Psixologiyada tədqiqat metodları
Müşahidə
Eksperiment
İstər elmi tədqiqat, istərsə də praktik iş zamanı psixoloq müəyyən metodlardan istifadə edir, başqa sözlə qarşısına qoyduğu məqsədə nail olmaq üçün öz fəaliyyətini müvafiq şəkildə təşkil edir. Bu zaman istifadə olunan priyomlar və vasitələr elmi tədqiqat metodları adlanır. Həmin metodların köməyi ilə müvafiq elmin qanunauyğunluqları aşkara çıxarılır. Elmdə əldə edilən nəticələrin gücü tətbiq olunan tədqiqat metodlarının təkmillik dərəcəsindən, onların validliyi və etibarlılığından və s. asılıdır. Metod nə qədər düzgün seçilər və tətbiq olunarsa nəticə bir o qədər səmərəli olar, elmin araşdırdığı hadisələri, onların qanunauyğunluqlarını incəliklərinə qədər aşkara çıxarar. Bütün qeyd olunanlar psixologiya və onun tədqiqat metodlarına da aiddir.
Psixologiyanın tədqiqat metodlarını hər şeydən əvvəl əsas və yardımçı olmaqla təsnif edirlər. Əsas metodlara müşahidə və eksperiment metodlarını aid edirlər. Müşahidə psixi hadisələrin gedişinə qarışmadan onları sadəcə olaraq izləmək yolu ilə empirik məlumatların əldə edilməsindən ibarət əsas tədqiqat metodudur. Psixoloqun şəraitə, psixi hadisələrin gedişinə qarışmaması, müdaxilə etməməsi müşahidə metodunu xarakterizə edən başlıca xüsusiyyətdir. Müşahidə planlı, məqsədəmüvafiq şəkildə həyata keçirilir.
Müşahidə metodunun üstün cəhəti ondan ibarətdir ki, bu zaman üzərinə müşahidə aparılan bundan xəbər tutmur, müşahidə təbii şəraitdə (iş zamanı, oyun, dərs və s.) aparıldığına görə öz hərəkətlərində dəyişiklik etmirlər. Müşahidə qısamüddətli, uzunmüddətli, dövrü və sistematik ola bilir. Qısamüddətli müşahidə dəqiqələr ərzində insan psixikası və davranışının təzahürünü izləməklə həyata keçirilir. Məsələn, müəllimin izahına şagirdlərin münasibətini aşkara çıxarmaq üçün həmin anda onların üzərində aparılan müşahidə buna misal ola bilər. Uzunmüddətli müşahidəyə bütün dərs və ya bütün rüb ərzində aparılan müşahidələri aid etmək olar.
Dövrü müşahidəyə gəldikdə bu müəyyən dövrlərdə, məsələn hər rübün sonunda eyni bir psixi hadisənin təzahürünü izləməkdən ibarətdir. Dövrü müşahidə psixi hadisənin inkişaf dinamikasını aşkara çıxarmağa imkan verir. Sistematik müşahidə də inkişaf dinamikasını aşkara çıxarmağa xidmət edir. Lakin burada müşahidə arası kəsilmədən uzun müddət məsələn, bütün dərs ili, müəyyən yaş dövrü ərzində aparılır. Müşahidənin nəticələri qeydə alınır, sonradan təhlil və ümumiləşdirmə əsasında müvafiq nəticələr çıxarılır.
Psixologiyada ən çox əsas tədqiqat metodu kimi eksperimentdən istifadə olunur. Eksperiment müşahidədən birinci növbədə onunla fərqlənir ki, bu zaman psixoloq psixi hadisələrin gedişinə qarışır, tədqiqatın təşkili üçün qarşısına qoyduğu məqsədə müvafiq olaraq şərait yaradır. Bu, müşahidə zamanı şəraitə tam nəzarət edə bilməməklə bağlı çətinliyi aradan qaldırır. Eksperimentin birinci növbədə iki növünü – təbii və laborator eksperiment növünü qeyd etmək olar.
