Mövzu 1 “Multikulturalizmin Azərbaycan modeli”


İctimai-fəlsəfi fikir tarixində tolerantlıq və multikulturalizm ideyaları



Yüklə 23,88 Kb.
səhifə2/2
tarix18.04.2022
ölçüsü23,88 Kb.
#55713
1   2
Mövzu 1

İctimai-fəlsəfi fikir tarixində tolerantlıq və multikulturalizm ideyaları.

Orta əsrlərdə Qərbi Avropada ictimai-siyasi fikir. İctimai-siyasi fikir tarixinin xüsusiyyətləri və mənbələri. Con Lokkun fəlsəfi və sosial-siyasi görüşləri və baxışlarındakı ziddiyyətlər. Avropasentristlərin mürtəce iddiaları. Mürtəce iddialara tutarlı cavablar.
Məlumdur ki, siyasi-fəlsəfi fikirlər milli zəmində yaransa da, son nəticədə onun ən yaxşı nümunələri ümumi bəşəriyyətə məxsus olur. Hər bir xalq dünya mədəniyyətinin inkişafına özünün müəyyən töhfələrini verir. Odur ki, dünya fəlsəfi və ictimai-siyasi fikrinin ən mühüm xüsusiyyətlərindən bəhs edərkən, qeyd etmək lazımdır ki, bu xüsuiyyətlər ayrı-aıyrı seçilmiş xalqa və millətə deyil, ümumi dünya mədəniyyətinə məxsusdur. İctimai-siyasi və fəlsəfi fikrin müxtəlif və rəngarəng qaynaqları vardır. Bunlar xalqın yaratdığı nağıl, dastan, müxtəlif əsatirlər və şifahi xalq ədəbiyyatı nümunələridir. Sivilizasiyanın yaranıb inkişaf etməsilə xalqın miflərdən xilas olması dövrü başlayır və ictimai-siyasi fikrin yazılı şəkildə inkişafına münbit zəmin yaranır. Alimlərin, politoloqların, sosioloq və filosofların yaratdlqları zəngin mənəvi irs ictimai-siyasi fikirin digər mənbəyini təşkil edir. Dünyada yaranmış qabaqcıl dövlət quruluşlarının real təcrübəsi ictimai-siyasi fikrin formalaşmasında əsas mənbələrdən birinə çevrilir.

İngilis xalqı dünya mədəniyyəti və siyasəti tarixində əhəmiyyətli rol oynamışdır. Bu xalq bəşəriyyətin mədəniyyətini zənginləşdirən bir çox dahi şəxsiyyətlər yetişdirmişdir. Bu dahilərdən biri də çağdaş İngiltərənin mənəvi-siyasi atalarından hesab edilən 1632-ci il doğumlu Con Lokkdur. O, dövrünün ən görkəmli simalarından dərs almışdır. Onun müəllimləri sırasında Qalileo Qaliley, Robert Boyl, İsaak Nyuton kimi fiziklər, Dekart, Spinoza kimi filosoflar, Qendel və Bax kimi bəstəkarlar, Molyer və Svift kimi yazıçılar vardır. C.Lokkun dövründə Rembrant və Rubens kimi rəssamlar yetişmişdir.

C.Lokk öz əsərlərində dini tolerantlığı təbliğ edirdi. Bu o zaman üçün böyük cürət tələb edirdi. Çünki həmin dövrdə katolizm tüğyan edir, protestantlar isə təqib olunurdu. C.Lokk “Dini tolerantlıq haqqında təcrübə” adlı əsərindnə yazırdı:


  1. Dövlət və cəmiyyət dini işlərə qarışmır.

  2. Din dövlətin və cəmiyyətin işinə qarışmır.

  3. Heç biri o birinin işinə qarışmır.

C.Lokkun dini tolerantlıq konsepsiyası ateizmə gətirib çıxarmır, əksinə, dövlətdən tələb edirdi ki, ateistlərə yer verməsin. Çünki onlara and içdirmək mümkün deyil, yəni onlar “ictimai müqavilə” bağlamazlar.

