Mövzu-5 Afrika xalqları Plan. Məğrib. Liviya və Misir xalqları. Sudan xalqları (Qərbi Sudan və Şərqi Sudan) Cənubi Afrika


Sudan xalqları (Qərbi Sudan və Şərqi Sudan)



Yüklə 50,09 Kb.
səhifə2/3
tarix02.06.2023
ölçüsü50,09 Kb.
#122385
növüDərs
1   2   3
M-5

Sudan xalqları (Qərbi Sudan və Şərqi Sudan)

Sudan tarixi etnoqrafik vilayəti Şərqi və Qərbi Sudan rayonlarına bölünür. Şərqi Sudan Nil çayı hövzəsində yerləşən və Avropanın dövrddə bir hissəsinə bərabər olan geniş bir ərazidə yerləşir(2,5 milyon kv. km.).Qədim misirliləh Nil çayındakı birinci astanadan cənubda yerləşən torpaqları Nubiya və yaxud “ Kuş ölkəsi”adlandırırdılar. Ümumiyyətlə, Şərqi Sudan xalqlarının tarixini Misir və Həbəşistan xalqlarının tarixindən ayrı təsəvvür etmək olmur. Hələ e. ə.IV-III minilliklərdə Nubiya torpaqları misirlilərin diqqətini özünə cəlb edirdi. Misir fironları Nubiyaya qarşı tez-tez qarətçi yürüşlər təşkil edirdilər. Bu yürüşlər nəticəsində onlar çoxlu qul, qızıl və qiymətli fil sümüyü əldə edirdilər. Bu yürüşlər gedişində Misir öz cənub sərhədlərini Nubiyanın hesabına genişləndirirdi. Yeni çarlıq dövründə, XII sülalənin fironları Nubiyaya qarşı təşkil etdiyi dörd qarətçi yürüşlər nəticəsində ölkənin ərazisini Nildəki 2-ci astanaya qədər genişləndirmişdi. XVIII sülalənin hakimiyyəti dövründə Misirin əli artıq dördüncü astanaya qədər uzanmışdı. Bu dövrdə hətta Nubiyanı fironun canişini idarə edirdi. Təsadüfi deyil ki, burada tədricən Misir mədəniyyəti-dil, yazı, memarlıq və din yayılırdı. XIX sülalə dövründə Misir nəinki Nubiya ilə, hətta ondan cənubda yerləşən ölkələrlə də iqtisadi və mədəni əlaqə saxlayırdı E.ə. XII əsrin axırlarında Nilin dördüncü astanası yaxınlığında mərkəzi Napat şəhəri olan müstəqil Napat çarlığı təşəkkül tapmışdı.Bu dövlətin etnik tərkibi barədə mənbələrdə dəqiq məlumat verilmir. Napat çarlığının çiçəklənmə dövdü e. ə.VIII əsrə təsadüf edir. Napat quldar dövləti idi. Nubiya əyanları və kahinlərinin torpaqlarında minlərlə qul işlədilirdi. Nubiya hakimləri öz yazılarını Misir heroqlifləri ilə Misir dilində yazırdılar. E.ə.840-cı ildə Napat hakimləri Memfis şəhərinə qədər olan Yuxarı Misir torpaqlarını ələ keçirmişdilər. Sonralar bütün Nil vadisini tutmuşdular. Bu dövr Misirdə XXV Efiopiya sülaləsi dövrü idi.Lakin bir qədər sonra, e.ə. VI əsrdə Napat çarları nəinki Misir mülklərindən əl çəkdi, hətta öz paytaxtlarını da bir qədər cənuba altıncı astana yaxınlığındakı Meroye şəhərinə köçürdülər.Meroye mədəniyyətinin çiçəklənmə dövrü I-III əsrlərə aiddir. Bu mədəniyyət yüksək olmaqla öz orijinal xarakteri ilə seçilirdi. Meroye Misrə, Çad gölü ətrafına, şərqdə Aksum şəhərinə və Qırmızı dəniz sahillərinə gedən ticarət yolları ayrıcında yerləşdiyindən çox sürətlə inkişaf edirdi. Vaxtı ilə Heredot Meroyedəki Günəş məbədini təsvir edərək göstərirdi ki, bu məbəd öz nəhəngliyi və habelə öz səliqəliliyi ilə hamını heyran qoymuşdu. Belə güman edirlər ki. Meroye çarlığı əhalisinin dili Napat əhalisinin dilindən fərqlənsə də antropoloji baxımdan bunlar bir-birinə yaxın olmaqla həbəş irqinə mənsub idilər. Min ildən artıq yaşayan Meroye dövləti 350-ci ildə Aksum çarı Ezana tərəfindən işğal olunmuş və bundan sonra o, süqut etmişdir. Şimali Afrikanın etnik tarixində ərəb işğallarının böyük rolu olmuşdurƏrəb mənşəli etnosların şimal-şərqi Afrikaya ilkin gəlişi eradan əvvəlki birinci minilliyə aid olsa da, bizim eranın birinci minilliyində bu proses çox surətlə getmişdir. Ərəblər Misri ələ keçirdikdən sonra XIII-XVI əsrlərdə Nubiyada da möhkəmləndilərXIX əsrdə Şərqdə Sudanda iki güclü sultanlıq: qərbdə Dərfur-şərqdə Sənnar sultanlqları fəaliyyət göstəriridi. Vaxtilə müstəqil sultanlıq olan Kordofan bu dövrdə Dərfur sultanlığının hakimiyyəti altına keçmişdi. XIX əsrin əvvəllərindən başlayaraq Şərqi Sudana türk-Misir müdaxiləsi genişlənmişdi. Bu dövrdə Misir qoşunları hətta Xartum şəhərinə qədər gəlib çıxmış, Sənnar sultanlığını tutmuşdular.Onlar Kordofan vilayətini də ələ keçirərək Qırmızı dəniz sahilinə çıxmışdılar. Misirlilər ekvator Sudanında geniş qul alveri ilə məşğul olurdular. Sudan əyanları da bu işə cəlb edilmişdi. XIX əsrin 70-ci illərində Misirdə türk işğalçılarını əvəz edən ingilislər , Misirlə birlikdə Sudanda da ağalıq edirdilər. 