İnfrastruktur termininin yaranması və inkişafı
İnfrastruktura termini ilk dəfə qərb iqtisadçılarının tədqiqatlarında istifadə edimişdir və yaranması haqqında bir neçə variant müvcuddur. Bunlardan biri infrastrukturun yaranmasını tikinti sahəsi ilə əlaqələndirərək onu hər-hansı bir tikintinin özülü ilə eyniləşdirirlər. İhfra – latın mənşəli söz olub alt, struktura – qurluş, yerləşmə mənasındadır. Digər yanaşma ondan ibarətdir ki, infrastruktur termini ilk dəfə Qərbdə silahlı qüvvələrin hərbi qabliyyətinin təhlili zamanı istifadə edilmişdir. Söhbət, adətən, hərbi, istehsal və sosial infrastruktur haqqında gedirdi. Belə ki, hərbi infrastruktura dedikdə hərbi qüvvələrin fəaliyyətini təmin edən sahələrin (hərbi anbarlar, limanlar, radiolokasiya məntəqələri, poliqonlar və s.) kompleksi nəzərdə tutulurdu. (bununla əlaqədar olaraq indi NATO-da infrastruktur üzrə komitə də mövcuddur). Hərbi infrastruktura – müharibə şəraitində hərbi əməliyyatların aparılmasını təmin edən, sülh şəraitində isə dövlətin müdafiə qabliyyətinin lazımi səviyyədə saxlanılmasına xidmət edən bir qurumdur. Bu fikir sonralar bütün başqa sahələrdə də geniş yayılmışdır. Məsələn 40-cı illərdə Qərbdə infrastruktur anlayışı maddi istehsalın fəaliyyətinə xidmət edən sahələrin məcmusu kimi başa düşülürdü. İnfrastruktur özəklər, qurumlar çoxdan yaransa da bir məfhum, anlayış, termin kimi onun elmi dövriyyəyə daxil olması XX əsrin əvvəllərinə aid edilir.
Keçmiş sovet iqtisadi ədəbiyyatında bu anlayış ilk dəfə 70-ci illədə nəzərdən keçirilmişdi. Bütün tədqiqatçılar infrastrukturu hər bir bütöv iqtisadi sistemin vacib tərkib hissəsi kimi qəbul edir. 1970-80-ci illərdə iqtisadi ədəbiyyatda adətən infrstruktur – fəaliyyət məqsədi şəxsi kapitalist müəssisələrinin inkişafı üçün lazımi şəraitin yaradılması olan, ümumi sahələr kompleksi və ya müəyyən ərazidə müasir təsərrüfat müəssisələrinin uğurlu fəliyyəti onlarsız mümkün olmayan, madditexniki şəraitin, yük axınlarının, insanların, enerjinin, informasiyanın fasiləsiz hərəkətini təmin edən mühəndis-texniki qurğuların və obyektlərin məcmusu kimi başa düşülürdü. XX əsrin 50-80-ci illərində Almaniya və ABŞ – da infrastruktur sahələrinin inkişafı üçün 10-25 ilə proqnozlar yarandı. XX əsrin 40-cı illərindən başlayaraq infrastruktur anlayışı altında maddi istehsal sahələrinin normal fəaliyyətini təmin edən sahələrin məcmusu kimi başa duşulməyə başlanır. Bəzi ədəbiyyatlarda infrastrukturlar bazar iqtisadiyyatının, kapitalizmin müasir dövrünün «məhsulu» kimi israr edilir. Lakin məlum olduğu kimi, iqtisadi nəzəriyyə elmi iqtisadi hadisələrə, proseslərə tarixilik mövqeyi ilə yanaşır və elmimetodoloji baxımı daha səhih hesab edir. Odur ki, bu yanaşmanı əsas tutaraq nəzərə alınmalıdır ki, infrastrukturların yaranması öz spesifik funksiyalarını yerinə yetirən qurum kimi qədimlərə gedib çıxır. Bu, ilk növbədə kənd təsərrüfatı ilə (əkinçiliklə), bu sahənin tələbatı və dövrünə görə ona xidmət etmək, inkişaf etdirmək zərurəti ilə bağlı olmuşdur. Onu yalnız kapitalizmin, müasir bazarın kompanenti kimi vermək müəyyən mənada səhih olmaz. Lakin o başqa məsələ ki, infrastrukturların kütləvililiyi, onun şaxəliliyi, əhəmiyyət dairəsi, rol genişliyi və dərinliyi məhz kapitalizmin formalaşması və inkişafı ilə müasir sivilizasiya ilə bilavasitə bağlıdır. İnfrastruktur özəklər, sahələr tarixi pillələrlə bugünkü səviyyəyə çatmış və əvvəlki tarixi dövrlərlə müqayisəsiz dərəcədə yüksəlmişdir.
