Mövzu № sosiologiya cəMİYYƏt haqqqinda elmdir plan: Sosiologiya elmin meydana gəlməsi və inkişafı



Yüklə 1,1 Mb.
səhifə13/114
tarix07.11.2022
ölçüsü1,1 Mb.
#67817
1   ...   9   10   11   12   13   14   15   16   ...   114
SOS KONSP 2021

5. Cəmiyyətin tipologiyası


Cəmiyyət öz konkret təzahürlərində son dərəcə rəngarəngdir. Müasir cəmiyyətləri müxtəlif parametrlərə görə (məsələn, siyasi quruluş, coğrafi vəziyyət, mədəniyyət, ünsiyyət dili, sabitlik səviyyəsi, sosial inteqrasiya dərəcəsi, əhalinin təhsil səviyyəsi və s.) fərqləndirmək olar. Tipik cəmiyyətlərin universal təsnifatları onların başlıca parametrlərinin ayırd edilməsinə əsaslanır.
Cəmiyyətlərin tipologiyasında əsas istiqamətlərdən biri dövlət hakimiyyəti formalarının ön plana çəkilməsidir. Bu baxımdan totalitar (dövlət sosial həyatın əsas istiqamətlərini müəyyən edir), demokratik (əhali dövlət strukturlarına təsir göstərmək imkanına malikdir) və avtoritar (totalitarizm və demokratiya ünsürləri əlaqələndirilir) cəmiyyətləri ayırd edirlər.
Marksizm cəmiyyətləri istehsal münasibətlərinin tipinə görə fərqləndirir və ibtidai icma, quldarlıq, feodalizm, kapitalizm, sosializm (və ya kommunizm) ictimai-iqtisadi formasiyalarını ayırd edir. Sonuncu xüsusi mülkiyyətçilik münasibətlərinin ləğvini, istehsal vasitələri üzərində mülkiyyətə hamının bərabər münasibətini nəzərdə tutur.
Müasir sosiologiyada ənənəvi, industrial, postindustrial cəmiyyətlər kimi fərqləndirmə daha davamlı tipologiya hesab oluna bilər.
Ənənəvi cəmiyyət (bunu sadə və aqrar cəmiyyət də adlandırırlar) aqrar uklada, az mütəhərrik strukturlara və ənənələrə əsaslanan sosiomədəni tənzimləmə üsuluna malikdir. Fərdlərin davranışına ciddi şəkildə nəzarət olunur. Ənənəvi davranış normaları, adətlər, sabit sosial təsisatlar (xüsusən ailə, icma) çox mühüm məna kəsb edir. İstənilən sosial dəyişikliklərdən, yeniliklərdən imtina olunur. Ənənəvi cəmiyyət üçün istehsalın aşağı inkişaf surətləri xarakterik cəhətdir. Bu tip cəmiyyət üçün davamlı sosial həmrəylik çox əhəmiyyətli amildir. E. Dürkheym vaxtilə Avstraliya aborigenləri cəmiyyətini öyrənərək bu qənaətə gəlmişdi ki, dini etiqadlar cəmiyyətin əxlaqi vəhdətini qoruyub saxlamaqda çox mühüm rol oynayır. Ova hazırlaşmaqla, nikah mərasimləri və s. ilə bağlı birgə rituallar cəmiyyətin kollektiv ruhunun möhkəmlənməsinə kömək edir.
«İndustrial cəmiyyət» termini hələ O. Kont tərəfindən elmi dövriyyəyə daxil edilmişdi. Belə cəmiyyətin əsasını istehsal, sənayenin inkişafı təşkil edir; bunlar əməyin elmi təşkilinə istinad edir. Sənaye istehsalı fəhlələrin iş yerlərində təmərküzləşməsini nəzərdə tutur. Əmələ gələn işçi kütləsinin sahibkarlarla münaqişəsi yaranır. Zənginliyin artmasının əsas şərti mənfəət ardınca qaçma və rəqabət olur. Lakin artıq istehsalla bağlı olan böhranlar da çoxalır; nəticədə bolluq içərisində yoxsulluq güclənir. İndustrial cəmiyyət sosial həyatın təşkilinin elə tipidir ki, burada fərdlərin azadlığı və maraqları onların birgə fəaliyyətini nizamlayan ümumi prinsiplərlə əlaqələnir. Belə cəmiyyət üçün çevik sosial strukturlar, sosial mobillik, inkişaf etmiş kommunikasiyalar sistemi xarakterik cəhətlərdir.
XX əsrin 60-cı illərində postindustrial (informasiya) cəmiyyət konsepsiyaları (D. Bell, A. Turen, Y. Habermas) meydana gəlir; bu, ən inkişaf etmiş ölkələrin iqtisadiyyatında və mədəniyyətindəki kəskin dəyişikliklərlə şərtlənmişdi. Cəmiyyətdə bilik və informasiyanın, kompüter və avtomatik qurğuların aparıcı rolu etiraf olunur. Zəruri təhsil alan, ən yeni informasiya əldə etmək imkanı qazanan adamlar sosial ierarxiya pilləkanında irəliləmək üçün üstün şanslar əldə edirlər. İnsanın cəmiyyətdə əsas məqsədi yaradıcı əmək olur. Postindustrial cəmiyyətin neqativ tərəfi də var: dövlətin, hakim elitanın informasiyaya müyəssərlik, kütləvi informasiyanın və kommunikasiyanın elektron vasitələri sayəsində insanlar, bütövlükdə cəmiyyət üzərində sosial nəzarəti gücləndirməsi təhlükəsi qalır. Cəmiyyətin həyat dünyası effektivlik və instrumentalizm məntiqinə daha çox tabe olur. Mədəniyyətdə, o cümlədən ənənəvi dəyərlərdə inzibati nəzarətin təsiri altında pozulma meylləri güclənir, çünki belə nə-zarət sosial münasibətlərin, sosial davranışın standartlaşmasına, unifıkasiyasına can atır. Cəmiyyət iqtisadi həyat və bürokratik təfəkkür məntiqinə daha çox tabe olur. İnsanlar sosial nailiyyətlərdən istifadə etsələr də, iqtisadiyyatın və dövlətin öz şəxsi həyatlarına müdaxiləsindən müdafiə olunmaq məcburiyyətində qalırlar. Deməli, müasir cəmiyyətin sosial sferası təhlükəsiz deyildir. Ona görə də modernizasiyaya qarşı müqavimət və mübarizə zəminində müəyyən sosial hərəkatlar (məsələn, vətəndaşlıq təşəbbüsləri, «yaşıllar» hərəkatı, antinüvə hərəkatı və s.) meydana çıxır.
Göründüyü kimi, cəmiyyətin bir pillədən digərinə keçməsinin obyektiv göstəriciləri kimi sənayenin inkişafı, elmi-texniki tərəqqi ön plana çəkilir.
Bir çox tədqiqatçıların (məsələn, D. Bell, A. Kinq, C. Martin, A. Norman, C. Neysbit, İ. Məsud və başqaları) əsərlərində postindustrial cəmiyyətin fərqləndirici xüsusiyyətlərinə xüsusi diqqət yetirilir. Həmin xüsusiyyətlər aşağıdakılardır: əmtəələrin istehsalından xidmətlər iqtisadiyyatına keçilməsi; yüksək təhsilli peşəkar texniki mütəxəssislərin rolunun artması; cəmiyyətdə kəşflərin və siyasi qərarların mənbəyi kimi nəzəri biliklərin öncül mövqeyi; texnika üzərində nəzarət və elmi-texniki yeniliklərin nəticələrini qiymətləndirmək imkanı; intellektual texnologiya yaradılması zəminində, habelə informasiya texnologiyası deyilən texnologiyadan istifadə etməklə qərarların qəbul olunması.
İnformasiya cəmiyyətinin təşəkkülü təsadüfi deyildir. Bu cəmiyyətdə sosial dinamikanın əsası ənənəvi maddi ehtiyatlar deyil, informasiya (intellektual) bilikləridir, elmi, təşkilati amillərdir, insanların intellektual qabiliyyətləri, təşəbbüsləri, yaradıcıhqlarıdır. Formalaşmaqda olan informasiya cəmiyyətinin tələbatları informasiya texnologiyalarının, necə deyərlər, həyat vəsiqəsi almasını zəruri etmişdir.
İndustrial cəmiyyətdən informasiya cəmiyyətinə keçilməsi zamanı sosial həyatın bütün sahələrində informasiya ehtiyatlarının toplanması ilə onlardan istifadə olunması arasındakı məhdudiyyətlər aradan qaldırılır; bu, sosial proseslərin dinamikasının artmasına, ictimai tərəqqinin sürətlənməsinə səbəb olur. Deməli, informasiya cəmiyyətində informasiya axınları və massivləri sosial inkişafı müəyyən edir, mövcud ehtiyatlar və amillərlə müqayisədə prioritet istiqamətlidir; burada əhalinin mütləq əksəriyyəti və ya hamısı informasiya fəaliyyəti ilə (əlbəttə, fərqli səviyyədə) məşğul olur.
Elmi ədəbiyyatda informasiya cəmiyyətinin gələcəkdə informasiya-ekoloji cəmiyyətə keçəcəyı fıkri də öz əksini tapmışdır. Mütəxəssislərin fıkrincə, informasiya cəmiyyəti ekoloji sağlamlaşma imkanlarını artırmalıdır. İnformasiya-ekoloji cəmiyyət ekoloji problemləri effektli həll etməyi bacaran, ekotələbatların, ekodəyərlərin və imperativlərin tarazlığını təmin edən, yüksək ekoloji mədəniyyətə, əxlaqa, şüura əsaslanan cəmiyyətdir. Başqa sözlə, o, sosiumun yeni qlobal vəziyyətidir, noosferanın təşəkkülünün növbəti mərhələsidir.
Müasir sosiologiyada cəmiyyətin sistem-struktur və münaqişə konsepsiyaları geniş yayılmışdır. Onları yığcam şəkildə nəzərdən keçirək.
Sistem-struktur konsepsiyalar cəmiyyəti müəyyən birlik, bütövlük kimi nəzərdən keçirir. Cəmiyyətin dəyişilməsi konsensusun (cəmiyyət üzvləri arasında qarşılıqlı razılığın), müvazinətin pozulması ilə bağlıdır, onu bərpa etmək üçün cəmiyyətin sosial təşkilini dəyişdirmək zəruridir. A. Malinovskinin fıkrincə, sosial sistem olan cəmiyyətin ünsürləri insanların əsas tələbatları ilə bağlıdır. İnsanlar öz tələbatlarını ödəmək üçün birləşməyə məcburdur. Buna əlaqələndirmə, idarəetmə institutları kömək edir. Deməli, cəmiyyət bir sistem olmaq etibarilə insanın öz təbiəti ilə şərtlənmişdir. K. Erikson cəmiyyəti özü inkişaf edən sosial sistem kimi nəzərdən keçirirdi; onun hüdudları və birliyi sosial nəzarət metodları ilə təmin edilməlidir. O, cinayətkarlıq faktlarını araşdıraraq, bu qənaətə gəlirdi ki, həmin faktlar cəmiyyətin hüdudlarını dəyişdirmək cəhdləridir. Bu kənaraçıxmalar cəmiyyətin qalan üzvlərinə cəmiyyətin birliyini qoruyub saxlamaq üçün davranış normalarına əməl olunmasının zəruriliyini başa düşməkdə, yəni sosial konsensusun saxlanmasını dərk etməkdə kömək edir.
T. Parsons belə hesab edirdi ki, sosial sistem böyük insan fəaliyyəti sisteminin altsistemlərindən biridir. Öz növbəsində sosial sistemdə daha dörd altsistemi ayırd etmək olar: mədəniyyət sistemi; siyasi sistem; iqtisadi sistem; sosietal sistem. Üç əvvəlki sistemlər sonuncu sistemin fəaliyyət mühitini qərarlaşdırır. Cəmiyyətin özəyini strukturlaşdırılmış normativ nizam təşkil edir; bunun vasitəsilə əhalinin kollektiv həyatı təşkil olunur. Nizam dəyərləri, normaları və qaydaları ehtiva edir. Məhz nizam sayəsində fərdlərin cəmiyyətə mənsubiyyət meyarı, məlum ərazidə onların davranışı üzərində nəzarət ölçüsü müəyyənləşir, kollektiv vahid bütövlük kimi fəaliyyət göstərə bilir. Eyni zamanda məlum normativ nizam sosietal birlik üzvlərinin statuslarının, hüquq və vəzifələrinin toplusu kimi səciyyələnir; onlar vahid mədəni oriyentasiya zəminində müxtəlif fərdlər və qruplar üçün fərqlidir. Sosial səviyyədə cəmiyyət davamlı, qarşılıqlı surətdə əlaqəli, inteqral bütövlük olub, mədəni və sosialstruktur diferensiasiyaya malikdir. Cəmiyyətdə qeyri-adekvat sosiallaşmaya malik adamlar (deviantlar adlandırılan şəxslər) mövcuddur; onlar cəmiyyətin dəyər və normalarını yetərincə mənimsəməmişlər. Deviasiya müvazinətdən kənara çıxmadır, ona görə də sosial nəzarətin müxtəlif vasitələrindən istifadə edilməsi zəruridir. Mədəni sistem cəmiyyətdə normativ nizamın legitimləşdirilməsi (qanuniləşdirilməsi) funksiyasını yerinə yetirir: sosial icazələr və qadağanlar üçün əsaslar formalaşır.
Orqanizmlər və fiziki əhatə cəmiyyətin mühiti kimi çıxış edir; onlar sosial sistemin mövcudluğu üçün zəruri şərtləri təmin edir. Bütün fiziki kompleksin özəyi iqtisadi sistemdir. İqtisadiyyat təkcə texniki-texnoloji prosedurların sosial cəhətdən nizamlanması üçün yox, həm də onların sosial sistemə qoşulması üçün, onlar üzərində fərdlərin, qrupların mənafeləri naminə nəzarətin həyata keçirilməsi üçün fəaliyyət göstərir. İqtisadiyyatın başlıca funksiyası cəmiyyətdə mövcud olan rəngarəng tələbatların ödənilməsi üçün ehtiyatların səfərbər edilməsidir. Cəmiyyətlə onu əhatə edən mühitin tarazlı qarşılıqlı təsiri onun sabit fəaliyyətinin, birliyinin, bütövlüyünün mühüm şərtidir. T. Parsonsun fikrincə, istənilən sosial sistem, ən əvvəl cəmiyyət kifayət səviyyədə daxili nizamlılığa malik olmalıdır.
Adətən cəmiyyətin dörd böyük sferasını ayırd edirlər: iqtisadi, siyasi, sosial, mənəvi. Bu sferalar və onların ayrı-ayrı elementləri bir-birinə fasiləsiz surətdə qarşılıqlı təsir göstərir, dəyişilir, yeniləşir. Bu sferalardan hər hansı birinin mütləqləşdirilməsi və ya onun əhəmiyyətinə laqeydlik göstərilməsi bütün cəmiyyətin taleyində fəlakətli iz buraxa bilər.
Sosial münaqişələr nəzəriyyəsinin tərəfdarları cəmiyyətdə mübarizəyə, daxili qarşıdurmaya, böhranlara xüsusi diqqət yetirirlər. Bu halda onların mülahizələrinin çıxış məqamı kimi qeyd olunur ki, cəmiyyətdə müxtəlif sosial qrupların mənafelərində uyğunsuzluq, ziddiyyət, əkslik mövcuddur; həmin qruplar öz tələbatlarını ödəmək, öz maraqlarını reallaşdırmaq üçün səy göstərdiklərindən onların bir-biri ilə toqquşması, mübarizə aparması labüd olur. Sosial münaqişələr cəmiyyətin simasını, onun əsas sosial təsisatlarını və ya ünsürlərini dəyişdirir. Cəmiyyətin dəyişilməsi mexanizmini fəaliyyətə gətirən başlıca amil sosial mənafe olur; o, sosial sistemin qarşılıqlı təsirinin, fəaliyyətinin bazası kimi çıxış edir.
Münaqişələrin sosioloji nəzəriyyəsini işləyib hazırlamaqda məşhur olan Amerika sosioloqu L. Kozer funksional təhlili təkmilləşdirməyə səy göstərərək, sübut edirdi ki, münaqişə cəmiyyətin daxili həyatının məhsuludur. Mövcud sosial sistemin sabitliyi probleminin həlli sosial toqquşmaları, münaqişələri, mənafelərin mübarizəsini nəinki rədd etmir, əksinə, tamamilə etiraf edir; bu, sosial münasibətlərin ayrılmaz atributlarındandır. İstənilən sosial sistem fərdlər və sosial qruplar arasında hakimiyyətin, sərvətin, status mövqelərinin müəyyən bölgüsünü nəzərdə tutur. Heç zaman ayrıca şəxsin və ya qrupun mövcud bölgü sistemi nəticəsində faktiki nail olduğu ilə arzusunda olduğu, daha ədalətli hesab etdiyi pay arasında tam uyğunluq olmur; onların öz xüsusi paylarını artırmaq cəhdləri münaqişəni şərtləndirir.
Münaqişələr cəmiyyətdə bir sıra pozitiv funksiyalar da yerinə yetirirlər. Belə ki, onlar qarşılıqlı etimadsızlığın, düşmənçiliyin araşdırılmasına, gərginliyin zəiflədilməsinə səbəb olur ki, bu da gələcəkdə tərəflərin qarşılıqlı münasibətlərinin yeniləşməsinə imkan verir. Bundan əlavə, münaqişələr ümumi mənafelərin təzahürü zəminində daxili düşmənlərə qarşı mübarizədə insanları birləşdirərək, cəmiyyətdə inteqrasiyaedici rol yerinə yetirirlər. Münaqişələr müəyyən çağırışlara cavab olaraq, həqiqi mübarizənin mənbəyi kimi sosial dəyişikliklərin stimullaşdırılması və sürətləndirilməsi funksiyasını da həyata keçirirlər.


Yüklə 1,1 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin