II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
403
Qafqaz University
18-19 April 2014, Baku, Azerbaijan
ƏRƏB DİLİ VƏ ƏDƏBİYYATI
TEYMURİLƏR DÖVRÜNDƏ SUFİ FİRQƏLƏRİ
Elman NOVRUZOV
AMEA, Şərqşünaslıq İnstitutu
aygunalizade@yahoo.com
Dövrün böyük sufi firqələri “nəqşbəndiyyə”, “nemətullahiyyə” olmuşdur. Teymurilər dövründə də sufilər və ariflər
arasında əqidə və düşüncə ixtilafları olmuşdur. Bu dövrdə ən nüfuzlu və mühüm sufi firqəsi Xorasan və Mavərənnəhrdə
olan “Nəqşbəndiyyə” silsiləsi idi ki, təriqətdə mötədil, şəriət və məzhəbdə sünni idilər.
Bu təriqət XIV əsrin məşhur sufilərindən olan Xacə Bəhaəddin Məhəmməd Nəqşbənd Buxarinin (vəf. 791) adından
“Nəqşbəndiyyə” kimi tanınmışdır. Bununla belə demək lazımdır ki, hələ üç əsr əvvəl onun binasının əsası qoyulmuş,
sütunları isə üç böyük sufi şeyxi vasitəsilə möhkəmlənmişdi. Bu üç sufi Əbu Əli Fəzl bin Məhəmməd Farmədi, Xacə Əbu
Yaqub Yusif Həmədani, Xacə Əbdülxaliq Əcdəvani olmuşdur. Xacə Əbdülxaliq “Xacəqan” silsiləsinin həqiqi təsisçisi
olmuşdur ki, sonralar “Nəqşbəndiyyə” adı ilə tanınmışdır.
Bu silsilənin şeyxlərindən bəzisi Teymuri dövründə çox məşhurlaşmışdılar ki, onların arasından Əlaəddin Əttar, Xacə
Həsən Əttar, Xacə Məhəmməd Parsa, Xacə Əbu Nəsr Parsa, Xacə Əlaəddin Əcdəvani, Xacə Nizaməddin Xamuş, Xacə
Abdullah İmami İsfahani, Sədəddin Kaşğari, Xacə Übeydullah Əhrar, Mövlana Əbdürrəhman Camini göstərmək olar.
Teymurdan sonra Şahrux, Əbu Səid, Sultan Hüseyn Bayqara kimi padşahlar bu silsilə şeyxlərinə ehtiram göstərir, iki
dünyanın feyzini onların müqəddəs ruhundan istəyirdilər, yaşayış və məad işlərində onlardan kömək diləyirdilər.
Bu dövrün mötəbər sufi firqələrindən biri də “Nemətullahiyyə” firqəsidir. “Vəli” təxəllüsü ilə tanınan Seyyid Nurəddin
Nemətullah bin Abdullah bin Məhəmməd Kuhbənani Kirmani bu firqəni yaratmışdır. O XIV əsrin sonu XV əsrin
əvvəllərində məşhur İran ariflərindən biri olmuşdur, onun insanlar arasında yayılan çoxlu şeirləri vardır. Bu firqə Şah
Nemətullah Vəlinin ardıcıllarıdır. Öz nəsəbini İmam Sadiqə çatdıran Nemətullah bin Abdullah 731-ci ildə Heratın Kohestan
qəsəbəsində anadan olmuşdur. Uşaqlıq dövrünü keçirəndən Şeyx Rüknəddin, Şeyx Şəmsəddin, Seyyid Cəlaləddin və Qazi
Əsədüddinin yanında müxtəlif etlmləri öyrənəndən sonra böyüklər və ariflərlə tanış olmaq üçün Məkkə, Mədinə, Bəlx,
Mavərənnəhr, Xorasan kimi şəhərlərə səfər etmiş və həmin yerlərin ariflər və alimləri ilə görüşmüşdür.
Əmir Teymur onu müridlərinin çoxluğu bəhanəsi ilə Türküstanı tərk etməyə vadar etmiş, o bir müddət Kirmanda
qalaraq Mahanda xanəgah, bağ və hamam tikdirmişdir. O dövrün padşah və əmirləri, o cümlədən Şahrux, Mirza İskəndər
bin Ömər Şeyx ona böyük ehtiram göstərmişlər.
O 790-cı ildə yəni təqribən 60 yaşında olarkən Herat şəhərinə gəlmişdir. Heratda “Seyyid Hüseyni Sadat” adlı yerə
getmişdi. Bir müddətdən sonra oranın ələvilərindən biri olan Seyyid Həmzə Hüseyni Herəvinin qızı ilə evlənmişdi. Bu
elçilik qəbul olunmuş və Heratda evlənmişdi. O evlənəndən sonra Morğaba getmiş, bir il orda qalandan sonra Kirmana
yollanmışdı.
Qazi Nurullah Şah Nemətullah Vəli haqqında bir dastan nəql edir ki, onun Şahrux Darussəltənəsində olmasından xəbər
verir. Şah Nemətullah 790-cı ildən sonra, yəni Teymuri padşahlarının dövründə, Şahruxun hakimiyyət illərində də Herata
gəlmişdir. Şah Nemətullah Vəli şiə sufilərinin başçılarından olmuşdur.
O Herat və Morğabdan başqa bugünkü Əfqanıstanın digər bölgələrinə də, xüsusilə Cuzcanana səfər etmişdir. Çünki
belə yazırlar: Şəbrəğan yaxınlığında olan Cuzcanan məntəqəsində Sərpol adlı bir çay vardır ki, Seyyid Nemətullah Vəli adı
ilə məşhurdur. O həzrət həmin yerdə bir müddət qaldığına görə onun adı ilə adlandırılmışdır.
Şah Nemətullah məşhur təriqət rəhbərlərindən sayılır. O Heratdan Cuzcana qədər səfər etmiş, bu səfərlərdə çoxlu
adamlarla söhbətlər apararaq insanları az-çox öz təriqətinə dəvət edə bilmişdir. Nemətullahiyyənin Əfqanıstanda nüfuzunu
təsvir etmək üçün bu təriqətin bir neçə mühüm xüsusiyyətinə diqqət etmək lazımdır:
Dinin zahiri hökmlərinə bağlılıq. Şah Nemətullah şəriəti təriqətin üz qabığı sayan və ona o qədər də etina etməyən
sufi firqələrinin bir qrupunun əksinə olaraq özünü və ardıcıllarını şəriət hökmlərinə əməl etməyə vadar edirdi. O çalışırdı
ki, seyro-suluk qaydaları da şəriət qaydaları çərçivəsində qalsın, hind məktəblərindən yol tapmış qeyri-dini nöqasanlar və
qaydalar ondan uzaq olsun. Onun bu addımı fəqihlər və sufilər arasında ixtilafı azaltmaq üçün çox mühüm addım idi, bəlkə
də nemətullahiyyənin davam etmə amillərindən biri də elə bu məsələ idi.
İnsanlara xüsusi diqqət: İnsanlarla oturub-durmaq, onların problemlərinin həlli üçün çalışmaq onun digər
xüsusiyyətlərindən idi ki, şübhəsiz hamı tərəfindən sevilməsinə böyük təsir göstərmişdir. Bu şəxsi xüsusiyyəti Şah
Nemətullah Vəlini digər qeyd edilmiş xüsusiyyətləri ilə birlikdə insanları cəlb etməsinin mühüm amili saymaq olar. Bu da
Şah Nemətullahın Herat və digər bölgələrdə nüfuz qazanmasına səbəb olmuşdur.
|