O, əlavə edirdi ki, dini plüralizm dövlət üçün təhlükəli deyil, amma katoliklərə qarşı dözüm göstərmək , onlara tolerant yanaşmaq olmaz. Çünki onlar, 1-cisi krala deyil, papaya tabedirlər, 2-cisi başqa dinlərə dözmürlər. C.Lokk 2-ci bir tərəfdən də yazırdı ki, cəmiyyətdə və ölkədə dini seçim azadlığı olmalıdır. Və əlavə edirdi ki, “İnsanların hüquqları dini əlamətə görə pozulmamalıdır, din dövlətdən ayrılmalıdır, heç kim inamını başqasına təlqin etməyə çalışmamalıdır və.s”. C.Lokkun ideyaları ziddiyyətli olsa da, sonrakı nəsil onun ideyalarından xeyli bəhrələnmişdir. C.Lokk yazırdı ki, inqqilab dövləti yox, hakimiyyəti çevirir. Hakimiyyət dövlət müqaviləsini pozduqda insanlar inqilab etmək hüququna malik olurlar.

İdeyaları yeni dövrlə orta əsrləri birləşdirən və arada bir körpü rolunu oynayan C.Lokk 1704-cü ildə dünyasını dəyişmişdir. Yeni dövrün fəlsəfəsi və siyasi fikri məhz bu dahi ilə başlamışdır. C.Lokkun irsi ətrafında cərəyan edən polimikalar – elmi mübahisələr bu gün də davam etməkdədir.

Qeyd etmək lazımdır ki, orta əsrlərdə İslam Şərqi, o cümlədən Azərbaycan fəlsəfi və ictimai-siyasi fikrin inkişafında, dünya mədəniyyətinin tərəqqisinə özünün müəyyən töfhələrini vermişdir. Gənclərimizin öz millətinin keçmiş olduğu tarixi inkişaf yolunu kifayət qədər bilməsi və keçmiş böyük dahilərini tanımaları üçün onların həyat və yaradıcılığı geniş şəkildə öyrənilib təbliğ edilməlidir. Fikrimizi M.Ə.Rəsulzadənin XX əsrin əvvəllərində dahiyanə bir uzaqgörənliklə dediyi sözlərlə təsdiqləyək. O, demişdir! “Bir millətin yeni nəsli əskisinə nəzərən daha az kültürlü və daha az təcrübəli olarsa, o millətin varlığı və istiqlalı təhlükəyə məruz qala bilər”.

Avropa yalnız XIV-XV əsrlərdən başlayaraq Antik yunan və Roma mədəniyyətini ərəbdilli elmin köməkliyi ilə öyrəndiyi halda, Yaxın və Orta Şərqdə, eləcə də Azərbaycanda bu dövr böyük elmi dəyişikliklər dövrü kimi təsdiq edilir. Hətta Avropa tədqiqatçılarının özləri belə bu dövrü Şərqdə “İslam”, yaxud “Türk” dövrü kimi qələmə verməyə məcbur olurlar. (Məs. Monteskye, Anri Masse və b.).

İlkin orta əsrlər dövrü Azərbaycan intibahının başlanması və genişlənməsi dövrünə təsadüf edir. Bu tarixi dövrdə Azərbaycanda 2 dövlət var idi: şimalda Şirvanşahlar, cənubda isə Atabəylər. Azərbaycan inkişafda idi. Təbriz, Naxçıvan, Gəncə, Bakı və digər şəhərlərdə sənətkarlıq və ticarət çiçəklənməkdə idi. Şərqin və Qərbin siyasi-mədəni mərkəzlərini birləşdirən bir sıra ticarət yolları Azərbaycandan keçirdi. Mədəniyyət inkişafda idi. Qonşu xalqlarla mədəni əlaqələr genişlənməkdə idi. Azərbaycanlı alimlər İran, Orta Asiya və ərəb ölkələrinə gedir, ərəb-fars dillərində əsərlər yaradırdılar. O zamanlar fəlsəfə və ilahiyyat ərəbcə, şeirlər isə farsca yazılırdı. İslam Şərqi intibahinin ayrılmaz hissəsi olan Azərbaycan intibahı bütün sahələri ehtiva edirdi. Əvvəlcə Bəhmənyar peripatetizmi (ilkin mənası bağda gəzərək mübahisələrə son qoymaq mənasını verirdi. Aristotelçilik – peripatetik məşşailər), ardınca da Nizaminin fəlsəfi poeziyasında humanizm ideyalarının təbliği bu oyanışın ana xəttini təşkil edirdi. N.Gəncəvi ilə yanaşı Fələki Şirvani, İzəddin Şirvani, Məhsəti Gəncəvi, Xəqani və i.a. kimi dahilər bu renessansın aparıcı qüvvələri idilər.