1877-ci ildə ingilis generalı Qordon Sudanın qubernatoru təyin edildi.İngilislərin burada yaratdığı yeni işğal rejimi, antiimperialist xarakter daşıyan güclü xalq azadlıq hərəkatının başlanmasına səbəb oldu ki, bu hərəkata da Nubiyalı Məhəmməd Əhməd başçılıq edirdi. O, 1848-ci ildə Donqola şəhərində dülgər ailəsində doğulmuşdu. Dini təhsil almış Məhəmməd Əhməd, 1871-ci ildə artıq tanınmış şeyx olduqdan sonra xalqı kafirlərə qarşı mübarizəyə qaldırdı. Hamı, çox gözəl natiqlik qabiliyyətinə malik olan Məhəmmədin çağırışına qoşulmağa can atırdı. 1881-ci ildə o özünü peyğəmbər, Mehdi, allahın yer üzündəki elçisi adlandıraraq ramazan bayramı mərasimində öz proqramını elan etdi.Proqramda ingilislərə və misirlilərə qarşı mübarizədə vahid cəbhə yaratmaq, Sudanı xarici işğalçılardan azad etmək, uzun illər ərzində kafirlərin təhqirinə məruz qalan islam dininin təmizliyi uğrunda mübarizə aparmaq, ağır vergilərdən xilas olmaq və s. nəzərdə tutulurdu. 1882-ci ildə demək olar ki, bütün Kordofan vilayəti mehdiçilər tərəfindən azad edildi. 1883-cü ildə axırıncı Əl-übeyd şəhərini də üsyançılar ələ keçirdilər. Bundan sonra üsyan daha geniş əraziləri əhatə edərək böyük vüsət aldı. ərəb fəlahları ilə yanaşı ümumi düşmənə qarşı mübarizədə bonqo, dinka, şilluq, cur və s. Nilot qəbilələri də iştirak edirdilər. 1883-cü ilin axırlarna yaxın Sudanın bütün şimal rayonları düşməndən təmizlənmişdi. Sudan feodal cəmiyyətinin yuxarı dairələrin də hərəkatdan öz mənafeləri üçün istifadə etmək məqsədilə genişlənməkdə olan xalq hərəkatına qoşulmuşdular. Mehdi hərəkatda fəal iştirak edən Nilot tayfaları ilə möhkəm əlaqə yaratmışdı.Xartum şəhərinin müdafiəsinə ingilis generalı Qordon başçılıq edirdi. İngilislər Sudanı Misirdən ayırmaq siyasəti yeridirdilər. Onlar mehdiçilərlə danışıq aparırdılar ki, İngiltərənin qəyyumluğu altında müstəqil Sudan dövləti yaratsınlar. Lakin Qordonun bu təklifini Məhəmməd Əhməd rədd etdi və onun başçılığı altında 40 min üsyançı ordusu, 1884-cü ilin avqustunda Xartum üzərinə hücuma keçdi. Mehdiçilər şəhəri mühasirəyə aldılar. Orada aclıq başladıqda, şəhər əhalisi tezliklə üsyançıların tərəfinə keçməyə başladı. Yanvarın 23-də 1885-ci ildə Xartum üsyançılar tərəfindən ələ keçirildi. Həmin ilin yayında daha bir neçə Sudan şəhərləri tutuldu. Xartum şəhəri uğrunda döyüşlərin birində Qordon öldürüldü. 1885-ci ilin iyununda mehdi də düşmən gülləsinə tuş gəldi. Buna baxmayaraq üsyançılar bir neçə ay ərzində Şərqi Sudanı ingilis-Misir qoşunlarından tamamilə təmizlədilər. Mehdinin ölümündən sonra xalq hərəkatı parçalandı.Üsyançılar arasındakı ziddiyyətlərdən istifadə edən ingilislər XIX əsrin axırlarında böyük hərbi qüvvə və döyüş texnikasından istifadə edərək Sudan ordusunu məğlubiyyətə uğratdı. 19 yanvar 1899-cu ildə Qahirədə Misir baş naziri ilə ingilis qoşunu arasında “Sudanın birlikdə idarə olunmasına dair saziş”imzalandı. 12 maddədən ibarət olan sazişə görə faktiki olaraq Sudanda İngiltərənin hökmüranlığı təsdiq olunurdu. Bundan sonra İngiltərə, əslində 1956-cı ilə qədər – müstəqil Sudan respublikasının yaranmasına qədər Sudanı təkbaşına idarə etmişdi. Sudan inzibati cəhətdən 18 əyalətə ayrılır. Onun əhalisinin sayı 25,5 milyon nəfərdir. Əhalinin 60%Nil hövzəsində məskunlaşmışdır. Əhalinin 5 milyondan çoxu köçəri və yarım köçəri həyat tərzi keçirir. Qədim dövrlərdə Sudanda semit və Kuş dillərində danışan etnoslar məskunlaşmışdılar. Sudan faktiki olaraq çox dilli ölkələr sırasına daxildir. Təkcə Cənubi Sudanda 500 qədər etnos qeydə alınmışdır. Ayrı-ayrı Sudan dillərinin hansı dil qrupuna mənsubiyyəti məsələsi hələ də qəti surətdə ayırd edilməmişdir. Son dövrlərdə Qrinberq təsnifatına üstünlük verilməkdədir. Bu təsnifata uyğun olaraq cənubdakı dillərin bir hissəsi niger Kordofan dil ailəsinin niger-konqo qrupuna daxildir; digər hissəsi isə Nil-saxara