

Atasına asi olan,

Çaxır içib, zina qılan,

Əzabı min əlvan olar.


Əmrin tut tanrı dostunun,

Asi olma, saxla dinin,

İnşallah, Məxdumqulunun,

Din yoldaşı iman olar.


AXIR ZAMAN gələr

Ey yaranlar, müsəlmanlar,

Bir gün axır zaman gələr.

Kuhi-Qaf dağından aşıb,

Dəccal ol dəm rəvan gələr.
İşbu dünyadan keçənlər,

Haqqın şərabın içənlər,

Atasına yaş beççələr,

Su götürüb, rəvan gələr.


Xudayımın rəhməti der,

Haqq buyruğun qılmadı der,

Səhər xudaya ağla der,

Səkkiz behişt xuban gələr.


Ümmətlərə şəfqəti der,

Məhəmmədin ümməti der,

Uçmaq içrə gisrinlər der,

Xudayımdan fərman gələr.


Cahandan ötdü nə canlar,

Burda qıl xeyir-ehsanlar,

Ey yaranlar, müsəlmanlar,

Onda təxti-rəvan gələr.


Məxdumqulu, xeyrat etsən,

Qəriblar könlün şad etsən,

Qıl siratdan ötəndən son,

Burda verən qurban gələr.


Törər
Bir il o günbatardan,

Bəlli məşhur xan törər.

Üzü mahi-taban tək,

Bəbəkləri qan törər.


Gör Hüseyn mirzəni,

Haqqa yazar ərizəni,

Yerlər vurar lərzəni,

İsrafildən ün törər.


Heyvan insan şanında,

Əcəl vardır yanında,

Dəccal yerə enəndə

Başga millət, din törər.


Aşiqlərə rəy olmaz,

Dünya yükü tay olmaz,

Göy üzündə ay olmaz,

Günbatardan gün törər.


Dəccal sazın quran son,

Eyşi-işrət sürən son,

Dönüb Kəbə varan son,

Ərvah ilə cin törər.


Yəcuc, məcuc deyərlər,

Bir-birini yeyərlər,

Birini öldürərlər,

Bir yerinə on törər.


Məxdumqulu der heyhat,

Ruzi-məhşər − qiyamət,

Ey, ya qaziyül-höccət,

Bütün işlər kin törər.



çıxar
Ey yaranlar, axır zaman olanda,

Beş kişi der, Harış atlı mar çıxar.

Burda yaman yolda gəzən qardaşlar,

Məhşər günü orda yeri dar çıxar.


Baldandır, süddəndir axan bulağı,

Möminlərin Buraq olar ulağı,

Yəcuc, məcuc yerə düşər qulağı,

Dostum, böylə nişanalı xar çıxar.


Bu dünyada dinlərini pozanlar,

Qeybət edib, yalan-palan düzənlər,

Naməhrəmə nəzər salıb gəzənlər,

Burda gözlü olsa, onda kor çıxar.


Kafirlərin daşlar enər sərindən,

Əli, Hatəm çıxmaz cənnət döründən,

«Vay, ümmətim» deyib durar yerindən,

Məhşər günü rəsul adlı ər çıxar.


Məxdumqulu, bu yollardan çıxmagil,

Düzülən rabatdır, dinin yıxmagil,

Üzülməz töhməti boyna taxmagil,

Haqqa doğru gələn, bəlkə, şir çıxar.



BƏYAN gələr
Dəbbətül-ərz adlı Dəccal sonundan,

Mərvədən, Səfadan bir bəyan gələr,

Yeddi gündən sonra onun cəngindən,

Üç gündən aləmə bir nişan gələr.


Üzü adam, gün tək alnının ağı,

Bir düyəyə bənzər boynu, ayağı,

Qoç kimi, quş tənli, qalxan qulağı,

Təpəsi üstündə bu Quran gələr.


Az qalar ki, şaxı göyə yetməyə,

Bir həftədən fürsət tapar yatmağa,

El yığılar tamaşasın etməyə,

Yaxşı-yaman, bütün müsəlman gələr.


