III FƏSİL TANINMIŞ İRAN ƏDƏBİYYATŞÜNASLARININ NİZAMİ HƏYAT, YARADICILIĞI VƏ ƏSƏRLƏRİNƏ AİD YAZDIQLARI ELMİ ARAŞDIRMALARIN BƏZİ TƏRCÜMƏLƏRİ. Nizami irsinin daha dərindən öyrənilməsi və tədqiqi üçün İran alim və
ədəbiyyatşünaslarının yazdıqları elmi əsərlərin tərcüməsini bilmək çox vacibdir. Ona
görə ki, digər xalqlara nisbətən iranlılar fars dili dövlət dili olduğundan Nizamini daha
yaxşı baş düşürlər. Bu baxımdan hesab edirik ki, bu əsərlərin Azərbaycan dilinə
tərcüməsi vacibdir.
Vəhid Dəstgerdi. Nizaminin Xəzinəsi. Dünya ədəbiyyatı tarixində Nizami Gəncəvini bu qədər sevən və onu təbliğ edən
ikinci bir adama rast gəlmək mümkün deyil.
Söhbət böyük İran alimi Vəhid Dəstgerdidən gedir. Bu böyük alim ömrünün 30
ilini Nizami yaradıcılığına sərf etmiş və onu hamıdan yaxşı açmağa müvəffəq olmuşdur.
Nizaminin həyatı, dövrü, əsərləri haqqında ən dəyərli məlumatları məhz
V.Dəstgerdi vermişdir.
Onun yeddinci dəftərdəki elmi məqalələri “Ərməğan” jurnalında çap olunmuşdur.
Bu məqamlar Nizami yaradıcılığına bələd olmaq istəyənlər üçün çox faydalıdır.
V.Dəstgerdi Nizamini 100 dəfədən çox oxuyub araşdıran alimdir. Elə “Ərməğan”
jurnalındakı silsilə yazıları bunu təsdiq edir. Qəribə orasıdır ki, o, hər dəfə yeni fikirlər
tapmışdır.
Biz də yuxarida deyilənləri nəzərə alaraq böyük alim V.Dəstgerdinin 7 dəftərindən
toplanmış Nizami Gəncəvi haqqındakı elmi məqalələri araşdırmağa çalışacağıq.