dil ailəsinin müxtəlif qrupları aiddir. Sudanda geniş təmsil olunan Nilot dilləri keçmişdə müstəqil ailə təşkil etsə də, hazırda onlar Nil Saxara dil ailəsinin şari-nil qrupunun şərqi Sudan yarım qrupuna daxil olunur. Sudan ərəbləri, ümumi əhalinin təxminən 50% qədərini təşkil edir. Ölkənin şimal-şərqində Nil çayı Qırmızı dəniz arasında beca qəbilələri yaşayırlar. Onların bəziləri Kuş və tiqre dilində danışırlar. Bir çox beca qəbilələri ərəb dilindən də istifadə edir. Sudanın şimalında, Nil vadisində ərəblərlə qarışıq vəziyyətdə,dilləri şari-nil qrupuna aid olan Nubiyalılar məskunlaşmışdır. Bunlar Sudanın yeganə xalqıdır ki(ərəblər istisna edilməklə)öz orijinal yazıları olmuşdur.Nubiyalılar arasında iki etnoqrafik qrup:maxas və donqola qrupları vardır. Bir çox Nubiya qəbilələri Nil çayından qərbdə-Dərfurda yaşayır. Nubiyalıların dağ qəbilələri əsasən Kordofanın şimal hissəsində məskunlaşmışdır. Digər şari-nil xalqları Sudanın cənubunda yaşayır. Bu qrupa daxil olan nilot qəbilələri: dinka, nuyer, milluk, anuak, burun və s. Bəhrəl-qəzəl, Sobat, Akobo və s. çayların ətrafında məskunlaşmışdır. Bunlar nilotların şimal-qərb qrupunu təşkil edir. Nilotların cənub-qərb qrupunu təşkil edənlər: bari, lotuko və teso qəbilələri ekvator boyunca yerləşmişdir. Sudanın qərb sərhədləri boyunca şari-nil xalqlarından tama, daqu; nil-axara ailəsinin başqa qruplarına mənsub olan xalqlardan: masalit, koma, fur etnosları yaşayırlar. Çad respublikası sərhədlərin də Saxara qrupuna aid olan Zaqava və Tubu xalqları, Efiopiya ilə sərhəd boyunda isə berta qəbilələri məskun

  1. laşmışdır.Kordofan qrupu xalqları əsasən Kordofanın Şərq və Cənub hissələrində yaşayırlar. Niger-konqo xalqları Zairlə sərhəd boyunda (azande və banda) məskunlaşmışdır. Sudanın dövlət dili ərəb dilidir. Ərəb dilində danışların sayı 18 milyona çatır İslam dininin sünnü təqirətinə mənsub olanlar ümumi əhalinin 7%-ni təşkil edir. Ənənəvi yerli dini etiqadlar ümumi əhalinin ¼ hissəsi arasında yayılmışdır. Dinka, şilluk, azande, bari, banda, burun və s. yerli dini inamlaraxidmət edirlər Xristianlıq Sudanla geniş yayılmamışdır. Onların ümumi sayı 800 nəfər

dən çox deyildir. Kopt kilsəsi öz ətrafına 15 min nəfər toplamışdır. Dil ailələri və qrupları üzrə Sudan xalqları aşağıdakı kimi təsnifləşdirilir Afrasiya dil ailəsinə mənsub olanlar 13, 360 min. Nil-saxar dil ailəsinə mənsub olanlar- 8, 775 min. Niger-kordofan dil ailəsinə mənsub olanlar-1, 190 min nəfərdir. Şərqi Sudanın bir çox xalqları-Nilotlar, habelə bakkarlar hələ də ibtidai icma quruluşunun qalıqlarını qoruyub saxlayırdılar. Nilotlar arasında nəsli qəbilə təşkilatlarının qalqları daha çoxdur. Ölkənin cənub rayonlarında yaşayan nilotlar üç qrupa bölünürdülər: dinka, nuyer və şilluk. Onlar maldar tayfalar idilər. Nilotlar çoxlu süd verən keçi, qoyun və zebu saxlayırdılar. Nilotların yaşayış məskənləri adətən bir-birindən 10-20 km aralıda yerləşən, təpələrin yamaclarında salınmış kəndlərdən ibarət idi. Sudanda kənd təsərrüfat ili adətən iki dövrə bölünür. İyun-dekabr aylarında. Quraqlıq dövründə yaya düşərgələrinə köçürdülər. Dekabrın əvvəllərindən etibarən otlar qurumağa başlayır. Nohurlarda su quruyurdu. Cavanlar öz heyvanlarını daha uzaq onlaqlara qovub aparırdılar. Kəndlərdə ancaq məhsul yığımı ilə məşğul olan yaşlı sakinlər qalırdılar. İstilər şiddətləndikcə nilotlar daimi yay otlaqlarına çıxırdılar. Yol boyunca hərəkət 2-3 həftəyə qədər uzanırdı. Kiçik düşərgələrdə 20-100 qədər, böyük düşərgələrdə isə 200-500 qədər adam olurdu. Adətən bu düşərgələr bir neçə kraldan ibarət olurdu. Hər kralda bir neçə ailə yaşayırdı. Heyvanların saxlandığı yerin ətrafına xəndək çəkinirdilər ki, gecələr vəhşi yırtıcıların hücumunun qarşısını alsınlar. Qadınlar və uşaqlar üçün bir neçə koma tikirdilər. Kişilər açıq səma altında yatırdılar. Səhər tezdən çobanlar heyvanları otlaqlara çıxarır, oğlanlar heyvanların təzəyini bayıra çıxarıb qurudur, qadınlar yağ və pendir hazırlayırdılar. Kişilər ova gedir, tor toxuyur və kəndir hörürdülər. Su çatışmayan