Müəllimin şagirdlərlə ünsiyyət üslubu onların qarşılıqlı münasibətlərinin əsası kimi. Müəllimin kommunikativ fəaliyyətinin öyrənilməsi göstərir ki, pedaqoji ünsiyyətin xarakteri və məzmunu müxtəlif amillərlə şərtlənir ki, bunlardan müəllimin fərdi ünsiyyət üslubu, mövqeyi, ustanovkasını xüsusi qeyd etmək lazımdır. Bunlar bir növ ünsiyyətin vasitəsi rolunu oynayırlar.
Adətən, hamıda, eləcə də müəllimlərin hamısında ünsiyyət üslubu eyni olmur. Konkret bir şəxsiyyət kimi hər bir müəllimdə ünsiyyətin təşkili priyom və metodları nisbətən sabit şəkildə cəmlənir. Kommunikativ məsələni həll etməyə yönəldilmiş bu cür davamlı keyfiyyətlər fərdi ünsiyyət üslubu adlanır.
İdarəetmə ilə bağlı olaraq sosial psixologiyada beş cür rəhbərlik üslubu qeyd olunur: avtokratik, avtoritar, demokratik, laqeyd (einasız, liberal) və qeyri-sabit (ardıcıl olmayan) rəhbərlik üslubu. Buna uyğun olaraq pedaqoji ünsiyyətin də eyni üslublarını qeyd etmək mümkündür.
Adətən, avtokratik və avtoritar rəhbərlik üslubuna malik olan müəllimlər pedaqoji ünsiyyətin təşkilində demək olar ki, eyni mövqe tuturlar. Bu cür rəhbərlik üslubuna malik olan müəllimlər şagirdlərə yalnız obyekt kimi yanaşırlar. Şagird ünsiyyətin bərabər hüquqlu tərəf müqabili kimi qəbul edilmir. Belə müəllimlər həmişə hökmüran olmağa çalışırlar. Onlarla ünsiyyət zamanı şagirdlər təşəbbüskarlığı itirirlər. Bu cür ünsiyyət üslubuna malik olan müəllimlər ünsiyyət zamanı şagirdlərin fərdi xüsusiyyətlərini nəzərə almır, hamı ilə eyni ünsiyyət saxlamağa can atırlar. Onlar şagirdlərin fərdi xüsusiyyətlərini göstərsələr də, tamamilə qeyri-real model qurur, həmin fərqi olduqca şişirdir, real hesab edirlər. Şagird başqalarına nisbətən bir qədər fəal olduqda, müəllimin gözündə o iğtişaşçı kimi, bir qədər passiv olduqda isə - tənbəl, avara kimi görünür. Belə müəllimlər üçün neqativ ustanovka, başqa sözlə şagirdə qarşı qeyrişüuru, pis münasibət xarakterik haldır. Bu cür müəllimlər ünsiyyətdə seçici, qiymətləndirmədə isə subyektiv olurlar. Ona görə də bu cür ünsiyyət üslubu səmərəli xarakter daşıya bilmir.
Bu sahədə tədqiqat aparan müəlliflərin əksəriyyəti ən səmərəli ünsiyyət üslubu kimi demokratik üslubu qeyd edirlər. Belə rəhbərlik üslubunda şagird subyekt kimi qavranılır. Bu cür rəhbərlik üslubuna malik olan müəllim şagird kollektivi ilə razılaşır. Qərar qəbul edərkən kollektiv və onun liderinin təklifini nəzərə alır. Məktəblilərin müstəqilliyini boğmur, şagirdlərə daima xahiş, məsləhətlə yanaşır, müsbət emosional əlaqəyə üstünlük verir. Bu cür ünsiyyət ülslubuna malik olan müəllimlər şagirdlərin fərdi xüsusiyyətlərini və şəxsi təcrübələrini, fəallıq və tələbatlarını nəzərə almağa çalışırlar. Belə müəllimlərdə neqativ ustanovka olmur və ya onu təzahür etdirmirlər. Onlar qiymətləndirmədə obyektiv, təmas yaratmaqda isə təşəbbüskardırlar. Təcrübə göstərir ki, şagirdlərlə qarşılıqlı münasibətdə pedaqoji ünsiyyətin demokratik üslubundan istifadə edən müəllimlərlə şagirdlər arasında olduqca səmərəli təmas yaranır. Şagirdlər bu cür müəllimlərlə ünsiyyətə daima can atır, onlardan hər cür köməklik gözləyirlər.
Laqeyd və yaxud liberal rəhbərlik üslubuna malik olan müəllimlərin şagirdlərlə ünsiyyəti də kortəbii xarakter daşıyır. Burada ünsiyyətin xarakteri müəllimin özündən deyil, şagirdlərdən asılı olur, şagirdlər tərəfindən diktə olunur. Belə müəllim şagirdlərin işinə qarışmamağa çalışır, özünün qətiyyətsizliyi ilə fərqlənir, neytrallığa can atır. Məqsədi yayğın xarakter daşıyır. Heç vaxt qarşıdakı məqsədi həyata keçirməyə can atmır. Ona görə də şagirdlər bu cür müəllimlə ünsiyyət zamanı öz tələbatlarını lazımi şəkildə ödəyəcəklərini güman etmirlər.
Nəhayət, qeyri-sabit, ardıcıl olmayan rəhbərlik üslubuna malik olan müəllimlərin ünsiyyət üslubu da həmin cəhəti özündə əks etdirir. Bu cür müəllimlə şagirdlər ona görə ünsiyyətə girməyə cəhd göstərmirlər ki, onun necə, hansı üslubla hərəkət edəcəyini müəyyənləşdirməkdə çətinlik çəkirlər.
Şübhəsiz, qeyd olunan rəhbərlik üslubunun hər biri müəllimlə şagirdlər arasındakı qarşılıqlı münasibətlərə özünəməxsus şəkildə təsir göstərəcəkdir. Şagird kollektivinin düzgün idarə olunması isə bu cür qarşılıqlı münasibətlərin səmərəliliyindən asılıdır.
Müəllimlə şagirdlərin qarşılıqlı ünsiyyəti nə qədər səmərəli olarsa, kollektivin idarə olunması, onun üzvlərinin tərbiyə işinin təşkili də bir o qədər səmərəli olacaqdır. Şagirdlərlə qarşılıqlı ünsiyyətin səmərəliliyinə görə müəllimləri şərti olaraq 4 qrupa bölmək mümkündür.
Dostları ilə paylaş: |