İslam dünyasının bir ölkə daxilində - xilafətdə birləşməsi bu xaqların mədəni inkişafına müsbət təsir göstərirdi. Əfqanıstandan tutmuş İspaniyayadək böyük bir ərazidə yeni bir sivilizasiya mərkəzi meydana gəlmiş və öz dövrünün qabaqcıl Çin, Hind, yunan-Roma mədəniyyətinin ən yaxşı nümunələrini əxz edə bilmişdir.

Təsadüfi deyil ki, Avropa alimləri özləri də təsdiqləyirlər ki, Avropa intibahı öz mənbəyini məhz islam şərqi ölkələrindən almışdır. Qeyd etmək lazımdır ki, mövcud ədəbiyyatda tez-tez rast gəldiyimiz “Ərəbdilli fəlsəfə”, “Ərəbdilli mədəniyyət” və.s terminləri nöqsanlıdır. Çünki ərəb dilndə yaranan elm sahələrini ərəblərlə yanaşı farslar, türklər, yəhudilər, azəri türkləri və digər Orta Asiyalılar və b. inkişaf etdirirdilər. Doğrudur, bu millətlər, irq və dil baxımından ayrı idilər. Buna baxmayaraq, bu ümumi mədəniyyətin cövhərini islam ehtiva etməkdə idi.

Tarixi tale elə gətirmişdi ki, Azərbaycan xalqı müəyyən dövrlərdə İran-fars sülaləsinin təşkil etdiyi vahid dövlətdə yaşamalı olmuş və fars dili dominantlıq etmişdir.

İran ərazisində yaşayan bütün xalqların mədəni irsini, dili əsas tutaraq, paniranistlər “iran irsi”, “İran mədəniyyəti nümunələri” kimi adlandırmışlar. İran şovinistləri azəri türklərinin milli mənsubluğunu inkar etməyə, onların türkləşdirildiyi iddiası ilə çıxış etməyə də cəhd ediblər.

Məhşur tarixçi-şərqşünas M.M.Dyakonov özünün “Qədim İran tarixinə dair oçerklər” kitabında belə şovinistlərə tutarlı cavab vermişdir: “İran mədəniyyəti təkcə farslar tərəfindən yaradılmamışdır. Orta əsrlərin çox mühüm və ədəbi mərkəzlərindən biri də Azərbaycan olmuşdur”.

Ümumiyyətlə, İslam mədəniyyəti yalnız ərəblərin yaratdığı bir abidə olmadığı kimi, İran mədəniyyəti də yalnız farsların yaratdığı mədəniyət deyildir. XIV əsrin ən görkəmli tarixçilərindən biri olan İbn-Xəldun yazırdı ki, islam mədəniyyəti islamı qəbul etmiş xalqların birlikdə ərsəyə gətirdikləri möhtəşəm bir binadır. Bu fikirlər XIV əsr ərəb mədəniyyətindən bəhs edən fransız şərqşünas alimi Hart tərəfindən də təsdiq edilmişdir. Belə ki, o “La literature Arabe” (“Ərəb ədəbiyyatı”) adlı fundamental əsərində ərəb mədəniyyətinə ərəb olmayan alimlərin və yaradıcı insanların böyük təsirini işıqlandırmışdır.

Alman əsilli məşhur şərqşünas, akademik V.Bartold (1869-1930) 1940-cı ildə İstanbulda nəşr edilmiş “İslam mədəniyyəti tarixi” adlı əsərində yazırdı ki, türk dili XIII əsrdə İslam dünyasının üçüncü mədəni dili sayılırdı. Şübhəsiz ki, ərəb və fars dili ilə yanaşı.

Qeyd etmək lazımdır ki, akademik V.Bartoldun Azərbaycan tarixi, folkloru və ədəbiyyatı haqqında da çox dəyərli tədqiqatları vardır. O, “Kitabi-Dədə Qorqud” dastanını rus dilinə tərcümə etmiş, nəşrə hazırlamış və həmin tərcümə 1950-ci ildə Azərbaycanda nəşr olunmuşdur.

