1906-cı İL İYUL AYINDA ŞUŞA ŞƏHƏRİNDƏ BAŞ VERMİŞ
ERMƏNİ-MÜSƏLMAN DAVASI
O vaxt ki, böyük dava (1905-ci il) sakit olmuşdu, erməni tayfası
müsəlmanların, müsəlmanlar isə ermənilərin bazarına gedir, alış-veriş edirdilər.
Hərçənd ki, yollar açıq idi, amma ermənilər yenə düz durmurdular: tək-tək əlsiz-
ayaqsız kasıbkar adamları oğurluq ilə tutub öldürürdülər. Müsəlmanlar da onların
əvəzini çıxırdılar.
Ermənilər müttəsil (arası kəsilmədən), min cür hiylə ilə hər yerdən hərbi
sursat gətirərək, dava üçün tədarük edirdilər. Onlar əlavə maşınlar, nasoslar,
tüfənglər, toplar, barıt, bombalar və başqa silahlar cəm edib, daha çox müharibəyə
hazırlaşırdılar. Bununla bərabər, onlar gələcək vuruşmaların üsul və yollarını
müzakirə etdikdən sonra belə bir qənaətə gəldilər ki, müsəlmanlara sarsıdıcı zərbə
endirmək üçün pul qüvvəsinə hiylə işlədilərək rus ordusunun və silahının
ermənilərə kömək göstərməsi təmin edilməlidir. Bu hiyləni həyata keçirmək üçün
yeganə yol rus generalını pul ilə ələ almaq idi.
Birinci (1905-ci il) erməni-müsəlman davasında sülh və əmin-amanlıq
yaratmaq üçün Şuşaya göndərilmiş Qalaşakov (Kalaşakov) adlı bir rus generalı var
imiş. Həmin il o, zahirən ermənilərə yaxınlıq göstərməmişdi. Amma indi,
ermənilərin məşvərətindən sonra duma qlavası erməni Kiki Kələntərov onu yaxşı
öyrənmiş, onunla söhbət edib, ermənilərə qarşı rəğbətini bildikdən sonra generalın
Şuşa şəhərində üsul-idarənin rəhbəri təyin olunması üçün onun razılığını almışdı.
Kiki Kələntərov müsəlmanların nümayəndələrini çağıraraq deyir:
— Şuşada bu iki millət arasında ədalətli sülh yaratmaq üçün bir rəhbər təyin
etməliyik. Mən çox düşündükdən sonra belə qənaətə gəldim ki, bu vəzifəyə general
Qalaşakovdan başqa bir kəsi təyin etmək olmaz. Hərçənd ki, o, əvvəllər bizim
erməni tayfasilə yaxşı dolanmadı, kəndlilərimizi tovladı, kazaklar kənd əhlinin
övrətlərinə xəyanət etdilər. Amma əlac yoxdur, onu rəhbər təyin edək.
Biçarə müsəlmanlar əvvəllər Qalaşakovdan zahirən yaxşı münasibət
gördüklərindən razı oldular. Hər iki tayfanın razılığına əsasən general həmin
vəzifəyə təsdiq edilərək, Qalaya göndərildi. Qalaşakov Şuşaya gələn kimi
ermənilər məhəlləsində Kələntərovun qabaqcadan hazırladığı iqamətgahda
yerləşdirildi. Onun əmrilə elə ilk günlər müsəlman məhəllələrində olan rus
ordusunun topları erməni küçələrinə keçirildi, kazaklar və əsgərlər isə erməni
məhəlləsi səmtində olan Köçərli məscidinin ətrafında qurulmuş çadırlarda
yerləşdirildi.
Hər gecə Kiki Kələntərovun başçılığı ilə, erməni tayfasının hesabına general
Qalaşakovun mənzilində kef məclisləri qurulurdu. Kələntərovun seçdiyi və
generalın qulluğuna təyin etdiyi 2—3 nəfər xoşsurət erməni övrətləri gecə-gündüz
ona xidmət edirdilər. Kələntərov gecə məclisləri əsnasında Qalaşakova və onun
kazaklarına neçə min manat rüşvət verərək, Qalaşakova öz məqsədini izhar etdi.
