N. Abdullayev. “Nitq mədəniyyətinin əsasları”. Bakı 2013
T.Əbdülhəsənli, S.Zülfüqarlı, A.Rzai. “Azərbaycan dili və nitq mədəniyyəti” . Bakı, 2014.
T.Əbdülhəsəmli, A.Hüseynova, M.Əmrahova. “İşgüzar yazışmalar” (dərs vəsaiti) Bakı 2018
MÖVZU 13 Ədəbi dilin üslubları. Kommunikasiyada funksional üslubların rolu XIIIMühazirənin PLANI Ədəbi dil və kommunikativlik
Üslub və üslubiyyat
Kommunikisiyada funksional üslubların rolu
Kommunikasiya prosesi zamanı dilin yalnız leksik-qrammatik normalarını gözləmək kifayət etmir, bunun üçün nitq üslubi cəhətdən də düzgün qurulmalıdır. Yəni danışarkən elə sözlər seçilməli, cümlələr elə qurulmalıdır ki, fikir dəqiq və aydın ifadə oluna bilsin.Həm danışıq, həm də yazıda hər hansı bir söz öz həqiqi mənasından başqa, digər mənalarda da işlənilir. Mənadan doğan forma rənga- rəngliyi dilin üslubi imkanları əsasında yaranır ki, bütün bunlar dilin üslubiyyat bəhsində öyrənilir. Ümummilli dil vahidlərinin məqsədəuyğun işlədilməsini, priyomlarını, dilin funksionallaşmasının qanunauyğunluqlarını öyrənən sahə dilçilikdə üslubiyyat adlanır. Üslubiyyat termini dilçilik ədəbiyyatlarında iki mənada işlədilir: 1. Müxtəlif üslublar haqqında təlim. Dil və nitq üslublarını, janr üslubunu, fərdi üslubları araşdıran dilçilik sahəsi, elm, tədris fənni. 2. Dilin ekspressiv (ifadəlilik) vasitələri haqqında təlim.
Üslub dilin fonetik, leksik və qrammatik imkanlarından konkret istifadə olunma sistemidir, söylənilmiş fikrin məzmununa danışan və yazanın münasibətidir. Üslubiyyat dilçilik elminin müstəqil sahəsi kimi, XX əsrin 20-ci illərindən formalaşmağa başlayır. O vaxta kimi üslubiyyat bəlağət adı ilə məlum idi. Bu elmin başlıca sahələrindən biri olan funksional üslubiyyat 50-ci illərin ortalarında meydana çıxmışdır. Azərbaycan dilinin üslubiyyatına dair ilk əsər 1933-cü ildə Tağızadə və X.S.Xocayev tərəfindən yazılmış “Müxtəsər üslubiyyat” adlanmışdır. Əsas fənn kimi ilk dəfə 1952-ci ildə Azərbaycan Dövlət Universitetində professor Ə.Dəmirçizadə tərəfindən tədris edilmişdir. Onun mühazirələrinin əsasında 1962-ci ildə “Azərbaycan dilinin üslubiyyatı” kitabı çapdan çıxmışdır.
Nitqdə üslubu yaradan amillər, əsasən bunlardır: 1. Ünsiyyətin məqsədi 2. Ünsiyyətin məzmunu 3. Ünsiyyətin işlənmə yeri.
Dil vasitələrinin müəyyən məqsədlə əlaqədar olaraq iki formada işlədilməsi nəticəsində dil üslubiyyatı ümumi və fərdi üslublara ayrılır. Ümumi üslub ümumxalq dilinin nitq vasitələrinin məqsədə uyğun şəkildə seçilib istifadə edilməsi ilə bağlıdır. Fərdi üslub ümumxalq dilinə mənsub olan vasitələrdən ədibin subyektiv zövqünə, mövzusuna və məqsədinə uyğun olaraq seçilib fərdi şəkildə işlədilməsi ilə səciyyələnir. Ümumi üslub ümumxalq ədəbi dilinin ayrı-ayrı sahələrinin dil xüsusiyyətlərini fərqləndirdiyini və ondan bəhs etdiyi halda, fərdi üslub ədəbi dil üslubunun ayrı-ayrı şəxslərə məxsus olan xüsusiyyətlərini əks etdirir.
Metod (yun. Araşdırma, dərketmə yolu) termini iki mənada işlədilir. 1) təbiət hadisələrini və ictimai həyatı dərketmə və diqqətetmə üsulu 2) priyom, vasitə və ya hərəkət tərzi. Metod elmdə, tədrisdə və istehsalatda istifadə olunan üsulların toplusudur. Elmdə aparılmış tədqiqatların nəticələrinin reallığını yoxlayıb ümumiləşdirmək, tədrisdə dərsin keyfiyyətini, səmərəliyini yüksəltmək, istehsalatda isə səmərələşdirmənin faydasını öyrənmək və əldə edilən nəticənin geniş yayılması üçün tətbiq edilən vasitə metoddur. Dilçilikdə metod həlledici amil sayılır. Elə buna görə də metodla bağlı təsviri metod, tarixi metod, müqayisəli-tarixi metod və.s əmələ gəlmişdir. Metod və üslub fəaliyyət sahələri ilə bağlı olsa da, bir-birindən fərqlənir.. Metod təfəkkür, düşüncə fəaliyyəti ilə, təsəvvürlə, üslub isə nitq fəaliyyəti ilə əlaqədardır. Metod ümumiləşdirmə, üslub fərdiləşdirmə səciyyəlidir.
Üslubi cəhətdən savadlı və nümunəvi nitqli olmaq o deməkdir ki, əvvala, nitqdə üslubi səhvlərə yol verilməməlidir, ikincisi , bütün funksional uslublara uyğun mədəni nitq səviyyəsinə çatmaq lazımdır. Nitqdə sözlərin düzgün işlədilməməsi nəticəsində müxtəlif nitq qüsurları meydana gəlir. Belə qüsurlar anaxronizm, alogizm, pleonazm və taftologiya kimi hadisələrin meydana gəlməsinə səbəb olur.