ONE QEYRİ-MÜƏYYƏN ƏVƏZLİYİ VƏ ONUN XÜSUSİYYƏTLƏRİ
Sona İSKƏNDƏROVA
Bakı Slavyan Universiteti
gunnur.musti@gmail.com
“One” sözü ingilis dilində həm say, həm əvəzlik, həm də isim kimi işlənir. “One” sözü işlənmiş cümləni başa düşmək
üçün həmin sözün mənasını və cümlədəki sintaktik vəzifəsini nəzərə almaq lazımdır. Bu söz ismin qarşısında işlənib
kəmiyyət bildirdikdə say olur, mənası isə “bir” deməkdir. Qeyd edək ki, “One” sayının əvəzinə qeyri-müəyyən artiklın
işlənməsi belə cümlələrin mənasına xələl gətirmir. Çünki ingilis dilindəki qeyri-müəyyən artikl (a) tarixən “One” sayından
əmələ gəlmişdir. Lakin “One” sayı qeyri-müəyyən artiklla həmişə eyniyyət təşkil etmir və yaxud əksinə. Azərbaycan dilçisi
olan Edison Hacıyev “İngilis dilində çox işlənən bir sıra sözlərin bəzi xüsusiyyətləri” adlı məqaləsində bu iki dil vahidinin
oxşar cəhətləri ilə yanaşı müəyyən fərqli cəhətlərinin olduğunu yazır: “Hələ qədim ingilis dilində qeyri-müəyyən artikl
yalnız əşyanın təkliyini göstərmək üçün deyil, həm də ismin ümumi mənada olduğunu göstərmək üçün işlədilirdi. Müasir
ingilis dilində “One” sayı və mənşə etibarilə ondan əmələ gəlmiş qeyri-müəyyən artikl iki qrammatik kateqoriya ifadə edir:
kəmiyyət və qeyri-müəyyənlik. Həmin mənaların hansının daha üstün olmasından və daha qabarıq nəzərə çarpmasından
asılı olaraq ismin qarşısında ya “One” sayı, ya da qeyri-müəyyən artikl işlənməlidir. Aşağıdakı cümlələrə nəzər salaq:One
day a telegram arrived.One night there was a terrible storm.”
Bu cümlələrdə “One” sayı “day, night” isimləri ilə işlənərək iş, hal və hərəkətin baş verdiyi vaxtı bildirir. Azərbaycan
dilinə tərcümə etdikdə “One” sayı öz leksik mənasını (bir) saxlayır. “Bir gün bir teleqram gəldi”, “Bir gecə bərk tufan var
idi” cümlələrində isə “One” sayını qeyri-müəyyən artiklla əvəz etmək mümkün deyil, çünki həmin cümlələrdə kəmiyyət
mənası qeyri-müəyyənliyə nisbətən daha üstündür. Lakin “ A rainy day is very common in England” cümləsində qeyri-
müəyyən artiklı heç cür “One” sayı ilə əvəz etmək olmaz, əks təqdirdə “Yağışlı gün İngiltərədə adi haldır” cümləsi alınardı.
|