-Haqlısan, düz deyirsən,- tərifdən ötrü ürəyi gedən Mədinə dəstək verdi. -Vallah düzdü, düzə nə deyəsən?,- Davud da gecikmədi. -Özüm ölüm, hə,- Şükür və daha neçələri də bu dəlinin sözünə qahmar durdu. Kütləni istədiyi vəziyyətə gətirmişdi artıq. Davam elədi: -Əlbəttə ki, düzdür, yoldaşlarım. Elə bizim üstünlüyümüzə görə onlar bizə qarşı açıq-aşkar savaş elan ediblər. Bizlər artıq iki barışmaz düşmənə çevrilmişik. Bu elə universitet başlayan ilk gündən görünürdü. Görünürdü ki, onların qrupları sırf səfeh və axmaqlardan, bizim qrupumuz isə xüsusi istedadlılardan təşkil olunub. Və yenə görünürdü ki, onlar elə buna görə bizə düşmənlik bəsləyəcəklər. - Bu dediklərinin heç bir məntiqi əsası olmadığını bilirsən də, yəqin, hə?- Fuad hələ də etiraz etməkdə qərarlı idi,- Güldürmə ey məni. Yox bir, 1608 Allahın qüdsədiyi, 1610 da lənətlədiyi qrupdur. Bu uşaqlar sadəcə bal nisbətinə qruplaşdırılıblar. Yoxsa hansısa ilahi bir meyara görə... - Sənə hansısa məntiqi əsas lazımdır?,- Camal Fuadın sözünü kəsdi,- belə bir çətin vəziyyətdə hansı məntiqdən danışırsan? Bax, Fuad, baxın, yoldaşlar! Biz bu ixitisasa qəbul olmaq üçün illərlə əziyyət çəkmişik, neçə şeylərdən məhrum qalmışıq, gecələr gözümüzə yuxu getməyib, dərslərdən yemək yeməyə belə vaxtımız olmayıb, belimizdə çanta məktəb yollarında əsir qalmışıq, yay bilməmişik, qış bilməmişik, yağış bilməmişik, qar bilməmişik. Nəhayət, istədiyimizə nail olub universitetə girmişik. O əziyyətlər burda da davam edir və indi isə hamımızın istəyi buranı uğurla başa vurmaqdır. Hamı bilirik ki, bizim uğura gedən yolumuz imtahanlardan keçir. Amma 1610 qrupu kimi alçaqlar bizim uğurumuza mane olmağa çalışır. Mədinə,- üzünü Mədinəyə tutdu,- Davud,- üzünü Davuda tutdu. Şükür, Günel, Nəzrin, Murad. Kimin adını çəkirdisə, üzünü ona tərəf tuturdu. Nəhayət davam elədi: - Siz ki nə qədər əziyyət çəkirsiniz, gecə-gündüz oxuyursunuz. Amma görün indi bu xəbərlə necə pis vəziyyətə qaldınız. Görün necə çarəsiz və aşağılanmış vəziyyətdəyik, yoldaşlar! Vəziyyət çox gərgindir. Amma belə bir vəziyyətdə Fuad məntiqilik, rasionallıq axtarır. Bizə qarşı yönəlmiş açıq-aşkar bir düşmənçilik var, yoldaşlar! Onlar bizi aciz vəziyyətə salmağa çalışırlar. Amma Fuad üçün bunların heç bir əhəmiyyəti yoxdur! Fuad əsəbiləşmişdi: -Sizin kimilər aradakı düşmənliyi alovlandırdıqca hər şey bundan da pis olacaq. Əvvəllər xırda anlaşılmazlıqlar olanda vəziyyəti yaxşılaşdırmaq yerinə daha da pisləşdiridiniz. İndi də söhbəti tamam fərqli yerlərə çəkirsiniz. Bütün olanların səbəbinin bizim üstün, onların da alçaq olması kimi sayıqlamalar uydurmaq yerinə, onlarla yola getməyə çalışmaq və bu cür axmaq söhbətləri unutmaq olardı. - Unutmaq?- deyə Camal rişxəndlə soruşdu,- deyəsən, Zaminə olunanları da unutmağımızı istəyirsən, hə? Sənin o tərəfini saxladığın qrupdan düz 3 nəfər təkləmişdi uşağı. - Mən heç kəsin tərəfini saxlamıram. Həm o, Zaminin öz günahı idi. 1610-un qızına söz atanda bilmirdi ki, elə olacaq? - Ə, mən onda tamamilə günahsız idim ey,- Zamin özünə bəraət qazandırdı. Camal davam elədi: - Yoldaşlar! Fuad deyir ki, onların bizə etdiyi bütün şeyləri unudub uzlaşmaya gedək. Amma bir düşünün, görün bu necə də alçaq bir hərəkət olardı. Yoldaşlar, belə bir vəziyyətdə hər şeyi unudub uzlaşmaya getmək XƏYANƏTDİR! UZLAŞMAQ XƏYANƏTDİR! BİZƏ, QRUPUMUZA XƏYANƏTDİR! Bu axmaq tamaşanı izlədikcə ətim tökülürdü, ona söz yox, amma bir o qədər də heyrətlənirdim. Ona görə ki, qrup yoldaşlarım bu demaqoqun çıxışından cuşə gəlirdilər. Hətta çıxışın bu yerində az qalmışdılar ki, alqışlayalar. Davud yenə də dəstək verdi: -Ə, düz deyir daa, indi deməyəcik ki, gəlin barışağın. -Bəli, yoldaşlar!,- alovlu nitq davam edirdi,- belə görünür ki, bizim öz içimizdə də düşmənlər var imiş, sən demə, aramızda xəyanətkarlara da yer verirmişik. Artıq Fuadı birbaşa ittiham etməyə keçmişdi. -Xəyanətkar özünsən!,- deyə bağırdı Fuad. Əməlli-başlı əsəbiləşmişdi, imkan olsaydı, Camalın başını döşəmə ilə tanış edərdi.