80
Qarşıdakı erməni-müsəlman davasında rusların onlara kömək etməsini və bu
köməyin yerinə yetirilmə yolları ilə əlaqədar tədbir tökməsini generaldan xahiş
etdi. Qalaşakovun tədbirilə Kələntərov və qımdatlar ətraf kəndlərə, eləcə də
Gəncəyə, İrəvana və başqa şəhərlərə kağız yazıb göndərdilər. Həmin kağızda hər
kənddən orta hesabla 30-100 nəfər silahlı dəstələrin Şuşaya göndərilməsi tələb
olunurdu. Tezliklə Qalada yeddi min silahlı erməni ordusu hazır oldu. Onların
arasında Osmanlı tabeliyində olan ərazidən gələn erməni dəstələri də var idi. Beş
ədəd rusların, 6 ədəd isə ermənilərin topları var idi. General və ermənilər qarara
aldılar ki, davanı iyulun 12-də başlasınlar.
Rusların istədiyi bu idi ki, bu iki millət bir-biri ilə dava edib, bir-birinə
məşğul olsunlar, tainki dövlət fərağat olsun, çünki millətin zəif və kasıb olmağı
dövlətin silahıdır.
Neçə gün bundan (yəni, iyulun 12-dən) qabaq səkkiz müctəhid
şəriətmədardan fitva gəlmişdi ki, müdafiə və vuruş zamanı başqa millətə əşya,
xüsusilə vuruş sursatı və müdafiə üçün lazım olan malları satmaq olmaz. Ona görə
cəmi müsəlman tayfası Qalada və başqa yerlərdə ermənilərə ərzaq, taxıl və sair
malların satışını dayandırdı. Buna görə ermənilər çox çətinliyə düşmüşdülər.
Əhvalatı həddindən artıq şişirdərək, Qalaşakova xəbər verdilər və müsəlmanları
təqsirləndirdilər. General çox xatircəmliklə ermənilərə söz verdi ki, bu neçə min
ermənilərlə mənim qoşunum müsəlmanları bir sutkada, yəni 24 saatda tar-mar
edib, ölənini öldürəcək, ölməyənini dağlara, daşlara pərakəndə edəcəkdir.
Bu davanın necə hazırlandığını erməni tayfasının mötəbərləri tam aydınlığı
ilə öyrənib (vuruş başa çatdıqdan və barışıq əldə edildikdən sonra M. M. Nəvvaba),
özləri danışmışlar. Qalaşakov söz verib ki, onun tədbirilə erməni silahlıları və rus
əsgərləri müsəlmanların evlərini, dükan və bazarlarını tamamilə yandırıb, özlərinin
qırılanını qıracaqlar, qalanını isə büsbütün Böyük məsciddən aşağı məhəllələrə
qovacaqlar. General rus kilsəsindən başlayaraq, Böyük məscidə kimi Rastabazarı,
meydanı, Şeytanbazarı və bütün evləri darmadağın edib yandırmağı öz üzərinə
götürür. Bundan sonra vuruşun davam etdirilməsini və yaxud müsəlmanlarla
barışmalarını ermənilərin öz öhdəsinə buraxmışdır. Kiki Kələntərov Qalaşakovun
bu planını qəbul etmiş və generala 10000 manat rüşvət verərək belə ittifaqa gəlirlər
ki, generala verilən puldan əlavə padşahlıq rus topunun hər atəşinə 15 manat, çar
ordusu əsgərlərinin tüfəngdən atdıqları hər bir gülləyə isə bir manat pul verilsin.
General Kələntərovla əvvəlcədən tökdükləri tədbirə əsasən, rus əsgərləri
erməni keşikçilərindən birini öldürərək müsəlman səmtə atdılar və sonra da səs
saldılar ki, müsəlmanlar erməni keşikçisini öldürərək başını kəsmiş və tüfəngini də
aparmışlar. Qabaqcadan hazırlanmış hiyləyə əsasən həmin vaxt rus əsgərlərindən
iki nəfər də gedib, müsəlman məhəllələri tərəfdən ermənilər səmtə güllələr atırlar.
Ermənilərin avamları çığırışıb generalın yanına gedirlər və deyirlər ki,
müsəlmanlar bir keşikçi öldürüb, erməni məhəlləsinə neçə güllə atıblar. Generalın
hiyləsi də bu idi ki, xalqı müsəlmanlara qarşı qaldırsın. Sonra Qalaşakovun əmrilə
81
erməni tüfəngdarları səngərlərə bölüşdürüldü. Ruslar da dəstə-dəstə gəlib,
müsəlmanların səngərlərini mühasirə etdilər. Ruslar və ermənilər müsəlman
səngərlərini gülləbaran etməyə başladılar.
Pəs
cumada-s-səni
ayının
üçüncü
günü—çərşənbə
günü—yəni
qərarlaşdıqları kimi, iyulun 12-də qımdatlar generalın məsləhətilə günorta vaxtı
davanı başladılar. Əvvələn qımdatın biri, müəzzin axırıncı «la ilahə illəllah»
sözlərini deyən məqamda Böyük məscidin minarəsinə bir güllə atdı. Güllə
müəzzinə toxunmayıb, minarənin sütununa dəydi. Bunu görən "müsəlmanlar
halətdən çıxıb, şaraq-şaraqla dükan-bazarı bağladılar. Yarım saat ərzində tamam
silahlandılar və üz qoydular səngərlərə və girəvəli yerlərə. Bu halətdə divan işçiləri
və generalın əli altında olan çinovniklər hiylə ilə müsəlmanların içinə gəlib, uca
səslə müsəlmanları sakit elədilər ki, bu dava sizinkilərlə deyil, kazaklar ermənilərlə
dava edir. Bu general daha bir hiylə işlədərək qabaqcadan lazımi təlimat verib, bir
rus zabitini öz dəstəsilə müsəlman məhəlləsində yerləşdirmişdi. Müsəlmanlarla
dostluq etdiyinə görə, həmin zabitə inanıb, ehtiram edirdilər. Elə ki ermənilərlə
ruslar başladılar müsəlmanları gülləbaran etməyə, müsəlmanların içində olan zabit
öz rusları ilə şeypur çalıb səs saldılar ki, dava eyləyən kazaklarla erməni tayfasıdır,
bunun müsəlmanlara dəxli yoxdur. Müsəlmanlar onun sözünə inansalar da, yaraq-
əsbabları əllərində küçələrə gəlib, vuruşmağa hazır dururdular, amma atan yox idi.
Xof arasında qalmışdılar. Gecə düşən kimi od-alov işığı aləmi götürdü.
Biçarə müsəlmanlar bu hiyləyə inanıb, axşamadək səngərlərdə və küçələrdə
müntəzir durdular. Elə ki, gecə oldu, bu vədə gördülər ki, Köçərli məhəlləsi
tərəfdən od-alov qalxdı. Xəbər gətirdilər ki, general Qalaşakovun əmrilə ruslar
ermənilərlə birləşib, Köçərli məhəlləsinin məscidinə və evlərə od vurublar. Bu işıq
onun işığıdır. Generalın hiyləsi müəyyən olduqdan sonra xalq karıxıb qalmışdı.
Bilmirdilər səngərlərə gedib düşmənə cavab versinlər, yaxud bazar-dükanda olan
şeyləri bir yerə daşısınlar. Xülasə, o gecə bütün tüfəngdarlar dükanlardakı malları
evlərə daşımaqla məşğul oldular. Ona görə ermənilər və ruslar bir gecə boş evlərə
od vurub yandırdılar. İkinci gecədən müsəlmanlar davanı başladılar. Köçərli
məscidinin ətrafında hiylə ilə çadır qurub mənzil etmiş ruslar məscidə tərəf gedən
iki müsəlmanı — Hacı Abdullanı və Kərbəlayı Əlini güllələyib yıxdılar. Onlara
tərəf gedən daha bir müsəlmanı da vurub yerə sərdilər. Ondan sonra gəlib məscidə
od vurub yandırmağa başladılar. Məscid od alıb yandıqdan sonra, ermənilər və
ruslar Abbas Mirzənin oğlu şahzadə Bəhmən Mirzənin imarətinə gəldilər. Şahzadə
Bəhmən Mirzə neçə il bundan irəli İran dövlətində böyük cinayət etdiyinə görə,
oradan köç-külfətilə qaçıb, rus dövlətinə pənah gətirmişdi. Rus padşahı hər il ona
36 min manat məvacib verirdi. O, ailəsi və xidmətçilərilə ikimərtəbəli təmtəraqlı
bir evdə yaşayırdı. Şahzadə mərhum olandan sonra onun varisləri və xidmətçiləri
yenə orada qalırdılar. Amma bu davadan irəli onun oğlanları və ailələri evi bisahib
qoyub, hər biri bir yerə getmişdilər. Bu imarəti də gəlib yandırdılar. Daha sonra
82
Rzaqulu Mirzə bəy Cürminin və oğlanlarının, eləcə də Şuşanın neçə böyük
əyanlarının sahibsiz evlərinə, bir sıra hamamlarla birlikdə od vurdular.
