10.4. Təbii inhisar və iqtisadi tənzimlənmə
Təbii inhisarın tərkibinə su, qaz və elektrik enerjisi ilə təchizat, eləcədə rabitə və kommunal xidmət sahələri daxil edilir. Respublikamızda təbii inhisarçılığın siyahısı milli məclisin 31 mart 1995 - ci il tarixli 1012 saylı qərarı ilə təsdiq edilmişdir. Bu siyahıda:
Yanacaq və energetika sahəsində: magistral qaz kəməri daxil olmaqla, qar təchizatı sisteminə, neft kəmərləri və terminallara xidmət edən müəssisələr və təşkilatlar; elektrik enerjisinin istehsalı, ötürülməsi, paylaşdırılması və təchizatı ilə məşğul olan müəssisələr və təşkilatlar;
Nəqliyyat sahəsində dəmiryol nəqliyyatında-magistral və yerli dəmiryolu xətlərinin, yol qurğu və tikintilərin istismarmı aparan müəssisələr və təşkilatlar; stansiyalar, sərnişin vağzalları, hərəkət idarəetmə və təhlükəsizliyini təmin edən müəssisələr və təşkilatlar və i. a.; hava nəqliyyatında - aeroportlar, uçuşların idarə olunması və təhlükəsizliyini təmin edən müəssisələr və təşkilatlar; su nəqliyyatında-limanlar və liman qurğularının istismarı qurumları; hərəkətin təhlükəsizliyini təmin edən müəssisə və təşkilatlar; avtomobil nəqliyyatında-magistral avtomobil yollarının, yol qurğularının saxlanması və istismarı ilə məşğul olan müəssisələr və təşkilatlar;
Rabitə sahəsində-rabitə xidməti müəssisələri və təşkilatlar; radio və televiziya verilişləri üzrə müəssisələr və təşkilatlar;
Kommunal xidmətləri sahəsində-su, istilik təchizatı, kanalizasiya müəssisələri.
Bu istehsalların ayrıca qrupa ayrılmasının əsas səbəbi xidmətlərdə miqyasdan qənaətin əhəmiyyətli amil olmasıdır. Bu sahələrdə miqyasdan qənaətin mövcudluğu inhisar tədarükçüsünün olmasını şərtləndirir, lakin bu halda inhisar hökmranlığının qarşısını almaq üçün dövlətin qarışması zəruridir. Bununla əlaqədar olaraq, əksər ölkələrdə kommunal xidmətləri ya tənzimlənən, ya da dövlət mülkiyyətindədir və dövlət tərəfindən idarə edilir. Hər iki halda qiymətlər inhisarçı - istehsalçı tərəfindən deyil, dövlət tərəfindən qoyulur. Tənzimləmə orqanları təbii inhisarlar mövcud olan sahələrdə rəqabətli bazarları imitasiya etməyə səy göstərməlidirlər. Rəqabətli bazarlarda olduğu kimi, məsrəflər minimallaşdırılmalı, qiymətlər isə son məsrəflər əsasında təyin olunmalıdır. Bundan əlavə, tənzimləmə orqanları aşağı qiymətlər arzu edən istehlakçılarla istehsalçının iqtisadi həyat qabiliyyəti arasında balansı gözləməlidir. Qiymətin maya dəyərindən çox aşağı təyini, tənzimlənən firmanı tezliklə müflisləşməyə gətirər və ya dövlət istehsalının zərərlərini ödəmək üçün verginin əhəmiyyətli artırılmasını tələb edər. Bu mülahizələr nəzərə alınmaqla təbii inhisarların fəaliyyətinin tənzimlənməsində aşağıdakı əsas qaydaların yerinə yetirilməsi vacibdir:
- qiymətlər maksimal olaraq son məsrəflərə yaxınlaşdırılmalıdır.
- mənfəətlər yalnız normal mənfəət normasını təmin etməlidir.
- istehsal səmərəli olmalıdır.
İndi isə onların hər birini müzakirə edək. Qiymətlərin son məsrəflər əsasında qoyuluşu istehlakçılar üçün əlavə istehsal olunan məhsulun faydalılığının onun istehsalı məsrəflərinə bərabər olmasına təminat verir. Qiymət qoymanın bu sistemdən kənarlaşması artıq itkiləri şərtləndirir. Əgər son məsrəflərin ölçüsü qiymətdən aşağıdırsa, onda məhsul kifayət həcmdə istehsal olunmur. Əgər onların ölçüsü qiyməti ötürsə, onda istehsal olunan məhsulun həcmi həddindən yüksəkdir. Lakin təbii inhisarlarda miqyasdan qənaət olduğuna görə məhsul buraxılışının artması ilə orta məsrəflər aşağı düşür. Bunu şəkil 10.4 - dən daha aydın görmək olar.
Şəkil 10.4. Tənzimlənən təbii inhisar
Şəkildən görünür ki, son məsrəflər orta məsrəflərdən aşağıdır. Qiymətin dəqiq son məsrəflər səviyyəsində qoyuluşu məhsul istehsalı həcmini Q' olması deməkdir və uyğun olaraq qiymətin P'-ə dəyişməsini tələb edərdi. Bu halda o, uzunmüddətli orta məsrəflərdən aşağı olacaqdır. Deməli, həmin kommunal xidməti itkilər verərdi; əgər onun balans mənfəəti mövcud olsa idi, o qoyulmuş kapitala normal gəliri təmin etməzdi. Beləliklə, tənzimləyici orqanların işçiləri qiymətləri son məsrəflərə maksimal yaxın təyin etməyə səy göstərməklə, məsrəfləri ödəmək üçün kifayət dərəcədə gəlirin alınmasını təmin edirlər.
Buna nail olmağın üsullarından biri iki komponentli tarifin tətbiqi ola bilər. İki komponentli tariflə qiymət yaranma sistemində istifadə edicilərin xidmətə durmasına görə fiksə olunmuş məbləğ, həmin xidmətin hər bir istehlak vahidinə görə isə əlavə haqq ödənilir (haqqın dəyişən hissəsi).
Məsələn, firmalar elektrik enerjisindən istifadə də maksimum qoşulmuş gücə görə fiksə olunmuş haqq, hesablayıcının qeyd etdiyi istehlak olunmuş kilovat - saatlara görə əlavə haqq ödəyirlər. İki komponentli tarif sistemində haqqın dəyişən hissəsi son məsrəflərə bərabər təyin edildiyi halda da, fiksə olunmuş hissə kompaniyanın məsrəflərini ödəməyə imkan verir.
Daha geniş yayılmış, lakin az kifayətedici yanaşma, qiymətlərin orta məsrəflər səviyyəsində qoyuluşudur. Bu yanaşma 10.4 şəkilində təsvir olunmuşdur. Cəmiyyət baxımından optimal olan E' nöqtəsində qiymət uzunmüddətli orta məsrəflərdən aşağıdır. Əgər iki komponentli tarif istisna olunursa, tənzimləmə orqanlarının işçiləri qiyməti P-yə bərabər qoya bilərlər. Bu nöqtədə gəlirlər yalnız istehlakçıların məhsula tələbinin Q həcmində məsrəflərini ödəyə bilirlər. Orta məsrəflər əsasında qiymət yaratma iki problemlə əlaqədardır. Birincisi, Q buraxılışı həcmində məhsul az istehsal olunur, çünki qiymət LMC-i ötüb keçir. Sosial itkilərin ölçüsü ştrixlənmiş sahəyə uyğundur. İkincisi, kommunal xidmət müəssisələrinin son məsrəfləri vaxta görə dəyişmə tendensiyasına malikdir (sutkanın vaxtından asılı olaraq). Məsələn, elektrik enerjisinin istehsalının artırılması, yalnız səmərəli müəssisələr işlədiyi gecə vaxtlarında daha az məsrəf tələb edir, çünki gündüz kommunal xidməti tam gücü ilə işləyir. Qiymətlər son məsrəflərin ölçüsünün dəyişməsini vaxta görə əks etdirməlidir. Orta məsrəflərə əsaslanan qiymətlər isə bunu kifayət səviyyədə edə bilmir.
Yuxarıda qeyd etdik ki, bütün məsrəflər ödənilməlidir. Kommunal xidmət müəssisəsinin yaşaması üçün mənfəətlər ən azı kapitala normal gəliri təmin etməlidir. Şəkil 10.4-də göstərilir ki, nə üçün mənfəət bu zəruri səviyyəni ötməməlidir. Fərz edək ki, tənzimlənən qiymət P'' bərabər olmalıdır. Bu halda sahə yüksək mənfəət alır, yəni cəmiyyət baxımından optimal olan nöqtədən uzaqlaşır. E" nöqtəsində istehlakçı xidmətə görə E nöqtəsinə nisbətən çox ödəyir. Bu nöqtədə qiymət orta məsrəflər əsasında qoyulur, istehlakçılar az məhsul alır və məhsul daha yüksək orta məsrəflərlə istehsal olunur. E'' nöqtəsində müvazinətlik kommunal kompaniyanın maraqlarını əks etdirir, çünki bu halda o, yüksək mənfəət əldə edir.
“Təbii inhisar haqqında” Azərbaycan Respublikasının Qanununun qəbulu ilə təbii inhisar subyektlərinin fəaliyyətinin tənzimlənməsinin zəruri hüquqi bazası yaradılmışdır. İndi respublikamızda onların fəaliyyətini İqtisadi İnkişaf Nazirliyi, Maliyyə Nazirliyi, Antiinhisar Siyasəti və Sahibkarlığa Kömək Komitəsi həyata keçirir.
Qeyd etməliyik ki, tənzimləyici orqanları işçiləri kommunal xidmət sahəsində dövlət müəssisələrində məsrəflərin minimallaşdırılmasına kifayət dərəcədə fikir vermirlər. Bu ona görə baş verir ki, kommunal kompaniyaların idarəediciləri adətən, firmanın imkanları və onların ehtimal olunan fəaliyyətləri haqqında tənzimləyici orqanların işçilərinə nisbətən daha çox informasiyaya malikdirlər. Tənzimləyici agentliklərin işçiləri dəyişən müvəffəqiyyətlə çalışırlar ki, kommunal xidmət müəssisələri normal mənfəətini təmin etsinlər. Əgər onlar buna həmişə nail olsalar, onda kommunal firmalar öz məsrəflərini minimallaşdırmaq üçün heç bir stimula malik olmazdılar. Beləliklə, tənzimləyici orqanların işçilərinin mühüm vəzifəsi kommunal sahələrin işinin səmərəliliyinə nəzarət etmək və onun yüksəldilməsinə tədbirlər görməkdir.
Əsas anlayışlar
İqtisadi tənzimlənmə
Bazarların qüsurları
Kənar effekt
Çirklənməyə görə vergi
Antitrest siyasəti
Təbii inhisarlar
Sosial məsrəflər
son məsrəflər əsasında qiymətyaranma
orta məsrəflər əsasında qiymətyaranma
iki komponentli tarif
Özünü yoxlama sualları
Bazarların qüsurları.
Kənar effekt və optimal tənzimləmə.
Antitrest siyasətinin xüsusiyyətləri.
Təbii inhisarın xüsusiyyətləri və onun iqtisadi tənzimlənməsi.
Dostları ilə paylaş: |