Müraciət formaları. Müraciət formalarının tarixi qədimdir. Qədim insanlar öz emosiya, istək və arzularını başqalarına çatdırmaq üçün müraciət formalarından istifadə etmişlər. Müəyyən təhlükə qarşısında qalan təbiət qüvvələri ilə üzləşən qədim insanlar kömək məqsədilə başqalarını haraylamışlar. İndi dilimizdə ə, ayə, ərə, ara, ay, kimi vahidlər qədim müraciət formalarının qalığıdır.
Etik normalar gözlənilməyəndə insanlar arasında narazılıq yaranır, münasibətlər kəskinləşir. Müraciətdə yaş, vəzifə və münasibət əsas yer tutur. Adətən, həmyaşıdlar bir-birinə öz adları, adlarının kiçildilmiş, əzizləmə, qısaltma formaları ilə müraciət edirlər. Bu, artıq ənənə şəklinə düşmüşdür.
Müraciət, sözün ən qədim funksiyalarından biridir. Müraciətin fərdi, ailəvi və kollektiv formaları mövcuddur. Ailə müraciət formalarına qadası, balası, sonası, anası, dayı, əmi , xala və s. daxildir. Mədəni ünsiyyətin sual cavab formalı dialoqu əsl müraciət nümunəsidir. Dialoqda əxlaq normaları və ədəb qaydaları gözlənilməli, verilən suallara ya hə, ya da yox, ya bəli, ya da xeyr sözləri ilə cavab vermək olar və mədəni təsir bağışlayar. Müraciət zamanı yaş, qohumluq, şəxsi, rəsmi münasibətlər əsasən gözlənilməlidir. Etik normalar gözlənilməyəndə insanlar arasında narazılıq yaranır, münasibətlər kəskinləşir. Tarixən Azərbaycanlılar arasında vahid rəsmi müraciət forması olmamışdır, onlar, adətən bir birinə öz adları ilə müraciət etmişlər. Son vaxtlar vahid rəsmi müraciət formaları dəbə düşmüşdür. Azərbaycanda müxtəlif vaxtlarda müxtəlif sözlər müraciət forması kimi seçilmişdir. Son yetmiş ildə yoldaş, müəllim, bəy, nəhayət cənab sözləri rəsmi və qeyri – rəsmi müraciət formaları kimi işlədilir. 1920 – 1990 cı illərdə yoldaş sözü rəsmi və qeyri – rəsmi müraciət forması kimi qəbul edilmişdir. 1990 – cı ildən sonra yoldaş sözü müraciət formalarını itirdi. 1980 – ci illərdə müraciət forması kimi müəllim sözündən də istifadə olunurdu. 1980 – ci ildən sonra vəzifəlilərə müəllim, adi adamlara isə çox vaxt adı ilə və ya adına kişi sözü əlavə edilməklə müraciət olunur. 1995 – ci illərdən yazılı və şifahi nitqlərdə, rəsmi sənədlərdə, kiçik vəzifəlilərdən tutmuş, yüksək vəzifəlilərə qədər cənab və ya cənablarına sözü rəsmi və qeyri – rəsmi şəkildə işlənməkdədir.
Təbiidir ki, gözəl nitq, rəvan danışıq auditoriya üçün maraqlı mövzunun seçilməsindən, nitqdə işlədilən sözlərin ahəngdarlığından, nitq söyləyənin şəxsiyyətindən, hətta zahiri görünüşündən və s. asılıdır. Gözəl nitq qabiliyyətinə, nitq mədəniyyətinə malik olmaq üçün kifayət qədər söz ehtiyatına, geniş dünyagörüşünə, yaradıcılıq axtarışına, istedada, ciddi səyə malik olmaq lazımdır. Gözəl nitq dinləyicinin qəlbini fəth edir, onu düşündürür, nəticə çıxarmağa vadar edir.
Dinləyicilərə münasibətə görə nitq söyləyənin qarşısında 3 vəzifə qoyulur:
a) dinləyicinin diqqətini özünə cəlb etmək;
b) diqqəti nitqdə irəli sürülən məsələlərə cəlb etmək – dinləyiciyə psixoloji təsir göstərmək üçün zəmin yaratmaq;
c) dinləyicini həyəcanlandırmaq, onu düşünməyə sövq etmək.
Nitqin növlərindən istifadə etmək də dinləyicilərin səviyyəsindən asılıdır. Gözəl danışıq, necə deyərlər, məqamına düşməlidir. Natiq dinləyicilərin hətta yaşını, vəzifəsini, cəmiyyətdəki mövqeyini, vaxtının çoxluğunu, yaxud azlığını da nəzərə almalıdır. Dinləyicilər «müharibə və ya dinc quruculuq dövründə yaşayırlar?» sualı da natiq üçün maraqlı olmalıdır.
Nitqin uğurlu alınması üçün ikinci əsas şərt dinləyicidir. Çünki natiqin sənətini, məharətini düzgün qiymətləndirən məhz dinləyici auditoriyasıdır. Nitqin müvəffəqiyyətini təmin edən başlıca amillərdən biri də natiqlik priyomlarıdır. Bütün bunlar kompleks təşkil edəndə dinləyicilərə xoş təsir bağışlayır və «estetik qida» verir. İnsan eşitdiyi sözün natiqinə baxıb həmən sözü qəbul edər.
Natiqlik priyomlarının bəziləri nitqin bütöv kompozisiyası ilə, bir qismi isə yalnız giriş və ya finalla bağlıdır. Girişlə bağlı olan priyomlar dinləyicilərin diqqətini ələ almaq, əsas məsələyə yönəltmək və sakitlik yaratmaq məqsədi daşıyır.
Nitq dinləyicilərə müraciətlə başlanır. «Necə başlamalı?» sualı ən təcrübəli natiqləri belə düşündürür. Çünki bir sıra hallarda natiqin əvvəlcədən düşündüyü «giriş» auditoriyanın real vəziyyətinə uyğun gəlmir.
Dinləyicinin diqqətini cəlb etmək də nitq söyləyəni düşündürən məsələlərdəndir. Təbii ki, nitqin əvvəlində edilən müraciətdən və onun formalarından çox şey asılıdır. Müraciət formaları istənilən şifahi və yazılı nitqdə dinləyicinin diqqətini cəlb etmək üçün bir vasitə, sonrakı mətnə keçid üçün, mükaliməyə başlamaq üçün bir açar rolunu oynayır. Bu zaman əsas postulatlardan (sübuta ehtiyacı olmayan həqiqət) biri odur ki, kim müraciət edir və kimə müraciət edilir?
N.İ.Formanovskaya danışanın iki nitq fəaliyyətini ayırmışdır: müraciət olunanı (adresatı) adlandırmaq və çağırmaq (çağırış).
Müraciət formalarının xüsusiyyətlərini araşdırarkən, müraciət formalarının əsas funksiyaları da üzə çıxmış olur. Bu funksiyalar əsasən aşağıdakılardır:
Müraciət formalarının əsas funksiyaları:
1. Çağırış funksiyası. Yalnız müraciətin ünvanını göstərir. Yəni müraciət zamanı hər hansı bir adla çağırılan obyekt müraciətin, nitqin özgəsinə deyil, məhz ona ünvanlandığını anlayır.
Asya: Ay qız, Xurşid, bir bura gəl!
2. Diqqəti cəlbetmə. Söylənilən nitqin adresata çatdırılmasında, daha dəqiq desək, məqsədli çatdırılmasında müraciət formaları diqqəti cəlbetmə məqsədilə işlənir. Yəni diqqəti cəlb etməklə biz çatdırmaq istədiyimiz fikri, mənanı adresata birbaşa, onun bütün fikrini, diqqətini özümüzə cəlb edərək, söhbətimizə yönləndilərək söyləmiş oluruq.
Məsələn, Aşıq Abbas Tufarqanlının şeirlərində də işlənmiş müraciət formaları daha çox diqqəti cəlb etmək vəzifəsini daşıyır. Aşıq yaradıcılığının dili xalq danışıq dilinə çox yaxın olduğundan bu şeirlərdə işlənmiş müraciət formaları da danışıq dili üçün daha spesifikdir. Məsələn:
Soruşun, qul Abbas, halın necədir?
Gündüzlərin ay qaranlıq gecədi,
Sərv ağacı hər ağacdan ucadı
Əsli qıtdı, budağında bar olmaz.
3. Təyin qəbul edib mürəkkəbləşərək qiymətləndiricilik funksiyası. Müəllif ilə adresat arasındakı münasibətin xarakteri mürəkkəb xitablarda daha aydın nəzərə çarpır. Yəni belə müraciət vasitəsilə biz adresatın fərdi xüsusiyyətlərini təhlil edir, qiymətləndirir, eyni zamanda ona və onun daxili xarakterinə münasibətimizi bildiririk. Məsələn:
1) Utan, qoç Koroğlu, utan!
Dağların damənin tutan!
Sənin kimi başa çatan
Elin qədrini nə bilər?
«Koroğlu» dastanında söylənilən bu şeir parçasında qoç Koroğlu müraciəti Koroğlunun qəhrəman, igid və cəsur bir insan olduğunu bildirir, yəni bu birləşmə yalnız müraciət məqsədilə işlənilmişdir, həm də müraciət olunan şəxsin əlamət və keyfiyyətlərini təcəssüm etdirir. Eləcə də aşıq yaradıcılığının digər nümunələrində (Aşıq Əçləsgərin, Abbas Tufarqanlının və b. şeirlərində müraciət formalarının bu növlərinə rast gəlmək olar. Məsələn:
Abbas ağlar arsız-arsız,
Dünya olub etibarsız,
Deyirdin dözmərəm yarsız,
Döz, bağrı daş olan könlüm!
Bir nəğməydin xoş ahəngli,
Bir çəməndin gül-çiçəkli,
Şirin sözlü, saf ürəkli,
Eşqi qəlbində pünhanım!
4. Əlaqəyaratma funksiyası. Uzunmüddətli nitq zamanı bu funksiya özünü daha qabarıq göstərir. Nitq prosesində nitqi davam etdirmək, bir mövzudan digər mövzuya keçmək, eləcə də geniş auditoriyada bir adresatdan digərinə keçmək lazım gəldikdə bu cür müraciət formalarından istifadə olunur.
Aşıq yaradıcılığı nümunələrində, xüsusilə Xəstə Qasımın şeirlərində əlaqəyaratma funksiyalı müraciətlərə rast gəlmək olar. Məsələn,
Qaşların Quran divanı,
Taxtdan salar Süleymanı.
Xəstə Qasımın canını
Al, başına dolandığım.
Nigar Rəfibəylinin şeirlərində də bu tip müraciətlər işlənmişdir. Məsələn:
Qaranquş gəldi, gəlmədin,
İllər xoş gəldi, gəlmədin,
Neçə qış gəldi, gəlmədin,
Harda qaldın, mehribanım?
5. Təsir funksiyası. Nitqdə müraciət formalarının seçilməsindən asılı olaraq biz adresata müəyyən dərəcədə təsir etmiş oluruq. Müraciət formalarının nidalarla işlənməsi və yaxud nitqdə təkrarı müraciətin emosionallığını artıraraq həmsöhbətə təsir etməklə onda müvafiq fikir, rəy yaratmış olur. Danışıq dili üçün spesifik olan bu növ müraciət formalarına daha çox aşıq yaradıcılığında rast gəlmək olar. Məsələn:
Gəl, ey könlü olan rövşən,
Qəbul et bu sözü məndən
Necə məqdur olur məskən
Gülə, xar olmayan yerdə
Bahar çağı, səhər erkən
Göy çəməndə gəzəndə sən,
Bilirsənmi ürəyimdən
Nələr keçər, dərdin alım?!
Deməli, müraciət formaları nitqdə bir neçə funksiya yerinə yetirmiş olur. Təbii ki, bu funksiyalar müraciət formalarının məqsədə və şəraitə uyğun seçilməsi, intonasiya və əlavə köməkçi vasitələrdən də çox asılıdır.
Müraciət nitqdə emosional təsir vasitəsidir.
Müraciət formalarının danışıq dilində daha çox hansı məqamlarda, situasiyalarda işləndiyinə nəzər salaq. Bu məqamlardan biri salamlaşma prosesidir. İnsanlar görüşərkən, təbii ki, çox zaman bir-birinə adla, qohumluq, dostluq və s. münasibətləri ifadə edən sözlərlə müraciət edərək salamlaşırlar. Eyni məqama sağollaşma prosesində də rast gəlinir. Müraciət formaları eləcə də dəvət, təklif, təşəkkür, üzrxahlıq, təsəlli, təbrik kimi proseslərdə daha geniş işlənir. Bu məqamları qruplaşdırsaq, onda müraciət formalarının işlənmə məqamları aşağıdakılar olacaq:
Dostları ilə paylaş: |