Mövzu № sosiologiya cəMİYYƏt haqqqinda elmdir plan: Sosiologiya elmin meydana gəlməsi və inkişafı



Yüklə 1,1 Mb.
səhifə2/114
tarix07.11.2022
ölçüsü1,1 Mb.
#67817
1   2   3   4   5   6   7   8   9   ...   114
SOS KONSP 2021

2. Sosiologiyanın predmeti
Sosiologiya termini iki sözün birləşməsindən ibarətdir: latın sözü «sosietas» (cəmiyyət) və yunan sözü «loqos» (söz, təlim). Hərfi mənada sosiologiya cəmiyyət haqqında elm deməkdir. Aydın məsələdir ki, bəşəriyyət öz tarixi ərzində həmişə cəmiyyəti dərk etməyə, ona öz münasibətini bildirməyə səy göstərmişdir. Bunu xatırlamaq kifayətdir ki, keçmişin bütün mütəfəkkirləri öz fəlsəfi sistemləri çərçivəsində həm də öz ictimai baxışlarını ifadə etmişlər. İqtisadi, hüquqi, pedaqoji fikir müvafiq xüsusi elmlərdən - siyasi iqtisaddan, hüquqşünaslıqdan, pedaqogikadan qədim olduğu kimi, sosial fikir də bir elm kimi sosiologiyadan daha qədimdir. Sosial məsələlər haqqında mühakimlər, ictimai hadisə və proseslərin qiymətləndirilməsi müxtəlif formalarda, müxtəlif janrlarda öz əksini tapmışdır. Bəşəriyyətin ən ümumi sosial ideyalar işləyib hazırlaması uzunmüddətli mürəkkəb və ziddiyyətli prosesdir. Zehni əmək bölgüsü elə bir yol keçməli idi ki, sosial təfəkkürün özünün spesifik formalarında təzahür də bilsin. Bu baxımdan sosioloji fikir tarixi sosial fikrin, sosial ideyaların xüsusi tərkib hissəsidir.
XIX əsrin sonlarına qədər Kontun nöqteyi-nəzəri, yəni sosiologiyanın cəmiyyətşünaslıqla eyni olan elm kimi nəzərdən keçirilməsi elmi ədəbiyyatda üstünlük təşkil etmişdir. XIX əsrin sonu - XX əsrin əvvəllərində cəmiyyət məsələlərinə həsr olunmuş tədqiqatlarda sosial aspekt xüsusi olaraq ayırd edilir, onun iqtisadi, hüquqi və s. aspektlər sırasında özünəməxsus cəhətlərinə daha çox diqqət yetirilir. Bu halda sosiologiyanın predmeti xeyli məhdudlaşdırılaraq məhz ictimai inkişafın sosial tərəflərinin öyrənilməsinə müncər edilir. Sosiologiya elminin belə şərhini ilk dəfə fransız sosioloqu və filosofu Emil Dürkheym (1858-1917) vermişdir. Dürkheymin fikrincə, sosiologiyanın predmeti elə xüsusi reallıqdır ki, onunla mövcud elmlərdən heç biri indiyə qədər məşğul olmamışdır. Bu reallığın əsasını sosial faktlar təşkil edir. Həmin faktlar isə gerçəkliyini nə iqtisadi, nə psixoloji, nə fiziki və s. faktlarına müncər edilə bilməz; onların öz müstəqil xarakteristikaları vardır. Sosial faktların başlıca əlamətləri onların obyektiv səciyyə daşıması, fərddən asılı olmayaraq mövcud olması, ona təzyiq göstərə bilməsidİr. Dürkheym sosial faktları iki yerə ayırırdı: cəmiyyətin «maddi substratını» təşkil edən morfoloji faktlar (məs. əhali sıxlığı, fərdlər arasında ünsiyyətin intensivliyi, yaşayış yerlərinin xarakteri və s.) və mənəvi, qeyri-maddi faktlar (bunlar məcmu halda kollektiv və ya ümumi şüuru təşkil edir).
Sosiologiya cəmiyyət haqqında elmdir, başqa sözlə, sosioloji idrakın obyektini cəmiyyət təşkil edir. lakin belə izah sosiologiyanın predimetini tam aydınlaşdırmır, çünki cəmiyyət ən müxtəlif elmlər tərəfindən öyrənilir. Ona görə də digər elmlərdə olduğu kimi, sosiologiyada da onun obyektini və predmetini fərqləndirmək lazımdır.
Sosioloji idrakın obyektinin və predmetinin qarışdırılması və ya eyniləşdirilməsi ciddi metodoloji qüsurdur. Bu qüsur indi meydana çıxmamışdır: o, əvvəllər də özünü göstərmişdir, indi də ən müxtəlif məktəblərin və cərəyanların bir çox sosioloqlarına xas olan cəhətdir. Yeri gəlmişkən qeyd edək ki, sosiologiyanın digər elmlərdən, ABŞ-da sosial psixologiyadan və s. nisbətən gec ayrılmasını və müstəqil elmi fənn kimi təşəkkül tapmasını şərtləndirən ən mühüm səbəblərdən biri məhz sosioloji idrakın obyektinin və predmetinin eyniləşdirilməsi olmuşdur.
Hər bir elmin predmeti empirik reallığı abstrakt səviyyədə spesifık şəkildə təkrar istehsal edir, yəni nəzəri abstraktlaşdırmanın nəticəsidir. Belə abstraktlaşdırma öyrənilən obyektin fəaliyyət və inkişafının elə qanunauyğunluqlarını ayırd etməyə imkan verir ki, onlar həmin elm üçün spesifikdir.
Hər bir elmin spesifikasını araşdırarkən gerçəklikdəki elə əlaqə və münasibətlər ayırd edilməlidir ki, onlar keyfiyyətcə digər əlaqə və münasibətlərdən fərqli olub, məhz həmin elmin predmetini təşkil edə bilsin. Məsələyə belə yanaşdıqda demək olar ki, sosial adlandırılan əlaqə və münasibətlərin bütün məcmusu sosioloji idrakın obyekti hesab edilməlidir. Bu əlaqə və münasibətlər hər bir konkret sosial obyektdə xüsusi tərzdə təşkil olunmuşdur. Ona görə də sosioloji idrakın obyekti sosial sistem kimi çıxış edir.
Sosial anlayışını həm geniş məzmunda (ictimai mənasında), həm də məhdud (empirik) mənada başa düşülməsi həmişə müəyyən çətinliklər doğmuşdur. Birinci halda sosioloji biliyin spesifik obyekti (sosial əlaqə və münasibətlər) əslində unudulmuş, ikinci halda isə bütövlükdə cəmiyyətə aid olan hadisə və prosesləri dəqiq ifadə etmək mümkün olmamışdır. Ona görə də sosiologiyanın inkişafının müəyyən mərhələsində, ümumi sosioloji nəzəriyyə işləyib hazırlamaq zərurəti yarandıqda bütövlükdə cəmiyyəti, ictimai münasibətlərin bütün sistemini xarakterizə etmək üçün «sosial» anlayışı elmi dövriyyəyə daxil edilmiş, «sosial» anlayışı tədricən müstəqil məna kəsb etmişdir.

Yüklə 1,1 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin