3. ƏSAS NƏZƏRİ PROSEDURLAR VƏ TƏDQİQAT PLANI Sosioloji tədqiqatların ilkin mərhələsinin ən mühüm vəzifələrindən biri sosial obyektin hipotetik təsvirini verməkdən, yəni onu sistemli təhlil mövqeyindən təsvir etməkdən ibarətdir. Bu, tədqiqatın əvvəlində öyrənilən obyekt üçün xarakterik olan elementlərin və əlaqələrin qeydə alınması deməkdir. Adətən sosial obyekt iki aspektdən nəzərdən keçirilir: a) Tamın tərkib hissəsi kimi; b) Ayrı-ayrı hissələrdən ibarət olan tam kimi. Birinci halda o, daha geniş sistemin elementi olub özünün xarici əlaqələri ilə, ikinci halda isə o, yalnız özünün daxili əlaqələri ilə səciyyələnir. Elmi tədqiqatların spesifikası obyektin, onu təşkil edən element və əlaqələrin məcmusu kimi hipotetik modelinin yaradılmasını tələb edir. Sistemli təhlil metoduna əsaslanmaqla sosioloq öz fikrində tədqiqat obyektini hissələrə bölərək onun elementlərini, daxili və xarici əlaqələrini, strukturunu müəyyən edir, obyektin mövcudluğu və inkişafı mexanizmləri barədə gümanlar irəli sürür. Obyektin sistemli təhlili tədqiqat predmetinin müəyyənləşməsinə, habelə əməli fərziyyələrin irəli sürülməsinə imkan verir. Çox vaxt bu üç prosedur – yəni sistemli təhlil, anlayışların izahının verilməsi və fərziyyələrin irəli sürülməsi eyni zamanda baş verir. Buna görə də onları sosioloji tədqiqatların mərhələləri deyil, hissələri adlandırırlar. Öyrənilən obyekt haqqında gümanların məzmunundan asılı olaraq təsviri və izahedici fərziyyələr irəli sürülür. Təsviri fərziyyələr öyrənilən obyektin strukturu və funksional əlaqələri haqqında gümanlardan ibarətdir. Onlar həmçinin sosial obyektin təsnifat səciyyəsinə də aid oluna bilər. İzahedici fərziyyələr isə öyrənilən obyektin eksperimental yoxlama tələb edən səbəb-nəticə əlaqələri haqqında gümanlardır. Tədqiqatın məqsəd və vəzifələrindən, öyrənilən obyekt haqqında biliklərin səviyyəsindən, habelə bir sıra digər amillərdən asılı olaraq hər bir konkret halda sosioloq tərəfindən həyata keçirilən əməliyyatların ardıcıllığını müəyyən edən tədqiqat axtarışı strategiyası hazırlanır. Öyrənilən obyekt haqqında biliklərin səviyyəsi planın xarakterini müəyyən edir: axtarış, təsviri və eksperimental. Sosioloji tədqiqatların axtarış planı o vaxt tərtib olunur ki, problem barədə aydın təsəvvür olmur. Tədqiq olunan sahə barədə müvafiq ədəbiyyatın az olduğu və yaxud ümumiyyətlə olmadığı halda tədqiqat ümumi axtarışdan başlanır. Axtarış tədqiqatı prosesində problem formulə edilir, tədqiqatın vasitələri, onların tətbiqi qaydaları, vəzifələrin mühümlük amilinə görə həlli ardıcıllığı müəyyən olunur. Axtarış planı üç əsas iş mərhələsindən keçir: sənədlərin öyrənilməsi, ekspertlərin rəyinin soruşulması, müşahidələrin həyata keçirilməsi. 31 Axtarış planı üzrə iş problemin dəqiq və aydın sürətdə formulə edilməsi və fərziyyələrin irəli sürülməsi ilə başa çatır. Sosioloji tədqiqatların təsviri planı o zaman tətbiq olunur ki, problem haqqında məlum olan biliklər obyekti ayırmağa və təsviri fərziyyələr irəli sürməyə imkan verir. Planın məqsədi bu fərziyyəni yoxlamaqdan və əgər təsdiq olunarsa öyrənilən obyektin dəqiq kəmiyyət və keyfiyyət göstəricilərini əldə etməkdən ibarətdir. Burada anlayışların empirik izahı və məlumatların dəqiq qeydə alınması zəruridir. Təsviri plan məlum faktların nizama salınmasına və onların arasında nisbətin müəyyən edilməsinə köməklik göstərir. Bu tədqiqatlar obyektin strukturuna aid olan empirik məlumatların təsnifatının verilməsi ilə yekunlaşır. Sosioloji tədqiqatların eksperimental planı o vaxt tətbiq edilir ki, obyekt haqqında biliklər izahedici fərziyyələr irəli sürməyə imkan verir. Planın məqsədi obyektdə səbəb-nəticə əlaqələrini müəyyən etməkdən, onun strukturunu aşkara çıxarmaqdan, habelə obyektin mövcudluğu və inkişafını şərtləndirən səbəbləri açıb göstərməkdən ibarətdir. Qeyd etmək lazımdır ki, eksperimental planın bəzi elementləri faktiki olaraq təsviri planda özünü büruzə verir. Məsələ burasındadır ki, təsviri plan üzrə iş başa çatdıqdan sonra daha aydın və dəqiq izahedici fərziyyələr meydana gəlir. Burada isə eksperiment aparmaq, yəni təkcə əlaqələrin qeydə alınması deyil, həmçinin onların inkişaf istiqamətini müəyyən etmək üçün də imkan yaranır. Sosioloji tədqiqatların real təcrübəsində göstərilən hər üç strateji tədqiqat planları ayrı- ayrılıqda, «təmiz» şəkildə mövcud olmurlar. Çox vaxt bir tədqiqatda hər üç plan öz əksini tapır: plan axtarışdan başlayır, sonra təsviri fərziyyələrin irəli sürülməsi baş verir, daha sonra isə eksperiment vasitəsi ilə səbəb-nəticə əlaqələri aşkara çıxarılır. Sosioloji tədqiqatlar yalnız məlumatların toplanması işi ilə məhdudlaşmır. Onun əsas və başlıca məqsədi faktların elmi surətdə əsaslandırılmış izahını verməkdən ibarətdir. Bu isə, toplanmış məlumatların əvvəlcədən hazırlanmış konseptual sxem əsasında işlənməsini zəruri edir. Fərziyyəni irəli sürərkən sosioloq eyni zamanda fərziyyəyə əsaslanmaqla materialın necə toplanmasını, işlənməsi və təhlil edilməsini də müəyyən etməlidir. Materialların işlənmə üçün hazırlanması onun redaktə edilməsini, kodlaşdırılmasını, EHM- ə daxil olunduqdan sonra məlumatların keyfiyyətinə nəzarət edilməsini nəzərdə tutur. Məlumatların təhlili tədqiqatın həll etdiyi vəzifələrlə və fərziyyələrlə müəyyən olunur. Hesabat – empirik sosioloji tədqiqatların müəyyən plan əsasında nəticələrinin yekunlaşdırılması formasıdır. O, özündə tədqiqat proqramının bütün hissələrinin təsvirini, istifadə olunmuş nəzəriyyə və metodların xülasəsini, habelə əldə olunmuş məlumatların təsviri və izahını əks etdirməlidir.