yerlərdə quyu qazırdılar. Onun dərinliyi 8-10 m olurdu. Quyunun ətrafına elmi diametri olan təknə düzəldirdilər ki, heyvanlar örüşdən gələndə oradan su içsinlər. Nilotlar öz heyvanlarını çox böyük məhəbbətlə bəsləyirdilər. Gündə üç dəfə sulayırdılar. Onların saxladığı zebu cinsli inəklər, köçəri ərəblərin saxladığı iri buynuzlu heyvanlardan fərqli olaraq bir qədər kiçik boylu idilər. Nilotlar habelə həbəş cinsli keçi və qoyun da saxlayırdılar. Onlar ətdən nadir hallarda istifadə edirdilər. Əti yalnız bayram şənliklərində, toy mərasimlərində yeyirdilər. Adətən xəstə və qoca heyvanları kəsirdilər. Nuerlərin əsas qidası süd məhsulları və darı idi. Qarğıdalı və darı unundan cad bişirirdilər.Ovçuluq və balıqçılıq əlavə təsərrüfat sahələri idi. Balığı torla və qarpunla tuturdular Nilotların suda başlıca nəqliyyat vasitəsi ağacdan yonulub düzəldilmiş qayıqlar idi. Qiymətli ağac materialı az tapıldığından qamış qomlarını yan-yana bağlayıb, onlardan sal düzəldirdilər. Nilotlar quş ovu ilə də məşğul olurdular. Onlar dəvəquşu, turac, durna, balıqudan, ördək kimi quşları ovlayırdılar. Bəzən Nilotlar kollektiv şəkildə fil ovuna çıxırdı. Zürafə, gəl və ceyran ovuna ya təkbaşına, ya da xırda qruplar halında çıxırdılar.Mayda və ya iyunun əvvəllərində yaşıl adamlar heyvanları ilə bərabər kəndlərə qayıdırdı. İlk yağışlar torpağı yumşaltdığından kişilər torpağı kətmənləyir, qadınlar isə oraya toxum səpirdilər. Darı və qarğıdalıdan başqa paxla, tütün, boranı və bostan becərirdilər. Əkin-səpin işlərindən 20 gün sonra bütün heyvanları kəndə qaytarırdılar və onları kəndin yaxınlığındakı örüşlərdə otarırdılar. Gecələr onları tövləyə salırdılar.May-iyul ayları ərzağın tükəndiyi aylar olduğundan nilotlar çox çətinlik çəkirdilər. Yalnız avqust ayında qarğıdalı, sentyabrda isə darı yetişirdi. Məhsulu toplayan kimi, şum edib ikinci dəfə səpirdilər. Bu məhsulu isə dekabrda toplayırdılar. Sentyabr-yanvar yaz ayları ərzaq bolluğu dövrü idi.Ayrı-ayrı Nilot qəbilələrinin yaşayış evləri bir-birindən fərqlənsələr də, lakin tikinti materialı və inşaat texnikası hamısı üçün eyni idi. Ev inşa etmək üçün lazım olan materialı əvvəlcədən hazırlayırdılar. Payaları və yerə çalınan mıxları əvvəlcə isladır, sonra isə qurudurdular.Evin tikilməsində bütün ailə iştirak edirdi. Kişilər divar hörür, evin tavanını düzəldir, qadınlar isə inşaat materiallarını daşıyıb tikinti meydançasına gətirirdilər.
Tikintiyə başlamazdan əvvəl onu bünövrəsini düzəldirdilər. Bu məqsədlə enli dairə boyunca ensiz xəndək qazır və oraya saman, peyin, kül və torpaq qarışdırılmış palçıq tökürdülər.Evin divarı da bu qayda da davam etdirilirdi. Evin üstünü qövsvari formada nazik çubuqla örtürdülər. Çubuqların ucu evin ortasında basdırılmış payanın ucu ilə birləşdirildi. Çubuqların üstünü küləş və ot layları ilə örtürdülər. Bu cür evlərin pəncərələri olmurdu. Nuyerlər inşaat işlərində dəmir və daş materiallarından istifadə etmirdilər. Onlar özlərinə lazım olan nizə, getmən və qarpunları digər nilot qəbiləsi olan dinkalardan mübarizə yolu ilə alırdılar. Dinka qəbiləsi dəmir emalı işlərində ixtisaslaşmışdılar. Onlar dəmiri xüsusi sobalarda əridirdilər. Şilluk qəbiləsi də dinkalar kimi dəmir emalı ilə məşğul olurdu. Onlar dəmirçilik işlərindən yaxşı baş çıxarırdılar. Nilotlar dulusçuluqla da məşğul olurdular. Onlar müxtəlif dulus məmulatları, qab-qazaqlar hazırlayırdılar. Nilotların əsas silahları-dəmir ucluqlu nizələr idi. Kippopotama və öküz dərisindən uzunsov və hündür qalxanlar düzəldirdilər. Döyüş məqsədilə istifadə olunmayan, lakin ovçuluqda geniş tətbiq edilən əl dəyənəklərini nilotlar çox böyük ustalıqla işlədirdilər. Bununla quş və xırda heyvan övlayırdılar. Dinka və nuyerlər ox və kamandan istifadə edirdilər. Şilluk və dinka qəbilələri arasında təbəqələşmə artdıqca sənətkarlıq bir peşə kimi əkinçilikdən ayrılırdı Nilotların geyimləri çox da rənga-rəng deyildi. Şilluk kişiləri bədənlərinə sol çiyin üzərində düyünlənmiş parça kəsiyi sarıyır, qadınlar isə uzun köynəkləer geyirdilər.Həm kişilər, həm də qadınlar