Qaçıb ondan heç kim tapmaz xilası,

Möminlər xoş olar, hövl edər asi,

Sol əlində olar Musa əsası,

Sağ əlində möhri-Süleyman gələr.


Neçəsinə möhri-Süleyman sürər,

Neçəsinə Musa əsasın vurar,

Xəlq yarı ağ olar, bir qismi qarar,

Qara üzlü bəlli biiman gələr.


Xor qalmaz alanlar biləndən bilik,

Dostü düşmən edər olsa bədgilik,

Ağ uçmaqlıq olar, qara tamuluq,

Dünyanın sonundan şu zaman gələr.


Dəccaldan öncə duy aşiqin sözün,

Bilən olmaz gün, ay, gecə, gündüzün,

Qırx gün qara tüstü aləmin üzün,

Yeri-göyü basıb, boz duman gələr.


Ol canavar ölər, xəlq ondan dinər,

Oğul, qız az durar, xəlq ucu sınar,


Adam tək on mələk asmandan inər,

Ağlaşıb, hər başdan səd fəğan gələr.


Məxdumqulu uyar kəlam sözünə,

Yer-göylər tutuşar, dağlar düzünə,

İsrafil sur çalsa yerin üzünə,

Ümidsiz xak tənə tazə can gələr.



Əmrİ-xan gələr
Əməli caleh ol, yaxşı amal qıl,

Bir gün sənə rəvan əmri-xan gələr,

Əzrayıl gəlibən sıxar ayaqdan,

Ağız tərəfındən əziz can gələr.


Ömrün axır olsa, təndən can gedər,

Can durmaz, dayanmaz, səni tərk edər,

Oğlun-qızın bunca ahü vay edər,

Surət yatar, nə qulağa ün gələr.


Canını quş qoltuğuna salarlar,

Surətini yer evində qoyarlar,

«Mən rəbbük» der, Münkər-Nikir gələrlər,

Sualına cavab yaman gen gələr.


Əmanət-xəyanət verməsən kərzi,

Əda eyləməsən sünnəti, fərzi,

Münkər-Nikir vurar ol odlu gürzü,

Ağızdan, qabaqdan qara qan gələr.


Çıxma buyruğundan, ey Məxdumqulu,

Cəhd eylə gün-gündən, ey Məxdumqulu,

Dinçlik tapma bundan, ey Məxdumqulu,

Qəbr içində sənə işlər kan gələr.



Aman hey
Hədisdən, ravidən bir söz söyləyim,

Heyhat gündən, zülmət gündən aman hey.

Tanrı qullarını agah eyləyim,

Heyhat gündən, zülmət gündən aman hey.


Əlif and içəndə bir dev gələrmiş,

Adı Dəccal, özü kafir olarmış,

Sağından, solundan dörd dağ yürürmiş,

Heyhat gündən, zülmət gündən aman hey.


«Mən tanrıyam» deyib salar dalaşı,

Bir ər onun ilə eylər savaşı,

Dörd şəhrə qaçarmış islam qardaşı,

Heyhat gündən, zülmət gündən aman hey.


Canlar asar mərkəbinin boynuna,

Müsəlmanlar gəlməz onun oynuna,

Kafirlər haqq bilıb girər dininə,

Heyhat gündən, zülmət gündən aman hey.


Dəccal xəlqə vurar, Kəbə çevrilər,

Buludlar çarpışıb, tufan qurular,

Teyrin Əbabildən kafir qırılar,

Heyhat gündən, zülmət gündən aman hey.


İsa sahibzaman gələr ol dəmdə,

Adil kişi vəzir olar ol gündə,

Tutaraq Dəccalı vurarlar onda,

Heyhat gündən, zülmət gündən aman hey.


Üç mərtəbə boyda Xərdəccal qatı,

Qovub yetə bilməz Mehdinin atı,

Ol gün götürülər Quranın xətti,

Heyhat gündən, zülmət gündən aman hey.


Ol ünü eşidib yəcuc qırx ildən,

Qaf dağını deşib gələr bir yerdən,


Udar, heç nə qoymaz fani dünyadan,

Heyhat gündən, zülmət gündən aman hey.


Məxdumqulu deyər sözün kəsəsin,

Haqdan özgə heç kim bilməz çarəsin,

Yəcuc sonun görər məhşər qovğasın,

Heyhat gündən, zülmət gündən aman hey.



XARAB EYLƏR
Mömin olan münkir olmaz sözümə,

Cabbar bu cahanı, gör, xarab eylər,

Çox nərsələr gələr-keçər gözümə,

Bu dünyanı bəd-bəd kar xarab eylər.


İşi rəvaç tapar bəd iş tutanın,

Diləyi tuş gəlməz haq deb yatanın,

Yer üzündə olar güc-güc yetənin,

Cahanı zülümlə zor xarab eylər.


Alimlər irfana, elmə yad olar,

Yox işlər yol olar, var iş bəd olar,

Şəriət nist olar, bəd iş səd olar,

Ölkəni bir neçə tövr xarab eylər.


Bəlxi zülüm dərdi, Nişapuru daş,

Əmman şəhrin dərya, Bəsrəni atəş,

Mədinəni aclıq, Məkkəni həbəş,

Herat, Qəndaharı mar xarab eylər.


Rum şəhrin eyləyər ildırım xarab,

Yəməni hulaç yıxar, Mosulu əqrəb,

Kufəni türk pozar, Bağdad şəhrin ab,

Reyi də dəlinib, yer xarab eylər.


Sözümə qulaq ver, aqil, həmişə,

Termizə taun düşər, rənç şəhri-Kişə,

Övladi-Süfyanda adı Gümişə,

İsfahanı sahibkar xarab eylər.


Səmərqəndi qıbti ağlar, bəy basar,

Buxaranı nan qıtlığı, türk basar,

Səraxsı mərg pozar, Mərvi qum basar,

Şirazı türk, çayan, mur xarab eylər.


Kaşğarı, Xotəni kafir hind əyər,

Çinə asimandan əqrəblər yağar,


Hər əqrəb dəvə tək bir-birnə dəyər,

Hindistanı əblə, zar xarab eylər.


Ədən şahı etcək Lahora əzmi,

Dönüb yurdun tapmaz, dağmı, ya düzmü,

Abi-Ceyhun xarab eylər Xarəzmi,

Dışında hər mülk ki var, xarab eylər.


Darqana şəhrinə göydən səs gələr,

Ol bir yavuz səsdir, eşidən ölər,

Bulğarın şəhrini ol urus alar,

Urusu Dəccalla nar xarab eylər.


Məxdumqulu, hər kim dinləsə candan,

Bu işlər ön gələr axır zamandan,

Mehdi yerdən çıxar, İsa asmandan,

Dəccalı ol iki ər xarab eylər.


KÜRS ÇIXAR
Həqiqətdə yola girən dərvişlər

Pillə-pillə Sidrə ilə Kürs çıxar.

Başçısız, fəhmsiz yola girənlər,

Yolun şeytan vurar, yolu tərs çıxar.


Ərvah var, həm cin var, pələng var, qurd var,

Qayğı var, qüssə var, yol daşdır, dərd var,

Yola girər olsan, beş-altı şərt var,

Şərtsiz yola girsən, qarşı bars çıxar.


İsrafil sur çalsa, yer-göy əyilsə,

Şeytan haray çəksə, dağlar yıxılsa,

Dəccal yerə ensə, qoşun yığılsa,

İzi Hinddə olar, önü Qars çıxar.


Çiltən, abdal gedər, qaib qələndər,

Duaçı heç qalmaz, boşalar bəndər,

Qaf dağının gədiyində İskəndər,

Dev yoluna qoydurduğı gürz çıxar.


Məxdumqulu deyər, bir zad bilməzəm,

İşlər var ki, öhdəsindən gəlməzəm,

Ey yaranlar, bu nədəndir, bilməzəm,

Xıdır deyib əl atdığım xırs çıxar.



OTURMUŞ

Qövs ərə bərabər bir kimsə yoxdur,

Tərki-dünya olub, çıxıb oturmuş.

Ağtab bir mənzildir, mənzəri haqdır,

Ol fərşi-əlaya çöküb oturmuş.
Sağ-solda iki ər, imameyn derlər,

Sağındakı — göyə eylər tədbirlər.

Solundakı — yerə sərəncam verər,

Yer əncamı ilə baxıb oturmuş.


Anladığım işi eyləyim izhar,

Babi-həqdən kəşf olmuşdır bu əsrar,

Orda Övtad derlər daha dördü var,

Dünyanın dörd küncün çəkib oturmuş.


Bunca arı, bunca pakdır zatları,

Cahan içrə onlar yaxar odları.

Yeddi ər var, Budaladır adları,

Olacaq şər işə baxıb oturmuş.


Həqiqət yolundan xəbərli ərlər,

Bu sözüm eşitcək, qulaq verərlər,

On iki ər vardır, Rüqabə derlər,

Hər işi boynuna taxıb oturmuş.


Bunlar cahana can, cahan sanki tən,

Söyləyim bəyanın, qulaq vergil sən,

Adları Nücəba, özləri çiltən,

Ərbəində müdam oxub oturmuş.


Yeddinci güruhu Nüqəba, bilin,

Üç yüz ərdir, sözə bir qulaq verin,

Üç yüz altmış altı ərən hər ilin

Hər gününə biri çıxıb oturmuş.


Bunlar kimə baxsa, o gələr coşa,

Salar dünya məstin həqiqət eşqə,


Əfradi-mənna var bunlardan başga,

Xəlqi məlamətə yaxıb oturmuş.


Məxdumqulu deyər, dostlar, mən gümrah,

Heyran qaldım, bir mənzildə tapmam rah,

Üç yüz gəlib etdi özünə həmrah,

Yanıq bağrım yaşın töküb oturmuş.


YAŞIL ZÜMÜRRÜD
İlk asiman tutmuş əxtərdən zinət,

Adı Rəfa, əsli yaşıl zümürrüd,

Fəriştəsi vardır sığır surətli,

Böyükləri vardır İsmayıl adlı.


İkinci qat göyü desəm bu başdan,

Adı Əzlaundur, əsli gümüşdən,

Fəriştəsi vardır qartal surətli,

Böyükləri vardır Qəbayıl adlı.


Üçüncü göy rəngi seçilməz oddan,

Adı Kaydum, əsli qızıl yaqutdan,

Fəriştəsi vardır börü sifətli,

Böyükləri vardır Göybayıl adlı.


Dördüncü qat göyü sorsan nədəndir,

Adı Məun, əsli ağ incidəndir,

Fəriştəsi vardır ağ at sifətli,

Böyükləri vardır Nunyayıl adlı.


Deyim göyün qoy beşinci qatından,

Adı Rətqə, əsli qızıl-altından,

Fəriştəsi vardır hüri sifətli,

Böyükləri vardır Səftayıl adlı.


Altıncı qat asman çıxmasın yaddan,

Adı Dəfnə, əsli sarı yaqutdan,

Fəriştəsi vardır vildan3 surətli,

Böyükləri vardır Əbayıl adlı.


Soran yeddinci qat göydəki sirdən,

Adı Əcibədir, asmanı nurdan,

Fəriştəsi vardır adam surətli,

Böyükləri vardır Nurbayıl adlı.

Yerdə, asimanda olan səriştə,

Nizam verənləri bu dörd fəriştə:

Mikayıl, İsrafil, Əzrayıl adlı,

Dördüncüsü vardır Cəbrayıl adlı.


Məxdumqulu, faş eyləsən sirrin həm,

Yiyəsi var dəryanın həm, yerin həm,

Yerin bəyi olsun Sərsayıl adlı,

Dəryalar böyüyü Qərqayıl adlı.



ONDA VAR
Birinci qat yerin adı Rəmkadır,

Akım adlı yavuz yellər onda var,

Yetmiş min fəriştə onda saxlanır,

Min qaim əzəli bağlar onda var.


İkinci qat yerin adı Hüldadır,

Quyruğu nizə tək xərçəng ondadır,

Asi adam üçün gözü yoldadır,

Nər-buğra biləkli bövlər onda var.


Altı yüz altmışdır onurğa daşı,

Hər birin altı yüz altmışdır başı,

Hər başda altı yüz altmışdır dişi,

Dağlar dözməz bəd ağılar onda var.


Üçüncü yer adı Arxayi-Afaq,

Odunu dəmirdən, dözməyir torpaq,

Duzəx ənquru var dağdan uluğraq,

Gerçəkdən imansız qullar onda var.


Dördüncü qat yerin adıdır Hürpa,

İlanlarnın dişi dərəxti-xurma,

İstisı yandırar, öldürər sərma,

Tən, can dözməz, dinməz vaylar onda var.


Beşinci yer adı Səlman zəmindir,

Almaz daş vurarlar hər kim bidindir,

Altıncı qat yerin adı Siccindir,

Tamuluq olacaq canlar onda var.


Yeddinci yer adı Qəribə dildə,

Duzəxdən qorxub gəz, xudanı bil də,

Şeytan ordan enib-çıxar hər ildə,

Fəraqi der, yaman günlər onda var.



vardır
Qonar, burdan başqa yerə köçərlər,

Kirişsiz qurulan yayları vardır.

Yaxasız, ətəksiz bir don biçərlər,

Qapısız, bacasız öyləri vardır.


Axirət öyünə rahat qoyarlar,

«Haq rəhmət eyləsin» - dua qılarlar,

«Mən rəbbük?» söyləyən qullar gələrlər,

Kim cavab verməsə vayları vardır.


Əməlin pis olsa, yer səni sıxar,

Sümüyün şaqqıldar, qəlbin tıncıxar,

Sağından-solundan od-alov çıxar,

Binamazın belə köyləri vardır.


«Əsfələs-səfilin» ona dərkardır,

Şeytan onun üçün çox mədədkardır,

Cəhənnəm deyilən bir duzəx vardır,

Qeybətkeşin onda cayları vardır.


Haramidir, neçə gündür izləyir,

Tapa bilsə, pünhan yerdə gizləyir,

Oğru gəldi, mal yiyəsi sözləyir,

Siccin, Veyl adlı cayları vardır.


Görə bilməz qardaşını, elini,

Kecə bilməz onda sirat yolunu,

Tamsına-tamsına çeynər dilini,

Burda neçə-neçə ayları vardır.


Bismillah de, oxu Qurani-yasin,

Könlündən çıxarma haqqın sənasın,

Məxdumqulu, haqq keçirsin günasın,

Cənnətül-məva tək cayları vardır.



VAR
Sofular, səfilər, hazır olunuz,

Əcəl vardır, həyat vardır, vəfat var.

Yaman işdən həmmə nazir olunuz,

Soraq vardır, sual vardır, heyhat var.


Münkər-Nikir dar məzara gələrlər,

«Tanrın, rəsulun kim?» deyib sorarlar,

Bilməz isən çox əzablar verərlər,

Gürzü vardır, qəhər vardır, heybət var.


Ol qaranlıq gor içində yatarsan,

Biçarəsən, haq buyruğun tutarsan,

İsrafil surunda yerdən çıxarsan,

Məhşər vardır, mizan vardır, sirat var.


Onda mizan tərəzəsin qurarlar,

Əməllərin həmin yerdə sorarlar,

Asiləri duzəx sarı sürərlər,

Məlik vardır, duzəx vardır, həm od var.


Məxdumqulu, yaşın eyləgil giryan,

Ol gün heybətindən qılsın haqq asan,

Ölsə axır dəmdə həmrahı iman,

Cənnət vardır, möhnət vardır, nicat var.



QIZDIR bu dünya
Nəsihətim budur, bəyan eyləsəm,

Cilvəli, pakizə qızdır bu dünya.

Şikayətin deyib, əyan eyləsəm,

Aləmə aşkara sözdür bu dünya.


Dəccal xüruc edib çıxar şikara,

Namazxanlar tez yetişər didara,

Binamaz üzünə çəkiblər qara,

Otuzda, qırx beşdə aldı bu dünya.


Neçələr qan ağlar, ötər zülmətdən,

Müvəkkil fəriştə keçər siratdan,

Heç bir fayda gəlməz pirdən, ustaddan,

Doğru-yalanını bildi bu dünya.


Xudanın əzizi həzrəti Musa,

Ot yedi, su içdi, əlində əsa,

Bibi Məryəm oğlu həzrəti İsa,

Onu qırx il padşah qıldı bu dünya.


Bu dünyada beş gün sağü var olsan,

Niyyəti qısılan, feli dar olsan,

Yoxsulluqdan cana doyub zar olsan,

Mərdi namərdə zar qıldı bu dünya.


Neçələri cəfa ilə möhnətdə,

Neçələri qayğı ilə külfətdə,

Namazxona qırx fəriştə xidmətdə,

İşrəti sizə dar etdi bu dünya.


Ol siratda qanadların qayrılar,

Neçələr keçəmməz, boynu burular,

Bundan düz keçənlər behiştə girər,

Bu könüldən qəmi aldı bu dünya.


Neçələri ağlar, həm bağrı qandır,

Keçməyən, saralıb duranlar kandır,


Burda olan işlər tamam pünhandır,

Pünhanını aşkar etdi bu dünya.


Məxdumqulu sözü tükənməz əda,

Əcələ fərq etməz şah ilə gəda,

Altmış üçdə ötdü peyğəmbər-xuda,

Oları oğulsız qıldı bu dünya.



FƏLƏYİDİR
Sərimizə sevda salan,

Gözəl haqqın fələyidir,

Şeytan çıxar dinləməyə,

Ulduzlar ona yağıdır.


Qələm yazanda sər xətti,

Asi yazmış biz ümməti,

Adəm atanın sülbəti,

Yeddi yerin torpağıdır.


Əgər sözə versən qulaq,

Fəriştələr durar lək-lək,

Göy götürən səkkiz mələk,

«La ilahə!» diləyidir.


Xəlil gəldi tiğ çəkməyə,

Oğlunu qurban etməyə,

Qoymayan qanın tökməyə

Cəbrayılın yeləyidir.


Qurd ağlar Yaqub yanında,

Düldül Əlinin şanında,

İsa eşşəyin minəndə,

Sığır Musa ulağıdır.


Tanrı yaratdı heyvanı,

Behişt görməz məhşər günü,

Səkkiz heyvanın məskəni

Derlər: cənnət bulağıdır.


Əcəb mənzil, gözəl caylar,

Gün qızdırmaz, batmaz aylar,

Behişt otlağında yaylar,

Hövzi-kövsər sulağıdır.


Nəmrud haqqı çox dışladı,

Şəddad bir cənnət başladı,


Dörd yüz illikdə işlədi,

Adı həm İrəm bağıdır.


Məxdumqulu, söz baqisi,

Gözündə qəflət uyğusu,

Qarşında əcəl səkisi,

Qafil adam duzağıdır.



ŞƏFA VER
Bu çöldə rəhm eylə qərib halıma,

Aləmi yaradan sübhan, şəfa ver.

Bu yaralı, dərdli şirin canıma,

Ya Mustafa, fəxri-cahan, şəfa ver.


On iki imam, biri-birindən sərvər,

Yeddi vəli, yaran olub, mədəd ver,

Məşhəd, Qara Baba, ya şes peyğəmbər,

Həsən, Hüseyn, Şahi-mərdan, şəfa ver.


Nuh peyğəmbər, nəzər eylə bir nəfəs,

Ömrümü bihudə keçirdim – əbəs,

Zəkəryə peyğəmbər, ya Xıdır İlyas,

Kavus, Qıyas, Musa, İmran, şəfa ver.


İbrahimin candan ayrıldı tabı,

Kəbə varan hacı tapar səvabı,

Qara Aləm ata, ya Xələt nəbi,

Gözlü ata, Baba Salman, şəfa ver.


