2. Praktik funksiya. Sosiologiyanın praktik funksiyası onun idrak funksiyası ilə bilavasitə bağlıdır. Bu funksiya özündə qabaqgörənlik məqamını əks etdirən elmi idrakın öz təbiətindən doğur. Sosiologiya cəmiyyətin, sosial proseslərin mövcud vəziyyətini təhlil etməklə kifayətlənmir, gələcək dəyişmələrin perspektivlərini aydınlaşdırır, həmin perspektivlərin reallaşdırılmasına istiqamətlənmiş praktik fəaliyyətə təsir göstərir. Bu elm insanların öz sosial münasibətlərini tərəqqinin obyektiv tələblərinə uyğun olaraq tənzim etməsinə kömək edir. Sosioloji tədqiqatlar nəticəsində hazırlanan tövsiyələr idarəetmə orqanlarının ehtiyaclarını xeyli dərəcədə ödəyir, sosial tərəqqinin sürətlənməsində özünəməxsus rol oynayır.
Sosial proseslər üzərində həqiqi nəzarət konkret informasiyaya, deməli, konkret sosioloji tədqiqatlara möhtacdır. Tətbiqi sosiologiya müxtəlif qruplarda, təşkilatlarda, müəssisələrdə və s. sosial inkişaf məsələlərini daha optimal qaydada həll etmək sahəsində tövsiyələrin işlənib hazırlanmasında bilavasitə iştirak edir. Kompleks sosial problemlərin tədqiqi mühüm praktik əhəmiyyətə malikdir: bu halda cəmiyyət həyatının daha bütöv mənzərəsini təsəvvür etmək, neqativ nəticələri irəlicədən görmək, idarəetmənin ən səmərəli yollarını və vasitələrini müəyyənləşdirmək mümkün olur.
Sosioloji tədqiqatların nəticəsi kimi irəli sürülən praktik tövsiyələr sosial amillərin iki qrupuna aid olur. Birinci qrup obyektiv xarakterli amilləri - insanın həyat fəaliyyəti şərtlərini (siyasi quruluş, sosial struktur, əməyin, məişətin və s. konkret şəraiti, habelə subyektin bu şəraitdə real davranışı), ikinci qrup isə subyektiv xarakterli amilləri - subyektiv məqamları (məqsədlər, niyyətlər, motivlər, maraqlar, sərvət yönümləri, ideoloji təsəvvürlər, ictimai rəy və s.) əhatə edir. Bunların sıx əlaqədə öyrənilməsi şəxsiyyətlərarası münasibətləri təkmilləşdirmək, cəmiyyətdə daha möhkəm sabitlik qərarlaşdırmaq vasitələrini müəyyənləşdirməyə kömək edir.
İdeoloji funksiya.Sosiologiya kütlələrin ideya tərbiyəsi, qeyri-elmi baxışlarla mübarizə vəzifələrini də yerinə yetirir. Sosioloji biliklərə yiyələnmək, müxtəlif səviyyəli nəzəriyyələrlə tanış olmaq, konkret faktlar əsasında real vəziyyəti tam təsəvvür etmək insana imkan verir ki, o, ictimai prosesdə öz yerini, mövqeyini daha dürüst başa düşsün, onun fəallığı daha dolğun sosial məna kəsb etsin.
Sosiologiya elmi təfəkkürün formalaşmasında və inkişafında, insanın ideya cəhətdən yetkinləşməsində müəyyən rol oynayır. Konkret sosioloji tədqiqatlar təcrübəsi təkcə praktik tövsiyələr işləyib hazırlamaq baxımından deyil, həm də düzgün idarəetmə, rəhbərlik üslubu, vərdişləri qazanmaq baxımından da əhəmiyyətlidir, çünki sosial qanunların daha dərindən başa düşülməsinə əsaslanır. Səmərəli, işgüzar, elmi idarəetmə üslubu tələsik, kifayət qədər əsaslandırılmamış iradi qərarların qarşısını almağa kömək edir.
Sosioloq faktları, hadisələri araşdırarkən nə qədər obyektiv, neytral olmağa çalışsa da, müəyyən sosial-siyasi mövqe tutur. Renata Maynts (AFR) 1974-cü ildə Torontoda keçirilmiş VIII Ümumdünya sosiologiya konqresində demişdir: «Siyasətə öz münasibətini müəyyən etmək sosiologiyanın aktual vəzifələrindən biridir. Axı sosiologiya bir çox cəhətdən siyasi qərarların qəbul edilməsi üçün əsasdır... Sosiologiya siyasətə təsir göstərməkdə başqa sahələrə, məsələn, texniki sahələrə nisbətən daha böyük imkanlara malikdir. Bu halda o vacibdir ki, sosioloqların təsir göstərə bildikləri şəxslər hansı sferalara mənsubdurlar. Qərar qəbul edənlər çox tez-tez sosioloqların topladıqları məlumatlardan sonralar istifadə edirlər». Bu bir həqiqətdir ki, sosioloq maksimum obyektiv və dəqiq informasiya almağa maraqlı olsa da, onun tədqiqatlarının nəticələri hər halda siyasi qiymətdən kənarda qalmır. Mövzunun seçilməsi, tədqiqat problemlərinin qoyulması, nəticələrin şərhi hökmən sosioloq alimin sosial-siyasi mövqelərinin təsirinə məruz qalır, onun siyasi maraqlarından və sərvət yönümlərindən az və ya çox dərəcədə asılı olur. Buraya onu da əlavə etmək lazımdır ki, sosioloqun nəticələri və tövsiyələri bu və ya başqa dərəcədə müxtəlif sosial qrupların siyasi mənafelərinə toxunur, müəyyən ideoloji məna kəsb edir. Sosioloqların ideya-siyasi mövqeləri müxtəlif konsepsiyalar arasında gedən mübarizənin mühüm amillərindən biridir.