bellərinə muncuqlarla bəzədilmiş qaytan bağlayırdılar. Dinka qadınları bellərinə həm arxadan və həm də öndən ucu saçaqla qurtaran dəri önlük bağlayırdılar. Nuyerlər də bu cür geyinirdilər. Ayaqlarına və əllərinə fil sümüyündən, misdən, ağazdan düzəldilmiş müxtəlif forma və ölçülü bilərziklər keçirirdilər. Döşlərindən, bəd nəzərləri dəf etmək üçün heyvan dişləri, ilan dərisi, dərman otları asırdılar. Lifli bitkilərin quru gövdələrindən baş örtüyü düzəltmək üçün istifadə olunurdu. Bu vaxt palçıq, gül və duru peyin də işlədilirdi. Bunları təntənəli mərasimlər zamanı geyirdilər. Adətən Nilotlar başı açıq gəzir, başlarının bir hissəsini qırxdırır, qalan saçlardan isə müxtəlif formalı bəzəklər düzəldirdilər. Səhərlər kişilər sifətlərinə və açıq bədənlərinə gül sürtürdülər ki, mığ-mığa onları dişləməsin. XIX əsrin ortalarında Nilot qəbilələri ayrı-ayrı nəsli qruplara bölünürdülər. Hər bir nəsil qohum ailə qruplarından ibarət idi. Qəbilələr arasında o qədər də geniş əlaqə sistəsi yox idi. Qəbilələrin öz təbii sərhədləri vardı. Sərhədlərin pozulması qəbilələr arası ziddiyyətlərə səbəb olurdu. Hər bir nəslin heyvan adını daşıyan bir totemi vardı. Ovçular öz totemlərinin adını daşıyan heyvanı öldürmürdülər Qəbilənin başında torpağın sahibi olan kvormuon dururdu. Nuyerlər arasında ikinci nüfuzlu şəxs malqaranın sahibi olan vudok idi. Bunlardan başqa qəbilədə hərbi rəhbər də vardı, ona qvanmuot deyirdilər. Bütün şilluk qəbilələrinin ümumi rəhbəri ref adlanırdı. Ref seçkili vəzifə deyildi. Bu atadan oğula irsən keçirdi. Lakin varis məsələsi”onlar şurasında”ciddi müzakirə olunur və namizədin qoçaqlığı, cəldliyi və çevikliyi nəzərə alınırdı. Mal-qara, otlaq və su mənbəyi üstündə olan mübahisələrin aqibəti çox vaxt faciəli olurdu və böyük toqquşmalara gətirib çıxarırdı. Qəbilə başçısının işə müdaxiləsi ziddiyyətlərə son qoyurdu və qan bahası heyvanla ödənilirdi. İnsan həyatı 40 iri buynuzlu heyvana bərabər tutulurdu. Qıçın və ya əlin sındırılması müqabilində on baş, dişin sındırılması əvəzində isə iki baş heyvan ödəyirdilər. Başqa nilot tayfalarından fərqli olaraq məhz şilluklar arasında patriarxal qulçuluq çərçivəsindən kənara çıxmayan qulçuluq münasibətləri yaranmışdı. Hərbi əsirləri qul edərək mal-qara ilə dəyişdirirdilər. Qullara odero deyirdilər. Nilotlar arasında nigah münasibətləri patriarxal xarakter daşıyırdı.Arvad ərin nəsli tərəfə keçməli idi, çünki qohumluq kişi xətti ilə hesablanırdı. Əgər kişinin arvadlarının sayı çox olardısa, onların hər birinin ayrıca evi, torpaq sahəsi və bir neçə baş heyvanı olmalı idi.Ailədə oğlan uşaqları 13-16 yaşlarında təqdis adətlərinə məruz qalırdılar. Onların alnında altı cərgə kəsik açır və iki ay xüsusi bir otaqda saxlayırdılar. Bundan sonra onları çayda çimizdirib kişilər cərgəsinə qoşurdular. Ata oğluna hədiyyə olaraq nizə, qarpun və öküz verirdi. Oğlanlar kişlər cərgəsinə keçdikdən sonra evlənmək hüququ qazanırdılar. Lakin nilot gənclərin faktiki olaraq 30 yaşına qədər subay gəzirdi Qızlar ərə gedənə qədər dayının qalırdı və tam sərbəst həyat keçirirdi. Arvad üçün evlənmək haqqı olaraq 40 baş ödənc heyvan alırdılar. Dul qadının ödənc qiyməti müxtəlif idi. Birinci uşaq doğulandan sonra nigah qanuni qüvvəyə minirdi. Birinci 2-3 il ərzində gənclər qızın atası evində yaşayırdı. Bu müddət ərzində ödənc tam ödənilir və ər öz arvadını götürüb doğma kəndinə aparırdıXX əsrin əvvəllərinə qədər nilotlar bu cür yaşayırdılar. Bu məişət formalarının bir çoxu bizim dövrümüzə qədər gəlib çıxmışdır. Ərəblər Sxaradan cənubda yerləşən ölkələrin hamısını”bilyaz-əs-sudan”(qaralar ölkəsi)adlanırırdı. Sudanın şimalı Sxara səhrası, cənubu isə Konqonun tropik meşələridir. Qərbi Sudanla Şərqi Sudan arasında Çad gölü yerləşir. Qərbi Sudan 7 mln. Kv. km.-dən çox olan bir ərazidə yerləşir. Onun əhalisinin ümumi sayı 146 milyon nəfərdən çoxdur. Afrikanın imperislist bölüşdürülməsinə qədər Qərbi Sudanın ərazisi əlverişli təbii-coğrafi mövqedə yerləşdiyindən, kənd təsərrüfatının inkişaf etdirilməsi üçün münasib şərait mövcud idi.
Qərbi Sudan – sadəcə olaraq coğrafi məfhumdur və şərti olaraq belə adlandırılmışdır: bu ərazi nə dil cəhətdən, nə mədəniyyət cəhətdən nə də iqtisadiyyat cəhətdən vahid bir birlik təşkil etmir. Niger çayı Qərbi Sudan düzənliyinin ortasında böyük bir qövs əmələ gətirərək Sudanın bütün daxili vilayətlərini özündə birləşdirir. Qərbi Sudanın bu hissəsinin ən böyük dövlətləri-Qana, Mali və xüsusən Sonqai bilavasaitə Niqer çayı vadisində yerləşirdilər. Qərbi Sudanın şərq hissəsində, quraqlıq vaxtı sahəsi 11 min kv. km olan böyük Çad gölü yerləşir. Yağışlar mövsümündə isə onun sahəsi 2 dəfə artır. Qərbi Sudanın qədim tarixi barədə hələlik ciddi tədqiqatlar aparılmamışdır. Ordan-burdan aparılan arxeoloji qazıntılar Qərbi Sudanın qədim əhalisinin əkinçiliklə məşğul olduğunu təsdiqləyir. Sudanın orta əsrlər tarixi barədə yazılı mənbələr çox deyildir. Bunlar başlıca olaraq ərəb müəlliflərinin( əl-Bəkri, İbn hövqəl, İbn-Bəttutə və s. ) əsərləridir. Lakin bu əsərlərdən Qərbi Sudanın orta əsrlər dövründəki ictimai iqtisadi quruluşu, təsvir olunan dövlətlərin sinfi təbiəti haqqında kifayətləndirici səviyyədə məlumat almaq mümkün olmur. Əbu Übeyd əl Bəkri Qərbi Sudan ölkələrini təsvir edərkən göstərir ki, Niger sahillərində yerləşən şəhərlər geniş ticarətlə məşğul olurdular. Qərbi Sudanən etnik tərkibi olduqca mürəkkəbdir. Burada çoxlu dil ailələri və dil qrupları mövcuddur ki, bunların da bir-birilə qohumluq münasibətləri o qədər də aydın deyildir. Bu bölgənin ən böyük xalqlarına misal olaraq hausa(22,4 myn), fulbe(17 myn), yoruba(19,6 myn), ibo(16 myn), eve( 3 myn), mandinqo(3,5myn), akan-(6,7 myn), mosi (5,4 myn) və b. göstərmək olar. Afrikanın imperialistlər tərəfindən bölüşdürülməsinə qədər Qərbi Sudanın bir çox xalqları sinfi cəmiyyətdə yaşayaraq yüksək mədəniyyət yaratmışdılar. Bu bölgədə ilk dövlət birləşmələri səhralara yaxın çöl zonasında təşəkkül tapmışdı. Bunların içərisində ən ilkin dövlət birləşməsi Seneqal və Niger çaylarının yuxarı axarı boyunda meydana çıxan Qana dövləti idi. Əfsanələr bu dövlətin III-IV əsrlərdə, yazılı mənbələr isə VIII əsrdə təşəkkül tapması barədə məlumat verir. Əl-Bəkrinin yazdığına görə IX-XIII əsrlərdə yaşamış Qana dövləti əvvəllər Auker adlanırdı. “ Qana”sözü əvvəllər imperator tituıu mənasını ifadə edirdisə, sonralar dövlətə də belə ad verilmişdi. Bu dövlətin etnik əsasını mandinqo qrupundan olan soninke xalqı təşkil edirdi. XI əsrin ortalarında Qana özünün çiçəklənmə dövrünü keçirirdi. Ərəb coğraflarının hamısı Qananı”qızıl ölkəsi”adlandırırdılar. Çarın tacına bərkidilmiş böyük qızıl parçası, sanki ölkənin böyük sərvətinin simvolu demək idi. Əl-Bəkriyə görə Qana dövlətinin paytaxtı Kumba şəhəri iki yaşayış məntəqəsindən ibarət idi. Onların birində müsəlmanlar yaşayırdı. Orada 12 məscid vardı. Şəhərdən 6 mil məsafədə yerləşən ikinci yaşayış məntəqəsində ərəblərin əl-Qəba adlandırdığı(meşə)yerdə isə çar sarayı yerləşirdi. Buradakə evlər daşdan və akasiya ağacından tikilmişdi. Saray kompleksində qəsr və çoxlu evlər vardı ki, bunların dairəvi dam örtüyü vardı. Şəhər yazınlığındakı meşədə kahinlər yaşayırdı. Şəhərdə çar həbsxanaları mövcud idi. Buraya düşənlər tamam unudulurdu. Çarın xüsusi tərcüməçiləri vardı. Çar və onun varisi olan bacı oğlusu biçmə üsulu ilə tikilmiş paltarlar geyirdilər. Qalan adamlar isə yalnız bel sarınmasında gəzirdi. Bütün kişilər saqqallarını, qadınlar isə başlarını qırxdırırdılar. Çar bilərzik və boyunbağı gəzdirir və qadın sayağı özünü bəzəyirdi. Təbələr çarla görüşən zaman, onlar diz üstə yerə çökür və başlarına torpaq səpirdilər və bu yolla onu salamlayırdılar.Qana çarları həddindən artıq varlı idilər. Onların böyük qızıl ehtiyatı vardı. XI əsrin ikinci yarısında ölkəyə bərbər tayfalarının hücumları başladı. 