Mövzu 12. Emek Bazari meshgulluq ve ishsizlik (Autosaved)
İşsizlik anlayışı, mahiyyəti, nəticələri və qarşısının alınması yolları
İşsizlik anlayışı, onun mahiyyəti və növləri Bu gün işsizlik Azərbaycanda sosial-iqtisadi reallığın obyektiv amili, ictimai təkrar istehsalın elementidir. O, ölkədəki sosial-iqtisadi şəraitə mühüm və birmənalı olmayan təsir göstərir.
İqtisadi hadisə olaraq, işsizlik – “işçinin iradəsindən asılı olmayaraq əmək fəaliyyətini uzun müddətə işə düzələ bilməmək səbəbindən, bir qayda olaraq, muzdlu əməklə işləyən və işə götürən arasında əmək müqaviləsinin pozulması nəticəsində dayandırılmasıdır”3.
Beləliklə, işsizliyin məzmunu ondan ibarətdir ki, iqtisadi fəal əhalinin müəyyən hissəsi müəyyən vaxt ərzində tamamilə işin olmaması vəziyyəti ilə qarşılaşır. İşsizlik iqtisadi həyatın obyektiv amilidir. O, yalnız muzdlu əmək institutunun yaranmasından sonra meydana gəlmişdir. Eləcə də əmək haqqı anlayışı bəşər tarixində kapitalizmin yaranıb inkişaf etməsilə əlaqədardır.
İşsizliyin yaranma səbəbləri olduqca müxtəlifdir. Onlardan biri istehsalın avtomatlaşdırılmasıdır. Kibernetikanın yaradıcısı N.Viner 1940-cı illərin sonunda yazırdı: “Tamamilə aydındır ki, avtomatlaşdırılmış maşınların tətbiqi işsizlik yaradacaqdır və bununla müqayisədə istehsalın hazırkı azalması və hətta 30-cu illərin böhranı belə bizə xoş bir zarafat kimi görünəcək”4.
60-cı illərin əvvələrində Amerika sosioloqları istehsalın avtomatlaşdırılması nəticəsində 70-ci illərin ortalarında fəhlələrin 65%-nin öz iş yerlərini itirəcəyini sübut etməyə çalışırdılar. Beynəlxalq Əmək Bürosu da analoji mövqedən çıxış edirdi. Amma bu cür proqnozlar öz təsdiqini tapmadı. Dünyada məşğul əhalinin sayı artmaqda davam edir, baxmayaraq ki, onun strukturu əhəmiyyətli dəyişikliklərə məruz qalır. Hal-hazırda bu təhlükələr daha da artmışdır. Bu təhlükələr üçün hər hansı bir ciddi əsas varmı? Bəzi tədqiqatçılar qeyd edirlər ki, əvvəllər yeni texnologiyalar iqtisadiyyatın nizbətən az bir sektorunu əhatə edirdi. Müasir informasiya texnologiyalarının tətbiqi praktiki olaraq bütün sahələri – istər istehsal sektorunu, istərsə də xidmət sahəsini əhatə edir və insanları işdən məhrum edir. Avtomatlaşdırma prosesləri eləcə də yüksək ixtisaslı əməyi əhatə edir. Məs., ABŞ-da kadrların seçimi sahəsində kompyuterləşdirilmiş sistem geniş yayılmışdır və s. Bütün bunlar ondan xəbər verir ki, indi mövcud olan iş növlərinin intensiv şəkildə yenisi ilə əvəz olunması prosesi gedir. Deməli, ömür boyu yalnız bir iş stereotipi keçmişə qərq edir və bu təkcə fiziki əmək işçilərinə aid deyildir.
Yuxarıda qeyd olunanlar belə bir fikri təsdiqləyir ki, avtomatlaşdırma işsizliyi şərtləndirən yeganə də olmasa aparıcı amildir. Bu amillər içərisində sosial-iqtisadi və idarəçilik amillərini də göstərmək mümükündür ki, bura aiddir: dövlət tərəfindən yürüdülən əhalinin məşğulluq siyasəti, məşğulluq xidmətlərinin fəaliyyətinin sistemi və təşkili, işsizliyə görə müavinətlərin ödənilməsi praktikası və onların ölçüsü, işçi qüvvəsinin keyfiyyəti, onun məişət və əmək şəraiti. Eyni zamanda dövlətin investisiya və texniki siyasətinin formalaşdırılması və reallaşdırlması da az rol oynamır.
İşsizliyin səviyyəsi ölkədəki demoqrafik vəziyyətlə də sıx bağlıdır. O, ölkənin sosial-iqtisadi inkişafının gedişatı, istehsal imkanlarının qeyri-bərabər paylanması və insanın əmək hüquqlarının nəticəsi kimi çıxış edir.
İşsizlik istehsalın inkişafının “məhsulu”, daimi elementidir. Sözün həqiqi mənasında elə istehsalın özü də işsizliyi törədir. İşsizliyin səbəblərini daha dərindən izah etmək üçün onun əsas növlərinin nəzərdən keçirilməsi vacibdir.
İşsizliyin təhlilində friksion (ingilis dilindən çevirəndə “sürtünmə”, “ziddiyyət”, “çəkişmə” mənalarını verir) işsizliyi qeyd edirlər. Qərb iqtisadiyyatçılarının fikrincə, o, zəruri və haradasa arzuediləndir. İşsizliyin bu növü azad sahibkarlığın əlavə məhsulu sayılır.5O, kadrların mobilliyi ilə şərtlənir. İşçilər ən müxtəlif səbəblərdən – istər istehsal, istərsə də şəxsi - əmək şəraitini və onun ödənişini yaxşılaşdırmaq məqsədilə iş yerlərini dəyişdirirlər. İşdən qovulma səbəblərindən biri kimi peşədən ümidini kəsmə də çıxış edə bilər. Orta məktəbi və ya peşə məktəbini bitirərək ilk dəfə əmək fəaliyyətinə başlayan şəxslər də həmçinin iş yeri axtara bilərlər. İctimai əmək bölgüsü sistemində “öz yerini” tapmaq istəyən işləyən gənclər xüsusi qrupu təşkil edirlər. Bütün bu proseslər elə bil qarşılıqlı olaraq işdən qovulmalar və işə qəbul olunma fonunda baş verir: kimisi təqaüdə çıxır, digəri həmin vaxtda təhsil müəssisəsini qurtardıqdan sonra özünə iş axtarır, başqa birisini çilingər peşəsi təmin etmir, kimisi isə özünə başqa bir iş axtarır. İnsan heç də həmişə tələbatlarına uyğun iş yerini tez tapa bilmir. Fəal iş axtaran belə insanların məcmusu da friksion işsizlər kontingentini təşkil edir.
İşsizliyin digər növü struktur işsizlikdir ki, o da şəxsi olmaqdan daha çox texniki-iqtisadi əsasa malikdir. O, insanın istəyindən və əmək davranışının motivlərindən o qədər də asılı deyildir. Struktur işsizliyin əsasında elmi-texniki tərəqqi, onun nailiyyətlərinin təsərrüfat praktikasında istifadəsi durur. Bu, son nəticədə əhalinin istehsal və istehlak tələbatları strukturunun dəyişilməsində, istehsal texnologiyasının müvafiq şəkildə təkmilləşməsində özünü göstərir. Nəticədə iş yerlərinin strukturu dəyişir; onların modernləşməsi baş verir; yeniləri yaranır, köhnələri ləğv olunur. Bu cür yeniliklər məşğul əhalinin peşə-ixtisas tərkibini və bununla əlaqədar işçi qüvvəsinə olan tələbatı transformasiyaya uğradır. Əməyin təklifi isə daha konservativdir və öz keyfiyyət və strukturunu dah uzun müddətə saxlaya bilir. İnsanlara yeni əmək bacarıqları, biliklər əldə edə bilmək və dəyişən mühitə alışmaq üçün müəyyən vaxt tələb olunur. Əmək bölgüsünün ərazicə bölgüsünün dəyişməsi struktur işsizliyin səbəbi ola bilər.
Xarici ədəbiyyatda işsizliyin və onun növlərinin təhlili əsasında belə bir qənaət ifadə olunur ki, friksion və struktur işsizlik tamamilə zəruridir və müəyyən mənada tamamilə arzuolunandır. Bununla yanaşı aydındır ki, bu işsizliyin miqyası müəyyən sərhəddə malik olmalıdır. Nəzəri tədqiqatlarda işsizliyin qəbul edilən səviyyəsi kimi onun təbii səviyyəsi götürülür. O, işçi qüvvəsində tələb və təklif arasında müəyyən tarazlıq yarandıqda formalaşır. Başqa sözlə vakant yerlərin sayı təxminən iş axtaranların sayı qədərdir.6Yalnız bu şəraitdə cəmiyyətin bütün resurslarından “tam istifadəni” təmin etmək mümkündür. Kəmiyyətcə təbii işsizlik friksion və struktur işsizliyin cəmi kimi müəyyənləşdirilir. Təbii ki, işsizliyin təbii səviyyəsi ayrı-ayrılıqda götürülmüş ölkələr üçün müxtəlif olacaqdır və onun kəmiyyəti/həcmi dəyişməz ola bilməz. 1960-1988-ci illərdə sənaye cəhətdən inkişaf etmiş 15 ölkədə təbii işsizliyin səviyyəsi 1,2-8,0 dəfə artmışdır. Ən çox o, Almaniyada – 8,0 dəfə, ən az isə Norveçdə - 1,2 dəfə olmuşdur. 1980-1988-ci illərdə Avropa ölkələri arasında o, İsveçrədə - 1,4%, ən çox isə 7,8% - İngiltərədə, 15,0% - Fransada və 15,0% İspaniyada olmuşdur.
Friksion və struktur işsizliklə yanaşı dövrü (siklik) işsizlik də mövcuddur.İşsizliyin bu növü işgüzar fəallıq siklinin hərəkəti ilə birbaşa bağlıdır. Əmtəəyə və xidmətlərə olan ümumi tələbatın azalması məşğul əhalinin də sayının azalmasına səbəb olur ki, bu da işsizliklə nəticələnir. Müasir bazar iqtisadiyyatı nəzəriyyəsində siklik işsizlik xoşagəlməz hadisə kimi qəbul edilir. Sənaye siklinin zirvəsində yerləşən iqtisadiyyat üçün o, sıfıra bərabər olmalıdır, amma müasir iqtisadiyyat praktikasında buna demək olar ki, rast gəlinmir.