Təbii eksperimentin məqsədi eksperiment zamanı psixi hadisələrin təzahürünə təsir göstərə biləcək amilləri aradan qaldırmaqdan ibarət olmuşdur. Bu cür eksperiment təbii şəraitdə (təlim, əmək, oyun şəraitində) həyata keçirilir. Məsələn, hansı materialın şagirdlərin təfəkkürünün inkişafını yüksək inkişafetdirici təsir göstərdiyini aşkara çıxarmaq üçün hazırlıq səviyyəsi eyni olan iki qrupdan birində (eksperimental qrup) təlim materialları problem situasiya yaratmaq əsasında, digərində (kontrol qrup) ənənəvi yolla öyrədilir. Hər iki qrupda şagirdlərə eyni müəllim dərs deyir və onlar bu işləri adi dərs kimi qəbul edirlər. Ona görə də heç bir həyəcan, qorxu hissi keçirmirlər.
Laborator eksperimentə gəldikdə bu laboratoriya şəraitində, xüsusi cihazların köməyi ilə həyata keçirilir. Müasir dövrdə psixi hadisələrin təzahür xüsusiyyətlərini aşkara çıxaran qurğular hazırlanmışdır ki, onların köməyi ilə tutarlı elmi nəticələr əldə etmək mümkündür.
Psixoloji tədqiqatlar zamanı müsahibə metodundan da istifadə olunur. Bəzən müşahidə və eksperiment zamanı bu və ya digər hadisənin baş verməsi səbəblərini aşkara çıxarmaq mümkün olmur. Bunun üçün müsahibə metodu psixoloqun köməyinə çatır. Sual-cavab yolu ilə psixoloq ona lazım faktı əldə edir.
Müsahibə metodunu çox vaxt sorğu metodu kimi də qeyd edirlər. Sorğunun müxtəlif variantlarından istifadə etmək olar. Onların hər birinin üstün və çatışmayan cəhətləri vardır. Sorğunun üç əsas növünü qeyd edirlər: şifahi, yazılı və sərbəst sorğu.
Şifahi sorğu, adətən, yoxlananın reaksiya və davranışı üzərində müşahidə aparmaq tələb olunduqda həyata keçirilir. Yazılı sorğu daha çox adamı əhatə etməyə və buna nisbətən az vaxt sərf etməyə imkan verir.
Sərbəst sorğu bir növ şifahi və yazılı sorğunun müxtəlif variantlarıdır. Lakin bunu fərqləndirən cəhət ondan ibarətdir ki, veriləcək suallar əvvəlcədən müəyyən¬ləşdirilmir. Bu cür sorğu zamanı tədqiqatın taktika və məzmununu asanlıqla dəyişdirmək mümkündür. Bu isə yoxlananlardan müxtəlif məlumatları əldə etməyə imkan verir.
Müasir psixologiyada psixodiaqnostik metodlardan da istifadə olunur. Bunlardan ən geniş şəkildə tətbiq olunanı testlərdir. Test qısa müddətli standartlaşdırılmış psixoloji sınaqdır. Testlərin müxtəlif növləri vardır. Onlardan ən geniş yayılanları aşağıdakılardır: müvəffəqiyyət testləri, intellekt testləri, kreativ testlər, şəxsiyyət testləri, proyektiv testlər və.s.
Müvəffəqiyyət testlərinin köməyi ilə yoxlananların konkret bilik bacarıq və vərdişlərə yiyələnmə dərəcəsi aşkara çıxarılır.
İntellekt testləri yoxlananların əqli inkişaf səviyyəsini aşkara çıxarmağa xidmət edir.
Şəxsiyyət testləri fərdin şəxsiyyətinin müxtəlif cəhətlərini tədqiq etmək üçün istifadə olunur.