Firdovsi məlumdur ki, 55 mindən ibarət dünya ədəbiyyatının ən böyük əsərlərindən biri olan “Şahnamə” eposunun müəllifi, fars-tacik şairi Əbülqasım Firdovsi (təqr. 943-1020/1030) ərəb istilası ilə aradan getməkdə olan iranlılığı diriltmək və canlandırmaq üçün adı çəkilən epopeyasını farsca yazmış və bununla da İran millətçiliyinin ideoloquna çevrilmiş fars oğlu farsdır.

Öz multikultural və tolerantlıq ənənələrinə sadiq olan Azərbaycan xalqı bu böyük şairin 1000 illiyini yüksək səviyyədə qeyd etmişdir. Bunu da qeyd etmək yerinə düşər ki, Firdovsi “Şahnamə” əsərini Qəznəvilər dövlətinin banisi, 977-ci ildən 1030-cu ilədək hakimiyyətdə olmuş türk oğlu Sultan Mahmud Qəznəvi Səbutəkinin sifarişi ilə qələmə almışdır.

Firdovsi necə fars oğlu farsdırsa “Mühakimət ül-lüğəteyn” (“İki dilin mühakiməsi”) adlı məşhur əsərin müəllifi, cığatay türkcəsində dəyərli əsərlər yaradan Əlişir Nəvai (1441-1501) də türk dilinin fars dilindən incə mənalar bildirmək, dəqiq nyuanslar və çalarlar ehtiva etmək baxımından üstünlüyünü göstərməklə türk ədəbi millətçiliyinin atası zirvəsinə yüksəlmiş bir türk oğlu türkdür.

Ümumiyyətlə, böyük şəxsiyyətlərin adları ətrafında bir çox millətlər arasında mövcud olan polemikalara tolerant münasibət göstərmək, anlaşıqla baxmaq daha normal və məntiqlidir. Çünki bu elmi mübahisələr-polemikalar millətlər arasındakı xoş münasibətlərə xələl gətirməz, əksinə, onları bir-birlərinə daha da yaxınlaşdırar fikrindəyik.

Ə.Firdovsi və Ə.Nəvainin milliyyətləri məlum olduğu halda, Orta Asiya və İran xalqlarının görkəmli alim və şairi kimi təqdim edilən Əbu Əli ibn Sinanın (980-1037) milliyət məsələsi xoş mübahisələr doğurur. Çünki Əbu Əli ibn Sina əsərlərini ərəb dilində qələmə aldığı üçün o - ərəbdir, farsca da şeirləri olan şair-farsdır, Türküstanın Buxara şəhərinin yaxınlığındakı Əfşanə kəndində doğulduğu və “Sina” sözünün türk mənşəli olması iddiası ilə bu böyük alim – türkdür!

Avropada Avisenna kimi tanınan və tibb elminə aid “Kitab əl-qanun fit-t-tibb” (“Tibb qanunları kitabı” kimi dünya şöhrətli bir əsərin müəllifi Əbu Əli ibn Sinanın milli kimliyi bu gün o qədər də dəyər kəsb emir.

XVII əsrə qədər (600 ildən çox!) Avropa tibb elmini öz təsiri altında saxlamış fundamental əsərlər müəllifinin milliyəti, yəqin ki, nə avropalı alimləri, nə də şəfa tapan xəstələri maraqlandırmamışdır. Bilinən o idi ki, o bir İslam alimi, Şərqdə-Türküstan ellərində doğulmuş sönməz bir günəşdir!

Qeyd etmək lazımdır ki, məşhurların milliyəti haqqında gedən elmi mübahisələr Avropada özünü göstərmişdir və göstərməkdədir. Belə ki, Orta əsrlərdə Avropada da yaşayan xalqların elm və bilik adamları da əsərlərini latın dilində yazmışdır. Zaman keçdikcə, müxtəlif xalqlar müstəqillik əldə etdikdən, daha doğrusu, bir-birlərindən ayrıldıqdan sonra, milli mənsubiyyət yada düşmüş və hər bir xalq başqa dildə yazmış, lakin onun soyundan olmuş məşhur elm, mədəniyyət və sənət adamları ilə qürur duymuş, iftixar hissi keçirmişdir və keçirir də! Bu isə çox normal, təbii və insani bir hissdir, heç kəsə ziyan verməz, əgər şovinizmə və qatı millətçiliyə sürüklənmirsə!

