Dezaktivasiya
Dezaktivasiya – qurğulardan, binalaradan, paltardan, sudan, qida məhsullarından və s. radioaktiv
maddələrin təmizlənməsidir.
Radioaktiv yoluxma zonasından çıxdıqdan sonra təcili surətdə dezaktivasiya, yəni, radioaktiv tozu kənar
etmək lazımdır. İnsan bədənindən radioaktiv maddələrin kənar edilməsi sanitar təmizlənməsi ilə həyata
keçirilir.
Dezaktivasiya nüvə istehsalında, radioaktiv izotoplarla iş zamanı təhlükəsizlik qaydalarına riayət
edilmədikdə, radioaktiv tullantılar daşınarkən baş verən qəzalardan sonra ətraf mühitin radioaktiv çirklənməsi
zamanı həyata keçirilir. Müharibə dövründə dezaktivasiya tədbirləri düşmənin nüvə silahının tətbiqindən sonra
nəticələrin aradan qaldırılması zamanı həyata keçirilir. Bundan da əlavə, radioaktiv maddələrlə işləyən heyətin
dezaktivasiyası planlı şəkildə daima həyata keçirilir.
Radioaktiv yoluxma ilə mübarizədə radioaktiv maddələrin obyektlərin üzərindən kənar edilməsi yeganə
yoldur. Bu onunla izah olunur ki, radioaktiv maddələrdə elementlərin radioaktiv bölünməsi baş verir.
Bölünmənin sürətini artırmaq və ya azaltmaq mümkün deyil, radioaktiv maddələri mikroorqanizmlər kimi
məhv etmək və ya kimyəvi maddələr kimi neytrallaşdırmaq mümkün deyil. Dezaktivasiyanın əsas məqsədi –
radioaktiv maddələrlə yoluxma səviyyəsinin maksimal dərəcədə azaldılmasıdır.
Bu məqsədə çatmaq üçün fiziki və kimyəvi metodlardan istifadə olunur. Yoluxmuş əşyaların (qurğuların)
səthi ilə zəif əlaqədə olan radioaktiv maddələri, məsələn, obyektin üzərinə düşmüş radioaktiv tozu fiziki metod
ilə kənar edirlər (tozu su ilə yumaq, parça ilə silmək, çırpmaq və s.). Dezaktivasiyanın fiziki metdoları az effektli
olduqda, yəni radioaktiv maddələr yoluxmuş əşyalarla (qurğularla) möhkəm əlaqədə olduqda kimyəvi
metodlardan (turşuların, qələvilərin, yuyucu vasitələrin və s. radioaktiv maddələrlə əlaqədə olduqda su ilə
rahat təmizlənən digər birləşmələrin tətbiqi) istifadə olunur.
Paltarların ən sadə dezaktivasiya yolu – silkələmə, tozu taxta ilə çırpma, fırça, tozsoran ilə təmizləmə, bu
üsulların az effektliliyi zamanı, yuyucu vasitələrlə xüsusi çamaşırxanalarda yuyulmadır.
Suyun dezaktivasiyası üçün bioloji süzgəclərdən istifadə olunur.
Yaxşı qablaşdırılmış məhsulların dezaktivasiyası üçün onları yuyurlar, qablaşdırılmamış məhsulların
dezaktivasiyası üçün isə onların üst səthlərini soyurlar. Azqiymətli və kiçik miqdarlı məhsulları məhv edirlər.
Dezaktivasiyanın həyata keçirilməsinə nəzarət dozimetrik və radiometrik cihazlarla yerinə yetirilir.
Dezaktivasiyanı həyata keçirən şəxslər mühafizə vasitələrindən istifadə etməli, paltarın radioaktiv
yoluxmasına vaxtaşırı dozimetrik nəzarəti yerinə yetirməli və dezaktivasiyanı keçirdikdən sonra tam sanitar
təmizlənməlidir.
Dezaktivasiyanın təşkilinin bir neçə növü vardır: qismən, öz gücü ilə əlaltı vasitələrlə həyata keçirilən və
tam (MM qüvvələrinin xüsusi vasitələri ilə).
209
Qismən dezaktivasiya zamanı ehtiyatla paltarı çıxarmaq (tənəffüs orqanlarının mühafizə vasitələrini
çıxarmamaq), arxası küləyə dayanmaq (növbəti fəaliyyət zamanı radioaktiv tozun düşməsindən yayınmaq
üçün) və paltarı çırpmaq, sonra paltarı zivədən, ipdən asmaq, yenidən arxası küləyə dayanmaqla onun
üzərindən tozu fırça və ya süpürgə ilə yuxarıdan aşağı istiqmətdə təmizləmək gərəkdir. Paltarı taxta ilə də
çırpmaq olar. Bundan sonra ayaqqabını dezaktivasiya etmək: islaq parça ilə silmək, süpürgə və ya fırça ilə
təmizləmək lazımdır (rezin ayaqqabını yumaq da olar).
Əleyqazı aşağıda göstərilən ardıcıllıqla dezaktivasiya edirlər:
Süzücü-uducu qutunu çantadan çıxarırlar, çanta çırpılır, sabunlu suda, yuyucu vasitədə və ya kimyəvi
maddələrə qarşı nəzərdə tutulmuş paketdəki mayelərdə isladılmış pambıq ilə süzücü-uducu qutu, birləşdirici
dəstək və üzlük hissənin (şlem maskanın) üst tərəfi silinir. Bundan sonra əlehqaz çıxarılır.
Tozaqarşı parça maskalar dezaktivasiya zamanı yaxşıca çırpılır, fırçalar ilə təmizlənir, suda yuyulur.
Yoluxmuş pambıq tənzif parçalar məhv edilir (yandırılır).
Paltarların qismən dezaktivasiyası
Açıq bədən sahələrinin qismən sanitar təmizlənməsi zamanı ilk öncə əllər, üz və boyun, həmçinin gözlər
radioaktiv maddələrlə yoluxmamış su ilə yuyulmalıdır. Burun, ağız, boğaz yaxalanır. Yuyulma zamanı yoluxmış
suyun gözə, ağıza və buruna düşməsinə yol verilməməlidir. Su çatışmamazlığı zamanı bədən hissələri isladılmış
tənzif parçalarla (pambıqla) bir neçə dəfə silinir. Silinmə bir istiqamətdə (yuxarıdan aşağıya), hər dəfə pambığı
təmiz tərəfinə çevirməklə həyata keçirilməlidir.
Qismən dezaktivasiya və sanitar təmizlənmə radioaktiv tozun tam kənar etmədiyinə görə, bu proseslər
həyata keçirildikdən sonra mütləq dozimetrik nəzarət yerinə yetirilir. Paltar və bədənin yoluxmasının
normadan çox olması müəyyən edildikdə qismən dezaktivasiya və sanitar təmizlənmə yenidən təkrar olunur.
Lazım olduqda tam dezaktivasiya keçirilir.
Qış vaxtı paltarın, ayaqqabının, mühafizə vasitələrinin qismən dezaktivasiyası və sanitar təmizlənmə
üçün radioaktiv maddələrlə yoluxmamış qardan da istifadə olunur. Yay vaxtı sanitar təmizlənməni çaylarda və
ya digər axar sularda həyata keçirmək mümkündür.
Vaxtında həyata keçirilən qismən dezaktivasiya və sanitar təmizlənmə insanların radioaktiv maddələrlə
yoluxmasının qarşısını tam ala və təhlükənin səviyyəsini azalda bilər.
|