İqtisadi davranış — qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün məhdud
resursların bölgüsü və istifadəsi barəsində qərarların qəbul olunmasının prosesidir.
Mikroiqtisadi təhlil ayrı-ayrı iqtisadi subyektlərin (ev təsərrüfatlarının və firmaların)
iqtisadi davranışının göstərilən aspektdə tədqiqatını əhatə edir. Mikroiqtisadi təhlilin
xüsusi əhəmiyyəti ondan ibarətdir ki, mikrosəviyyədə qəbul edilən iqtisadi qərarlar
kumulyativ təbiətə malikdir, yəni onlar bütün təsərrüfat sisteminə birgə təsir göstərir. Buna
görə mikrosəviyyədə iqtisadi davranışın təhlili iqtisadi nəzəriyyənin ən mühüm tərkib
hissəsidir.
İstənilən nəzəriyyənin vəzifəsi real həyatda müşahidə olunan hadisələri izah etməkdən
ibarətdir. Mikroiqtisadi təhlilin vəzifəsi iqtisadi davranışın qanunauyğunluqlarını izah
etməkdən, yəni iqtisadi agentlər tərəfindən qərarlar qəbul olunmasına (seçim edilməsinə)
təsir göstərən amilləri aşkar etməkdən və anlamaqdan ibarətdir. Ayrılıqda götürülmüş hər
bir iqtisadi agent bu seçimi resursların istifadəsinin bu və ya digər variantının məqbulluq
meyarları və bu haqda şəxsi təsəvvürləri əsasında həyata keçirir. Mikroiqtisadiyyatın
vəzifəsi təsərrüfat subyektlərinin iqtisadi davranışını və hərəkətlərinin oxşarlığını müşahidə
edərək, onların iqtisadi qərarlar qəbul etməsinin qanunauyğunluqlarını aşkar etməkdən
ibarətdir. Bu qanunauyğunluqların müəyyən edilməsi bir sıra mühüm suallara cavab
tapmağa imkan verir: istehlakçılar alış haqqında qərarları necə və hansı amillərin təsiri
altında qəbul edirlər? Firmalar məhsul buraxılışının həcmi haqqında qərarlar qəbul
edərkən nəyi əsas götürürlər? İstehsal resurslarının yerləşdirilməsi haqqında qərarlar necə
qəbul edilir?
Dostları ilə paylaş: |