Bunlar boş evləri yandırarkən bu tərəfdə generalın kazakları hər bir səngərə
dəstə-dəstə bölünmüş erməni silahlıları və xidməti qurtarmış erməni soldatlarilə
başladılar müsəlmanları topa tutmağa və nizam qaydasilə tüfənglər atmağa. Bir
gecə-gündüzdə dövlətin (rus ordusunun) topundan 120 kərə müsəlmanlar səmtə
atəş açdılar. Ondan savayı, ermənilərin özlərinin 6 ədəd topları var idi. Dövlətin
toplarının sayı isə beş ədəd idi. Bu 11 ədəd topu səngərlərə qoyub, arası
kəsilmədən peydərpey atırdılar.
Dövlət toplarından müsəlmanların üstünə açılan atəşlər zamanı yerə düşən
top güllələrini müsəlmanlar götürür, bir yerə cəm edib saxlayırdılar ki, lazım olan
yerlərə göstərsinlər və generalın dövlətə və millətə xəyanət etdiyini sübut etsinlər.
Çünki o topların gülləsində dövlətin nişanı və nömrəsi var idi.
General özü isə gah bu, gah da o biri səngərdəki topçulara baş çəkərək
onların atəşlərinə düzəlişlər verirdi. Bu halətdə ermənilər generalın yanına gəlib,
iki müsəlman səngərindən şikayət etdilər ki, bizlərə bu iki səngərdən çox zərər
dəyir. Belə ki, onların əlindən bir insan həyətdə və evlərdə hərəkət edə bilmir. Bu
səngərlərin biri Gövhərağanın, o birisi isə Hacı Rüstəmin evlərində yerləşirdi. Ağa
general dedi ki, buyuraram hər iki səngəri tar-mar edərlər. Sonra generalın
göstərişilə kazaklar, ermənilər və rus əsgərləri Hacı Rüstəmin evində olan səngərə
doğru hərəkət etdilər. Evin ermənilərə tərəf olan səmti xarabalıq idi. Qırğın
başlamazdan bir gün əvvəl generalın tədbirilə gəlib, xarabalıq tərəfdən evin
divarının dibindən külünglə yarım arşın qədərində deşik açmışdılar. Müsəlmanlar
həmin deşiyi görüb, bir-birinə xəbər vermişlər ki, ermənilər Hacının evinin divarını
dəliblər. Bunu bilə-bilə müsəlmanlar səhlənkarlıq edib, nə o deşiyi bağladılar, nə
də onun ağzına bir tüfəngdar qoymadılar ki, görsünlər nə olacaq.
Ermənilər ruslarla birlikdə, gizlincə o xarabalıqlarla gəldilər həmən deşik
olan divarın yanına. Generalın təliminə əsasən o deşikdən evin içinə bir balaca
yeşik atıb, geri qaçdılar. O yeşiyin içində bir partlayıcı maddə var idi ki, onun
adına dinamit deyirdilər. Evin içinə atdıqları həmin dinamit partlayıb, ikimərtəbəli
imarəti havaya sovuraraq tar-mar etdi. Ondan sonra evə od vurub yandırdılar.
Yaxşı ki, bir adama xəsarət yetişmədi. O evdə olan müsəlmanlar qabaqcadan çıxıb,
müqabildə olan Hacı Həsənin evinin səngərinə doluşmuşdular.