1076-cı ildə bərbər qəbilə rəhbərlərindən biri-Əbu – Bəkr Qananın paytaxtı Kumba şəhərini ələ keçirdi və ölkənin üzərində təzminat qoydu. Bu vaxtdan etibarən Qərbi Sudan ərazisində islam dini yayılmağa başladı. Dövlətin başçısı və Qana əyanları öz imtiyazlarını qoruyub saxlamaq məqsədilə islam dinini qəbul etdilər. Hakim təbəqənin təzyiqi və dövlətin nəzarəti altında olan bütün qəbilələr arasında islam dini çox tez yayıldı. Lakin yeni dini etiqadın qəbul edilməsi XIII əsrdə Qana dövlətində davam etməkdə olan tənəzzülün qarşısını ala bilmədi. Bu vaxt Qananın cənub əyalətlərindən biri olan Mali dövləti ölkədə hakimiyyəti ələ keçirdi. Mali dövlətinin etnik əsasını malinke xalqı təşkil edirdi. XIII-XV əsrlərdə Mali Seneqal və Niger çaylarının yuxarı axarı boyunda yerləşən bütün roqpaqları öz əlində cəmləşdirmişdi. Onun cənub sərhədləri tropik meşələrə qədər uzanırdı. Malinin çiçəklənmə dövrü çar Sundiatanın hakimiyyəti dövrünə(1230-1255) təsadüf edir. 1235-ci ildə Sundiata Susu qəbiləsinin üzərində parlaq qələbəyə nail olduqdan sonra, Qananın paytaxtını da ələ keçirdi. O, öz paytaxtını Niana şəhərinə köçürmüşdü. Sundiata haqqında əfsanələr söyləyirdilər. Hazırda o, mandinqo xalqının ən sevimli Milli qəhrəmanı hesab olunur. Sundiata 1255-ci ildə ölmüşdür. Onun varisləri Mansa Ule və Mansa Musa daha çox şöhrət qazanməışdılar. Onlar Məkkəyə- Peyğəmbərin qəbrinə də ziyarətə getmişdilər. Malinin ən güclü dövrü mansa Musanın hakimiyyəti illərinə(1312-1337) təsadüf edir. İbn Xəldun Musanı”qaraların ən qüdrətli çarı”adlandırırdı. Məkkə ziyarəti zamanı(1324) onun göstərdiyi səxavət və əliaçıqlır Mali çarına müsəlman dünyasında böyük şöhrət qazandırmışdı. Həccə gedərkən Musanı çoxsaylı saray xidmətçiləri və qullar müşayiət edirdi.Çar atın üstündə, əllərində 2,5 kq ağarlığında qızıl sini tutmuş 500 nəfər qulun müşaiyəti ilə səfərə çıxmışdı. Başqa 80 xidmətçi isə hərəsi 3 kq-lıq qızıl tozu aparırırdı. Səfərdə iştirak evən qul-xidmətçilərin ümumi sayı 10-12 min nəfərə çatırdı. O, özü ilə 100 tay qızıl yüklənmiş karvan aparırdı. Tarixçi Cibril Niani və Sure Kanal “Qərbi Afrikanın tarixi”əsərində Musanın həcc səfərini təsvir edərək yazırlar ki, “o, Malini 60 min adamla tərk etdi, Sıra o qədər uzun idi ki, qabaqda gedənlər Tumbuktuya çatanda imperator özü hələ paytaxtdan çıxmamışdı. Mansa Musa öz sərvəti və əliaçıqlığı ilə Qahirə əhalisini heyran etmişdi. O, Misir Sultanına 50 min dinar qızıl pul və özünün yazdığı ədəb qaydaları haqqındakı kitabını bağışlamışdı. O, Malidən Məkkəyə ziyarətə gələcək zəvvarlar üçün ev aldı. Mədinədə peyğəmbərin qəbrini ziyarət etdi. 1325-ci ildə Mansa Musa varlı, əl açıq və alicənab bir şah şöhrəti ilə Maliyə qayıtdı”. Mansa Musadan sonrakı hökmdarlar da tez-tez belə səfərlər təşkil edir və ölkələrinin şöhrətini bu yolla artırmağa çalışırdılar. Belə hökmdarlardan biri Askya Məhəmməd Məkkə ziyarətindən sonra peyğəmbərin xəlifəsi adını ala bilmişdi. 1425-ci ildə Məkkə ziyarəti zamanı o, 100 min sikkədən çox qızıl pul paylamışdı. XV əsrin II yarısında mali tənəzzül etməyə başladı. XV əsrin əvvəllərindən Sudanda siyasi hökmranlıq Sonqai dövlətinin əlinə keçdi. Sonqailərin milli qəhrəmanı Sorko qəbiləsinin başçısı idi. O qonşu haus və qurma qəbilələrini özünə tabe edərək Tumbuktuya qədər bütün Niger çayı vadisini öz hakimiyyəti altında birləşdirmişdi. Sonqai dövlətinin nə vaxt yaranması barədə dəqiq məlumat yoxdur. Hər halda Sonqainin paytaxtı olan Qao şəhəri 890-cı ildən mövcud olmuşdur. 1353-cü ildə İbn-Bəttutə də bu şəhərə səfər etmişdi. Sonqailərin tarixi barədə ərəb coğrafları ilə yanaşı yerli salnaməçilər də məlumat verirlər. Mənşə etibarilə mandinqo və ya fulbe olan Əbdurrəhman əs-Səədi ərəb dilində yazılmış”Sudan tarixi”əsərində qeyd edir ki, Sonqainin qüdrətli bir dövlətə çevrilməsi Sonni Əlinin dövründə olmuşdur. O, 1468-ci ildə Tumbuktu şəhərini ələ keçirmişdi. Tumbuktu şəhəri XI əsrdə salınmışdı. Əvvəllər buradakı evlərin divarları çubuq hörgülərdən düzəldilirdi. Sonralar onlar çiy kərpicdən inşa edilməyə başlanmışdı. Şəhərin ətrafında da belə divarlar çəkilmişdi. İqtisadi-ticarət baxımından bu şəhərlə yalnız Cenne rəqabət apara bilərdi. O, VIII əsrdə inşa olunmuşdu. Əs-Səədi Cenne şəhərini müsəlman dünyasının ən iri ticarət mərkəzlərindəki biri kimi qiymətləndirirdi. Sonqan XV-XVI əsrlərdə özünün çiçəklənmə dövrünü keçirirdi. Sonqan çarları Tekkaz duz mədənlərindən böyük gəlir götürürdülər.Duzdan başqa Sonqan çarları qızıl, qul və fil sümüyü satışından da çox mənfəətlənirdilər. İspaniyadan mavrların qovulmasından sonra bir çox ərəb alimləri: həkimlər, memarlar, Sonqan çarlığının zidmətinə gəlmişdilər. Tumbuktu Sudanın mədəniyyət mərkəzinə çevrilmişdi. Tumbuktu universitetində Quranın və digər teoloji fənlərin tədrisi ilə yanaşı hüquq, ədəbiyyat, tarix, coğrafiya, astronomiya və digər elm sahələri də öyrədilirdi. XV-XVI əsrlərdə Tumbuktu müsəlman dünyasının ən güclü mədəniyyət mərkəzlərindən biri idi. Mənbələrin birində göstərilir ki, bu dövrdə Tumbuktuda yüzə qədər şair, alim və memar işləyirdi. Çox təəssüf ki, onların əsərlərinin hamısı Mərakeşlə aparılan müharibə zamanı məhv edilmişdi. XVI əsrin sonralarında Mərakeş sultanı Mulay Əhməd əl Ərəc Niker vadisinin böyük sərvətini ələ keçirmək üçün Sonqaiyə qarşı 1585-ci ildə yürüşə başladı. O, qızıl və duz ticarətini ələ keçirmək niyyətində idi. Lakin 20 minlik Mərakeş ordusu yol boyunca susuzluqdan məhv oldu və Sonqaiyə gəlib çata bilmədi. 1584-cü ildə isə Əhməd əl-Ərəc Təkkaz duz mədənlərini tuta bildi. Sonqan hakimi II Məhəmməd həcc başqa duz yatağını işə saldığı zaman Mərakeş sultanı Niker sahillərinə 1590-cı ildə yeni qoşun göndərdi. Tumbuktu ələ keçirilərək qarət olundu və yandırıldı. Mərakeşlilər Sonqai alimlərinin boynuna zəncir keçirərək əsir apardılar. Onların çox hissəsi yolda tələf oldu. Bununla belə Mərakeş sultanı Sudanda öz hakimiyyətlərini qoruyub saxlaya bilmədi. Sonqayi çarı Nuh, tropik meşələrdə döyüşməyi bacarmayan Mərakeş qoşunlarına qarşı partizan döyüşləri aparırdı. Qızdırma və qarın yatalağı, habelə zəhərli se-se milçəyi Mərakeş ordusunun tələfatını sürətləndirmişdi. Köməyə gələn ordu da yolda-səhrada məhv olmuşdu. Sonqainin süqutundan sonra Qərbi Sudanın qərb rayonunda artıq siyasi birliklərə son qoyulmuş oldu. Bu vaxtdan burada fulbe xalqı böyük rol oynamaya başlayır. Fulbelərin ilkin vətəni Qvineya hesab olunur. Hazırda da ölkə əhalisinin 40% qədəri fulbelərdir. Qədim vaxtlardan iri buynuzlu heyvandarlıqla məşğul olan fulbelər Seneqal çöllərində köçəri həyat tərzi keçirirdilər. Fulbelərin bir hissəsi bir neçə əsr ərzində, şərqə doğru, Çad gölü ətrafına-mosilərin yaşadığı torpaqlara gedərək oturaq fulberlərdən ayrılmışdır. Odur ki, onların antropoloji simalarında bəzi dəyişikliklər yaranmışdı. Onlar Aralıq dənizi irqi tipinə məxsus xüsusiyyətlər qazanmışdılar. Bəzi tədqiqatçılar onları, bizim eradan 1500 il əvvəl Asiyadan gələrək Misri işğal edən Kiksosların qalığı kimi, digərləri isə qədim misirlilər kimi qiymətləndirirlər. Müəyyənləşdirilmişdir ki, fulbelərin dilinin semit-hamit dilləri ilə heç bir əlaqəsi yoxdur. Fulbelərin dili Sudan dillərinin Atlantika qrupuna daxildir. Oturaq fulbelər xalis zənci irqi xüsusiyyətlərini saxlayırlar. Köçəri fulberlərin antropologiyasının dəyişməsinə Qərbi Saxara və Sudanın ərəb-bərbər əhalisinin müəyyən təsiri olmuşdu. Hazırda da fulberlər iri mal-qara : zebu, dəvə və at saxlayırlar. Onlar qış üçün mal-qara yemi toplamırlar. Heyvanlar bütün il boyu açıq havada olur. Başqa maldar xalqlardan fərqli olaraq onlar ətlə nadir hallarda qidalanırlar: ən çox süd məhsullarından istifadə edirlər. Onlar mal-qaranı əsas sərvət mənbəyi hesab etdiklərindən, bunları kəösmir və satmırdılar. Fulberlərin xalq məsələsində deyilir ki, “ mal-qara hər şeydən, hətta ata-anadan da üstündür”, “ mal-qara məhv olarsa, fulbe də məhv olar”.




  1. Yüklə 50,09 Kb.

    Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin