Gəray Göyyurd
Gədəbəydədi
Şair İlyas Tapdığa
İlhamın ailəsi sən demə, Tapdıq,
Həvəsin yaxşısı Gədəbəydədi.
Bu dağlar sənindi qəm yemə, Tapdıq,
İlyasın yaxşısı Gədəbəydədi.
Çən oldun dağlarda yaza söykənən,
Bulaqsan bir yanı buza söykənən.
Təbə dirsəklənən, saza söykənən,
Cinasın yaxşısı Gədəbəydədi.
Şair görkəmindi göyə baş vuran,
Nəğməni ürəyə qoşan, qoşduran.
İliyə işləyən, qanı coşduran,
Nəfəsin yaxşısı Gədəbəydədi.
Seçilmir qayalar, işıldayır Ay,
Çiskin bir alaydı, duman bir alay.
Hər sinə üstündə saz çəkir haray,
Mirasın yaxşısı Gədəbəydədi.
Torpağı, daşı var uludan ulu,
Bəlkə də burdandı nicatın yolu.
Gör nə möcüzədir, ay Cəlaloğlu,
Hər xasın yaxşısı Gədəbəydədi.
Dostları ilə paylaş: |