Xülasə, general sair yerlərdən gəlmiş 7 min erməni silahlılarını, 850 nəfər
kazak və rusları tamamilə bölüşdürərək müsəlman səngərlərinin müqabilinə
göndərdi. Silahlılarla yanaşı, arasıkəsilmədən atan dövlət (rus ordusu) və erməni
toplarının cümləsinin məqsədi məscidlərə rəxnə salmaq və minarələri darmadağın
etmək idi. Allaha şükür, bu qədər toplar ki, neçə yüz dəfə atdılar bir insana və
heyvana zərəri yetişmədi. Hərçənd ki, top güllələri məscidin ətrafında olan evlərin
bir parasının taxtapuşuna, pəncərəsinə və bir para yerlərinə dəyib şikəst elədi.
83
Amma bu qədər kazak, rus və erməni top və tüfənglərinin müqabilində,
ancaq onların yarısı qədər olmasına baxmayaraq, müsəlman tayfası mərdliklə dava
edir, səngərlərdə və gizli yerlərdə möhkəm dayanıb, dəstə-dəstə erməniləri və
onların səngərlərini gülləyə tutub atışırdılar. Hər dəm nəreyi «Ya Əli!» və uca səslə
salavat çəkib, neçə yüz yerdən gurultu ilə gülləni yağmur tək tökürdülər. Əlavə bir
topları var idi. Üçüncü gecə həmin topu təkərə mindirərək səngərləri dolandırıb,
hər səngərdən bir-iki dəfə erməni səmtə atırdılar. Divanxana qabağından atanda
Qız kilsəsinin yanında bir darvazanı dağıtdı. Mamayı səngərindən yuxarı meydana
tərəf atanda 18 nəfər erməni yaralandı və öldü. Topun içinə nal parçaları və xırda
dəmirlər doldurmuşdular. Bu topu bürüncdən qalalı (şuşalı) bir usta tökmüşdü.
Bundan başqa, bir gurultusu var idi ki, atılan vaxt dağ, daş hərəkət edib
guruldayırdı. Amma dövlətin və ermənilərin topu belə deyildi. Hər səngərdən
qalxan bu topun gurultu qorxusu erməniləri daha çox vəhşətə salır və həyəcana
gətirirdi.
O zaman ermənilər İran tərəfdən qoşun gəldiyini və bu topun da onların
olduğunu güman eylədilər. Amma bu tərəfdən təsadüfən o gecə və onun sabahısı
dalbadal neçə yüz igid və təcrübəli döyüşkən cavanlar sursatla Qalaya daxil
oldular. Qala əhli onları artıq dərəcədə ehtiramla qəbul edib, yaxşı mənzillərdə
yerləşdirdilər. Amma çox olduqlarına görə, əksərinə məscidi-cameədə yer verdilər.
Camaat səhər, günorta və axşam onlara ləzzətli yeməklər verib, rahatlıqlarını təmin
etdilər. O gün və o gecə yatıb rahat oldular. Bu igidlərin iki sərkərdələri var idi.
Biri Sultan bəy Paşa bəy oğlu və biri də İbrahim bəy Əli Məhəmməd bəy oğlu.
Həmin şəxslər yeyib, içib rahat olduqdan sonra yekdil və yekməqal şəhər
əhlinə dedilər ki, bunu bilin, siz şəhər əhli bədənin başı hesabındasınız. Biz
kəndistan əhli isə ayaq və sair üzvlər mənziləsindəyik. Başa haradan zərbə gəlsə
lazımdır ki, həmin zərbə əl və ayaqla başdan rədd və müdafiə olunsun. Nə qədər ki,
baş salamatdır, bədən də salamat olacaq. Əgər əl, ayaq və qeyri üzvlər olmasa da,
baş salamat qalarsa, bədən də salamat qalar. Allah eləməsin, başa zərbə yetişsə,
bədən tamam öləcək və qeyri üzvlər dəxi bir iş görə bilməz. Bizlər dura-dura siz
şəhər əhli belə zəhmətə düşməyiniz bizim üçün nadanlıq və insafsızlıqdır.
Lazımdır ki, biz sizin öndə vuruşan dəstəniz olub, istənilən canfəşanlıq əmələ
gətirək.
Xülasə, elə ki gecə araya gələn kimi Sultan bəy və İbrahim bəy öz igid
cavanlarını dəstə-dəstə səngərlərə bölərək vuruşa başladılar. Sonra onlar salavat
çəkib «Ya Əli!» deyə-deyə erməni səngərlərinə hücuma keçdilər və tezliklə onları
tutdular. Müsəlman cavanları bu əməliyyatı böyük atışmalar və erməni
səngərlərindən onların üzərinə yağdırılan güllələr altında aparırdılar.
Bir tərəfdən də müsəlmanların cavanları və uşaqları pud-pud neft və
bağlama-bağlama köhnə əski və cındalar götürüb, üz qoydular Vəzirovlərın
səngərinə. Oradan isə doldular ermənilərin evlərinə. On beş evə od vurdular, lakin
cında və əskilər üç gecə-gündüz yağışın altında qalıb islandığına görə həmin
84
evlərdən yalnız üçü yandı. Bir qismi isə yarımçıq yanmışdı. Bundan başqa
Ağadədəli səmtində müsəlmanlar daha iki evi yandıraraq tamam məhv etdilər.
Müsəlmanlar bir o qədər ev yandıra bilmədilər, çünki irəlidəki davada erməni
tayfasının yarı evlərini, bazarlarını, divanxanalarını və digər imarətlərini tamamilə
yandırıb, yerlə-yeksan etmişdilər.
Ermənilərin avadanlıqları yuxarı Xəlfəli qapısı tərəfdə cəm olmuşdu.
Müsəlmanların əli də ora yetmirdi. Aralıqda olan məsafə isə tamam xarabalıq idi.
Həmin gecə İbrahim bəy öz dəstəsilə «Ya Əli!» nərəsi çəkib, ermənilərin
səngərlərinə və evlərinə gülləni yağmur tək yağdıra-yağdıra onların arasından
çoxlu adamlar öldürərək irəliləyirdilər. İbrahim bəyin dəstəsi irəlilədikcə
erməniləri daha da yuxarılara qovurdular. Bir zaman yandırmağa ləyaqəti olan bir
erməni evinə çatan İbrahim bəy qışqıraraq söylədi ki, neft və əski gətirin, bu evi
yandıracağam. İbrahim bəy istəyirdi ki, evə od vursun, birdən ermənilər tərəfdən
bir havayı güllə gəlib o biçarəyə dəydi. İbrahim bəy «ya Allah!» çağırıb, yerə
yıxıldı və orada da canını tapşırdı. Elə ki, İbrahim bəy həlak oldu, ona mənsub olan
dəstənin damağı yandı. Kədərli və məyus oradan o məzlumun cənazəsini götürüb,
Böyük məscidin həyətinə gətirdilər. O biri dəstələr də bəyin ölüm xəbərini
eşidərkən, çox məyus oldular. Elə ki, sabah oldu, bəyi qüsl və kəfən edib, məscidin
günbatan tərəfindəki bağçada Şahmar bəyin yanında dəfn etdilər (Allah onları
bağışlasın).
Elə ki, gecə aralığa gəldi, atışma yenidən başladı. Hər iki millət gülləni bir-
birinin üstünə yağış kimi tökürdülər. Topların gurultusundan, tüfənglərin səsindən
və igidlərin nərəsindən evlər və qayalar lərzəyə gəlirdi. Bir müsəlman deyirdi ki,
dava vaxtı mən ermənilərin içində yerləşən xəstəxanada yatırdım. Orada
xəstəlikdən müalicə olunurdum. Ermənilərin səngərlərindən biri mən yatan otağın
pəncərəsinin qabağında yerləşirdi. Pəncərədən müşahidə edib, görürdüm ki,
general tez-tez həmin səngərə gəlib rus əsgərlərinə və topçularına göstərişlər
verirdi. O, durbinlə baxıb, topçuların atəşini təshih edir, filan məscidə, filan
minarəyə atın deyirdi. Onun göstərişilə atılan top güllələrindən biri Seyidli
məhəlləsindəki məscidin dəmir taxtapuşundan keçib, onun tavanını şikəst eylədi.
Daha bir top gülləsi isə Böyük məscidin minarəsinə dəyib, dörd kərpic saldı.
Qərəz, bu Qalaşakov deyilən general dünya malından ötəri Allahın
hökmünə müxalif gedərək öz padşahının qanununa etinasızlıq göstərib, millətə və
bir olan Allaha inananlara bu növ xəyanətkarlıq etməyi rəva bilmişdir.
Təəccüblüdür, dövlət neyçün bu növ tamah və heyvani-nəfslə iş görən adamları
millətə hakim göndərir ki, o da belə qələtlərə yol verir? Əgər bu şəxs və buna
bənzər başqası az müddət ərzində bir məmləkətdə belə ədalətsizliklə hökmranlıq
etsə, görərsən ki, orada tamam hərc-mərclik baş alıb gedir, məmləkət darmadağın
olur. İndiyədək Qafqaz elinə onun (Qalaşakov) kimi qəddar insan gəlməyib.
Müsəlmanlar əvvəlki davada ermənilərin Xoca Söhrab kilsəsini
tutmuşdular. Üç gün gecə-gündüz onu əllərində saxlayıb, içində sakin oldular.
85
Amma bir kəs ədəbsizlik edib, kilsənin bir daşına, yaxud ağacına əl vurmadı,
haranısa xarab etməyi özlərinə rəva bilmədilər. Lakin bu amansız erməni tayfası
Qalaşakovun xahişinə binaən ruslar ilə birlikdə Köçərli məscidini yandırıb, içində
hər nə vardısa qarət edib, dağıtmışdılar.
Bu günün sabahı var. Əlbəttə, Allah-təala öz evinin fikrini çəkəcək,
baislərin cəzasını verəcəkdir. Səbr etmək lazımdır.
Əvvəlki davada müsəlmanlar erməni məhəllələrinin yarısına od vurub
yandırmışdılar. Nə qədər erməni bu yanğında həlak olmuş və nə qədəri güllə ilə
öldürülmüşdü. Qaçanı qaçmışdı, qalanları isə acizanə bir şəkildə ağlaya-ağlaya,
keşişlər boyunlarında kəndir, əllərində yeddi aman bayrağı, baş keşiş isə əlində
böyük xaç onların önündə məscidə gəlib barışmağı xahiş etdilər. Bu davada
müsəlmanlara kəndlərdən çoxlu kömək gəlməsinə və onların qələbə çalmasına
baxmayaraq, əgər həqiqəti görən bəsirət nəzərilə dürüst mülahizə etsək, görərik ki,
bu davada fəth və qələbə Allahın köməyilə əvvəlkindən çox artıqdır.
Amma bu davada Qalaşakovun tədbirilə müsəlmanlara qarşı ətraf
kəndlərdən, İrəvandan, Gəncədən və başqa yerlərdən yeddi min erməni silahlıları,
850 nəfər rus kazakları, 400 nəfər erməni rusları, neçə min Qalada (Şuşada) olan
erməni, dörd nəfər məktəbdə oxuyan ünas qızları, eləcə də top və topxana səfərbər
edilmişdi. Silahlıların cəmi miqdarı 12 min idi.
Dava başlayanda ermənilərə qarşı vuruşan ancaq Qalada yaşayan müsəlman
igidləri və cavanları idi. Onlara heç yerdən kömək gəlməmişdi. Üç gecə-gündüz
sərasər müsəlmanlar bu qədər erməni silahlıları və rus ordusu ilə bir atışma
apardılar ki, heç yapon müharibəsində də belə dava olmamışdı. Səngərlərdən
dalbadal on minə qədər tüfəng və toplar atılır, neçə-neçə yerlərdə evlərə qoyulmuş
bomba və dinamitlər partlayırdı. Beləliklə, müsəlmanlar 3 gün Səddi-İsgəndər kimi
bu qədər qoşunun qarşısında mərdliklə dayanaraq nərə çəkə-çəkə onları gülləbaran
edirdilər. Üç gündən sonra müsəlmanlara kömək gəldi. Bu növ ilə dava beş gün
gecə-gündüz davam etdikdən sonra sakit oldu.
Bu beş günlük şiddətli davada müsəlmanlar tərəfdən ölənlərin sayı 16 nəfər
idi. Onlardan beş nəfəri adlı, tanınmış cavanlardan, qalanları isə küçə ilə gedərkən,
yaxud evinin yanında oturub özünü günə verdiyi yerdə qəflətən ermənilər
tərəfindən vurulub öldürülmüş əlsiz-ayaqsız qocalardan və dilənçilərdən ibarət idi.
21 nəfər isə yaralanmışdı.
Amma ermənilər tərəfdən ölənlərin sayı 500-700-ə qədər, yaralananların
sayı isə 287 nəfər olmuşdu. Ölənlərin 35 nəfəri Gəncədən və 100 nəfəri İrəvandan,
41 nəfəri tanınmiş qımdatlardan, bəylərdən və məşhur adamlardan, iki nəfəri isə
məktəbdə oxuyan ünas qızlarından ibarət idi. Ölənlərin qalanı isə Qaladan və ətraf
kəndlərdən gəlmiş adi erməni silahlıları idi. On bir nəfərin isə əl və ayaqlarını
kəsdilər. 31 nəfər isə rus qoşunundan olan kazak və ruslardan öldürüldü.
Dava və vuruşmaların qızğın vaxtı ölənləri ermənilər Qalada bulvarın
üstündə paltarlı-paltarlı ikisini-üçünü bir qəbrə qoyub dəfn edirdilər. Bəzən isə
86
nəinki qəbir, adi çala qazıb, oraya basdırırdılar. Kazaklar və ruslar isə rus
qəbiristanlığında dəfn edildilər. Müsəlmanların şəhid olanları isə məscidlərin
həyətində dəfn edilirdi.
Dava qurtarandan 5-6 gün keçdikdan sonra ağa general müsəlmanların
yanına barışığa getmək qərarına gəldi. O, kilsə paltarı geymiş erməni və rus
kilsələrinin baş keşişlərini, onlarla bərabər, əllərində ağ və qırmızı bayraq bir qədər
rus saldatları və kazaklarını özü ilə götürüb, musiqi çala-çala gəlib müsəlman
meydanında durdular. General və keşişlər məscidə gəlib, bu iki millət arasında sülh
yaratmaq üçün camaatla danışdıqdan sonra, cənab qazi və onunla bərabər neçə
nəfər müsəlman səngərlərə getdilər. Səngərlərə baş çəkə-çəkə erməni meydanına
gəldilər. Orada da bir neçə kəlmə danışıb dağılışdılar.
Qalaşakov erməni və müsəlmanlar arasında işlətdiyi bu hiyləyə və
ermənilərə verdiyi vədini əmələ gətirə bilmədiyinə görə, barışıq danışıqları uzanır,
ondan dövlət böyüklərinə edilən şikayətlər çoxalırdı. Qalaşakov özü də çox ehtiyat
eyləyərək düşünürdü: «Bu xəyanət ki, məndən zühura gəldi, qəflətən məni öldürə
bilərlər». Ona görə ehtiyatla dolanırdı.
Müsəlmanlar Qalaşakovun dövlətə və millətə etdiyi bu növ xəyanəti və
zülmü haqqında teleqraf və kağızla cəmi böyüklərə və divanxanalara məlumat
verdilər. Dövlətdən bir imdad, kömək olmadı, generalın cinayətilə bağlı heç bir
tədbir görülmədi. Hərçənd ki, Qalanın hakimliyindən çıxardılar. Rəcəb ayının 19-
cu günü general Qalaşakov Qaladan çox vahimə ilə çıxıb getdi və onun yerinə
Bauyer adlı başqa bir rus generalı təyin edildi. Qalaşakov Tiflis şəhərinə gedib,
orada yerləşdirildi. Həmin il şəvval ayının 1-i (noyabr) günbatana neçə saat qalmış
bir nəfər hamamdan çıxıb, faytona yavuq gəlir və generala iki güllə atır. General
huşunu itirib yıxılır. Bu səsə xalq yığışanda qatil qaçdı. Hərçəndi ki, istədilər onu
tutsunlar, ələ düşmədi. Generalı isə götürüb mənzilinə gətirdilər. Qatili isə məlum
etmək mümkün olmadı.
Həkimlər gəlib mülahizə edərək dedilər ki, generala iki güllə dəyib. Biri
boğazından dəyərək başının içində qalmış, ikinci güllə isə ağzından keçib, dil və
dişini parçalayaraq boynunun dalından çıxmışdır. Boynunun dalından çıxan gülləni
həkimlər maqqaşla xırda-xırda tamam çıxardılar. Neçə gündən sonra bir məqama
yetişdi ki, general yemək yeyə bilmədi. Həkimlər çox səy etdilər, ancaq aqibət
faydasız oldu.
|