XX əsrin əvvəllərində Şimali Azərbaycan mədəniyyəti. Azərbaycanda burjua millətinin təşəkkülü, milli mədəni müəssisələrin meydana çıxması, doğma dildə qəzet və jurnalların nəşri xalqın milli şüurunun artmasına və siyasi fəaliyyətinin güclənməsinə, milli azadlıq hərəkatının genişlənməsinə səbəb olurdu. Azərbaycan burjuaziyası Rusiyanın hakim sinifləri ilə bərabər hüquqlar, müxtəlif məhdudiyyətlərin ləğv olunmasını, ana dilində ibtidai təhsilin hər yerdə həyata keçirilməsini, Zemstvo sistemi yaradılması və şəhər özünüidarəsində islahat keçirilməsi qanunu verilməsini və s. tələb edirdi. İri torpaq sahibləri-bəylər də öz sinfi hüquqları və silki üstünlüklərini müdafiəyə qalxırdılar. Azərbaycan burjuaziyasının milli azadlıq ideyaları “Yeni füyuzat”, “Şəlalə” jurnallarında, “İqbal”, “Günəş”, “Yeni Həyat” kimi qəzetlərdə geniş təbdiğ olunurdu. M.Ə.Rəsulzadənin, Q.R.Şərifzadənin, A.K.Kazımzadənin 1911-ci ilin sonunda təsis etdiyi müsəlman demokrat partiyası milli azadlıq hərəkatını istiqamətləndirməyə səy göstərirdi. Bu istiqamətdə “Molla Nəsrəddin” jurnalı və onun naşirləri C.Məmmədquluzadə, M.S.Ordubadi, N.B.Vəzirov, Ə.Haqverdiyev, Ə.Rəhimzadə, F.Köçərli, həmçinin M.Ə.Rəsulzadə, Ə.Hüseynzadə, Ə.Ağaoğlu mühüm rol oynayırdılar.
XX əsrin əvvəllərində Azərbaycan mədəniyyəti inkişaf etməyə başladı. Azərbaycanın demokratik ictimaiyyəti “rus-tatar” məktəbləri şəbəkəsini genişləndirmək uğrunda mübarizə aparırdı, çarizmin məktəbləri ruslaşdırma siyasətinə qarşı çıxırdılar. Azərbaycan qadınlarının dini xurafatın hakim olduğu bir şəraitdə savadlandırılması çox mühüm idi. 1901-ci ildə Bakıda H.Z.Tağıyev öz hesabına “Bakı rus-müsəlman qadın məktəbini” açdı. Birsinifli olan bu məktəb 1913-cü ildə ikisinifli, 1916-cı ildə isə ibtidai-ali məktəb oldu. 1916-cı il yanvarın 1-də bu məktəbdə 104 qız təhsil alırdı ki, onların 95 azərbaycanlı idi. 1902-ci ildə Gəncədə, bir qədər sonra Ağdaşda, Qazax qəzasının Salahlı kəndində, Göyçay qəzasında, Şuşada, Şamaxıda, Karyagin qəzasında ilk qadın məktəbləri açıldı. Qız məktəblərində işləmiş müəllimlərdən HənifəMəlikovanın, Xədicə Ağayevanın, Rəhilə Hacıbəyovanın, Sara Vəzirovanın, Şəfiqə Əfəndiyevanın, Ayna Sultanovanın adlarını qeyd etmək olar. Azərbaycan müəlliflərinin qarşısında duran ən mühüm vəzifələrdən biri tədris-metodik vəsait hazırlayıb nəşr etmək idi. Bu yolda Rəşid bəy Əfəndiyevin, S.S.Axundovun, F.Ağazadənin, A.Şaiqin, M.Mahmudbəyovun, A.Səhhətin, A.Əfəndiyevin, Q.N.Nərimanbəyovun, M.Qəmərlinskinin, Ü.Hacıbəyovun, Q.R.Mirzəzadənin, F.Köçərlinin rolu xüsusi qeyd olunmalıdır.
Azərbaycanda orta məktəblər, peşə-texniki məktəblər açılmağa başlandı, bazar günləri fəaliyyət göstərdiyi üçün Bazar məktəbləri adlanan məktəblərdə yaşlılar təhsil alırdılar. Azərbaycanda xeyli mədəni-maarif idarələri: kitabxana, xalq evləri, klublar və s. fəaliyyət göstərirdi.
1902-ci ildə Qara şəhərdə və 1906-cı ildə Bayılda açılmış xalq evlərində, mədəni-maarif ocaqlarında görkəmli mədəniyyət xadimləri mühazirələr oxuyurdular. Bakıda yaranmış “Nicat” cəmiyyətinin ətrafında inqilabidemokratik ziyalılar toplaşmış, “Nəşr maarif” cəmiyyətinin başlıcavəzifəsi əhali arasında savadsızlığı ləğv etmək idi. H.Z.Tağıyev və M.Muxtarov bu cəmiyyətin fəxri üzvləri idilər. Birinci dünya müharibəsi illərində Quba, Ağdam, Şuşa və Gəncədə cəmiyyətin filialları açıldı.
Bu dövrdə azərbaycanca “Hümmət”, “Təkamül”, “Yoldaş” (1907), “Qudok” (1907-1908), “Naşa jizn” (1914), “Bakı həyatı” (1912) qəzetləri, “Volna” (1909), “Sovremennaya jizn” (1911) və s. jurnalları nəşr olunurdu. Bunlarla yanaşı inqilabi-demokratik mətbuat orqanı olan “Molla Nəsrəddin” jurnalı da çap olunurdu. Cəlil Məmmədquluzadənin redaktoru olduğu bu jurnalın ətrafında M.Ə.Sabir, Ö.F.Nemanzadə, Ə.Qəmküsar, Ə.Nəzmi və b. toplaşmışdı. Bu jurnalın ardınca “Bəhlul” (1907), “Zənbur” (1909-1910), Bakıda uşaqlar üçün “Dəbistan” (1906-1908), “Rəhbər” (1906-1907), “Məktəb” (1911-1917) jurnalları çıxırdı. Bakıda burjuaziyanın “İrşad” (1905-1908), “Tərəqqi” (1908-1909), “Füyuzat” və “Yeni füyuzat” jurnalları, “Həyat” və “Təzə həyat” qəzetləri, “Raboçi listok”, “Trud”, “Raboçiy qolos” və s. qəzet və jurnalları çıxırdı.
XX əsrin əvvəllərində coğrafiya, təbiət elmləri, ədəbiyyat sahəsində də müəyyən uğurlar qazanıldı.
Azərbaycanda tənqidi realizmin inqilabi-demokratik ideyaların carçısı “Molla Nəsrəddin” (1906-1931) jurnalının naşiri və redaktoru C.Məmmədquluzadə, onun əməkdaşı M.Ə.Sabir, Ə.Haqverdiyev, Ə.Qəmküsar, Ə.Nəzmi, M.Ə.Möcüz, Y.V.Çəmənzəminli kimi görkəmli nümayəndələri var idi. İnqilabi-demokratik publisistikanın fəal nümayəndələrindən biri Ü.Hacıbəyov idi.
Mədəni-maarif cəmiyyətlərinin, o cümlədən “Nicat”ın yaradılması Azərbaycanın milli teatr sənətinin inkişafına təkan verdi: 1904-cü ildə “Müsəlman artistləri cəmiyyəti” yaradılmışdı. H.Ərəblinskinin, C.Zeynalovun, H.Sarabskinin, M.A.Əliyevin, S.Ruhullanın incəsənətə gəlmələri bu dövrə aiddir. 1909-cu ildə S.Ruhulla, C.Zeynalov və H.Ərəblinskinin köməyi ilə Təbrizdə teatr təşkil olunmuş, teatr binası isə 1916-cı ildə tikilmişdi. 1916-cı ildəyaradılmış H.Ərəblinski və H.Sarabskinin başçılıq etdiyi “Müsəlman dram cəmiyyəti”, Azərbaycan opera teatrı da teatr sənətinə yeni təkan verdi.
XX əsrin əvvəllərində Ü.Hacıbəyov, M.Maqomayev, C.Hacıbəyov, C.Qaryağdıoğlu, H.Sarabski, Q.Pirimov və b. Azərbaycan musiqisinin inkişafında, xalqın müsiqi irsinin təbliğində, xalq mahnı və muğamlarının yaradılmasında xüsusilə böyük xidmət göstərmişlər.
1908-ci il yanvarın 12-də H.Z.Tağıyev teatrının binasında “Leyli və Məcnun” operasının ilk tamaşası qoyuldu. 1908-1915-ci illərdə Ü.Hacıbəyov “Şeyx Sənan”, “Rüstəm və Söhrab”, “Əsli və Kərəm”, “Şah Abbas və Xurşid Banu”, “Harun və Leyla” kimi bir sıra operalar yaratdı. İlk dəfə 1913-cü il oktyabrın 25-də milli musiqili teatr səhnəsində göstərilən “Arşın mal alan” musiqili komediyası böyük müvəffəqiyyət qazandı. 1916-cı ildə M.Maqomayev Azərbaycan opera sənətinin qızıl fonduna daxil olmuş “Şah İsmayıl” operasını yaratdı. Azərbaycanda ilk film XIX əsrin sonunda çəkilib. 1916-cı ildə isə “Neft və milyonlar səltənətində” adlı Azərbaycan filmi çəkildi, həmin ildə “Ölülər” pyesi, M.Maqomayevin “Şah İsmayıl” operası, Z.Hacıbəyovun “Aşıq Qərib” operası tamaşaya qoyuldu.
Rəssam Əzim Əzimzadə, Bəhruz Kəngərli ilk azərbaycanlı rəssamlar idilər.
Azərbaycan memarlıq incəsənəti də inkişaf etmişdir. O zaman salınmış ictimai binalar içərisindəİsmailiyyə (1910) (indiki Azərbaycan Elmlər Akademiyasının binası), Mayılov qardaşları teatrı (1911) (indiki M.F.Axundov adına Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının binası) xüsusilə seçilirdi.