Mülki Müdafiə kəşfiyyatı
Kəşfiyyat - MM qüvvələrinin fəaliyyətini təmin etmək üçün görülən əsas tədbirlərdən biridir. MM sistemində aparılan kəşfiyyatda məqsəd - güclü istehsalat qəzasından, təbii fəlakətdən və ya düşmən basqınından sonra yaranmış və ya yarana biləcək vəziyyət barədə dəqiq məlumatlar toplamaqdır. Bunlar MM rəhbərlərinə əhalinin mühafizəsini və xilasetmə işlərini təşkil etmək barədə düzgün qərar qəbul etmək üçün lazımdır.
Sülh dövründə MM kəşfiyyatının əsas vəzifələri:
Ətraf mühitdə havanın, suyun, torpağın, maldarlıq və bitkiçilik məhsullarının radioaktiv, kimyəvi, bakterial maddələrlə çirklənməsinə vaxtaşırı müşahidə və laboratoriya nəzarəti aparmaq;
Yoluxucu xəstəlik ehtimallı rayonlarda epidemik və epizootik vəziyyətə müntəzəm nəzarət etmək;
Güclü istehsalat qəzası və ya təbii fəlakət baş vermiş rayonlarda yaranan vəziyyətləri aşkar etməkdir.
Müharibə dövründə düşmən basqınından sonra isə kəşfiyyatın vəzifələri aşağıdakılar barədə məlumatlar əldə etməkdir:
işlədilmiş silahın növü, zərbənin nə vaxt və haraya endirildiyi, nüvə partlayışının gücü və koordinatları;
radiasiyanın səviyyələri, zəhərləyici maddənin konsentrasiyası, zəhərli hava buludunun yayılma istiqaməti;
zədələnmə ocağının hüdudları;
xilasetmə və digər işlər aparılan rayonlarda zədələnmə şəraitinin necə dəyişdiyi;
mühafizə qurğularının, oradakı adamların vəziyyəti, onlara yardım göstərmənin yolları;
kommunal enerji şəbəkələrinin, rabitə xətlərinin, habelə MM dəstələri, köçürülən əhali hərəkət edəcəyi marşrutların vəziyyəti;
yanğın yerləri, onların yayılma istiqaməti;
hidrotexniki qurğuların nə dərəcədə zədələndiyi, fəlakətli subasma və daşqın zonaları yaranıb - yaranmaması və s.
Mülki müdafiə üzrə kəşfiyyat işlərinə hazırlıq
Kəşfiyyat fəal, fasiləsiz, vaxtında və məqsədyönlü aparılmalı, başlıcası isə topladığı məlumatlar dəqiq olmalıdır. Bu tələblərin yerinə yetirilməsinə nail olmaqdan ötrü kəşfiyyat qüvvələrini (kəşfiyyat qrupları, manqaları, müşahidə postları, nəzarət laboratoriyaları və s.) əvvəlcədən komplektləşdirib işə hazırlamaq, onların fəaliyyətini planlaşdırıb düzgün təşkil etmək, həmçinin kəşfiyyatın müxtəlif növlərindən, üsullarından, qüvvə və vasitələrdən istifadə etmək lazımdır.
Hansı qüvvə və vasitələrlə aparılmasından asılı olaraq yerüstü kəşfiyyat, havadan kəşfiyyat və dənizdən (çaydan) kəşfiyyat növləri müəyyən edilmişdir.
Dostları ilə paylaş: |