Özün doğru gözlə, ya rəbbim cəlil,

Hamının rizqinə sən özün kəfil,

Ya Davud, ya Cərcis, İbrahim Xəlil,

Əbubəkr, Ömər, Osman, şəfa ver.


Dad edib, dilimdən qıldım fəğanlar,

Yaş yerinə axdı gözümdən qanlar,

Xarəzm yurdunda yatan cananlar,

İsmi Mahmud – ər pəhlivan, şəfa ver.


Mövlam, yetir məskənimə, yurduma,

Üzüm düşsün aslanıma, qurduma,

Məxdumqulu deyər, mənim dərdimə,

Dünyanın təbibi Loğman, şəfa ver.



AZADİ – MƏXDUMQULU
Azadi:

- Faş eylə sirrini, saxlama pünhan,

Amma ki, sözümdən çıxmagil, oğlum!

Gündə yüz köy gələr-keçər bu başa,

Ağrıtma, könlümü yıxmagil, oğlum!
Məxdumqulu:

- Utanardım, sirrim faş eyləməzdim,

Faş edərəm, xəbər alsan, Azadim!

Yüz köy gələr-keçər hər gün bu başa,

İstəyim var səfər qılam, Azadim!
- Cəfa çəkmə özün, çağır mövlanı,

Arzulama xanı, bəyi, sultanı,

Bəsdir bizə əvvəl tanrı verəni,

Aldırma könlünü, getməgil, oğlum!


- Getmürəm ki, altı ilə, beş ilə,

Seyran edək bir neçə tay-tuş ilə.

Bəlkə onda qəmgin könlüm xoş ola,

Könül qalxar, qərar etməz, Azadim!


- Vərzişin yox, gəncsən, gedə bilməzsən,

Şövür var, şovhun var, çıda bilməzsən,

Hər işə baş qoşub, edə bilməzsən,

Getməklik söhbətin etməgil, oğlum!


- Kişi sözləməyən sirri faş olmaz,

Yaxşıdan-yamandan anlan yaş olmaz,

Şu gəz yollamasan, könlüm xoş olmaz.

Yolumu qaytarma, qoy ver, Azadim!


- Bizi belə niyə tərk edəsin var?

Bu yol bixudadır, bir gedəsin var.

Gəl, getməyil, oğlum, iltimasım var,

Xərcə, xəracata batmagil, oğlum!

- Qəlbimə giribdir islam həvəsi,

Təngədir, dirhəmdir xalqın təməsi,

Könlüm bikef etmə, qılma tərhosı,

Bir səfər işidir, qoy ver, Azadim!


- Quran oxu, öyrən, yaxşı kəlamdır,

Ən gözəl din bizim dini-islamdır.

Yollar qaranlıqsa, səfər haramdır,

Ölərsən, qalarsan, getməgil, oğlum!


- Qoy görüm, sınayım bu gün iqbalım,

Yaxşı gün, xoş saat gəlibmi salim,

Qəsd edib canıma, yetsə əcəlim,

Bu yerdə həm olsa, tapar, Azadim!


- Bilə-bilə özün nara atarsan?

Bu nə işdir, bunu belə tutursan?

Söylə görüm, sən kimilə gedirsən?

Dəm çəkib hər yana baxmagil, oğlum!


- Cilovdarı olam Yazır xan pirin,

Könül quşu pərvaz edər fəqirin,

Bu gün yeddi gündür «Əl-həmd» oxurum,

Şad eylə könlümü, qoy ver, Azadim!


- Azadi der, belə səfa sürəlim,

Bu yolu da sınayalım, görəlim,

«Amin!» de, dur, oğlum, fatə verəlim,

Bir Tanrı yar olsun sənə get, oğlum!


- Məxdumqulu deyər: qalmışam çoxdan,

Könül quşu pərvaz edir uzaqdan,

Hər yerdə sağlığım istə ol haqdan,

Dua qılıb, haqqa yalvar, Azadim!



