Yerdən səslər: Ömrünüz uzun olsun, sağ olun.
Heydər Əliyev: Arzularınıza görə çox sağ olun, sizə təşəkkür edirəm. Mən də
çalışacağam ki, sizin bu dualarınız yerinə yetsin, ömrüm uzun olsun, bundan sonra sizinlə
birlikdə daha da çox işlər görək. Sağ olun. Təşəkkür edirəm.
Yerdən səslər: Cənab prezident, sağ olun, Sizə uzun ömür, cansağlığı, yaxşı yol
arzulayırıq.
“Azərbaycan” qəzeti, 10 noyabr 2002-ci il.
Söhbətin gedişindən başa düşülür ki, ölkənin gələcəyi üçün çalışan bir insanın
narahatlığı hiss olunur. Hətta özünə allahdan ömür istəyən adi bir vətəndaşın yaşamaq
istəyindən çox, Azərbaycanın sabahına inamla baxan Siyasətçinin nigarançılığı sadə
kəndlinin də diqqətindən yayına bilməzdi. Daxilən nə qədər güclü olsa da insan övladının
həyata əlvida demək məqamı yetişən an olur. Məhz buna görə də Heydər Əliyev də
düşünürdü ki, ona verilən ömür payı xalqına xidmətdə bəs eləmiş olsun. Gecəli-gündüzlü
fəaliyyət, durmadan gərgin iş saatına dözmək isə beyinə yorğunluq gətirsə də ilahidən güc
alan bu insan daha yeni ideyalar üzərində işləyir, elə bəşəri layihələrə imza atırdı ki,
gələcəkdə Azərbaycan xalqının müqəddəratına kömək etsin.
O vaxt təklənən ölkəmiz dünya birliyindən təcrid olunmuşdu, nə haqq səsimiz eşidilir,
nə də millətimizin taleyinə acıyan tapılırdı. Hakimiyyətə gəlişinin növbəti mərhələsində
də Heydər Əliyev bu istiqamətə önəm verdi. O, dövlətçiliyi qurdu, daxili çəkişmələrə son
qoydu, ən əsas da xarici aləmdə Azərbaycanın maraqlarının təminatçısı oldu. Beynəlxalq
aləmlə münasibətlərimizə ciddi fikir verdi. Bunlar üçün vaxt lazım idi.
Ömür isə gurultulu çay kimi kükrəyə-kükrəyə axmağındadır. Xalqın Oğlu da bilə-bilə
ki, onun həyatı üçün istirahət vacib şərtdir, bu barədə düşünmədən belə ömrünü-gününü
fəda elədi. Onunla birlikdə xarici səfərlərə yola düşən həmkarlarımın sözlərinə görə,
Heydər Əliyev bir-iki gün ərzində elə gərgin işləyirdi ki, adi müşahidə etmək, olanları
belə təhlil etmək çətinləşirdi. Bir gecədə 72 görüş keçirən bir prezidentin yorulmaz
fəaliyyətindən nə qədər ibrət alsaq da gücümüz tükənərdi. Heydər Əliyev isə nəinki
yorulur, hətta vətənə dönüşündən sonra heç dincəlmədən yenidən iş otağında, prezident
sarayında, dövlətin başında idi.
Özündən çox xalqını fikirləşərdi. O, xəstə yatdığı zaman millətin ürəyində qorxu var
idi ki, həyatı bahasına qurduğu dövlətin aqibəti necə olacaq?. Bir neçə il ərzində yaşanılan
faciələr Azərbaycanı yaman sarsıtmışdı. Dözülməz fəlakətlərlə üzləşən millət Heydər
Əliyevin hakimiyyətə qayıdışından sonra təhlükəli oyunlardan qurtuldu. Onun siyasi
səhnədəki xidmətləri hər bir vətəndaşa sabit bir ölkənin sakinləri tək yaşamaq fürsəti
yaratdı...
Siyasət meydanına yeni gələn İlham Əliyevin bacarığı göz önündə olsa da Yeni
Azərbaycan Partiyası üzvlərinin onun haqqında inamla dediyi fikirləri əvvəllər büsbütün
ona görə qəbul edə bilmirdik ki, Heydər Əliyev qədər onu tanımırdıq. Hər şeydən gözü
qorxan xalq müxalifətin də söylədiklərini eşidəndə nələrin baş verəcəyindən ehtiyat
edirdi. Təkcə Heydər Əliyevin məktəbini keçməsi, onun canından, qanından olması, Neft
Şirkətindəki fəaliyyəti, idmanımızın inkişafında xidmətləri, deputat seçildiyi Qaradağ
rayonunda gördüyü işlər, Avropa Şurası kimi mötəbər bir qruma vitse-prezident seçilməsi,
bir sözlə siyasi nailiyyətləri ümid işığı verirdi ki, taleyimizi dahi siyasətçinin yetirməsinə
etibar edək...
Qısa zamanda ümidlər özünü doğrultdu. İlham Əliyevin rayonlara səfəri, verdiyi
vədlər əhalinin ürəyindən xəbər verdi. Yeni iş yerlərinin açılması üçün ölkədə iqtisadi
planlar həyata keçirilməyə başlandı. İllərin şahidi olduğumuzdan ötənləri xatırlasaq qısa
müddət ərzində hansı önəmli hadisələrin baş verdiyi göz önündədir.
Bölgələrə səfəri ilə hər yerə canlanma gətirdi. Doğma Azərbaycanı qarış-qarış gəzən
İlham Əliyev əhaliyə verdiyi sözün üstündə durdu, dediklərini həyata keçirdi və ölkəmizin
hər yerini tikinti-quruculuq ab-havası bürüdü.
Dostları ilə paylaş: |