Maliyyə sistemi.1990-cı ilin başlanğıcında Qətərin qızıl-
valyuta ehtiyatı 13 mlrd. dollar, xarici dövlət avurları 12 mlrd. dollar,
xarici kapital qoyuluşu isə 25 mlrd. dollar qiymətləndirilmişdir. O
vaxt cəmi 400 min əhalisi olan bir ölkə üçün bu göstəricilər çox
böyük rəqəmlərdir. «Neft dollarları» əldə edilməsinə görə Qətər
region ölkələri arasında Səudiyyə Ərəbistanı, İran, BƏƏ və
Küveytdən sonra 4-cü yerə çıxmışdır. Səhmlərin əldə edilməsi Qətər
milli burjuaziyasının nümayəndələrini Qərbin işgüzar ortaqlarına
çevirir.
Dövlət tərəfindən iri xarici şirkətlərin qiymətli kağızlarının
alınması və Qərb ölkələrinə borc verilməsi Qətərin iqtisadiyyatını
dünya təsərrüfatına bağlayır. Qətər də Əməkdaşlıq Şurasına daxil
olan digər ölkələr kimi inkişaf etməkdə olan ölkələrə güzəştli
kreditlər verir. Qətər kapitalı Şura üzvü olan digər ölkələrin kapitalı
ilə birlikdə dünya iqtisadiyyatının inkişafına və beynəlxalq
münasibətlərin bəzi məsələlərinin həllinə xeyli təsir göstərir.
Beləliklə, Qətər neft və təbii qaz ölkəsi olmaqla yanaşı, həm də
böyük kapital ixracatçısıdır. Onun kapitalı dünya təsərrüfatının bir
çox sahələrində dövriyyədədir. Kapital qoyuluşu dairəsini
genişləndirmək, müştərək müəssisələrin tikintisi üçün yeni-yeni
ortaqlar və sahələr axtarır.