MƏĞRUBİ − MƏXDUMQULU
Məğrubi:

- Kamil olsan, səndən xəbər alayım,

Bizə yeddi ilə beşdən xəbər ver,

Üç başlı, bir gözlü, əlli-ayaqlı,

Qüdrətdən işlənən quşdan xəbər ver.
Məxdumqulu:

- Məğrubi, sən bizdən cavab sorasan,

Yeddi iman, islam beşi böylədir,

Üç başlı, bir gözlü, əlli-ayaqlı,

Cəsəd içrə canın quşu böylədir.
- Cənnət bilsən nə məkanda, nə yerdə,

Hansı gün ay tutar üzünə pərdə,

Altı min altı yüz iyirmi dörddə,

Hesab eylə, əvvəl başdan, xəbər ver.


- Cənnət ərş altında, göy üstü yerdə,

Məhşər gün ay tutar yüzünə pərdə,

Altı min altı yüz iyirmi dörddə,

Saqat olar əvvəl başı, böylədir.


- Bir hərfimdə dörd yüz hesabım hanı,

Xəbər ver, altmış iki cavabım hanı,

Günahım neçədir, səvabım hanı,

Yaxından soruşma, dışdan xəbər ver.


- Bir hərfdə dörd yüz nədir (?) hesabı,

Sorlar meytdən altmış iki cavabı,

Günahın çox, haqq fərmanı səvabı,

Cəhənnəmin olan dışı böylədir.


- On səkkiz min şəhrin xanı neçədir,

Bir il səcdəsinin sanı neçədir,

Yarağı doqquzdır, donu neçədir,

Bir qırxdan, bir dörddən, üçdən xəbər ver.

- On səkkiz min şəhrin mövlamdır xanı,

İl səcdəsi qırx min səkkiz yüz sanı,

Doqquz fələk var, yer üzünün donu,

Çiltən, dörd yar, vitr üçü, böylədir.


- O kimdir ki, boylamadı günahdən,

O kimdir ki, əl götürmiş sənadan,

Nə səbəbdən uçub gəldi asmandan,

Kafir üçün enən daşdan xəbər ver.


- Şeytan ləin, əl çəkmədi günadan,

Feli azan əl götürdü sənadan,

«Teyr əbabil» uçub gəldi asmandan,

Kafir üçün enən daşı böylədir.


- Asman burdan neçə illik mənzildir,

Bizdən altda nə məxluqdır, nə eldir,

Dünyanın genliyi neçə il yoldur,

Müdam ölməz yatan leşdən xəbər ver.


- Asman burdan beş yüz illik mənzildir,

Altda şeytan, pəri, cin olan eldir,

Dünyanın genliyi beş yüz il yoldur,

Loğman ölməz, yatan leşi böylədir.


- O kimdir ki, dərya enər başına,

Nəm tökülməz kirpiyinə, qaşına,

Kim işarət etdi nəqi daşına,

Atadan-anadan, beşdən xəbər ver.


- Cəbrayılın dərya ensə başına,

Nəm tökülməz kirpiyinə, qaışına,

Saleh işarət etdi nəqi daşına,

Ata-ana, qoç, əsa (?) beşi böylədir.


- Nə ağacdır dörd min olar sayası,

Dağı on beş, iyirmi bir qayası,

Ol nə taxtdır yetmiş mindir payası,

Dörd gözlüdür, həm bir başdan, xəbər ver.


- Şəcərətül-əyn dörd min olar sayası,

Fərz − on beş, iyirmi bir vacib qayası,

Təxt-Süleyman, yetmiş mindir payası,

Əzrayıl, dörd gözlü başı, böylədir.


- Nə heyvan, dörd min baş, səkkiz min şaxlı,

Nə saraydır mömin üçün yasaqlı,

Məğrubi der, fəhm et, dolandır ağlı,

Bir izi üzülməz köçdən xəbər ver.


- Yeri tutan öküz, dörd min baş, səkkiz min şaxlı,

Cənnət öyi mömin üçün yasaqlı,

Məxdumqulu der, sənə gətirdim ağlı,

İzi üzülməz ölüm köçü böylədir.



Yüklə 2,7 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin