Akademik və işgüzar kommunikasiya 15 mühazirə (1) (1)
Nitqin aydınlığı. Aydınlıq ifadə üsuludur. İfadə olunan fikrin asan qavranılması üçün, o, həmişə diqqət mərkəzində olur. Nitq üçün aydınlıq, səlislik və yığcamlıq yüksək qiymətləndirilir. Bunların içərisində aydınlıq ən vacib üslubi keyfiyyət kimi ön sırada durur. Nitqin düzgünlüyü fikrin aydın ifadəsinin ilkin şərti sayılır. Insan ifadə edəcəyi mövzu haqqında mükəmməl məlumata malik olub onu dərindən və yaxşı bilirsə, müvafiq dil vasitələri hesabına nitqində sözçülüyə yol verməz, fikrini maraqlı qurar, dolaşıq cümlələrə deyil, sadə, münasib cümlələrlə deyəcəyi faktları ifadə etməyi bacarar. Nitq zamanı aydınlığın pozulması bir sıra hallarla bağlıdır. Bura danışanın sözlərin mənasını, işlənmə məqamlarını yaxşı bilməməsi, zəngin söz ehtiyatına mükəmməl yiyələnməməsi daxildir. Məsələn, danışıqda belə cümlələr eşidirik: O, qapının zəngini çaldı. At ilxısında yaxşı atlar vardı. Sənə müvəffəqiyyət uğurları arzu edirəm. Biz bunlara müdaxilə göstərməyə çalışırıq və s. “Aydın nitq aydın təfəkkürün, düşüncənin məhsuludur, “Dili dolaşıq şəxsin fikri də dolaşıq olur”-cümlələrinin təsdiqinə Ü.Hacıbəyovun “O olmasın, bu olsun” musiqili komediyasında Məşədi İbadın Rza bəyə dediyi bir replikasında aydın görünür: “A kişi, sən elə qəliz danışırsan ki, mən “Tarixi-Nadir”i yarıya qədər oxumuşam, başa düşə bilmirəm. Bu yazıqlar haradan başa düşsünlər?”
Biz tələbələri ixtisaslarına aid ədəbiyyatları oxuyub öyrənməklə, izah edib misallar gətirməklə məhdudlaşmamağa çağırırıq. Onlar siyasi, sosial, elmi, iqtisadi yenilikləri özündə əks etdirən, gündəlik mətbu orqanlarda çap olunan publisistik yazıları da oxuyub təhlil etməyi, biliklərini artırmağa xidmət edən bədii ədəbiyyatla, oçerklərlə həyatın hər sahəsinə aid müxtəlif materiallarla bir vətəndaş kimi tanış olmalıdırlar.
Nitqin aydınlığı tələffüzlə sıx bağlıdır. Dil səsləri öz məxrəcində deyilməsə, hecanın tələffüzdən düşməsi, normal intonasiyaya əməl olunmaması, bütün cümlələrin ya yüksək, ya da alçaq templə deyilməsi, bəzi hərflərin sözlərin sonunda buraxılması şəxsin savadı, dünyagörüşü,mütaliəsi ilə, söz ehtiyatının kəmiyyət və keyfiyyətcə azlığının nəticəsidir. Sadalanan nöqsanları aradan qaldırmaq üçün aşağıdakılar nəzərdə saxlanılmalıdır: 1) Nitqin aydınlığına nail olmaq üçün danaışılacaq mövzu öncə ətraflı öyrənilməli, lazımi material hazırlanmalıdır. 2) material fikirdə və ya yazılı qeydlərdə sistemləşdirilməlidir. 3) Nəzərdə tutulmuş sübut, dəlil və ya faktları ifadə edəcək sözlər məntiqi vurğu hesabına aydın nəzərə çarpdırılmalıdır. 4) Nitqin əsas hissəsindəki söz, ifadə və cümlələr aydın tələffüz edilməli, bunun əvəzinə “munun”, gətirdi əvəzinə “gətdi”, gəl gedək əvəzinə “gə gedəy”, ona görə əvəzinə “oa göra”, nə üçün əvəzinə “nöşün” və s. deyilməməlidir. 5) Məzmuna uyğun intonasiya seçilməli, düzgün diksiya ilə ifadə olunan nitqin başa düşülməsinə (diksiyanın pozulması sözlərin, ifadələrin başa düşülməsini, fikrin anlaşılmasını çətinləşdirir) cəhd göstərilməlidir.
Çıxış edənlər (mühazirəçi, məruzəçi, lektor, diktor, müəllim və başqaları) səsini, nəfəsini idarəetmə bacarığını təkmilləşdirməli, diksiya ilə bağlı şivə qüsurlarını düzəltməli, yəni nitqin səs mədəiniyyətinə yiyələnməlidir.
Nitqin təmizliyi. Mədəni nitqə verilən tələblərdən biri də onun təmizliyi hesab olunur. ədəbi dilin qaydalarından kənara çıxmamaqla ifadə olunan nitq təmizdir.
Nitqin təmizliyi digər keyfiyyətlər kimi nitq sahibinin ümumi mədəniyyəti, savadı və dil vahidlərindən istifadə bacarığı ilə düz mütənasibdir.
Nitqin yığcamlığı. Mədəni nitqin keyfiyyətlərindən olan yığcamlıq müxtəsərlik və qısalqı anlamındadır. Insanlar adi danışıqdan tutmuş mühazirə, məruzə, çıxışlara, eləcə də bədii əsərlərə qədər yığcamlıq tərəfdarı olub uzunçuluğun, sözçülüyün əleyhinədirlər. Fikri əhatə etməklə qısa demək bacarığı, bu da istedad əlamətidir. Istedadla bağlı olan yığcamlıq söz söyləyəndən deyəcəklərini ölçülü-biçimli, geniş mətləbləri yığcam şəkildə deməyi, vaxt almamağı, təkrarçılıqdan qaçmağı, məlum olanları yenidən xatırlatmamağı, başqalarını yormamağı tələb edir. Əbəs yerə deyildir ki, indi insanların vaxtını qiymətləndirmək, uzunçuluq etməmək naminə mühazirəyə əvvəlcədən bir saat, məruzəyə on dəqiqəyə qədər, çıxışlara iki-üç dəqiqə vaxt reqlamenti planlaşdırılır. Nitqin yığcamlığını həmişə vacib amil hesab etmişlər. Yığcam nitq insandan dərin bilik, yüksək təfəkkür, aydın düşüncə, zəngin söz ehtiyatı tələb edir. “Sözlər az, fikir geniş, məna dərin olsun deyən sənətkarlar da, “uzun sözün qısası fikrini bəyan edən atalar sözü də, “uzunçuluq eləmə kimi xalq tövsiyəsi də göstərir” ki, vaxt almamaq, eyni fikri oxşar cümlələrlə təkrar eşitdirməmək üçün ən yaxşı üsul fikri qısa və aydın ifadə etməkdir. Dəmir seyf, cədvəl şəkli, taksi maşını,qara neft, pensiya pulu və s. söz birləşmələrindəki dəmir, şəkil, maşın, qara, pul sözləri artıqdır,axı seyf dəmirdən olur, taksinin maşın olduğu, neftin qara olması hamıya aydındır. Yaxud, “Məndə ona qarşı məhəbbət var”, “Ürəyim fərəh hissi ilə döyünürdü”, “Ta qədimdən yaradıcı sənətkarlara hörmət var” və s. cümlələrində qarşı, hissi, ta yaradıcı sözlərinin lüzumsuzluğu göz önündədir. Görəsən, yaradıcı olmayan sənətkar varmı? Ta ədatı uzaqlıq bildirdiyindən ta qədimdən işlətməyə ehtiyac yoxdur və s. Bu tipli cümlələrdə uzunçuluqdan irəli gələn bəzi sözləri atmaqla fikri yığcam ifadə etmək mümkündür. Dilə yaxşı bələd olmayan adamların nitqində konkretlik və yığcamlıq kimi keyfiyyətlərin çatışmaması təbiidir. İndi xarici ölkələrə yazışmalar, göndərilən məktublar, teleqramlar, Ali Məhkəməyə appelyasiya şikayətləri çox yığcam verilir. Internet saytlarında artıq cümlə və təkrar fikirlər oxunmur.. Bunları nəzərə almaq və yığcam yazıb danışmaq hamı üçün mədəniyyət forması, qanun-qayda əlaməti olmalıdır.