Kapitalizmin, bazar iqtisadiyyatının ardıcıl tarixi pillələri, başqa sözlə, onların bir-birini əvəz etmələri infrastruktur özəklərin, sahələrin daim tərəqqisinə də təkan vermişdir. Bəzi marksist ədəbiyyatda infrastrukturların ən çox kapitalist təsərrüfatı şəraiti üçün xas olduğu və əhəmiyyət kəsb etdiyi göstərilir. Bu, çox yalnış və düzgün olmayan müddəadır. İqtisadi sistemin mahiyyətindən asılı olaraq, infrastruktur qurumların fəaliyyəti daim obyektiv zərurətdən doğur, cəmiyyətin ümumi tərəqqisi, sosial-iqtisadi inkişafı üçün çox mühüm əhəmiyyət kəsb edir. Ən ümumi mənada infrastrukturlar dedikdə, həm bütövlükdə iqtisadiyyatın, həm də onun ayrı-ayrı bölmələrinin fəaliyyəti üçün şərait yaradan və bu məqsədə xidmət edən sahələrin məcmusu başa düşülür. İnfrastrukturların əsas cəhətlərindən biri onun fərdi yox, kollektiv və ictimai tələbatların ödənilməsinə xidmət etməsidir. İnfrastrukturlar təkrar istehsalın bütün fazaları: istehsal, bölgü, mübadilə və istehlak arasında qarşılıqlı əlaqələrin formalaşmasına yönəlmişdir. İnfrastrukturlar bu fazalar içərisində başlıca olaraq maddi nemətlər istehsalı və maddi nemətlərin mübadiləsi bölgüsü üzrə fəaliyyət göstərirlər. Sosial-iqtisadi həyatın ayrı-ayrı komponentləri kimi infrastruktur özəklər də cəmiyyətin normal fəaliyyəti üçün çox gərəkli, faydalı, zəruri nemətlərdir. Svilizasiyanın müxtəlif pillələrində infrastrukturların funksional fəaliyyəti özünü əyani şəkildə təzahür etdirir. İnfrastrukturların funksional fəaliyyəti ilk növbədə onların çox şaxəliliyi, geniş dairəyə malik olmaları və daim artmaları ilə səciyyələnir. İnfrastrukturların funksional fəaliyyətində mühüm cəhətlərindən biri onun daim cəmiyyətin inkişaf səviyyəsinə uyğunluğu və mütərəqqilik meylidir. Elmitexniki tərəqqi ilə üzvi əlaqədar olaraq infrastrukturlar daim kəmiyyət artımı ilə keyfiyyətcə də daha mütərəqqi dəyişikliklərə malik olurlar. Sosial-iqtisadi həyatın böyük şaxələrinə aid olanlardan biri infrastruktur deyilən sahələr, onların məcmusudur. Bu özü də çoxsəpgili və çox istiqamətlidir. Cəmiyyət inkişaf etdikcə infrastrukturlar da geniç miqyas alır, yeniləri əmələ gəlir və bu yenilərin mikroistiqamətləri meydana çıxır. Bu mikroistiqamətlərdən də biri bazar infrastrukturudur.
Çox mühüm və son vaxtlar daha çox tədqiqat obyektinə çevrilən bir problemə – bazar infrastrukturuna həsr olunmuşdur. Son illər iqtisadi ədəbiyyatda bazar infrastrukturuna və onun ayrı-ayrı elementlərinə aid olan yazılara rast gəlmək olur. Lakin iqtisadçılar və təsərrüfatçılar arasında həmin problemin bir qiymətli şərhi verilməmişdir. Onlardan bəziləri bazarın infrastrukturu və strukturu anlayışlarını qarışıq salır və nəticədə onun formalaşmasında və fəaliyyətində birmənalı olmayan izahlar meydana çıxır. Bundan başqa, bazar infrastrukturunun inkişafı ən çox onun formalaşmasından, istifadə mexanizmindən və eləcə də sərbəst bazarların qarşılıqlı fəaliyyətinin nə qədər düzgün açılmasından asılıdır. Bununla əlaqədar olaraq, məqsəd bazar infrastrukturuna aid olan ədəbiyyatın sistemləşdirilməsi, bu sahədə çalışan müxtəlif iqtisadçıların və mütəxəssislərin fikirlərinin ümumiləşdirilməsi əsasında sərbəst bazarların təsnifatı, onların məzmun və mahiyyəti, eləcə də bazar iqtisadiyyatında onların yerinə yetirdikləri rola görə fəaliyyətlərini düzgün xarakterizə etməkdir. Məlumdur ki, infrastrukturlar təsadüfən meydana çıxmayıb, cəmiyyətin, insanların obyektiv tələbatı ilə, bu tələbatın daim artması qanunu ilə yaranıb və inkişaf edib. Həm də onlar xalis eyni cinsli deyillər və odur ki, ictimai əmək bölgüsü qanununun fəaliyyəti ilə dərin təsnifata uğramış və müasir dövrdə də həmin meyl daim davam edir. İnfrastrukturlar cəmiyyətə, insanlara öz vacib gərəkliyinə görə yaranmış və daim təkamüldədir. Deməli, onun cəmiyyətin sosial-iqtisadi həyatında böyük rolu və əhəmiyyəti danılmazdır. Verilmiş təsnifata görə bazar infrastrukturu 13 sərbəst bazardan ibarətdir. Bunlara əmtəə və xidmətlər bazarı, istehsal vasitələri bazarı, daşınmaz əmlak bazarı, işçı qüvvəsi bazarı, innovasiya bazarı, investisiya bazarı, lizinq bazarı, sığorta bazarı, maliyyə bazarı, informasiya bazarı, reklam bazarı, qiymətləndirmə bazarı, konsaltinq bazarı aiddir.
Dostları ilə paylaş: |