XVIII əsrdə Avropada fransız olmayan yazıçılar da əsərlərini fransız dilində yazmağa məcbur idilər, çünki o dövrdə Avropanın böyük bir hissəsində bu dil böyük əhəmiyyət kəsb edirdi. İslam Şərqi üçün də X-XIII əsrlərdə fars dili ümumi bir dövlət və ədəbiyyat dili səviyyəsində idi. Odur ki, İran ərazisində yaşayan fars olmayan qeyrimillətlərin ziyalıları, o cümlədən türkdilli ziyalılar və elm adamları elmi və ədəbi əsərlərini bu dildə yazmağa məcbur və məhkum idilər. Onların yazdıqları əsərlər farsca olduğu üçün, təbiidir ki, fars ədəbiyyatı sayılmış və İranın xəzinəsinə çevrilmişdir.

Tanınmış şərqsünas alim Y.Bertels (1890-1957) İran ədəbiyyatı haqqında yazdığı məqalələrinin birində bu barədə öz fikirini aşağıdakı kimi bildirmişdir: “...Yeni İran ədəbiyyatını, sözün geniş mənası ilə, yalnız fars ədəbiyyatı kimi götürmək düzgün olmaz. Bu ədəbiyyat İranın olduğu kimi, Hindistanın, Orta Asiyanın, qismən Türkiyənin və Əfqanıstanın da ədəbiyyatıdır”.

Qeyd etmək yerinə düşər ki, Nizamişünaslığın banilərindən biri sayılan Y.Bertels “Orta əsr şərq ədəbiyyatında fars dilində yazılan və özünün dəst-xətti olan Azərbaycan poeziyası mövcuddur” fikirini söyləməklə əsl həqiqəti ilk dəfə olaraq açıqlamış və Azərbaycan poeziyasının orta əsr şərq ədəbiyyatında tutduğu zirvəni qiymətləndirmişdir.

Heç bir şübhə yoxdur ki, İranın mədəni baxımdan inkişaf və tərəqqisində türk xalqlarının, xüsusi ilə Azərbaycan türklərinin misilsiz rol və əməyi olmuşdur və bu hal çağdaş dövrümüzdə də davam etməkdədir.`

Qeyd etmək lazımdır ki, Azərbaycan xalqının böyük mütəfəkkiri C.Cabbarlı 1924-cü ildə yazırdı ki, İran ədəbiyyatına fars ədəbiyyatı deməməliyik. Bu ədəbiyyat ayrıca farslarınkı deyildir. Bu ədəbiyyatın sarsılmaz bir sütunu C.Rumi kimi bir türk şairi və filosofudur. Farsca yazmış olsalar da, Nizami və Xəqani kimi Azərbaycan türk ədibləri fars yazıçılarının bir çoxunun təqlid etdiyi poeziya dühaları idilər. Azərbaycan və Azərbaycan mədəniyyətinə qarşı qısqanclıq və ədalətsizlik özünü həmişə göstərmişdir və göstərməkdədir. 1989-cu ildə Moskvada dərc edilmiş “Fəlsəfəyə giriş” kitabında Orta Asiya, Azərbaycan, Dağıstan və s. yerlərdə mədəniyyətin “ləng və dağınıq” inkişaf etdiyini, burada yaşayan xalqların XX əsrə qədər köçəri həyat tərzi keçirdikləri qeyd olunur. Qeyd edək ki, bu kitabı yazan müəlliflərdən bir neçəsi ermənidir. Mədəniyyət tarixinə Əl-Fərabi (X əsr), Əl-Biruni (X-XI əsr), Bəhmənyar (X əsr), N.Gəncəvi (XII əsr), N.Tusi (XIV əsr) və bu kimi elm korifeyləri vermiş xalqlar haqqında bu cür müddəalar uydurmaq ən azı ədalətsizlikdir, tarixi faktların təhrif olunmasıdır.

Avropa alimlərinin bir qismi dünya xalqlarını üç zümrəyə bölürlər: 1-ci mədəniyyət yaradan zümrə, 2-ci mədəniyyət yaratmağa ləyaqət və bacarığı olmayan, lakin ona tələbatı olan zümrə, 3-cü isə mədəniyyəti məhv edən zümrə - xalqlardır.

Avropada bu ideyaların nəzəri kökləri e.ə. tarixə gedib çıxır. Bu qitənin alimlərindən bir qismi asiyalıları “barbar”, vəhşi, qul adlandırmış və onların istismarına haqq qazandırmışlar. Platon da bu fikirləri yayanlardan olmuşdur. Platon kimi Avropanın ən böyük fikir adamlarından bəziləri də subyektivizmdən uzaqlaşa bilməmiş və bu mürtəceçilik çirkabında çabalamışlar. Bu mürtəce fikirli elm adamlarının iddialarına görə Qərb birmənalı olaraq Şərqi idarə etməlidir.

Şübhəsiz ki, bu mürtəce fikirləri qəbul etməyən və Şərqin dünya sivilizasiyasının inkişafındakı inkaredilməz rolunu əsaslı faktlarla, obyektivcəsinə sübut edənlər də kifayət qədərdir.

Məşhur şərqşünas N.İ.Konrad özünün fundamental əsəri olan “Qərb və Şərq” kitabında yazır ki, əzəldən qabaqcıl və əzəldən geri qalmış xalqlar yoxdur. Şərqin və Qərbin böyük sivilizasiyalı xalqları öz tarixlərində irəliyə doğru sürətli və yavaş hərəkət etmiş, yaxud da tamamilə dayanmışlar ki, bu da onların müvəqqəti geri qalmasına səbəb olmuşdur. Elə buna görə də heç kimin özünü xüsusi, başqasından üstün olan xalq hesab etməyə haqqı yoxdur.

Hələ vaxtilə Kant yazırdı ki, insan əqlini maraqlandıran məsələlər – nə bir əsrin, nə də bir millətin həll edə biləcəyi məsələlər deyil, bəşəriyyətin vəzifəsidir.

IX-XI əsrlərdə Aralıq dənizi aləmində müsəlman Şərqi irəlidə idi. Dəməşq və Bağdad kimi şəhərlərdə elm və sənətkarlıq böyük vüsət almışdı. Orta əsrlərdə Qərb müsəlman mütəfəkkir və həkimlərindən dərs almağı özlərinə şərəf bilirdilər. Şərqdə istehsal edilmiş əşyalar Qərbdə böyük var-dövlət, zinət hesab edilirdi.

Böyük hind mütəfəkkiri və siyasi xadimi C.Nehru avropasentrislərin qeyri-obyektiv fikir və düşüncələrini tənqid edərək yazırdı ki, dünya mədəniyyətinin inkişafında Asiyanın əzəmətini qəbul etməmək axmaqların işidir, çünki dünya dinlərinin üçünü məhz Asiya yaratmışdır, Avropanı viran qoyan da, mədəniləşdirən də asiyalılar olmuşdur və Avropa Asiya üçün illər boyu bir növ müstəmləkə olub, müasir Avropanın bir çox xalqları özlərinin mənşəyini Asiyadan gələn xaqlardan alıblar.

Montqomeri Uolt özünün “İslamın orta əsrlər Avropasına təsiri” kitabında yazır ki, 1100-cu illərdən 1350-ci ilədək olan dövrdə avropalılar mədəni və intellektual baxımdan ərəblərdən geri qalırdı. Onlar ərəb dilində olanları latın dilinə tərcümə edib öyrənirdilər. Ərəblərin fəlsəfə və tibb sahəsində avropalılara təsiri daha böyük olmuşdu.



Daha sonra müəllif qeyd edir ki, xristianlar və müsəlmanlar, Avropalılar və ərəblər “bir dünya” içərisindədirlər.

İslamın tədqiqinə böyük önəm verən Montqomeri Uolt qeyd edirdi ki, avropalılar hələ də dərk etmirlər ki, onlar islam mədəniyyətinə nələr borcludurlar. Bizim ərəb xalqı və eləcə də digər müsəlman xalqları ilə xoş münasibətlərimiz tələb edir ki, biz-avropalılar – sonadək dərk edək ki, biz onlara – müsəlmanlara – nə dərəcədə borcluyuq. Əgər bu həqiqəti gizlətsək və ya inkar etsək, bu, yalançı lovğalıq və təkəbbürdən başqa bir şey ola bilməz – deyə Montqomeri Uolt əlavə etmişdir. Odur ki, Hegel və onun kimi düşünən digər avropasentristlərin- avropamərkəzçilərin Şərqin fəlsəfi fikir tarixinə qarayaxmaları və onu ümumiyyətlə, dünya fəlsəfi fikir tarixindən çıxartmaq və ya aşağılamaq cəhd və səyləri özünü doğrulda bilməzdi və bilmədi də!
Yüklə 23,88 Kb.

Dostları ilə paylaş:
1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin